Bərdə nə gözəldir...
Məşəl Yevlax və Bərdədə
alovlandı
Əsrlər öncə dahi Nizami Gəncəvinin “Bərdə nə gözəldir, necə qəşəngdir...” deyə böyük məhəbbətlə vəsf etdiyi bu şəhərin son illər qovuşduğu intibah onu mübaliğəsiz demək olar ki, gözəllik mücəssəməsinə çevirmişdir. Uzun illər ölkənin qədim paytaxtı olmuş bu şöhrətli diyarın Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri var.
Təsadüfi deyil ki, xalqımızın ümummili lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində Bərdəyə həmişə fərqli münasibət göstərmiş, 14 dəfə bu müqəddəs diyarda olmuşdur.
Bütün istiqamətlərdə Heydər Əliyev kursuna sədaqətli olan respublika Prezidenti İlham Əliyev də Bərdəyə isti münasibətini hər zaman qoruyub saxlayır. Prezident İlham Əliyev bölgədə səfərdə olarkən demişdir: “Bu gün Bərdə ölkə miqyasında ən sürətlə inkişaf edən rayonlardan biridir. Çox şadam ki, çünki Bərdənin inkişafı üçün çox böyük işlər görülmüşdür və görülməlidir. Bərdə bizim tarixi şəhərimizdir, qədim şəhərdir. Bərdə qədim xəritələrdə vardır. Bu, reallıqdır. Əlbəttə, biz hər bir rayonun inkişafı üçün bütün işləri görürük. Ancaq Azərbaycan tarixində xüsusi yeri olan şəhərlər, rayonlar, diyarlar üçün xüsusi proqramlar da hazırlanmalıdır”.
Yazı da, qışı da gül-çiçək olan, ilin bütün fəsillərində bahar libaslı Bərdə bu gün öz tarixində heç zaman görmədiyi fərqli bir bayram ovqatı yaşayır. Buna səbəb isə təbii ki, bütün ölkəni bürüyən məşəl coşqusudur. Tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına ev sahibliyi etməyimiz hər bir ölkə vətəndaşında haqlı qürur, iftixar hissi doğurur. Bu gün isə sevinmək, şadlanmaq bərdəlilərə çatmışdır. Respublika Prezidenti İlham Əliyevin qədim “Atəşgah” məbədində yandırdığı Birinci Avropa Oyunlarının məşəli Naxçıvanı, cənub bölgəsini, Mili, Muğanı, Şirvanı, Qarabağı dolanmaqdadır. May ayının 13-də qədim şöhrətli Bərdə müqəddəs oda, alova məhəbbətlə qucaq açır. Məşəl şəhərin Yevlax istiqamətindən girişində, möhtəşəm Bayraq meydanında qarşılanacaqdır. Burada odun pişvazına minlərlə bərdəli çıxmışdır. Adamların libası da, əhval-ruhiyyəsi də bayram misallıdır.
Məşəlin meydana daxil olması yerbəyerdən alqışlarla qarşılanır. Bərdə şəhər 1 saylı incəsənət məktəbinin müəllimi Səxavət İsmayılov məşəli qəbul edir. O, estafetin ilk məşəlçisi kimi diqqət mərkəzindədir. Məşəl şəhərin abad, yaraşıqlı küçəsi olan Heydər Əliyev prospekti boyunca hərəkətə başlayır. Qət olunacaq məsafə 3,5 kilometrdir. Elgün Qocamanov, Musa Məmmədov, İlahə Rüstəmova, Sevinc Qarazadə, Rəvan Sultanov və başqaları yol boyu bir-birini əvəzləyir, bu şərəfli vəzifənin icrasında fəal iştiraklarıyla məşəl estafetinin uğurunu təmin edirlər. Ulu öndərin adını daşıyan prospekt başdan-başa bayramsayağı bəzədilmişdir. Yol boyu düzülən bölgə sakinləri Birinci Avropa Oyunlarının məşəlini alqışlarla müşayiət edirlər. Məşəlçilər prospektdən sola, İsmət Qayıbov küçəsinə burulub Bərdə Cümə məscidinin yanından keçir, sonra Nüşabə küçəsinə dönürlər. Əlbəttə, bu istiqamət dəyişikliyinin mənası var. Məqsəd, bölgənin ən qədim maddi mədəniyyət abidələrindən biri olan “Torpaqqala”nı odla ziyarət etməkdir. Bu qədim məkan el arasında “Nüşabə qalası” da adlanır. Bu tarixi abidə respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsaslı şəkildə yenidən bərpa olunur. Bərdəlilər bunu dövlətin qayğı və diqqəti kimi minnətdarlıqla qarşılayır, hər məqamda dövlətçiliyə, Prezidentə sədaqətli olduqlarını nümayiş etdirirlər.
Alovu qürurla daşıyan məşəlçilər dəstəsi yenidən Heydər Əliyev prospektinə dönüş edir. Məşəlin gəlişi münasibəti ilə bayram şənliyinin, alov festivalının, atəşfəşanlığın keçirilməsindən ötrü şəhərin mərkəzi meydanı seçilmişdir. Meydan əsrarəngiz bir bahar tablosunu xatırladır: fəvvarələrin şırıltısı, hər tərəfdən boylanan bahar çiçəklərinin min bir rəngi mərasim iştirakçılarının təbəssüm naxışlı çöhrələri, fərəhli baxışları qəribə ahəngdarlıq yaradır. Kifayət qədər geniş olan meydan insan selinə darlıq edir.
Sonuncu məşəlçi Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının əməkdaşı Fuad Ağayev mətin addımlarla səhnəyə qalxaraq başı üzərində gətirdiyi alovla səhnədəki məşəli yandırır. Bahar libaslı məktəbli qız Fatimə Quliyeva məşəldən od alan çırağı kinqboksinq üzrə dördqat dünya çempionu, əməkdar idman ustası Samir Şərifova təqdim edir. Samirin qələbələrinə həmişə mənəvi dəstək verən bərdəlilər bu cəsur idmançının başı üzərinə qaldırdığı, xalqımız üçün həmişə müqəddəs bilinən, uca tutulan çırağı alqışlarla qarşılayırlar. Bu çıraq Birinci Avropa Oyunları başa çatanadək Bərdədə bölgə sakinlərinin ulu öndərə sonsuz məhəbbət və ehtiramının ifadəsi olaraq ucaltdıqları Heydər Əliyev Mərkəzində saxlanılacaqdır.
Meydan sevincdən, fərəhdən coşur. Bərdənin yetirməsi olan, Azərbaycanın idman şərəfini layiqincə qoruyan Anar Süleymanov qazandığı parlaq qələbələrlə dünyanın mötəbər idman arenalarında dəfələrlə himnimizin səsləndirilməsini, üçrəngli bayrağımızın qaldırılmasını təmin etmişdir. İdmanın qaydasız döyüş növü üzrə dördqat dünya çempionu Anar Süleymanov sevincdən qanadlanan mərasim iştirakçıları arasındadır. Onun ürək sözləri:
- İki gündür ki, İtaliyada keçirilən mötəbər yarışlardan dönmüşəm. Həmişə olduğu kimi, qazandığımız nəticələr yenə də sevindiricidir. Doğulub boya-başa çatdığım doğma Bərdəni belə yüksək bayram əhval-ruhiyyəsində görmək bir övlad olaraq mənim üçün çox xoşdur. Biz gənclər respublika Prezidenti İlham Əliyevə minnətdar olmalıyıq ki, ölkəmizdə idmanın inkişafı, yeniyetmə və gənclərin sağlam böyüməsi, asudə vaxtlarını səmərəli keçirmələri üçün son dərəcə gözəl şərait yaradılıb. Hər yerdə olduğu kimi, dövlətin qayğısı ilə Bərdədə, də Olimpiya idman kompleksi, üzgüçülük hovuzu, digər idman qurğuları inşa edilmişdir. Yaradılan şərait, göstərilən qayğı və diqqət qazandığımız qələbələr üçün etibarlı bünövrədir. Buna görə dövlətimizin qayğıkeş rəhbərinə minnətdarıq, doğma Azərbaycanın adını dünyanın hər yerində ucaltmağa borcluyuq. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dünyanı qarış-qarış gəzən bir idmançı olaraq məndə sonsuz qürur doğurur. İndi dünya bizi daha yaxşı tanıyacaq, Azərbaycanın əsl idman və mədəniyyət ölkəsi olduğunu təsdiq edəcəkdir. Yarışlarda iştirak edəcək bütün idmançılarımıza uğurlar arzulayıram.
... Bir azdan alov festivalı başlayır. Respublikanın incəsənət ustaları və rayon mədəniyyət evinin özfəaliyyət ansamblının üzvləri oynaq rəqsləri, gözəl ifaları ilə mərasim iştirakçılarına musiqinin ecazkar diliylə xoş arzularını çatdırırlar. Hava yavaş-yavaş qaralır. Bu bahar axşamının alatoranında atəşfəşanlıq başlayır. Sanki Bərdəyə yenicə gətirilən məşəldən od alan rəngbərəng fişənglər aydın səmadan təbəssümlə boylanır.
Lazım
QULİYEV,
Azərbaycan.-2015.- 14 may.- S. 6.