Ulu öndər Heydər
Əliyevin xilaskarlıq missiyası türk
dünyasının birliyi üçün
tarixi sərvətdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə İstanbulda təşkil olunan anma mərasimində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ulu öndərin xilaskarlıq missiyasını türk dünyasının birliyi üçün tarixi sərvət kimi dəyərləndirib.
Eldar İbrahimov AZƏRTAC-a müsahibəsində bildirib ki, Heydər Əliyevin 1991-ci ildə Naxçıvan Ali Məclisinin Sədri seçilməsi ilk növbədə, Azərbaycanın bu tarixi bölgəsini işğaldan xilas etdi. Ulu öndər Naxçıvanda üçrəngli bayrağımızı qaldırmaqla müasir dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu bütün dünyaya bəyan etdi. Əgər 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Heydər Əliyev özünü yetirməsəydi, Azərbaycanın vəziyyəti dəhşətli dərəcədə ağır olacaqdı. Bu isə bütün bölgəyə, o cümlədən Türkiyəyə də faciələr yaşadacaqdı. Ona görə də deyə bilərik ki, Heydər Əliyevin Azərbaycandakı xilaskarlıq missiyası qardaş Türkiyənin inkişafı, bugünkü nəhəng nailiyyətləri üçün də mühüm rol oynayıb.
E.İbrahimov vurğulayıb ki, dövləti və xalqı fəlakətlərdən qurtaran şəxsiyyətlər əbədi ömür qazanırlar. Heydər Əliyev də tarixi xilaskarlıq missiyası ilə türk dünyasının qəlbində özünə əbədi yer tutub.
Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.-2015.- 14 may.- S. 7.