Bakı mötəbər tədbirlərin
keçirilməsi üçün ənənəvi
məkana çevrilmişdir
Üçüncü
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
qarşısında
Yeni əsrin
başlanğıcından hər il dünyanın müxtəlif
ölkələrində keçirilən beynəlxalq tədbirlər
içərisində mədəniyyətlərarası dialoq
probleminin bəşəriyyət üçün nə qədər
mühüm aktuallıq kəsb etdiyi hamıya məlumdur.
Yer üzünü təhdid edən qlobal problemlərin xalqların birgə səyləri ilə aradan qaldırılmasının, dünyada sülh və əmin-amanlığın təmin olunmasının, əsrlərdən bəri milyonlarla insanın həyatına son qoymuş qanlı müharibələrin dayandırılmasının yeganə yolunun sivilizasiyalar, mədəniyyətlər arasında qarşılıqlı dialoqdan ibarət olduğu indi dünyanın gələcəyini düşünən kimsədə şübhə doğurmur.
Amma mədəniyyətlər dedikdə hansı mədəniyyətlər nəzərdə tutulmalıdır? Əgər nəzərlər bu dialoqun iki fərqli qütbü kimi Qərb və Şərq üzərində konkretləşirsə, o zaman bu iki dünya bir-birindən nələri əxz etməli, öz mənəvi-tarixi dünyasına aid nələrdən yan keçməlidir? Dini əlamətlər mədəniyyətlərin bir-birindən fərqləndirilməsində və bir-biri ilə dialoqunda nə dərəcədə mühüm əhəmiyyət daşıyır?! Göründüyü kimi, mədəniyyətlər arasında dialoq ideyasının doğurduğu suallar da kifayət qədər çoxdur və bu suallara cavab tapılması bu ideyanın ilk mühüm uğuru deməkdir.
Bütün hallarda isə bu proseslərin dərk olunmuş şəkildə, təbii-tarixi inkişaf yolu ilə mədəniyyətlərin yüksəlişi, sivilizasiyaların dialoqu mühitində həyata keçirilməsi mütərəqqi qüvvələrin birgə səylərindən asılıdır.
Azərbaycan hələ ötən əsrin sonlarından bütün dünyada bu prosesi başlayan ilk ölkələrdən olmuşdur. Respublikamızın təşəbbüsü və həlledici tərəf kimi yaxından iştirakı ilə reallaşdırılan “İpək yolu” layihəsi mədəniyyətlər arasında dialoqun əldə edilməsinə doğru atılmış ilk mühüm addımlardan idi.
Ulu öndər Heydər Əliyev “İpək yolu” layihəsinə sadəcə ölkəmizə gəlir gətirəcək sosial-iqtisadi bir layihə kimi deyil, geniş miqyasda, daha uzaqgörən məqsədlərlə mədəniyyətləri bir-biri ilə əlaqələndirən bağlantı kimi dəyərləndirir: “Avropa ölkələri ilə münasibətlərin inkişafında qədim “İpək yolu”nun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi nailiyyətlər, qədim İpək yolunun bərpası istiqamətində əldə edilmiş möhtəşəm nəticələr, beynəlxalq neft-qaz kəmərlərinin, dəmir yollarının və digər enerji-kommunikasiya marşrutlarının Azərbaycandan keçməsi və s. bu kimi amillər Azərbaycanı iki sivilizasiya arasında sadəcə körpü rolunu oynamaq statusundan çıxararaq bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdirən ortaq dəyərə, dialoq məkanına çevirmişdir.
Bütün bu cəhətlərlə yanaşı, Azərbaycan indi bütün dünya üçün həm də mədəniyyətlər arasında dialoqun uğurlu bir modelidir. Bu model qədim ənənələrə söykənir. Tarixi, coğrafi və siyasi baxımdan həmişə Şərq və Qərbin maraqlarının təmas və kəsişmə məkanı olan ölkəmizdə müxtəlif etnoslar, millətlər və dini icmalar əsrlər boyu dinc tolerantlıq şəraitində və qarşılıqlı əlaqələrdə yaşamışlar.
Bu nümunəvi həyat tərzi bir tərəfdən onların özünəməxsus spesifik mədəniyyətinin inkişafına müsbət təsir göstərmiş, digər tərəfdən isə xalqlar arasında milli-mədəni dəyərlərin, mənəvi incilərin uğurlu mübadiləsini təmin etmiş, yəni, xalqların, yerli mədəniyyətlərin bir-birindən görüb-götürməsinə şərait yaratmışdır.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını daha da genişləndirir və bu, daha intensiv formalar kəsb edir. Bütün bunlar Azərbaycanın dünya ölkələri birliyinə inteqrasiya olunması prosesini sürətləndirir.
Sözügedən prosesdə xalqımızın öz mədəniyyətinin milli özünəməxsusluğu və unikallığını qorumaqla, beynəlxalq qlobal əlaqələrə və ümumi mədəniyyət məkanına cəlb olunması güclənir. Azərbaycan öz inkişafının tarixi spesifikliyi üzərində qədimlik və müasirliyi, ənənə ilə novatorluğu üzvi surətdə əlaqələndirir. Azərbaycanın dünya ölkələri ilə mədəni dialoqu və əməkdaşlığı yeni, daha mükəmməl formalar alır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan mərasimdə Prezident İlham Əliyev bu məsələyə toxunaraq demişdir: “Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir. Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində qurulubdur. Milli-mənəvi dəyərlər birinci şərtdir. Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və onları hər şeydən üstün tuturuq. Bu, möhkəm təməldir. Bizim milli ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən formalaşıbdır. Biz bunu, bu ideologiyanı inkişaf etdiririk, zənginləşdiririk. Azərbaycançılıq ideologiyası bu gün artıq bir nümunə kimi mövcuddur.
Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bəllidir”.
Müstəqil Azərbaycan dövləti bu gün mədəniyyətlər arasında dialoq ideyası üzrə müxtəlif qlobal təşəbbüslərin həyata keçirilməsi missiyasını öz üzərinə götürmüşdür. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, Azərbaycanın tolerantlıq modeli kimi dünya üçün cəlbediciliyi, ölkənin getdikcə artan sosial-iqtisadi imkanları, müsbət beynəlxalq imici bu təşəbbüslərin uğurla reallaşdırılmasını təmin edir.
2011-ci ildən başlayaraq iki ildən bir ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da mədəniyyətlər arasında dialoq ideyası üzrə aktual mövzuların müzakirəsi, mövcud problemlər və onların həlli yollarının üzə çıxarılması, bu ideyanın real nəticələr verməsi üçün faydalı müzakirələrin aparılmasına, müxtəlif ölkələrdən olan düşüncə adamları arasında bu istiqamətdə yeni ideyaların mübadiləsinə şərait yaradan son dərəcə faydalı təşəbbüslərdən biridir.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2011-ci il 7-9 aprel tarixində Bakıda 102 dövlətin və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla həyata keçirildi. Dövlət rəhbərimizin hər iki ildən bir ölkəmizdə belə forumun təşkilini nəzərdə tutan müvafiq sərəncamına uyğun olaraq II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da 2013-cü il 29 may -1 iyun tarixlərində həyata keçirildi. Bu il mayın 18-19-da keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə bu silsilədən üçüncü qlobal tədbir olacaq.
Azərbaycan Respublikasının Prezidenti bu cür forumların təşkili məqsədini belə izah edir: “Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir.
...Biz istəyirik ki, ölkəmizdə yaranmış bu təcrübə həm öyrənilsin, həm bəlkə başqa ölkələr üçün də maraq doğursun. Çünki bu, həqiqətən, nadir bir təcrübədir və “Bakı prosesi”nin başlanması və uğurla davam etdirilməsi onu göstərir ki, biz ortaya siyasi iradə qoyduqda, məqsədə nail ola bilirik”.
İslam dünyası və Qərb sivilizasiyası, eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rola malik olan Azərbaycan bu cür forumların təşkili ilə mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın formalaşdırılmasına dəstək verir. Belə qlobal miqyaslı tədbirlər həm də Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıdır.
Müasir dünyamızda mədəniyyətlər arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli uğurlu fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Mehriban xanım Əliyevanın mədəniyyətlər arasında dialoqun əldə edilməsi, habelə Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda geniş təbliği sahəsində əldə etdiyi böyük uğurlara görə layiq görülmüş olduğu UNESCO və İSESCO-nun xoşməramlı səfiri titulları Azərbaycanın birinci xanımının fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olmaqla yanaşı, həm də Qərb və Şərq mədəniyyətlərinin, Qərb və Şərq dünyagörüşünə xas ən nəcib dəyərlərin Azərbaycan dövlətini təmsil edən görkəmli şəxsiyyətin həyat və fəaliyyətində bir araya gəlməsinin təcəssümüdür.
Yeri gəlmişkən, bir faktı yada salaq ki, bu gün real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır. Belə bir imkan dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycanın rolunu artırır.
Mehriban xanım Əliyeva Azərbaycanın bu sahədə yerinə yetirdiyi missiyanı belə izah etmişdir: “Bizim dövrümüzdə Qərb-Şərq dialoqu son dərəcə aktual əhəmiyyətə malikdir. Buna görə də xeyirxah səfir olmaqla mənim vəzifəm elm, mədəniyyət və təhsil vasitəsilə islam dünyasının malik olduğu imkanları üzə çıxarmaqdır.
Biz onu göstərmək istəyirik ki, Qərb və Şərq müxtəlif sivilizasiyalar olsalar da, bir-birimiz üçün maraqlı və faydalı ola bilərik”.
Təsadüfi deyildi ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna strateji nəticələr kontekstindən yanaşan tədqiqatçılar bu beynəlxalq tədbiri mədəniyyətlərarası məclis kimi dünya miqyaslı brend statusunda qəbul edirlər. Davos Forumu iqtisadi məsələlərin müzakirəsi üçün brendə çevrildiyi kimi, Bakı Forumu da mədəniyyətlərarası dialoq, sülh, əməkdaşlıq, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılması və s. bu kimi məsələlərin müzakirəsi üçün qlobal brend statusu qazanmaqdadır. Bu uğuru təmin edən Azərbaycan Respublikası Prezidentinin siyasi iradə və dəstəyi, dünyada sülh və dialoq ideyasına sadiqliyidir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həm də Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin bütün dünyada təbliği baxımından yaxşı bir imkandır. III Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın müxtəlif ölkələrindən 500 qonaq iştirak edəcək. Şəhərimizə gələcək qonaqlar üçün mədəniyyət mərkəzlərimizə ekskursiyalar təşkil ediləcək, bütün muzeylər uzadılmış iş rejimində çalışacaq. Bakıda fəaliyyət göstərən bütün teatrlarda nümayiş edilən tamaşalar tərcümə ilə veriləcək. Qonaqlar üçün xüsusi bələdçilər ayrılacaq, şəhərin küçə və parklarında tamaşalar nümayiş ediləcək.
Göründüyü kimi, Azərbaycanın mədəniyyətlərarası dialoq ideyasının reallaşdırılmasına verdiyi töhfələr təkcə nəzəri müzakirələr səviyyəsində qalmır. Ölkəmiz real həyatda da bu ideyanın özünü doğrultması üçün müvafiq yollar tapır, müxtəlif təşəbbüslərin icrası missiyasını öz üzərinə götürür.
Son iki həftə ərzində Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu və Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirilmişdir. Birinci tədbirdə 60-dan çox ölkədən nümayəndələr iştirak edirdi. Onların arasında əsasən Avropa qitəsindən çoxlu sayda fəaliyyətdə olan və keçmiş dövlət, hökumət başçısı iştirak edirdi. İkinci tədbirdə - Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında isə 70-ə yaxın ölkənin yüksək vəzifəli şəxsləri təmsil olunurdu. Yəni, iki həftə ərzində təxminən 130 ölkədən ən tanınmış, nüfuzlu simalar Azərbaycanda idilər. Ölkə Prezidenti bu məsələyə münasibət bildirərək dedi: “Mənim o tədbirlər əsnasında çoxsaylı görüşlərim zamanı onların hər biri böyük heyranlıqla və eyni zamanda, təəccüblə deyirdilər ki, biz Azərbaycanın bu qədər inkişaf etmiş ölkə olduğunu təsəvvür etmirdik... Yəni, budur bugünkü Azərbaycan. Azərbaycan bu gün dünya miqyasında öz nüfuzunu daha da artırır. Çünki hər bir mövzu ilə bağlı prinsipial mövqe ortaya qoyulur. Hər bir məsələ ilə bağlı müstəqil siyasət kursumuz var. Bizim siyasətimizə təsir etmək mümkün deyil”.
Hazırda hamının səbirsizliklə gözlədiyi ən əlamətdar hadisə - ölkəmizdə keçiriləcək və artıq startı verilən Birinci Avropa Oyunları ərəfəsindəyik. İdman mədəniyyətin ayrılmaz tərkib hissəsi olmaqla tarix boyu insanları ortaq maraqlar ətrafında birləşdirən ən önəmli sülh vasitələrindən biri kimi qəbul edilib. Qədim Yunanıstanda ilk Olimpiya Oyunları keçirilərkən müharibələrin qısa müddətə də olsa dayandırılması barədə dövlətlər arasında razılıqların əldə olunması hələ orta məktəb illərində tarix dərsliklərindən oxuduğumuz maraqlı faktdır. İnsanın fiziki gücünü, rəqibə qarşı emosional hisslərini qanlı döyüş meydanlarından arenalara, mədəniyyət məkanlarına daşıyan, kin və nifrəti, qalibiyyət əzmini, insanın qorxularını tamaşaçı sevgisinə çevirən idman bəşəriyyətin müasir inkişaf mərhələsində də mədəniyyətlər arasında dialoqu təmin edən ən önəmli vasitələrdəndir.
Azərbaycan dövlətinin ötən əsrin 90-cı illərinin sonlarından bəri idmanı və Olimpiya hərəkatını fəal şəkildə dəstəkləməsi bu amildən irəli gəlir. Bu mənada Avropanın idman və mədəniyyət dünyası üçün tarixi bir hadisə olaraq qəbul edilən Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar Azərbaycanın beynəlxalq və Avropa Olimpiya hərəkatına sadiqliyinə, idman və mədəniyyət sahəsində reallaşdırdığı fəaliyyətə və əldə edilmiş uğurlara verilən yüksək dəyərin ifadəsi olmaqla yanaşı, həm də mədəniyyətlər arasında dialoq ideyasının gerçəkləşməsinə Azərbaycanın daha bir töhfəsidir.
Ölkəmiz bu mötəbər tədbirə hazırlıq işlərini qısa müddət ərzində yüksək səviyyədə başa çatdırıb. Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi respublikamızın son illər cəmiyyət həyatının ən müxtəlif sahələrində qazandığı ardıcıl uğurlardan qaynaqlanır. Bütün bunlar həm də dünyanın uğurudur. Sülhün, sabitliyin, tolerantlığın mövcud olduğu, mədəniyyətlərin bir-biri ilə silahların deyil, mədəni sərvətlərin dili ilə danışdıqları, dialoqa girdikləri hər yer dünya üçün bir tarixi nailiyyətdir.
Müstəqil Azərbaycan dövləti öz nümunəsi ilə bütün dünyaya belə bir nailiyyəti qazandırdı.
İradə ƏLİYEVA,
Azərbaycan.-2015.- 14 may.- S. 8.