Torpaqdan səmərəli istifadə olunmasında meliorasiya və su

təsərrüfatı kompleksinin üzərinə mühüm vəzifələr düşür

 

Kənd təsərrüfatı ili 2015

 

Azərbaycan qədim əkinçilik diyarıdır. Aqrar sahənin hərtərəfli inkişafı üçün əlverişli şəraiti olan ölkəmizin ümumi ərazisinin təxminən yarısı - 4,53 milyon hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Lakin əkinə yararlı torpaq sahələri əsasən düzənlik zonada yerləşdiyindən və bu torpaqlarda yeraltı qrunt suları  şorlaşma təhlükəsi yaratdığından əkinçiliyin  yalnız süni suvarmalarla, daha dəqiq desək, müvafiq aqromeliorativ tədbirlər görməklə aparılması tələb olunur. Məhz bu səbəbdən ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı 85-90 faiz suvarılan torpaqlarda cəmləşmişdir.

Hazırda ölkədə əkin altındakı həyətyanı sahələr də daxil olmaqla 1 milyon 984 min hektar sahə istifadə edilir. Bunun 1 milyon 435 min hektarı suvarma şəbəkələri və qurğuları ilə təchiz olunmuş suvarılan torpaqlardır. Suvarılan torpaqların 610 min hektarı kollektor-drenaj sistemləri ilə təchiz olunmuşdur. Suvarılan və meliorasiya olunmuş torpaqlardan yüksək və sabit məhsul götürmək üçün burada mütəmadi olaraq müvafiq irriqasiya-meliorasiya tədbirlərinin aparılması və onların səmərəliliyinin artırılması tələb edilir.

Azərbaycanda uzun illərdən bəri böyük zəhmət və külli miqdarda vəsait hesabına su axınını bölüşdürən və tənzimləyən irriqasiya sistemlərindən, kollektor-drenaj şəbəkələrindən, nasos stansiyalarından və su anbarlarından ibarət geniş və mürəkkəb meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu kompleksin əsas hissəsi  Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə ulu öndərin şəxsi təşəbbüsü və yaxından köməyi ilə yaradılmışdır.

Hazırda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi su tutumu 21,5 milyard kubmetr olan 135 su anbarından istifadə edilir. 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 31700 km kollektor-drenaj şəbəkəsi, 921 nasos stansiyası, 131 min müxtəlif hidrotexniki qurğu, 7279  subartezian quyusu, 2073 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur.

Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafına ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş diqqət və qayğı hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Dövlət başçısının yaxından köməyi sayəsində bir çox layihələrin icrası başa çatdırılmış, bir çoxlarının isə həyata keçirilməsinə başlanılmışdır. Prezident meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq probleminin həllindəki rolunu nəzərə alaraq sahənin inkişafini daim diqqət mərkəzində saxlayır, meliorasiya və su təsərrüfatı obyektlərində tikinti işləri ilə tanış olur, obyektlərin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində  iştirak edir. Cənab İlham Əliyevin 2007-ci il noyabr ayının 8-də  Taxtakörpü su anbarının, 2009-cu il may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu il aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə  su anbarının və 2011-ci il avqustun 25-də Vəlvələçay-Taxtakörpü kanalının 10,7 km-lik birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verməsi bunun bariz sübutudur. Dövlət başçısının 2011-ci il noyabr ayının 16-da Qax rayonunda Hamamçay çayı üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olması, 2013-cü il iyulun 19-da Dövlət Neft Fondunun vəsaiti hesabına tikintisi başa çatdırılmış Vəlvələçay-Taxtakörpü kanalının ikinci mərhələsinin istifadəyə verilməsi və Taxtakörpü su anbarının su ilə doldurulmasına başlanılması, iyul ayının 18-də Siyəzən, 19-da Şabran şəhərlərində, 14 avqust tarixində İsmayıllı və 4 sentyabr tarixində Yardımlı şəhərlərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin bərpası və tikintisi işlərinin birinci mərhələsinin, sentyabr ayının 28-də Taxtakörpü su anbarının (su elektrik stansiyası ilə birlikdə) və ondan su götürən Taxtakörpü-Ceyranbatan kanalının istifadəyə verilməsi mərasimlərində iştirak etməsi də ölkədə meliorasiya və su təsərrüfatı sisteminin inkişafına ardıcıl diqqət və qayğıdan xəbər verir.

Həmin diqqət və qayğının nəticəsi olaraq son illər sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmışdır. Bunun sayəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əməkhaqqı dəfələrlə artmış, sahənin maddi-texniki bazası güclənmiş, maşın və mexanizmlər alınmış, onların məhsuldarlığı 2001-ci illə müqayisədə 2 dəfəyə yaxın artmışdır. Eyni zamanda, 2565 km suvarma kanallarının, 1719 km kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilmiş, 171,4 min hektar suvarılan torpaqların su təminatı və 178,2 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 30 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı dağ çaylarında 191,4 km sahilbərkitmə işləri, Kür-Araz çaylarında 876 km uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləndirilməsi işləri yerinə yetirilmişdir. Bunlardan savayı, 500 min hektar suvarılan sahədən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun tikintisi başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

“Samur - Abşeron suvarma  sisteminin yenidən qurulması” layihəsi tərkibində 67,2 km uzunluğunda Xanarx kanalının tikintisi İslam İnkişaf Bankının maliyyələşdirməsi ilə 2006-cı ildə tamamlanmışdır. Xanarx kanalının istifadəyə verilməsi ilə şimal zonasında yerləşən Qusar, Xaçmaz və Şabran rayonlarında 62,6 min hektar ərazidə sahələrin suvarma suyu ilə təminatı yaxşılaşmışdır. Həmçinin Dünya Bankının krediti ilə Samur çayı üzərində yerləşən baş suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən 185,7 km-lik təsərrüfatlararası kanalların yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılmışdır.

İslam İnkişaf Bankının, Səudiyyə İnkişaf və OPEK Beynəlxalq İnkişaf  fondlarının kreditləri hesabına Samur-Abşeron kanalının 50-ci km-dən  suyun Taxtakörpü su anbarına verilməsi  məqsədi ilə  ümumi uzunluğu 31,77 km olan Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə 2008-ci ildə başlanmışdır. Bu kredit hesabına kanalın 10,74 km uzunluğunda birinci hissəsinin tikintisi 2011-ci ildə,  Dövlət Neft Fondunun vəsaiti hesabına isə kanalın 21,03 km-lik  2-ci  hissəsinin tikintisi  2013-cü ildə tamamlanmışdır.  Ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən, ümumi su tutumu 268,4 mln. kbm olan, Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Taxtakörpü su anbarının 25 MVt olan SES-lə birlikdə və ümumi uzunluğu 107,9 km olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi də həmin il başa çatdırılmışdır.

Prezident İlham Əliyev Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan kanalının açılış mərasimində respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi qeyd etmişdir. Dövlət başçısı Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, Taxtakörpü və Şəmkirçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi dövriyyəyə veriləcək və havanın qeyri-sabit keçməsi və quraqlığın olması bizə az təsir göstərəcək. Həqiqətən də belədir. 2014-cü ildə bütün dünyada, o cümlədən  respublikamızda baş vermiş quraqlığa baxmayaraq Taxtakörpü su anbarından qış dövründə yığılan su hesabına  Ceyranbatan su anbarına 224 mln. kbm su verilmişdir ki, bu da Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadası əhalisinin, sənayesinin və kənd təsərrüfatının su ilə təminatının ödənilməsində mühüm rol oynamışdır.

“Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən  Dövlət Neft Fondunun vəsaiti hesabına Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin son vacib mərhələlərindən olan şimal zonasının 6 çayından kanala əlavə su verilməsi məqsədilə cari ildə Qusarçay və Caqacuqçay çaylarında sugötürücü qurğuların və nəqledici kanalların tikintisi, Qudyalçay çayında isə  nəqledici kanalın yenidən qurulması işlərinə başlanılmışdır. Eyni zamanda, Şabran, Siyəzən və Xızı rayonlarında 30 min hektara yaxın yeni suvarılacaq və 25 min hektara yaxın mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün layihə sənədləri hazırlanır. Bundan əlavə, Xızı rayonunda 9609  hektar yeni və 2970 hektar mövcud suvarılan torpaqlarda meliorativ tədbirlərin layihə sənədləri hazırlanaraq tikinti işlərinə başlanılmışdır. Siyəzən rayonu üzrə layihə sənədlərinin hazırlanması isə başa çatmaq üzrədir. Üstəlik, Şabran rayonunda layihə axtarış işləri aparılır.

Prezident İlham Əliyev 2014-cü il iyulun 22-də Xızı rayonuna səfəri çərçivəsində yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suyun rayonun yeni suvarılan torpaq sahələrinə verilməsi üçün suburaxıcı qurğunun təməlqoyma mərasimində iştirak etmişdir. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan bu işlərin başa çatdırılması ilə respublikanın şimal zonasında 150 min hektar suvarılan torpaqların su təminatının, Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında əhalinin, sənayenin və kənd təsərrüfatının içməli, texniki və suvarma suyuna olan tələbatının ödənilməsinə, eləcə də 31 min hektar yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə verilməsinə, layihə ərazisində ekoloji vəziyyətin yaxşılaşmasına, Taxtakörpü su anbarında inşa olunan su elektrik stansiyasında il ərzində 128 mln.kvtsaat enerjinin istehsal olunmasına və kanal üzərindəki mövcud Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi nəticəsində ildə 13-15 mln manatdan artıq elektrik enerjisinə qənaət edilməsinə imkan yaranacaq.

Tikintisinə 2009-cu ildə başlanılmış Şəmkirçayı üzərində ümumi sututumu  164,5 milyon kbm olan Şəmkirçay su anbarının  su elektrik stansiyası ilə birlikdə inşası  başa çatdırılmış və Prezident onun 15 noyabr 2014-cü il tarixində keçirilmiş açılış mərasimində iştirak etmişdir. Layihənin həyata keçirilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının  54 min hektara yaxın mövcud suvarılan torpaqlarının su təminatının yaxşılaşması və 17 min hektara yaxın yeni sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin əhalisinin saniyədə 1,6 kbm içməli su ilə təmin edilməsi mümkün olacaq.

Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, 9 rayonun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma-drenaj şəbəkələrinin təmir-bərpa işləri 2010-cu ildə başa çatmışdır.  2011-ci ildən isə daha 15 rayonda 85 min hektar ərazidə SİB-lərin inkişafına dəstək məqsədi ilə təsərrüfatdaxili suvarma- drenaj şəbəkələrinin təmir-bərpasına başlanılmış və hazırda artıq 48948 hektar sahədə bu işlər tamamlanmışdır.

Dünya Bankının krediti hesabına səhmdar cəmiyyəti tərəfindən respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı, Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpa və tikinti işləri hazırda davam edir.

Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış vəsait hesabına son 2 ildə 33 rayonun 320 yaşayış məntəqəsində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 427 subartezian quyusu istifadəyə verilmişdir. Qazılmış subartezian quyuları vasitəsi ilə 7440 hektar torpaq sahəsinin su təminatı yaxşılaşmış, əhalinin içməli və kommunal-məişət suyuna olan tələbatı ödənilmişdir.

Ölkə əhalisinin daxili istehsal hesabına çörək və çörək məhsulları ilə təmin edilməsi məqsədi ilə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırığın icrası olaraq 2012-ci ildə Yuxarı Mil kanalının 10,7 km-lik hissəsinin tikintisi ilə Beyləqan və Ağcabədi rayonları ərazilərində  4800 hektar, 2013-cü ildə  4,75 km-lik hissəsinin nasos stansiyası ilə birlikdə tikintisi, 2,3 km-lik hissəsinin yenidən qurulması ilə   Füzuli və Ağcabədi rayonlarının ərazilərində 4000 hektar sahədə, eyni zamanda, Hacıqabul  magistral kanalının  4,3 km-lik hissəsinin tikintisi ilə Hacıqabul rayonunun 1625 hektar  ərazisində taxılçılıq təsərrüfatları yaradılmışdır. Cari ildə Sabirabad (14397 hektar)  və Biləsuvar (1682 hektar)  rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması üçün beynəlxalq layihə şirkəti tərəfindən layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Hazırda bu istiqamətdə işlər gedir.    

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 20 km-lik hissəsində yenidənqurma işləri aparılmış, Xəzər, Sabunçu, Suraxanı  və Abşeron rayonlarının qəsəbə və kəndlərinin 2917 hektar əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması və 2146 hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi üçün nasos stansiyalarının, suyığıcı hovuzların və suvarma boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər yerinə yetirilmişdir. Cari ildə “2014- 2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində isə Abşeron magistral kanalında yenidən qurma işləri aparılır.

İşğal zonası ilə təmas xəttində və sərhəd ərazilərdə yerləşən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl və Şəmkir rayonlarının ərazilərində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 26,4 km uzunluğunda suvarma şəbəkəsi və təzyiqli boru kəmərləri tikilmişdir.      

Qəbul olunmuş müvafiq dövlət proqramlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Artıq 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə aid olan tədbirlərin bir hissəsi yerinə yetirilmişdir. Digərləri də müvəffəqiyyətlə həyata keçirilir.

Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  meliorasiya ilə bağlı gələcəkdə xüsusi proqramın qəbul edilməsinin vacibliyi barədə Prezidentin verdiyi tapşırığa əsasən səhmdar cəmiyyəti ölkə  əhalisinin ərzaqla  təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əsasən də taxılçılığın və heyvandarlığın inkişafı üzrə müasir tələblərə uyğun təsərrüfatların yaradılması üçün az məhsuldar qış otlaq sahələrində kompleks meliorativ tədbirlərin aparılması, suvarılan torpaqların genişləndirilməsi, su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, mövcud suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, ölkənin yaşayış məntəqələrinin, torpaqların və infrastruktur obyektlərin sel və daşqınlardan mühafizəsi üçün daha geniş miqyaslı əlavə tədbirlərin görülməsi və sahənin gələcək inkişafının təmin edilməsi məqsədi ilə  hazırladığı “Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının 2014-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı” layihəsini Nazirlər Kabinetinə təqdim etmişdir.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində 2014-cü ildə konkret tədbirlər həyata keçirilmişdir. Ötən ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, ASC daxili imkanlarını səfərbər edərək üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.

Mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay sol sahil magistral kanalındakı dükerdə, Əyriçay su anbarının beton üzlüklü bəndində, Viləşçay su anbarının irriqasiya suburaxıcı qurğusunda, Ağstafaçay sol sahil, Yeni Xanqızı, Baş Muğan, Tərtərçay sol sahil magistral kanallarında, Yuxarı Qarabağ kanalının Aşağı Portal baş qurğusunda və Kürəkçay səviyyəqaldırıcı qurğusunda, Yuxarı Şirvan kanalının Göyçay çay dükerində, Cənubi Muğan və Şəmkir maşın kanalının qurğularında, Saatlı rayonunda Sabir və Aşağı Muğan kanallarında, Sabirabad rayonunda Gümüş kanalında, Qusar rayonunda Cağar-Cibir kanalının baş qurğusunda, Kürdəmir rayonunda R-15 kanalında, Baş Mil-Muğan, K-1, K-2 və Sağ Sahil kollektorları üzərində 7 ədəd körpüdə, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Kürdəmir və Ucar rayonlarında Muğan Salyan və Baş Şirvan kollektorlarına su vuran Xolqarabucaq, Orta Akuşa, Şimal-2, K-2, Muradbəyli, Zəngən, K-3 və Həbibi nasos stansiyalarında, Salyan rayonunda Baş Mil-Muğan kollektoru üzərindəki dükerdə, Saatlı rayonunda Sağ Sahil kollektorunun Baş Mil-Muğan kollektoruna tökülən hissəsindəki sudüşürəndə, 52 tərpənməz və 19  üzən nasos stansiyalarında, 91 subartezian quyusunda, İsmayıllı, İmişli, Yevlax, Kürdəmir, Şamaxı, Füzuli və Xızı rayonlarının ərazisində 4536 pm nov kanallarda, ayrı-ayrı rayonların qış otlaq sahələrindəki 14,6 km uzunluğunda müxtəlif ölçülü boru kəmərlərdə, dağ çaylarında 1673 pm daş-beton mühafizə bəndlərdə və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir. Bunlardan əlavə, Kür çayı boyunca Ağcabədi, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, İmişli rayonları və Şirvan şəhəri ərazisində təhlükəli döngələrdə 2445 pm uzunluğunda daştökmə yolu ilə sahilbərkitmə işləri aparılmış, Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 88,7 km məsafəsində möhkəmləndirmə işləri görülmüş, Kür çayının uçmaya meyilli sahillərində 234 km məsafədə qayakəsmə tədbirləri, 4470 kbm həcmində daş-betonitlərlə və 4330 kbm həcmində faşınla sahilbərkitmə işləri yerinə yetirilmişdir.    

Həmçinin suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,5 mlnkbm həcmində (15900 km) lildən təmizləmə işləri görülmüş, 6376 hidrotexniki qurğu, 1076 hidropost, 2642 subartezian nasosu, 48 stasionar nasos, 312 elektrik və dizel mühərriki, 12 transformator təmir edilib işlək vəziyyətə gətirilmiş, çay məcralarında 16,3 mlnkbm həcmində məcratəmizləmə işləri aparılmış,  18,5 min kbm şax-daş və faşın, 4,1 min kbm qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 23,4 min kbm həcmində təmir işləri görülmüşdür. Vegetasiya suvarması başlananadək su anbarlarında 14,4 mlrd. kbm həcmində su toplanmışdır ki, bu da ötən ilin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsinə şərait yaratmışdır.

Bütün suvarma mənbələrindən 8,2 mlrdkbm su götürülmüş və ayrıclardan su istifadəçilərinə 5,8 mlrdkbm su verilmişdir.

Əkinçilikdən yüksək və sabit məhsuldarlıq götürülməsi üçün torpaqların su təminatı ilə yanaşı, onların meliorativ vəziyyətinin yaxşılaşdırılması  üzrə müvafiq tətbirlərin görülməsi də vacib amildir. Prezidentin sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların müəyyən edilməsi və xəritələşdirilməsi, onlardan səmərəli istifadə olunması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulmuşdur. Tapşırığın icrası olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi  kənd təsərrüfatına yararlı 4557,4 min hektar sahədə torpaqların şorlaşma məlumatlarını hazırlamışdır. ASC bu məlumatlardan istifadə etməklə, eləcə də qrunt sularının səviyyəsinin yer səthinə yaxın olan (1m-ə qədər) ərazilərdə torpaqdan nümunələr götürməklə onun duzluluğunun dəqiqləşdirilməsi əsasında torpaqların şorlaşması barədə korrektə edilmiş məlumatlar hazırlamışdır. Həmin məlumatlara əsasən, ölkəmizdə suvarılan torpaqlardan şoranlaşmış, eləcə də şorlaşma səbəbindən əkin altında istifadə olunmayan suvarılan sahələr mövcud deyil.            Korrektə edilmiş duzluluq məlumatlarına görə, 1 yanvar 2015-ci il tarixinə 1435 min ha suvarılan sahənin 1083,6 min hektarı (75,5%) şorlaşmamış, 199,3 min hektarı (13,9%) zəif, 106,3 min hektarı (7,4%) orta, yalnız  45,8 min hektarı (3,2%) əkinlərin məhsuldarlığına 10-15%-ə qədər təsir edə bilən ayrı-ayrı ləkələr şəklində şiddətli dərəcədə şorlaşmışdır.

Qeyd etmək lazımdır ki, son illər torpaqlardan tam və səmərəli istifadə olunması, təkrar əkinlərin həcminin artırılması, çox susevən və yer səthini kölgələndirən bitkilərə geniş yer verilməsi hesabına suvarılan torpaqlarda duzların bioloji yuyulması prosesi getmiş, 2001-ci illə müqayisədə  güclü şorlaşmış torpaq sahələri 69,5 min, orta şorlaşmış torpaq sahələri 57,1 min, zəif şorlaşmış torpaq sahələri 68,1 min hektar azalmış, şorlaşmamış torpaq sahələri 194,6 min hektar artmışdır. Bunun da nəticəsində son illər kənd təsərrüfatı məhsullarının istehsalında mütəmadi şəkildə artımlar müşahidə olunur.

Məlum olduğu kimi, ölkədə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək və ölkənin aqrar potensialının geniş təbliği  məqsədi ilə Prezidentin sərəncamı ilə 2015-ci il Azərbaycanda  “Kənd təsərrüfatı ili” elan edilmiş və dövlət başçısının 3 aprel 2015-ci il tarixli sərəncamı ilə bununla bağlı “Tədbirlər Planı” təsdiq olunmuşdur. Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab İlham Əliyev “Kənd təsərrüfatı ili”ndə ölkədə ərzaq təhlükəsizliyinin birinci məsələ olduğunu, kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görüldüyünü, islahatların aparıldığını, son illər suvarmaya, meliorasiyaya çox böyük diqqət göstərildiyini bildirmiş, ölkə əhalisinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədi ilə yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi, yeni suvarma kanallarının çəkilməsi, torpaqların elektron uçotunun aparılması ilə bağlı səhmdar cəmiyyəti qarşısında mühüm vəzifələr qoymuşdur.

Bu vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədi ilə səhmdar cəmiyyəti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir. Hazırda kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi və respublikanın çaylarında baş verə biləcək sel və daşqın sularının maneaəsiz axıdılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Artıq ASC tərəfindən magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə mütəxəssislərimiz ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür.

Bu gün respublikanın su anbarlarında  14,6 mlrdkbm su var ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 mlrdkbm çoxdur. Mingəşevir, Şəmkir, Araz su anbarlarında ötən ildəkindən artıq su toplanmış, Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarının əkin sahələrinə xidmət edən Ağstafaçay su anbarında ötən ilki dövrlə müqayisədə 66,2 mln kbm artıq su yığılmış, ötən il istifadəyə verilmiş Şəmkirçay su anbarında 57 mlnkbm su toplanmış, Qazax rayonu ərazisində yerləşən Coqazçay su anbarı tam həcmdə doldurulmuşdur. Toplanmış su kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının aparılmasına imkan verir. Su anbarlarında olan ehtiyat həcm sel və daşqın vaxtı onların doldurulmasına şərait yaradacaqdır.

Sudan istifadə planına əsasən, 2015-ci ildə ümumilikdə 1363689 hektar sahədə kənd təsərrüfatı bitkilərinin, o cümlədən 536426 ha sahədə taxıl, 24197 ha sahədə pambıq, 1094 ha sahədə tütün, 468414 ha sahədə yem bitkiləri,77320 ha sahədə bostan-tərəvəz, 97356 ha sahədə çoxillik bitkilər və 158881 ha həyətyanı sahələrdə vegetasiya suvarılması nəzərdə tutulmuşdur. 1 aprel 2015-ci il tarixə 518077 hektar sahədə taxıl orta hesabla 1,3 dəfə suvarılmışdır. Suvarma işləri hazırda da davam edir.

Əkin sahələrinin su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün cari ildə Tərtər rayonunda 3000 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün R-8-1 kanalının 1300 pm məsafəsinin beton üzlüyə alınması, Şəki rayonu ərazisində 8405 hektar sahəni su ilə təmin edən nasos stansiyasının binasının təmiri, Ağstafa və Tovuz rayonlarının 43,5 min hektar suvarılan sahəsini su ilə təmin edən sağ sahil kanalının  4000 pm məsafəsində beton üzlüyə alınması, Saatlı və Sabirabad rayonlarının 70 min hektar sahəsini su ilə təmin edən Baş Muğan kanalında 380 pm məsafədə yamaclığın betonitlərlə möhkəmləndirilməsi və üzərindəki körpünün təmiri, Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindəki Dəvəbatan dükerinin təmiri və Kürdəmir rayonu ərazisində kanalın beton üzlüyə alınması, Samur çayında sudurulducu qurğunun mühafizəsi üçün 200 pm uzunluğunda beton üzlüklü dambanın təmiri, Biləsuvar və Cəlilabad rayonlarının 65 min hektar sahəsini su ilə təmin edən Yeni Cənubi-Muğan kanalı üzərindəki baş qurğunun və 3 səviyyəqaldırıcı qurğunun, Beyləqan və Ağcabədi rayonlarının əkin sahələrini su ilə təmin edən Yeni Xanqızı kanalının 400 pm məsafəsinin beton üzlüyünün, Şəmkir və Samux rayonlarının 10 min hektar sahəsinə su verən sağ sahil maşın qolu kanalının 600 pm məsafəsində beton üzlüyünün təmiri, Ağdaş rayonunun 16,9 min hektar əkin sahəsinə xidmət edən sağ sahil kanalında, Cəlilabad rayonunda R-7 kanalında, 39 tərpənməz və 12 üzən nasos stansiyalarında, 81 subartezian quyusunda, 30,5 km beton kanallarda, İsmayıllı, İmişli, Yevlax, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Şamaxı, Füzuli və Xızı rayonlarının ərazisində 6400 pm nov kanallarında, dağ çaylarında 2050 pm daş-beton mühafizə bəndlərində və bir sıra digər obyektlərdə əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi, Kür çayının təhlükəli döngələrində yumaya meyilli sahillərində 1988 pm məsafədə sahilbərkitmə işləri, o cümlədən Sabirabad rayonunun Əsgərbəyli, Dadaşbəyli və Qəzli kəndlərinin ərazilərində 723 pm, Şirvan şəhər Bayramlı qəsəbəsində 100 pm məsafədə, Salyan rayonunun Təzəkənd, Babazanlı və Salyan şəhər ərazilərində 500 pm məsafədə, Neftçala rayonu Aşağı Surra, Beşdəli, Cəngən, Qardaşbəyli və Bala Surra kəndləri ərazilərində 107 pm məsafədə sahilbərkitmə işlərinin görülməsi nəzərdə tutulmuşdur. Bu işlərin icrası hazırda uğurla davam etdirilir.

Eyni zamanda, Yuxarı Xanbulançay su anbarının bəndindəki qülləli suburaxıcının tunelində və onun qurğularında təmir işləri aparılır. Bundan əlavə, su anbarından çıxan sol sahil kanalının üzərindəki akvedukunda və Lənkəran rayonu “Yaşıl çayı” fermer təsərrüfatının 100 hektar sahəsini su ilə təmin edən nasos stansiyası və boru kəmərlərində təmir işləri gedir.

Bərdə rayonunun 13200, Kürdəmir rayonunun 11000 hektar əkin sahələrinə xidmət edən təsərrüfatlararası R-13 və R-15 kanallarının beton üzlüyünün və üzərindəki qurğuların təmiri nəticəsində su itkilərinin qarşısı xeylı alınacaq və həmin sahələrinin su təminatı yaxşılaşacaq. Astara rayonunun 1250 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən, ümumi su tutumu 6,3 mlnkbm olan Ləvain su anbarını qidalandıran sugətirici kanalın üzərindəki qurğularla birlikdə təmiri işləri davam etdirilir. Hazırda Xaçmaz rayonunun sərhəd ərazisində yerləşən 1350 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə Yalama beton kanalının üzərindəki qurğularla birlikdə təmir işləri də yerinə yetirilir. Həmçinin Ağcabədi rayonunda “Şəfəq” nasos stansiyasının təzyiqli boru xəttində təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Bu işin yerinə yetirilməsi nəticəsində  Avşar kəndinin 400 hektar əkin və həyətyanı sahələrinin su təminatı xeyli yaxşılaşacaq. Bunlardan əlavə, Sabirabad rayonunun Moranlı, Balahəşimxanlı, Sarxanbəyli, Çöl Beşdəli, Ələmbəyli və digər kəndlərinin 3780 hektar əkin sahələrinin su təminatına və əhalinin məişət su tələbatının ödənilməsinə xidmət edən Sabir kanalını qidalandıran 1989-cu ildən istifadə edildiyindən gövdəsi korroziyaya uğrayan, Kür çayı üzərində yerləşən Vlaqa-3 üzən nasos stansiyasının əvəzinə daha yüksək məhsuldarlığa malik yeni 4 aqreqatlı 2 üzən nasos stansiyasının quraşdırılması işləri həyata keçirilir. Salyan və Neftçala rayonlarının 33500 hektar əkin sahələrinə xidmət edən Akkuşa kanalını qidalandıran, 1993-cü ildən istifadədə olan eyni tipli Vlaqa-7 üzən nasos stansiyasının əvəzinə yeni 4 aqreqatlı üzən nasos stansiyasının quraşdırılması da nəzərdə tutulmuşdur. Habelə suvarılan ərazilərdən drenaj sularının kənarlaşdırılmasını sürətləndirmək və qrunt sularının səviyyəsini aşağı salmaq məqsədi ilə  Ağcabədi rayonunda K-33, Sabirabad rayonunda K-1-1, Beyləqan rayonunda K-2 və K-2-1, Saatlı rayonunda LK və SD, Ağdaş rayonunda S-2 və S-2-1, Bərdə rayonunda 19 QD-5, Yevlax rayonunda S8-QD-4, Ucar rayonunda UK-2 və UK-3, İmişli rayonunda S-1, S-1-2 və S-10 kollektorlarının və onların üzərində 15  sukeçirənin, Baş Şirvan kollektorunun Türyançay çayı ilə kəsişməsindəki dükerin, Neftçala rayonunda Küryanı, Salyan rayonunda Şimali-Akuşa və Yeni Muğan, Kürdəmir rayonunda K-5 suötürən nasos stansiyalarının bərpası planlaşdırılmışdır.

Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi həmçinin  kollektorların  suburaxma qabiliyyətinin  iki dəfəyə yaxın  artırılmasına şərai yaradacaq, suvarılan ərazilərdən  drenaj sularının kənarlaşdırılıması sürətlənəcək, qrunt sularının səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Ağcabədi rayonunun Təzəkənd,  Pərioğlular, Şənlik, Cəfərbəyli, Ağabəyli, Nərimanov kəndlərinin 7620, Sabirabad rayonunun Kürqırağı Muradbəyli bələdiyyəsinin 2410, Beyləqan rayonunun Kəbirli, Tatallar, Eyvazalılar, Bahar, Qəhramanlı, Mayak, Dünyamalılar, Binnətli, Gödəklər, I-Şahsevən, II-Şahsevən, Yuxarı Çəmənli və Xalac kəndlərinin 25733, Saatlı rayonunun Dədə Qorqud və Mustafabəyli inzibati ərazi vahidliyinin 4225, Ağdaş rayonunun Mürsəl bələdiyyəsinin 2316, Ucar rayonunun Türkəci bələdiyyəsinin 2428, Bərdə rayonunun Mollalı bələdiyyəsinin 3226, Yevlax rayonunun Səmədabad və Nərimanabad ərazi vahidliyinin 5250, İmişli rayonunun Çahar, Gövhərli, Soltanmuradlı, Nurulu, Qaralar, Muradallı, Otuzikilər, Xoşçobanlı, Qaragüvəndikli, Boşçalar, Şahverdililər, Rəhimli, Çobantala, Yalavac, Vətağa kəndlərinin 9010 - cəmi  62218 hektar meliorasiya olunmuş ərazilərin meliorativ vəziyyəti yaxşılaşacaq, onların təkrar şorlaşmasının qarşısı alınacaq, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksələcək. Baş Şirvan kollektorunun Türyançay çayı ilə kəsişməsindəki dükerin bərpası isə Ağdaş rayonunun suvarılan ərazilərindən drenaj sularının aqrotexniki müddətlərdə və maneəsiz  kənarlaşdırılmasını təmin edəcək, rayonun 23 min hektar meliorasiya olunmuş ərazilərində  torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasını təmin edəcək.

Küryanı, Yeni Muğan, Şimali-Akuşa və K-5 suötürən nasos stansiyalarının əlavə nasos aqreqatları quraşdırmaqla bərpası onların məhsuldarlığının nəzərəçarpacaq dərəcədə artırılmasını təmin edəcək, Neftçala rayonunun  Aşağı Sura, Kürqarabucaq, I-Qaralı, Qədimkənd, Aşağı Qaramanlı, Astanlı kəndlərinin 6284 hektar, Salyan rayonunun Çuxanlı, Pratman Gəncəli, Parçaxalac, Seydan, Yenikənd, Qarabağlı  kəndlərinin 7016, Kürdəmir rayonunun Öyləqulu, Mehdili, Dayıkazımlı, Qarabucaq, Məhərrəmli, Çölqubalə, Ərəbqubalı və Qoçulu  kəndlərinin 5200 hektar meliorasiya olunmuş ərazilərindən drenaj sularının vaxtında və maneəsiz axıdılmasını təmin edəcək, torpaqların meliorativ vəziyyətinin yaxşılaşmasına və məhsuldarlığının artmasına şərait yaradacaqdır. 

Hazırda 749 ekskavator və 320 buldozer cəlb edilməklə suvarma, kollektor-drenaj şəbəkələrində, çay məcralarında təmizləmə və digər təmir işləri həyata keçirilir. Aparılan təmir və bərpa işləri əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasına şərait yaradacaqdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq ASC-nin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün bundan sonra da səylə çalışacaqdır.

 

Əhməd ƏHMƏDZADƏ,

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan.-2015.- 14 may.- S. 9-10.