Mərhələli inkişaf uğurlarımızın açarıdır

 

Xəbər verildiyi kimi, mayın 4-də Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyası olmuşdur. 2012-ci ildə qurumun Manilada qəbul etdiyi qərarla Azərbaycan paytaxtında keçirilən bu tədbirdə üzv ölkələrin yüksək səviyyəli rəsmiləri, maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, eləcə də beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyətlərinin təmsilçiləri, tanınmış alimlər, ekspertlər, gənc mütəxəssislər - təxminən 3000-dək nümayəndə iştirak etmişdir. Tədbiri işıqlandırmaq üçün dünyanın təxminən 200 media orqanının əməkdaşları da Bakıda olmuşlar.

Məlumat üçün bildirək ki, nəhəng beynəlxalq maliyyə təşkilatı olan Asiya İnkişaf Bankı (AİB) 1966-cı ildə yaradılmışdır. Məqsədi Asiyada, ümumilikdə Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdir. Ölkəmiz 1999-cu ildən AİB-nin üzvüdür. Azərbaycanın baş ofisi Manilada (Filippin) yerləşən bu maliyyə təşkilatı ilə ilk tərəfdaşlığı 2000-ci ildə təsdiqlənən orta əməliyyat strategiyası, 2001-2006-cı illərdə ölkə strategiyası və proqramının 5 yeni versiyası, 2010-cu ildən başlayaraq ölkə əməliyyatlarının biznes planları ilə istiqamətləndirilmişdir. Onu da qeyd edək ki, AİB-nin Müstəqil Qiymətləndirmə Departamenti bankın 2000-2011-ci illərdə Azərbaycanda aparılan əməliyyatlarını yüksək qiymətləndirmişdir. Azərbaycanın gəlirləri orta səviyyədə olan ölkəyə çevrildiyini nəzərə alan AİB 2013-cü ildə respublikamızı yenidən təsnifləndirərək inkişaf etməkdə olan üzv dövlətə - C kateqoriyasına aid etmişdir.

Əməliyyatlarının başlanğıcında AİB yoxsulluğun təhlilində, strateji inkişaf planının və siyasi çərçivələrin hazırlanmasında, dövlət borcunun idarə edilməsi üzrə potensialın artırılmasında, makroiqtisadi məlumatların təhlil edilməsində və s. məsələlərdə Azərbaycana yardımçı olmuşdur. Sonrakı illərdə isə AİB ölkəmizə məcburi köçkünlər üçün layihə çərçivəsində 400 ailənin yaşayış şəraitinin yaxşılaşdırılmasında, 4 orta məktəb binasının yenidən qurulmasında, bir sıra kiçik şəhərlərdə sukanalizasiya xətlərinin çəkilişində, bəzi magistral və kənd yollarının salınmasında və s. işlərdə maliyyə dəstəyi vermişdir. Hazırda bu imkanlı bankla tərəfdaşlığımız yeni tələblər səviyyəsində davam edir.

Elə bu qarşılıqlı səmərə verən əməkdaşlığın nəticəsidir ki, AİB Rəhbərlər Şurasının növbəti illik toplantısı Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda keçirilir. Prezident İlham Əliyevin toplantının açılış sessiyasında iştirak etməsi isə bu tədbirin ölkəmiz üçün əhəmiyyətindən xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, sözügedən tədbirin Bakıda keçirilməsinə qərar verildikdən sonra - 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankı arasında bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı anlaşma memorandumu, həmin il mayın 22-də isə Prezident İlham Əliyev tərəfindən Baş nazirin birinci müavininin sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalanmışdır.

Toplantıda Azərbaycanın dövlət başçısı sessiya iştirakçıları qarşısında geniş nitq söylədi. Bu nitqi müstəqil Azərbaycanın qısa tarixi, sosial-iqtisadi inkişafının konkret xülasəsi və hədəflənən məqsədlər, planlar barədə tezis kimi də qəbul etmək olar.

Nitqinə Azərbaycanın Asiya İnkişaf Bankı ilə səmərəli fəaliyyətinə qiymət verməklə başlayan Prezident İlham Əliyev AİB-nin iqtisadiyyatımızın müasirləşməsi, əhalimizin yaşayış standartlarının yaxşılaşdırılması, infrastrukturun təkmilləşdirilməsi və s. işlərdən məmnunluğunu bildirdi: “Bu günədək Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 1,5 milyard dollar məbləğində vəsait ayrılmışdır... Xalqımız bu layihələrdən bəhrələnmiş və həmin vəsait davamlı iqtisadi inkişafımıza xidmət etmişdir”.

Prezident sonra Azərbaycanın müstəqillik tarixinə kiçik ekskurs etdi: “Müstəqil ölkə olaraq Azərbaycan Sovet İttifaqının süqutu nəticəsində yaranmışdır. Ancaq XX əsrin əvvəlində Rusiya imperiyasının dağıdılmasından sonra Azərbaycan 2 il müstəqil olmuş və müsəlman dünyasının ilk demokratik respublikası məhz 1918-ci ildə Azərbaycanda yaranmışdır”. 1920-ci ildə işğal nəticəsində Azərbaycanın müstəqilliyini itirdiyini deyən dövlət başçısı yalnız 1991-ci ildə onun bərpa olunduğunu xatırlatdı: “O həm çətin, həm də böyük gözləntilərin olduğu illər idi. Çünki biz ölkəmizin güclü iqtisadiyyatını yaratmalı idik. Təəssüflər olsun ki, o zaman Azərbaycan çətin vəziyyətdə idi. Daxili gərginlik, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və iqtisadi çətinliklər bizim üçün ən böyük çağırışlar idi”.

1990-cı illərin ortalarından başlayan siyasiiqtisadi islahatların həmin çətinliklərin öhdəsindən gəlməyə imkan verdiyini söyləyən Prezident İlham Əliyev bugünkü müasir, demokratikçox yüksək perspektivlərə malik dövlətin bünövrəsinin məhz o zaman qoyulduğunu vurğuladı:Olduqca qısa zamanda - 23 ildən bir qədər artıq müddət ərzində... biz mühüm irəliləyişə  nail olmuşuq... Sürətli inkişaf illəri olan son 10 il ərzində görülmüş işlərlə bağlı bir neçə rəqəmi xatırlatmaq istərdim. Ümumi daxili məhsul istehsalı 3 dəfə artmışdır, xarici borcumuz olduqca aşağı səviyyədədir, ümumi daxili məhsulun təqribən 10 faizini təşkil edir. Biz milyardlarla xarici sərmayə cəlb edə bilmişik. Müstəqillik illərində bu rəqəm 200 milyard dollara bərabər olmuşdur. Ötən il ərzində bu rəqəm 27 milyard dollar təşkil etmişdir... Həmin rəqəmin 70 faizi yerli sərmayədir... Biz 9 milyondan artıq əhaliyə malik olan ölkədə 1 milyondan çox yeri yaratmağa nail olmuşuq. Bunun nəticəsində işsizlik çox aşağı səviyyəyə - təqribən 5 faizə enmişdir”. Sosial sahədə Azərbaycanın ən böyük nailiyyətinin yoxsulluğun aradan qaldırılması ilə bağlı olduğunu bildirən dövlət başçısı 10-15 il əvvəl həmin göstəricinin 50, indi isə 5 faiz təşkil etdiyini dedi.

Prezident toplantı iştirakçılarının nəzərinə onu da çatdırdı ki, hazırda Azərbaycanın iqtisadi siyasətində prioritet istiqamət qeyri-neft sektorunun inkişafıdır. Bu gün ölkəmizin ÜDM istehsalında qeyri-neft sektorunun payının 70 faiz olduğunu söyləyən dövlət başçısı ixracda neft-qazın üstünbunun da təbii olduğuna diqqət çəkdi: “Çünki söhbət nəhəng həcmlərdən gedir və ... bir neçə ildən sonra... ixrac edəcəyimiz təbii qaz bizim enerji ixracında bu nisbəti daha da artıracaqdır”.

Söhbət təbii ki, “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qazın Avropaya çatdırılması üçün artıq tikintisinə başlanmış “Cənub” dəhlizindən gedir. Azərbaycanın təşəbbüskarı olduğu bu dəhliz regionun və Avropanın 10 ölkəsini birləşdirir. 45 milyard dollara başa gələcək layihənin reallaşması Azərbaycana yüksək siyasiiqtisadi dividendlər vəd edir. Prezident İlham Əliyev: bununla bağlı demişdir: “3-4 ildən sonra “Cənub” qaz dəhlizi layihəsi başa çatanda Azərbaycan bir neçə onillik, mən deyərdim, yüz il ərzində regionAvropa istehlakçıları üçün mühüm qaz təminatçısından biri olacaq. Əlbəttə, bizim geosiyasi əhəmiyyətimiz və nüfuzumuz artacaq”.

Prezident İlham Əliyevin nitqində yer alan Azərbaycanın gələcək planlarını  qısa şəkildə belə sadalamaq olar: müasirləşmə, dövlət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması; iqtisadiyyatın şaxələndirilməsi siyasətinin davam etdirilməsi; İKT və kosmik sənayenin inkişafının sürətləndirilməsi; qeyri-neft sektorunun, o cümlədən aqrar bölmənin potensialından maksimum istifadə olunması (yaxın gələcəkdə əsas kənd təsərrüfatı məhsullarının tam olaraq ölkə daxilində istehsalı); makroiqtisadi sabitliyə və inflyasiyaya nəzarətin gücləndirilməsi; maliyyə vəsaitlərinin toplanmasının davam etdirilməsi; mühüm infrastruktur layihələrinin maliyyələşdirilməsi; sahibkarlığın daha da inkişafı üçün stimullaşdırıcı tədbirlərin görülməsi; real sektora daha çox sərmayə cəlb olunması; xarici borcların mümkün qədər aşağı səviyyədə saxlanılması; turizmin iqtisadiyyatın mühüm sahəsinə çevrilməsi.

Göründüyü kimi, Azərbaycanı yaxın gələcəkdə daha məsul işlər gözləyir. Həmin işlər ötən əsrin 90-cı illərinin ortalarından başlamış və təxminən 10 il əvvəl sürətlənmiş sosial-iqtisadi tədbirlərin davamıdır. Ölkənin inkişafına bu cür mərhələli yanaşma isə uğurlarımızın açarıdır.

 

Raqif MƏMMƏDOV,

Azərbaycan.-2015.- 14 may.- S. 9.