Nizami dühasına daha
bir töhfə
Misirin İsgəndəriyyə Kitabxanasında böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans və şairin büstünün açılış mərasimi keçirilib.
Plenar iclasda İsgəndəriyyə şəhərinin qubernatoru Hani Əlməsiri, Misir Baş nazirinin xüsusi müşaviri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa, eks-prezidentlər - Peter Stoyanov (Bolqarıstan), Emil Konstantinesku (Rumıniya), Boris Tadiç (Serbiya), Rexhep Meydani (Albaniya), Andres Pastrana (Kolumbiya), Ərəb Liqasının sabiq rəhbəri Əmr Musa, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu, Azərbaycan Respublikasının Misirdəki səfiri Şahin Abdullayev, Nizami irsini tədqiq edən misirli alimlər, ictimai-siyasi xadimlər, ictimaiyyətin nümayəndələri, tələbələr, Azərbaycanın təmsilçisi kimi mən iştirak edirdim.
İclasda çıxış edən doktor İ.Serageldin Nizami yaradıcılığı haqqında ətraflı məruzə etdi, dahi şairin yaradıcılığını, poetik irsinin əsas istiqamətlərini və ideya-bədii xüsusiyyətlərini xarakterizə etdi, onu islam sivilizasiyasının, ümumşərq və dünya mədəniyyətinin inkişafında müstəsna hal kimi qiymətləndirdi. Azərbaycanı Şərq və Qərb mədəniyyətlərinin sintez olunduğu unikal bir məkan kimi xarakterizə etdi, azərbaycanlıları yüksək mədəniyyətə malik qədim xalq kimi səciyyələndirdi. “Azərbaycan o ölkədir ki, burada keçən əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika yaradıldı, qadınlara Avropa və Amerika ölkələrindən daha əvvəl səsvermə hüququ verildi” - deyərək, natiq bugünkü Azərbaycanı yüksək inkişafa nail olmuş sivil, modern, tolerant bir ölkə kimi xarakterizə etdi. Mərasimdə mötəbər qonaqlardan üç nəfər də çıxış edərək tədbirin əhəmiyyətindən danışdı.
Plenar iclasda mənə də söz verildi. Azərbaycan Prezidentinin
və xalqının salamlarını, xoş arzularını çatdırdım.
Azərbaycan xalqı ilə Misir xalqının çoxəsrlik
tarixi və mədəni əlaqələrindən,
xalqımızın islam sivilizasiyasının
inkişafına verdiyi
böyük töhfələrdən
söz açdım.
Ərəb dilində səsləndirdiyim
məruzənin əsas
məramı Nizaminin məhz Azərbaycan şairi olmasına yönəlmişdi. İstər
etnik mənsubiyyətinə,
istər yaradıcılığının
ruhuna, Azərbaycan poetik ənənəsinin davamına, orta əsrlər Azərbaycanın
ictimai-siyasi və mədəni mühitinin inikasına və s. görə şairin bir çox problemlərin təqdimində doğma
mühitinin hadisə,
şəxsiyyət və
problemlərindən çıxış
etməsi aşkar duyulur. Nizaminin poetik irsini dəyərləndirərək onu klassik dövrün
yeni mərhələsi
kimi qiymətləndirmək
mümkündür. Nizaminin bütün
yaradıcılığına xas əsas ideya
insana sevgi və onun xoşbəxt
həyat üçün
yarandığına inamdır.
Nizami elə ilk poeması ilə Yaxın və Orta Şərq
ədəbiyyatında yeni
epik ənənənin,
bütöv bir ədəbi məktəbin
bünövrəsini qoydu.
İnsanı ucaldan, onun adını əbədiləşdirən
ülvi məhəbbətin
təsvir və tərənnümü Nizami
yaradıcılığında böyük yer tutur. Nizami sənətinin böyüklüyü
və onun estetik idealı sonrakı əsrlərdə
bütün Şərq
ədəbiyyatlarının inkişafına güclü
təkan vermiş, dahi şair tərəfindən müəyyən
edilmiş prinsiplər
təkcə Azərbaycanda
deyil, bütövlükdə
Yaxın və Orta Şərq, eləcə də bir sıra Qərb
ədəbiyyatında humanist meyillərin artmasına səbəb olmuşdur.
Plenar iclasın
sonunda İ.Serageldin Azərbaycan dövləti
tərəfindən İsgəndəriyyə
Kitabxanasına təqdim
olunmuş Nizami Gəncəvinin büstünün
açılışını etdi. Sonra media nümayəndələri üçün mətbuat
konfransı keçirildi.
Tədbirin ikinci hissəsi Nizami Gəncəvi yaradıcılığını tədqiq edən alimlərin çıxışları
və geniş müzakirələrlə davam
etdi. Konfrans çərçivəsində
İ.Serageldinin təqdimatı
ilə Nizami Gəncəvi haqqında Ayn Şəms Universitetinin professoru, fars dili
və ədəbiyyatı
mütəxəssisi doktor
Abd ən-Nəim Muhəmməd Hasəninin
“Nizami əl-Gəncəvi:
Şəir əl-fadılə.
Asruhu, biətuhu və şıruhu” (“Nizami Gəncəvi: fəzilət şairi. Əsri, mühiti, şeiri”) İsgəndəriyyə Kitabxanası
tərəfindən ərəbcə
nəşr edilmiş
kitabın təqdimatı
da keçirildi.
Konfransın ikinci hissəsində
dinlədiyimiz bütün
məruzələr Nizami
Gəncəvi yaradıcılığının
müxtəlif aspektləri
haqqında idi və misirli müəllim, tələbələr
tərəfindən təqdim
edilirdi. Məruzələrdə Nizami yaradıcılığına
böyük sevgi və maraq öz
əksini tapmışdı.
Dahi şairin yaradıcılığı
ən yüksək səviyyədə qiymətləndirildi.
Təəssüf doğuran
isə Nizaminin fars şairi
və ürfan şairi kimi təqdim edilməsi idi ki, bu
məsələyə səfir
Şahin Abdullayev və mən yerindəcə aydınlıq
gətirdik.
Bütövlükdə İsgəndəriyyə Kitabxanasında
Nizamiyə həsr olunmuş və İ. Serageldinin geniş müqəddiməsi ilə
çap olunmuş kitabın təqdimatı çox qürurverici hadisə idi. Lakin kitabla
ətraflı tanışlıq
mənim ilkin təəssüratıma bir
qədər təəssüf
hissi qatdı. Kitab 2 hissədən, 10 fəsildən
və istifadə edilmiş ədəbiyyatın
siyahısından ibarətdir.
Müəllif kitabı atasının
xatirəsinə həsr
edib. Kitaba epiqraf kimi “Sirlər
xəzinəsi”nin birinci beyti verilmişdir:
Bismillahi-r-rəhmani-r-rəhim
Hikmət
xəzinəsinə budur
açar, ey həkim!
Kitabın birinci hissəsində
Nizaminin yaşadığı
əsrin təsviri, Səlcuqlar dövləti,
böyük səlcuqilər,
İraq səlcuqiləri,
Kiçik Asiya səlcuqiləri, Azərbaycan
hökmdarları, Azərbaycan
Atabəyləri, Marağa
və Şirvan hökmdarları, Abbasilər
və İsmaililər
haqqında ətraflı
məlumat verəndən
sonra müəllif Nizaminin yaşadığı
əsrin ictimai, bədii və dini mənzərəsini yaradır. Kitabın “Nizaminin şəxsi
mühiti” adlanan II fəslində şairin doğulduğu coğrafi mühit, Gəncənin ictimai-siyasi və mədəni həyatı
canlandırılır, şairin
ailəsi haqqında məlumatlar təhlil edilir. Növbəti fəsildə şairin
adı, ləqəbi,
künyəsi, təxəllüsü,
doğum tarixi, həyatı, əxlaqi keyfiyyətləri, vəfatı
və məzarının
ehtimal olunan yerləri haqqında məlumatlar təhlil edilir.
Kitabın ikinci hissəsi bilavasitə Nizami poeziyasının ideya-məzmun və bədii-estetik cəhətdən səciyyəndirilməsinə həsr olunub. Burada müəllif ümumilikdə məsnəvi sənəti, “Xəmsə” nin əlyazma nüsxələri və tərtibatı haqda mövcud mülahizələri nəzərdən keçirir. Daha sonra “Xəmsə”yə daxil olan məsnəvilər müfəssəl təhlil edilir. Bu zaman əsas diqqət şairin “Leyli və Məcnun”u yazarkən ərəb mənbələrinə müraciət etməsinə yetirilir, məsnəvi ərəb variantı ilə ətraflı müqayisə edilir. Axırda Nizaminin divanı və sənətkarlıq xüsusiyyətləri tədqiq edilir.
Tədqiqatın biblioqrafiyası ilə tanışlıq göstərir ki, müəllif tərəfindən istifadə edilmiş 166 adda elmi ədəbiyyatın 86-sı fars dilində, 45-i ərəb, 19-u ingilis, 2-si alman, 3-ü fransız, 1-i italyan dilindədir. Azərbaycan dilində heç bir elmi ədəbiyyatdan istifadə edilməmiş, türk dilində isə cəmi 2 adda ədəbiyyat verilmişdir ki, onlar da Nizami yaradıcılığı haqda deyil, Səlcuqilər dövlətinin tarixinə aiddir. Rus dilində istifadə edilən 8 ədəbiyyatın, o cümlədən E.E.Bertelsin “Velikiy azerbaydjanskiy poet Nizami” əsərinin əsas ideya məzmunu - Nizaminin məhz Azərbaycan şairi olması kitab müəllifi tərəfindən ya qəbul edilməmiş, ya da etinasızlıqla qarşılanmışdır. Müəllifi fars dili və ədəbiyyatı mütəxəssisi olduğundan kitab üzərində işləyərkən onun üçün daha anlaşıqlı olan fars dilində yazılmış elmi ədəbiyyatdan qat-qat çox istifadə etmiş və öz kitabını fars ədəbiyyatşünaslığında Nizami və digər orta əsrlərdə yaşamış farsdilli ədib və şairləri haqqında mövcud konsepsiya əsasında qələmə almışdır. Bu konsepsiyanın isə əsas ideyası etnik mənsubiyyətinə fərq qoymadan fars dilində yazmış bütün şair və ədiblərin yaradıcılığının “fars irsinə” (“ət-turas əl-fərisi”) aid edilməsidir.
Bütün bunlara rəğmən doktor İ.Serageldin kitabı təqdim edərkən yazır (mətnin hərfi tərcüməsi tam dəqiqliklə belədir): “Fars irsi yalnız müasir İrana daxil olan ərazilərin insanlarının yaratdıqları deyil, farsca yazanların bütün əsərləri, müasir İrana daxil olmayan ərazilərdən olmayanların da əsərləri bu irsə şamil edilir və onların ən görkəmlilərindən biri böyük həkim (aqil, mütəfəkkir mənasında) Nizami Gəncəvidir. O müasir Azərbaycanın oğludur, dövrünün ən böyük üləmalarından və bütün islam aləminin ən görkəmli şairlərindən olub, onun nəhəng poeziyası ümumbəşər səviyyəsini saxlayır”. (səh.19). Və daha sonra: “Onun adı Camal əd-Din Əbu Muhəmməd İlyas bin Yusuf əl-Gəncəvidir (həkim Nizami Gəncəvi kimi tanınır), böyük fars epik şairlərindəndir. 535 hicri, 1140 miladi ilində Gəncədə doğulub. Bu şəhər Azərbaycanın ikinci şəhəridir, onun ömrünün əksər hissəsi burada keçib. Anası kürd, atası Qumdan gəlmişdir”.
Daha sonra Nizami yaradıcılığını yüksək elmi səviyyədə dəyərləndirən, “Xəmsə”yə daxil olan bütün məsnəviləri bir-bir yığcam təqdim edən doktor İ.Serageldin şairin yaradıcılığının yüksək əxlaqi, insani, sufi və irfani əhəmiyyətini vurğulayır və son olaraq gəldiyi nəticəni səsləndirir: “Biz İsgəndəriyyə Kitabxanasında Nizami Gəncəvini dünya miqyasında yerini təsdiq etmiş müsəlman şairlərindən hesab edirik” (səh. 28).
Bunları deməkdə məqsədim heç də misirli həmkarlarımızın gördükləri işin əhəmiyyətini azaltmaq yox, Misir nizamişünaslığının fars və farsdilli mədəni irs arasında tamamilə fərq qoymadığını göstərməkdir. Təəssüf ki, hörmətli həmkarlarım tamamilə İran nizamişünaslığının və ədəbiyyatşünaslığının təsiri altındadır və bu sahədə dünya elmində mövcud fərqli konsepsiyanı nəzərə almır, ona münasibət bildirmirlər. Onların məntiqi ilə davransaq, orta əsrlərdə Kiçik Asiyadan tutmuş Hindistan da daxil olmaqla böyük bir ərazidə yaranmış çoxsaylı ədəbiyyatı “fars irsi”nə aid etməliyik. Onda belə çıxır ki, Mövlanə Cəlaləddin Rumi (Türkiyə), Nəvai (Özbəkistan), Şövkət Buxarai (Özbəkistan), Talib Amuli (Türkmənistan), Əmir Xosrov Dehləvi (Hindistan), Həsən Dehləvi (Hindistan), Fani Kəşmiri (Hindistan) və neçə-neçə digər görkəmli sənətkarların farsdilli yaradıcılığı “fars irsi”nə aid edilməlidir? Halbuki, hələ XVII əsrə qədər Şərqin bir çox xalqları bu dildə poeziya yaradıb, çünki fars dili böyük ərazidə uzun zaman şeir dili hesab olunub. Hindistanda XVI-XVII əsrlərdə Böyük Moğollar dövlətində farsdilli poeziyanın çiçəklənməsi məlum faktdır. Hətta Şah İsmayıl Xətai ana dilində gözəl şeir nümunələri yaradanda, Osmanlı sultanı Səlim Yavuz hələ də farsca şeir qoşduğu məlumdur. Belə də nə etməli, tarixi ədaləti necə bərpa etməli, milli sərvətimiz olan Nizami Gəncəvi və digər dövrün poetik dəbinə uyğun farsca yazmış şairlərimizin poetik irsini “farslaşdırılmadan” necə qorumalı?
Fikrimizcə, Azərbaycan və rus nizamişünaslığının nailiyyətləri daha geniş təbliğ olunmalıdır. Tədqiqatlar dünyanın aparıcı dillərinə, ilk növbədə ingilis dilinə tərcümə olunaraq geniş yayılmalıdır. Bu mənada Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin və onun rəhbəri M.Lomonosov adına MDU Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayevanın təşəbbüsü - görkəmli sovet şərqşünası E.E.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsərinin ingilis dilinə tərcüməsi çox vacib və gərəkli işdir. Düşünürəm ki, bu istiqamətdə işlər alimlərimiz tərəfindən mütləq davam etdirilməlidir. Bu gün bu, nizamişünaslığımızın bir nömrəli vəzifəsidir.
Gövhər
BAXŞƏLİYEVA,
Milli Məclisin deputatı, AMEA akademik Z.M.Bünyadov
adına
Şərqşünaslıq
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Azərbaycan.-2015.- 14 may.- S. 11.