Modern sığorta-pensiya sisteminin qurulması uğurlu sosial siyasətin nəticəsidir

 

 

Düşünülmüş sosial-iqtisadi siyasətin uğurla reallaşdırılması nəticəsində Azərbaycanda həyatın bütün sahələrində mühüm nailiyyətlər qazanılıb, respublikamız dinamik inkişaf edən dövlətə çevrilib. Bu istiqamətdə ən mühüm nailiyyətlərdən biri də əldə olunan iqtisadi yüksəlişin məqsədyönlü şəkildə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsidir.

Bu isə ondan xəbər verir ki, dövlətimizin yeritdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahına xüsusi diqqət və qayğının göstərilməsi dayanır.

Respublikamızda modern təcrübə, çevik və şəffaf mexanizmlər üzərində formalaşdırılan sığorta-pensiya sistemi həyata keçirilən məqsədyönlü sosial siyasətin nəticəsidir. Sığorta-pensiya münasibətlərində müasir islahatların başlanğıcı 2001-2005-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın reallaşdırılması ilə qoyulub. Həmin dövrdə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılıb, vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tədbirlər həyata keçirilib. Sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılması və ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi bu tədbirlərin başlıca istiqamətini təşkil edib. Həmçinin bu dövrdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilib və bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi və yenidən qurulması əməli şəkildə həyata keçirilib, pensiyaların plastik kartlarla ödənilməsi sistemi müvəffəqiyyətlə tətbiq olunub.

Sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il

4 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası” çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

Sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və davamlı təkmilləşdirilməsi bu gün əsas prioritetlərdən biridir. Bu sahədə qabaqcıl dünya təcrübəsinə uyğun avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulub, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin elektronlaşdırılması təmin edilib. Hazırda ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlər pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparılır. “Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında yer alır. Bu gün DSMF-nin mərkəzi məlumat bazasında

1 milyon 293 min pensiyaçı, 3 milyon 41 min sığortaolunan barədə məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.

DSMF-nin Göyçay rayon şöbəsinin timsalında vətəndaşlara xidmət sahəsində baş verən yeniliklər qarşıya qoyulan vəzifələrin uğurla icra olunduğunu, sığorta-pensiya sistemində həyata keçirilən islahatların bəhrə verdiyini göstərir. Qısa müddətdə rayonda şöbə tərəfindən pensiyaçılara və sığortaolunanlara göstərilən xidmət səviyyəsinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

2015-ci ilin I rübü ərzində Göyçayda 14 min 111 nəfər əmək pensiyaçısına xidmət göstərilib. Onlardan 8 min 664 nəfəri yaşa,

4 min 42 nəfəri əlilliyə, 1405 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Bu barədə məlumat verən DSMF Göyçay rayon şöbəsinin müdiri Kamran Xəlilovun sözlərinə görə, yeni əmək pensiyalarının təyin olunması, pensiyaçıların müraciətlərinə baxılması kimi məsələlər şöbənin kollektivi tərəfindən operativ şəkildə həyata keçirilir. 2015-ci ilin I rübü ərzində Prezident İlham Əliyevin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sərəncamı da şöbə tərəfindən vaxtında icra olunub. Belə ki, Azərbaycan Prezidentinin 26 yanvar 2015-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamı ilə 14 min 130 nəfər pensiyaçının pensiyasının sığorta hissəsi 1,4 faiz artırılıb.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan Prezidentinin

3 aprel 2015-ci il tarixli sərəncamına əsasən 1941-1945-ci il müharibəsinin 70-ci ildönümü ilə əlaqədar 6 nəfər müharibə iştirakçılarının hər birinə 800 manat, həlak olmuşsonralar vəfat etmiş döyüşçülərin 162 nəfər dul arvadlarının hər birinə 400 manat, arxa cəbhədə fədakar əməyinə görə ordenmedallarla təltif edilmiş 5 nəfər şəxsə 400 manat birdəfəlik maddi yardım edilib.

Göyçayda bu ilin I rübü ərzində fərdi uçotun tətbiqi sahəsində mühüm işlər görülüb. Belə ki, fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində davam etdirilən tədbirlər nəticəsində 2015-ci ilin I rübü ərzində şöbənin Fərdi uçot sektoru tərəfindən əlavə olaraq 616 sığortaolunana fərdi şəxsi hesab açılıb, 194 nəfərə müvafiq sənədlər göndərilib. Nəticədə fərdi şəxsi hesabı olanların sayı 34 min 176 nəfərə yüksəlib. Hazırda sığortaedənlərdən 2006-2014-cü illər üçün məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi davam etdirilir və gələcəkdə sığortaolunanların fondun saytına daxil olmaqla öz şəxsi hesabına nəzarət etmək imkanı olacaq.

Şöbə müdiri sosial sığorta haqlarının yığımı barədə də məlumat verərək qeyd etdi ki, məcburi dövlət sosial sığorta haqlarının toplanmasının proqnoz tapşırığının icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Sosial sığorta haqlarını vaxtında ödəməyən hüquqifiziki şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun olaraq müvafiq sanksiyalar tətbiq olunur. Həmçinin “Elektron hökumət” portalının tətbiqi ilə əlaqədar sığortaedənlər tərəfindən müvafiq hesabatlar hazırda elektron qaydada təqdim edilir. Bununla əlaqədar şöbədə sığortaedənlərin sosial sığorta haqları üzrə hesabatlarının elektron qaydada təqdim olunması üçün xidmət masası yaradılıb. Ümumilikdə isə DSMF-nin Göyçay rayon şöbəsi üzrə 2015-ci ilin I rübü ərzində büdcə təşkilatlarından 974 min manat, qeyri-büdcə təşkilatlarından isə 251,5 min manat şöbənin hesabına ödənilib.

Göyçayda sığorta-pensiya məsələləri ilə bağlı bu ilin I rübünün nəticələri göstərir ki, dövlətin sosial siyasətinin uğurla təmin edilməsi diqqət mərkəzindədir. Başlıca vəzifələr isə məcburi dövlət sosial sığorta haqlarının tam məbləğdə ödənilməsinin təmin edilməsi və pensiyaların vaxtlı-vaxtında əhaliyə çatdırılmasıdır. Kamran Xəlilovun sözlərinə görə, DSMF Göyçay rayon şöbəsinin kollektivi pensiyaçılara, sığorta edənlərə yüksək səviyyəli xidmət göstərmək üçün səylərini bundan sonra da tam səfərbər edəcəklər.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 14 may.- S. 11.