Görkəmli bəstəkar Qara Qarayevin xatirəsi
anılıb
Mayın
13-də Fəxri xiyabanda
görkəmli bəstəkar, SSRİ xalq artisti Qara
Qarayevin xatirəsi anılıb. Musiqişünaslar, elm, ədəbiyyat,
incəsənət xadimləri bəstəkarın xatirəsinə
ehtiramlarını bildirib, məzarı önünə tər
çiçəklər düzüblər.
Azərbaycan
Bəstəkarlar İttifaqının sədri, xalq artisti,
professor Firəngiz Əlizadə Q.Qarayevin adının
xalqımız üçün həmişə əziz
olduğunu bildirib. O, bəstəkarın “Yeddi gözəl”,
“İldırımlı yollarla” baletlərindən, “Leyli və
Məcnun” simfonik poemasından söhbət açıb.
Bildirib ki, Q.Qarayev öz əsərləri ilə daim sevilən
və insanı düşündürən sənətkardır.
Bəstəkarın irsi son dərəcə geniş və zəngindir.
Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng
mövzularda görmək olar. Q.Qarayev musiqinin bütün
janrlarında uğur qazanıb, novatorluğu və bədii cəhətdən
yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlərə
imza atıb. Bəstəkar geniş şöhrət
qazanıb və onun musiqi mədəniyyətimizin
qızıl fonduna daxil olan baletləri, simfonik poeması,
simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və
teatr tamaşalarına bəstələdiyi əsərlər
bunu bir daha təsdiq edir.
Xalq
artistləri Musa Mirzəyev, Sevda İbrahimova və
başqaları bəstəkarın müraciət etdiyi
mövzular üzərində eyni ilham və məharətlə
işləyərək ölməz əsərlər
yaratdığını söyləyiblər.
Çıxış
edənlər vurğulayıblar ki, Q.Qarayev gənc və
yaradıcı kadrların yetişməsinə, onların cəmiyyətə
layiq bir insan kimi tərbiyəsinə də böyük əmək
sərf edib. 1946-cı ildən etibarən Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq
sinfində dərs deyən Q.Qarayev onlarla bəstəkar
yetişdirib, bütöv bir musiqi
yaradıcılığı məktəbi yaradıb. Arif Məlikov,
Adil Bəbirov, Musa Mirzəyev, Firəngiz Əlizadə və
başqaları bu gün onun ənənələrini davam
etdirirlər.
Bildirilib
ki, görkəmli bəstəkarın sənət inciləri
hər zaman insanların ilham mənbəyi olaraq qalacaq. Onun bizə
qoyub getdiyi irs dərinliyi və zənginliyinə görə
tükənməzdir. Gələcək nəsillər bu
tükənməz xəzinədən özləri
üçün hər dəfə yeni-yeni nadir incilər kəşf
edəcəklər.
AZƏRTAC
Azərbaycan.-2015.- 14 may.- S. 12.