“Bakı-2015” Azərbaycan
idmançıları üçün
növbəti qələbə meydanı olacaq
I Avropa Oyunlarına 28 gün
qaldı
Özünün
uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini
müəyyən edən Azərbaycan bu gün dünya
miqyasında iqtisadi artım sürətinə görə
islahatçı ölkə kimi tanınır. Prezident
İlham Əliyevin yeni dövrün tələblərinə
uyğun həyata keçirdiyi
düşünülmüş siyasət nəticəsində
Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım
templərinə görə ən sürətlə inkişaf
edən ölkədir.
Davos Dünya İqtisadi Forumunun
hesablamalarına görə, 2014-cü ildə Azərbaycan
iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə
görə 38-ci yerə layiq görülüb. Bu isə həqiqətən,
çox böyük nailiyyətdir.
Bu
inkişafda idman sahəsinin də xüsusi yeri var.
İdmanın inkişaf etdirilməsi istiqamətində
görülən genişmiqyaslı işlər sayəsində
ölkəmiz Avropanın idman mərkəzlərindən birinə
çevrilib. 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya
Komitəsinin 41-ci Baş Assambleyasında I Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi barədə
qərarın qəbul edilməsi buna əyani sübutdur. Bu qərarın
qəbul edilməsi respublikamızda çoxsaylı idman
yarışlarının, Avropa və dünya
çempionatlarının yüksək səviyyədə
keçirilməsinə, idmançılarımızın
beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə,
ümumilikdə Azərbaycanda idman sahəsində
görülmüş işlərə beynəlxalq və
Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək
qiymətdir. I Avropa Oyunlarının Bakıda keçirilməsi
ölkəmiz üçün, ümumiyyətlə,
bütün Avropa Olimpiya hərəkatı üçün
tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən
Azərbaycanın sürətli inkişafı, dünya
birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik
beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz
bu mötəbər tədbirə uğurla ev sahibliyi edə
biləcək.
Digər
tərəfdən Avropa Oyunları Azərbaycanın həm
güclü dövlət kimi özünü təsdiq etməsi,
həm də idmançılarımızın öz
imkanlarını nümayiş etdirmək üçün
şansdır. Çünki ölkəmizdə idmana göstərilən
dövlət qayğısı və beynəlxalq arenalarda
idmançılarımızın qazandıqları uğurlar
deməyə əsas verir ki, Avropa Oyunlarında Azərbaycanın
həm də idman ölkəsi olduğunu
idmançılarımızın qazandıqları medallar təsdiqləyəcək.
Azərbaycan diğər infrastrukturlarının
inkişafı ilə bərabər, idmanı ilə də
dünyaya səs salacaq. Olimpiya Oyunlarında
idmançılarımızın qazandıqları uğurlar
da göstərir ki, Azərbaycan dövlətinin idmana
qayğısı hədər getmir. Müstəqillik
dövründə Azərbaycan idmançılarının Olimpiya
Oyunlarında qazandıqları nəticələrin artan
dinamikası da bunu sübut edir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, Olimpiya Oyunlarında göstərilən nəticə
yalnız dövlətin idman həyatının deyil, onun
iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının
göstəricisidir. Olimpiya Oyunlarında qazanılan yüksək
nəticələr beynəlxalq miqyasda ölkənin imicini
qaldırmaqla yanaşı, onun imkanlarını nümayiş
etdirir.
Müstəqil
dövlət kimi, Azərbaycan Olimpiya Oyunlarına ilk dəfə
1996-cı ildə qatıldı. Həmin Olimpiadada sərbəst
güləşçimiz Namiq Abdullayev ölkəmizə ilk
Olimpiya medalını bəxş etdi. 2000-ci ildə isə
Sidney Yay Olimpiya Oyunlarında Azərbaycan
idmançıları 2 qızıl, 1 bürünc medal
qazanıb, 199 ölkə arasında 34-cü yerdə qərar
tutdular. Olimpiya yığma komandamızın bu möhtəşəm
yarışlarda Avropa ölkələri arasında 23-cü
yeri tutması idmanımızın böyük qələbəsi
idi.
2004-cü
ildə Afinada təşkil olunan Yay Olimpiya Oyunlarında
millimiz 1 qızıl, 4 bürünc medal qazanaraq 202 dövlət
arasında 37-ci yerə layiq görüldü.
2008-ci
ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında
idmançılarımız yeni rekord müəyyənləşdirdilər
- 7 medal: 1 qızıl, 2 gümüş və 4 bürünc
medalla Vətənə döndülər.
2012-ci ildə Azərbaycanda
“İdman ili” elan edildi. Bu da Azərbaycan dövlətinin idmanın
inkişafına xüsusi
diqqət yetirdiyini bir daha təsdiqlədi
və eyni zamanda, idmançılarımızın
London Yay Olimpiya Oyunlarına daha məsuliyyətli hazırlaşmaları
üçün bir stimul oldu. London Yay Olimpiya
Oyunlarında idmançılarımız
2 qızıl, 2 gümüş
və 6 bürünc
medal qazandılar. Ölkələrin
cədvəlində Azərbaycan
London Yay Olimpiya Oyunlarında 30-cu, medalların
sayına görə
24-cü, Avropa ölkələri
arasında 15-ci, müsəlman
ölkələri arasında
3-cü yeri tutdu. Bu, tarixi nailiyyətdir. Bu, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə Azərbaycanda həyata keçirilən
sosial-iqtisadi inkişafın,
o cümlədən idman
və Olimpiya hərəkatı sahəsində
görülmüş işlərin
bariz nümunəsi, ölkəmizin uğurlu inkişafının göstəricisidir.
Olimpiadadan sonrakı illərdə də idmançılarımız
uğurları davam etdirmişlər. Ümumiyyətlə, son on ildə Azərbaycanda
300-ə yaxın beynəlxalq
səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilmişdir.
İdmançılarımız 2013-cü ildə 82 təlm-məşq toplanışında,
148 beynəlxlq yarışda
iştirak edərək
248 medal əldə edə
bilmişlər. 2014-cü ildə isə bu göstəricilər aşağıdakı kimi
olmuşdur: 88 təlim-məşq
toplanışı, 165 beynəlxalq
yarış, 250 medal.
Son 3 ay ərzində isə respublikamızda 23 ölkə
yarışı, 8 beynəlxalq
yarış təşkil
edilmiş, yığma
komandaların 129 üzvü
24 beynəlxalq yarışa
və 18 təlim-məşq
toplanışına ezam
edilmişlər. Yarışlarda Azərbaycan idmançıları
16 qızıl, 13 gümüş,
29 bürünc medal qazanaraq
I Avropa Oyunlarına hansı səviyyədə
hazır olduqlarını
əyani şəkildə
göstərmişlər.
Əlbəttə ki, idman sahəsindəki
qələbələr, nailiyyətlər
uzunmüddətli dövr
üçün hazırlanan
proqramların nəticəsində
əldə olunub. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, idmanın
inkişafı dövlət
siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Azərbaycan,
sözün əsl mənasında, idman dövlətidir.
Birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi isə
Azərbaycan dövlətinin
və xalqının böyük qələbəsidir. Avropa Oyunlarından 2 il
sonra 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları
keçiriləcək. Odur ki, qarşıda bizi böyük sınaqlar - beynəlxalq turnirlər, Avropa, dünya çempionatları, 2016-cı ildə
Rio-de-Janeyro Yay Olimpiya Oyunları gözləyir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2015.- 14 may.- S. 7;9.