Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam

Prezidenti Çıonq Tan Şanqın geniş tərkibdə görüşü

 

Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri

 

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli nümayəndə heyətinin üzvləri.

Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Bir qədər əvvəl məhdud tərkibdə görüş keçirdik, ölkələrimiz arasında strateji əməkdaşlığın mühüm məsələlərini müzakirə etdik. İndi nümayəndə heyətinin bütün üzvlərinin iştirakı ilə dialoqumuzu davam etdirəcəyik.

Cənab Prezident, Sizin ölkəmizə səfərinizə çox böyük əhəmiyyət veririk. Vyetnam bizim üçün dost ölkədir və ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Əlbəttə, mən ötən il Sizin ölkəyə səfərimi həmişə xatırlayıram. Apardığımız danışıqlar və qəbul etdiyimiz qərarlar münasibətlərimizin uğurlu inkişafını təmin edir. Siyasi dialoqu, iqtisadi sahədə, energetika sahəsində əməkdaşlığı möhkəmləndirmək üçün çox yaxşı perspektivlərimiz var. Humanitar əməkdaşlıq da münasibətlərimizin formatının ayrılmaz tərkib hissəsidir. Əminəm ki, səfərin nəticələri çox uğurlu olacaq və əlaqələrimizin genişlənməsi üçün daha möhkəm zəmin yaradacaq. Cənab Prezident, Sizi və nümayəndə heyətinizin bütün üzvlərini bir daha salamlayıram.

X X X

Prezident Çıonq Tan ŞANQ dedi:

- Çox sağ olun, hörmətli cənab Prezident. Sizin ölkəmizə səfərinizdən düz bir il sonra Azərbaycana səfər edən Vyetnam nümayəndə heyətinə başçılıq etməyimə çox şadam. Bu, həm onu göstərir ki, biz artıq ənənəvi dostlarımız, o cümlədən Azərbaycan ilə münasibətlərimizin inkişafına çox böyük əhəmiyyət veririk. İcazə verin, ilk növbədə, bizə göstərilən çox səmimi, təntənəli qardaşcasına qəbula görə bütün nümayəndə heyətimizin adından Sizə minnətdarlığımı ifadə edim.

X X X

Söhbət zamanı Azərbaycanın sovetlər dövründə Vyetnama yardımı, xüsusilə neft-qaz sahəsində kadrların hazırlanmasında köməyi yüksək qiymətləndirildi, bu ənənələrin davam etdirilməsinin vacibliyi bildirildi. Beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığın davam etdirildiyi vurğulandı, ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığı diqqətə çatdırıldı. Neft-qaz sahəsində əməkdaşlığın gözəl perspektivə malik olduğu bildirildi. Azərbaycanın şəhərsalma və infrastruktur sahəsində yaxşı təcrübəyə malik olması nəzərə alınaraq, şəhər tikintisi, infrastruktur və nəqliyyat sahələrində ölkəmizlə təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edildi. Təhsil, kadr hazırlığı, tikinti, infrastruktur, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Bu sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.

 

Azərbaycan.-2015.- 15 may.- S.2.