Mətbuata birgə bəyanat

 

Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri

 

Mayın 14-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mətbuata birgə bəyanatlarla çıxış ediblər.

 

 Prezident İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Vyetnam–Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm mərhələ olacaqdır. Keçən il mən Vyetnama dövlət səfərimi etmişəm. Səfər çox uğurlu keçmişdir. Mənə göstərilən qonaqpərvərlik heç vaxt yadımdan çıxmaz. Hesab edirəm, bir il ərzində artıq Sizin Azərbaycana səfəriniz onu göstərir ki, bizim aramızda inkişafda olan əlaqələr çox intensiv xarakter daşıyır.

Bu gün biz ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini geniş şəkildə müzakirə etdik. Bir daha gördük ki, bir çox məsələlərlə əlaqədar bizim mövqeyimiz üst-üstə düşür. İlk növbədə, hər iki tərəf ikitərəfli əlaqələrini genişləndirmək fikrindədir. İlk növbədə, siyasi əlaqələrimiz inkişaf edəcəkdir. Hazırda siyasi əlaqələr çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunu təsdiqləyir. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də çox uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün aparılan danışıqlar nəticəsində qərara gəldik ki, gələcəkdə də bütün beynəlxalq təşkilatlarda biz bir-birimizi dəstəkləyəcəyik. Bu, çox önəmli məsələdir. Çünki bu, ikitərəfli əlaqələrin yüksək səviyyəsini əyani şəkildə göstərir.

Bu gün, eyni zamanda, regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi apardıq. Mən cənab Prezidenti bizim regionda baş verən hadisələrlə bağlı məlumatlandırdım. Qeyd etdim ki, regional təhlükəsizlik üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, uzun illər bu məsələ öz həllini tapmır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, bu qətnamələri icra etmir və beləliklə, işğal davam edir.

Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ərazimizin 20 faizi hələ də işğal altındadır. Bir daha qeyd etməliyəm ki, bir çox beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirmişdir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu mötəbər təşkilatlar birmənalı olaraq Azərbaycanın haqqı işini dəstəkləyərək müvafiq qərar və qətnamələr qəbul etmişlər.

Bu məsələ və bütün başqa məsələlər beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır. Beynəlxalq hüququn fundamental prinsipi isə ölkələrin ərazi bütövlüyüdür. Bu məsələdə beynəlxalq birlik vahid mövqe nümayiş etdirməlidir. Burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir. Bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir.

Bu gün biz, əlbəttə ki, iqtisadi sahədə görülən işlər haqqında fikir mübadiləsi apardıq. Çox müsbət haldır ki, aramızda olan ticarət dövriyyəsi yüksək səviyyədədir, daha da yüksələ bilər. Buna nail olmaq üçün konkret tədbirlər planı hazırlanmalıdır. Biz bu barədə də danışdıq. Hesab edirəm ki, ticarət dövriyyəsinin artırılması üçün yaxşı imkanlar var. Qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edildi. Bu sahədə də həm Vyetnam, həm Azərbaycan şirkətlərinin artıq təcrübəsi vardır. Bu gün keçiriləcək biznes forumda əminəm ki, iki ölkənin biznes qurumları da bu məsələ ilə bağlı öz sözünü deyəcəklər. Bir sözlə, iqtisadi və ticarət əlaqələrimiz bizim ümumi əməkdaşlığa çox müsbət təsir göstərir və gözəl perspektivlər də vardır.

Təbii ki, ənənəvi olaraq neft-qaz sahəsində əməkdaşlıqla bağlı bu gün biz məruzələri də dinlədik. Bu sahədə çox gözəl təcrübə var. Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamda neft-qaz sahəsində işləmişlər, öz təcrübələrini bölüşmüşlər. Bu gün də buna imkan var. Bu gün biz artıq Vyetnam şirkətlərini Azərbaycana dəvət edirik. Azərbaycanda zəngin neft-qaz yataqları vardır. İstərdik ki, Vyetnam şirkətləri də bizim yataqlarımızda, onların işlənməsində iştirak etsinlər. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR da artıq beynəlxalq enerji şirkətinə çevrilib və böyük maraqla Vyetnamda işləmək üçün səylər göstərir.

Bu gün, eyni zamanda, humanitar sahədə əməkdaşlıq da diqqət mərkəzində idi. Burada da gözəl təcrübə, gözəl ənənələr var. Mən keçən il Vyetnamda olarkən vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrlə görüşmüşdüm. Çox səmimi bir görüş idi və mən onları Azərbaycana dəvət etdim. Şadam ki, onlar bir həftə bundan əvvəl Azərbaycana gəlib öz doğma yerlərinə bir daha baxıblar. Əminəm ki, Vətənə çox xoş təəssüratlarla qayıdıblar. Eyni zamanda, Vyetnam-Azərbaycan Dostluq Forumu da keçirilmişdir. Bu gün cənab Prezidentlə bir daha bu məsələ ilə bağlı öz fikirlərimizi bildirdik. Biz də istəyirik ki, Vyetnamdan daha çox tələbə Azərbaycana gəlsin və burada təhsil alsın. Beləliklə, bizim əlaqələrimiz daha da genişmiqyaslı ola bilər.

Bir sözlə, çıxışımı yekunlaşdıraraq qeyd etməliyəm ki, bizim əlaqələrimiz artıq yüksək səviyyədədir. Bir il ərzində iki dövlət səfəri həyata keçirilir. Bu, özlüyündə bir göstəricidir. Əlaqələrimizin mahiyyəti də çox müsbətdir, çox möhkəmdir. Gələcəkdə biz iki dost ölkə kimi əlaqələrimizi daha da genişləndirəcəyik və Vyetnam-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcəyik.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm.

 

Azərbaycan.-2015.- 15 may.- S.2.