Mətbuata birgə bəyanat

 

Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri

 

Prezident Çıonq Tan Şanqın bəyanatı

 

- Hörmətli cənab Prezident İlham Əliyev.

Hörmətli dostlar.

Mən Azərbaycana səfər etmək imkanından çox məmnunam. Azərbaycan çox gözəl ölkədir, qədim tarixə, mədəniyyətə malikdir. Biz bilirik ki, bu ölkənin çox zəngin potensialı var və Azərbaycan bizə çox dost ölkədir. Bizə göstərilən səmimi qəbula və ehtirama görə cənab Prezident, Sizə, azərbaycanlı dostlarımıza minnətdarıq. Vyetnam nümayəndə heyətinə və mənə yüksək qonaqpərvərlik göstərilmişdir. Bizim ölkələrimiz arasındakı münasibətlər inkişaf edir.

Bizim bu gün cənab Prezident İlham Əliyev ilə çox məhsuldar və səmərəli danışıqlarımız oldu. Cənab Prezident ilə biz yekdilik ki, Vyetnam və Azərbaycan çox böyük imkanlara malikdirlər. Bu, bizə imkan verir ki, əlaqələrimizi, əməkdaşlığımızı, iqtisaditicari sahədə işbirliyimizi daha da artıraq və digər sahələrdə işləyək.

Biz, həmçinin qeyd etdik ki, artıq imzalanmış sazişlər həyatda öz əksini tapsın və bu gün imzalanan sazişləri də icra edək. Biz bu gün nəzərdən keçirməliyik ki, yaxın gələcəkdə daha hansı sazişləri imzalayaq ki, əməkdaşlığımızı daha da inkişaf etdirək.

Biz digər vacib məqamları da nəzərdən keçirdik. Hər iki tərəf razılığa gəldi ki, nümayəndə heyətlərinin səfərlərinin, xüsusən də yüksək səviyyəli səfərlərin sayı artsın. Cənab Prezident qeyd etdi ki, son bir il ərzində biz olduqca mühüm iki dövlət səfərini həyata keçirdik. Bu, bir daha bizim etimada əsaslanan münasibətlərimizi nümayiş etdirir. Bizim Xarici İşlər nazirliklərimiz arasında daha sıx məsləhətləşmələrin aparılması vacibdir ki, beynəlxalq səviyyədə atdığımız addımlarımızı əlaqələndirək. Nümayəndə heyətlərinin səfərləri daha da artmalıdır. Müxtəlif nazirliklər və qurumlar arasında səfərlər mübadiləsi aparılmalıdır. Biz imzalanmış sazişləri icra etməliyik.

Vyetnam Prezidenti Çıonq Tan Şanq ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin də inkişaf etdiyini diqqətə çatdırdı, bu sahədə yaxşı perspektivlərin olduğunu bildirərək dedi:

- Bizim ölkələrimiz arasında əməkdaşlıq artıb. 2014-cü ildə ticarət dövriyyəsi 422 milyon ABŞ dolları təşkil edib ki, bu da 2013-cü il ilə müqayisədə 30 faiz artım deməkdir. Qeyd etmək istəyirik ki, hökumətlərarası komissiyanın ilk iclası keçirilmişdir. Bu məqsədlə biz neftqaz sahəsində əməkdaşlığı genişləndirmək əzmindəyik. Bu, əməkdaşlıq üçün olduqca vacib bir sahədir.

Bu əlaqələrimizin strateji əsası var. Çünki Prezidentimiz Xo Şi Min vaxtilə Bakıda zəngin neft-qaz yataqlarına səfər etdikdə onun bir arzusu var idi ki, biz bu sahələrdə birgə işləyək.

Vyetnamın Prezidenti regional təhlükəsizliyin təmin olunmasının sülh və danışıqlar yolu ilə həllinin vacibliyini bildirərək dedi:

- Biz istərdik ki, məhz Vyetnam ilə Azərbaycan arasındakı əməkdaşlıq, dostluq geniş şəkildə inkişaf etsin. Bu, hər iki ölkəyə, bizə çox konkret fayda verəcəkdir.

Cənab Prezident, hörmətli dostlar, diqqətinizə görə çox sağ olun.

 

Azərbaycan.-2015.- 15 may.- S.2.