Azərbaycan-Vyetnam biznes
forumu keçirilib
Mayın
14-də Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçirilib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam
Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq
biznes forumda iştirak ediblər.
Dövlət
başçıları forumda çıxış ediblər.
Azərbaycan Prezidenti İlham
Əliyevin
çıxışı
- Hörmətli cənab Prezident.
Hörmətli
xanımlar və cənablar.
Bu
gün Vyetnam-Azərbaycan biznes forumu keçirilir.
Bu,
çox gözəl hadisədir. Bu, ikitərəfli əlaqələrimizin
inkişafı üçün çox önəmli bir tədbirdir.
Bildiyiniz kimi, Vyetnam Prezidentinin Azərbaycana rəsmi səfəri
uğurla davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin
demək olar ki, bütün sahələrini müzakirə
etdik, görülən işlər haqqında fikir mübadiləsi
apardıq və gələcək birgə planlarımız
barədə də danışdıq.
Bizim
siyasi əlaqələrimiz iqtisadi sahədə əlaqələrin
inkişafı üçün əsas şərtdir.
Vyetnam-Azərbaycan əlaqələri dostluq, tərəfdaşlıq
əlaqələridir. Mən keçən il Vyetnama dövlət
səfərimi məmnunluqla xatırlayıram. Bu səfər
zamanı bizim əməkdaşlığımızın əsasları
qoyulmuşdur. Çünki bu, yüksək səviyyəli
birinci təmas idi. O səfərin çox müsbət nəticələri
olmuşdur. Düz bir ildən sonra Vyetnam Prezidenti bizim
qonağımızdır. Bu, əslində onu göstərir
ki, aramızda olan əlaqələr çox intensiv xarakter
daşıyır.
Çox
istərdik ki, siyasi sahədə müşahidə olunan mənzərə
iqtisadi sahədə də görünsün. Buna nail olmaq
üçün əlbəttə, həm hökumət
üzvləri, həm də biznes strukturları öz səylərini
göstərməlidirlər. Ötən il Vyetnamda olarkən
orada da biznes forum keçirilmişdir. Bakıda da
keçirilir. Bu, onu göstərir ki, birgə işləmək
üçün kifayət qədər böyük maraq var.
Vyetnam
iqtisadiyyatı son illərdə çox yüksək templərlə
inkişaf edir. Biz bunu bilirik və bu münasibətlə, cənab
Prezident, Sizi təbrik edirik. Bu, artıq dünya miqyasında
yüksək qiymətə malik olan vəziyyətdir və
düşünülmüş siyasətin təzahürüdür.
Eyni
zamanda, Azərbaycan iqtisadiyyatı da sürətlə
inkişaf edir. Bizim qarşımızda duran bütün vəzifələr
vaxtında və uğurla icra edilir. Azərbaycan xarici
investisiyalar üçün açıq ölkədir.
Müstəqillik dövründə ölkəmizə 200
milyard dollardan çox sərmayə qoyulub. Təkcə
keçən il 27 milyard dollar investisiya yatırılıb.
Bu, onu göstərir ki, həm xarici, həm də yerli
investorlar ölkəmizə, onun gələcəyinə
inanırlar.
Bizim çox
gözəl investisiya
mühitimiz var. Xarici və yerli sərmayələr
dövlət tərəfindən
qorunur. Əgər belə olmasaydı,
Azərbaycana bu qədər sərmayə
yatırılmazdı. Biz sərmayə qoyuluşunda
da dinamikanı görürük. Son vaxtlar daha çox
yerli sərmayə qoyulur. Qoyulan ümumi vəsaitin
təxminən 70 faizi
daxili vəsaitdir.
Bu, onu göstərir
ki, Azərbaycan iqtisadiyyatı yüksək
templərini saxlayır.
Azərbaycanda xarici investisiyaların qorunması işində ən qabaqcıl təcrübə tətbiq
edilir. Bir sözlə, vyetnamlı investorlar üçün
Azərbaycanda işləmək,
investisiya qoymaq, hesab edirəm ki, çox əlverişli ola
bilər.
Bununla bərabər,
bu gün biz cənab Prezidentlə onu da müzakirə
etdik ki, Vyetnam şirkətlərinin
Azərbaycanda daha da geniş şəkildə
təmsil olunması məsələləri də
öz həllini tapmalıdır. Deyə bilmərəm ki,
bu sahədə bizim böyük uğurlarımız var. Ancaq
ümid edirəm ki, biz bu səfərdən
sonra burada da gözəl nəticələri görəcəyik.
Bizim xalqlarımız
bir-birinə böyük
rəğbətlə yanaşırlar. Azərbaycan mütəxəssisləri
1970-1980-ci illərdə Vyetnamın
neft-qaz sektorunda çalışmışlar. Vyetnamlı tələbələr sovet
dövründə Azərbaycanda
təhsil almışlar.
Mən Vyetnamda olarkən onlarla görüşmüşəm.
Bu gün də
30-a yaxın vyetnamlı
tələbə Azərbaycanda
təhsil alır və biz cənab Prezidentlə belə fikrə gəldik ki, onların sayını artırmalıyıq.
Azərbaycan iqtisadiyyatı dayanıqlı
iqtisadiyyatdır. Əlbəttə ki, neft-qaz sektoru bizim iqtisadi
inkişafımız üçün
birinci mərhələdə
həlledici rol oynamışdır. Ancaq hazırda
ümumi daxili məhsulumuzun təxminən
70 faizi qeyri-neft sektorunda formalaşır.
Bu da onu
göstərir ki, iqtisadi şaxələndirmə
artıq Azərbaycanda
reallıqdır.
Bununla bərabər,
əlbəttə, neft
sektoru daim diqqət mərkəzindədir. Bu gün SOCAR ilə “Petrovietnam” arasında imzalanan sənəd bu sahədə gələcək əməkdaşlığı
təmin edəcək.
Biz istəyirik ki, “Petrovietnam” Azərbaycanın zəngin
neft-qaz yataqlarının
işlənməsində iştirak
etsin. Düşünürəm ki, şirkətlər
arasındakı əlaqələr
bunu təmin edəcək. Eyni zamanda,
SOCAR da indi xarici bazarlara çıxır, xaricdə
öz fəaliyyətini
genişləndirmək istəyir.
Beləliklə, burada qarşılıqlı
maraqlar əsasında
çox səmərəli
və faydalı əməkdaşlıq yarana
bilər.
Hesab edirəm
ki, xalqlarımızın
bir-birinə belə bağlı olmalarını
nəzərə alaraq,
biz gərək insanlararası
əlaqələri sürətləndirək. Burada turizm
sektoru əlbəttə
ki, ən birinci vasitədir. Bu sahədə əməkdaşlığın
konkret formatları təşkil edilə bilər. Biz turizm imkanlarımızı
təqdim etməliyik ki, insanlar bizim
nə kimi imkanlarımızın olduğunu
daha da yaxından
bilsinlər.
Ticarət dövriyyəsinin artırılması
üçün, hesab
edirəm ki, yaxşı imkan var. Ticarət dövriyyəmiz
kifayət qədər
yüksəkdir. Biz bir-birimizdən
uzaqda yerləşən
ölkələrik və
məsafə kifayət
qədər böyükdür.
Bunu nəzərə alsaq, görərik ki, ticarət dövriyyəsi
yaxşı səviyyədədir.
Əlbəttə, bu dövriyyəni
artırmaq da mümkündür.
Kənd təsərrüfatı sahəsində
də əməkdaşlıq
üçün yaxşı
şərait var. Son vaxtlar
Azərbaycanda kənd
təsərrüfatının inkişafı ilə bağlı ciddi tədbirlər görülür. Bu gün bu sahədə
müqavilə də imzalanmışdır. Hazırda Azərbaycanda
iri sənaye zonalarının yaradılması
prosesi gedir. Biz istərdik ki,
Vyetnam şirkətləri
bu işlərdə iştirak etsinlər.
Bir sözlə,
siyasi əlaqələrimizin
yüksək səviyyədə
olmasından faydalanaraq
biz mütləq iqtisadi
sahədə də ən yüksək nəticələrə çatmalıyıq. Əsas məsələ
ondan ibarətdir ki, hər iki
tərəfin çox
ciddi siyasi iradəsi var. Biznes forumların keçirilməsi,
hesab edirəm ki, burada əsas
vasitə olacaqdır.
Çünki siyasi iradə
var, hökumətlərarası
əlaqələr də
kifayət qədər
möhkəmdir. Bu gün Vyetnam Prezidentini müşayiət
edən nümayəndə
heyətində yüksək
vəzifəli şəxslər
təmsil olunur. Burada qurumlararası, nazirliklərarası
əlaqələr mühüm
rol oynayacaq.
Əlbəttə ki, bu gün bizim vyetnamlı qonaqlarımız
Azərbaycan ilə əyani şəkildə
tanış olurlar, ölkəmizin imkanlarını görürlər.
Doğrudan da, müstəqillik
dövründə Azərbaycan
böyük və şərəfli yol keçmişdir. Bu gün biz iqtisadi müstəqilliyimizi, enerji
təhlükəsizliyimizi tam şəkildə təmin
etmişik. Bölgədə nəqliyyat təhlükəsizliyi
məsələləri də
Azərbaycanın iştirakı
ilə öz həllini tapır. Mən öz həmkarımı bu barədə də məlumatlandırdım.
Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi nəticəsində
Azərbaycan Avropa ilə Asiya arasında çox önəmli bir nəqliyyat mərkəzinə
çevriləcək və
beləliklə, burada
yeni imkanlar yaranacaqdır.
Müstəqillik dövründə biz ancaq
öz gücümüzə
güvənmişik və
ona görə bizim xarici borcumuz
da çox aşağı səviyyədədir. Bu, dünya miqyasında bəlkə ən aşağı səviyyələrdən
biridir. Xarici borc ümumi
daxili məhsulumuzun təqribən 10 faizini təşkil edir. Yəni, bu, onu göstərir ki, biz çoxlu borclar almamışıq,
öz gücümüzə
güvənmişik və
buna görə də bu gün
iqtisadi müstəqilliyə
tam şəkildə nail olmuşuq.
Xarici maliyyə qurumlarından asılı deyilik, baxmayaraq ki, biz xarici maliyyə qurumları ilə də fəal işləyirik.
Bu ayın əvvəlində
Bakıda Asiya İnkişaf Bankının
Rəhbərlər Şurasının
İllik Toplantısı
keçirilmişdir. Üç mindən
çox qonaq gəlmişdi. Belə mötəbər
tədbirin Azərbaycanda
keçirilməsi Asiya
iqtisadi qurumlarının,
hökumətlərinin Azərbaycana
olan münasibətini,
inamını əks etdirir. Eyni zamanda, Azərbaycan
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də sıx əlaqələr qurmuşdur.
Yəni,
beynəlxalq maliyyə
qurumları da Azərbaycanda gedən islahatları yüksək
qiymətləndirir. Biz
onların imkanlarından
faydalanırıq, amma
daha çox öz daxili resurslarımıza arxalanırıq.
Bu, ən düzgün
seçimdir. Bu seçim bizə imkan verib ki,
biz bu gün iqtisadi inkişamızı
çoxşaxəli formatda
təşkil edirik.
Azərbaycan hökumətinin gələcək
planlarımızla bağlı
kifayət qədər
geniş və məzmunlu yanaşması
var. Biz ölkəmizin inkişafı
üçün gələcəkdə
əlavə tədbirlər
görəcəyik. İqtisadi inkişafımız
dayanıqlı, çoxşaxəli
olacaq və beləliklə, insanların
rifah halı yaxşılaşacaqdır.
Azərbaycanda biznes mühiti də çox müsbətdir. Azərbaycan dövləti özəl
sektoru dəstəkləyir.
Mən Azərbaycanın
iş adamları ilə mütəmadi qaydada görüşlər
keçirirəm, onlara
siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə
tələbim ondan ibarətdir ki, onlar öz işini
qanun çərçivəsində
təşkil etsinlər.
Belə olan halda heç
kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət
qurulur və bütün məsələlər
öz həllini qanun çərçivəsində
tapmalıdır.
Hörmətli cənab Prezident, Sizi bir daha
səmimiyyətlə salamlayıram. Vyetnamdan gələn
bütün qonaqlara bir daha “Xoş
gəlmisiniz!” deyirəm.
Sağ olun.
Azərbaycan.-2015.-
15 may.- S.3.