Azərbaycan-Vyetnam biznes forumu keçirilib

 

Vyetnam Prezidenti Çıonq Tan Şanqın

çıxışı

 

- Hörmətli cənab Azərbaycan Respublikasının Prezidenti.

Əziz dostlar.

Bu gün keçirilən biznes forumda iştirak etməkdən olduqca məmnunam. Bu biznes forum Vyetnamın Ticarət-Sənaye Palatası və Azərbaycanda Sərmayələrin Təşviqi Agentliyi tərəfindən təşkil edilir. Çox şadam ki, bu tədbir Bakıda keçirilir. Bu gün bu tədbirdə iştirak edən biznes dairələrinin nümayəndələrinə uğurlar arzu etmək istəyirəm.

Biznes forumda iştirak etməzdən əvvəl biz cənab Prezidentlə səmimiyyət və qarşılıqlı anlaşma şəraitində danışıqlar apardıq. Son illər ərzində ölkələrimizin keçdiyi inkişaf yoluna birgə nəzər saldıq. Son göstəricilər sübut edir ki, Vyetnam və Azərbaycan siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafında böyük irəliləyişə nail olublar. Lakin kifayət qədər diqqət yetirilməmiş perspektivli sahələr də qalmaqdadır.

Cənab Prezident İlham Əliyevin 2014-cü ilin mayında Vyetnama səfəri çərçivəsində mən azərbaycanlı dostlarla biznes forumun təşkil edilməsi üçün Vyetnamın Ticarət-Sənaye Palatasına müvafiq göstərişlər verdim. Çox ümidvaram ki, bu gün keçirdiyimiz görüş iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da inkişafına zəmin yaradacaq və beləliklə, həmin münasibətləri yeni səviyyəyə qaldıracaq.

Hörmətli dostlar, ölkələrimiz arasında iqtisadi sahədə uğurlu əməkdaşlığı çox yüksək dəyərləndirirəm. Son illər ərzində ikitərəfli ticarət dövriyyəsi sürətlə artır. Bu rəqəm 2012-ci ildə 29,2 milyon, 2013-cü ildə 382 milyon dollar olmuşdur və nəhayət, 2014-cü ildə 422 milyon dollara çatmışdır. Hesab edirəm ki, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlərimiz var. Bununla belə, Vyetnam Azərbaycana kənd təsərrüfatı mallarını və digər yüksək rəqabət qabiliyyətli məhsullarını ixrac edə bilər. Azərbaycan isə öz növbəsində, neft emalı sahəsində üstünlüyə malikdir. Bundan başqa, siz bank işi, turizm və digər sahələrə sərmayə yatıra bilərsiniz.

Hesab edirəm ki, iqtisadi işbirliyimizi artırmaq və onun ölkələrimiz arasında siyasi münasibətlər səviyyəsinə çatdırılması üçün biz bir çox məsələləri həll etməliyik, o cümlədən ölkələrimiz arasında coğrafi məsafəni qət etməliyik. Bizim tələbatlarımız fərqlidir və bir-birini tamamlayır. Bununla belə, tam əminəm ki, şirkətlərimizin bu gün üzləşdiyi maneələr ümumi iradəmiz və səylərimiz sayəsində aradan qaldırılacaqdır. Mən cənab Prezidentin bu gün sizlərə söylədiyi sözlərlə tam razıyam.

Xanımlar və cənablar, əziz dostlar,

Son 30 il ərzində ölkənin yenidən qurulması istiqamətində həyata keçirilən siyasətin nəticəsində Vyetnamda siyasi sabitlik qorunub saxlanılır, iqtisadiyyat yüksək templə artır. Ölkəmiz xarici investorlar üçün təhlükəsiz və münasib yerdir. Əhalisi 90 milyon nəfər olan Vyetnam Azərbaycan sərmayədarları üçün də çox cəlbedici ola bilər. Vyetnam ASEAN regionuna, o cümlədən Asiya–Sakit okean regionu ölkələrinin bazarlarına açılan mühüm qapıdır. Bu, xüsusən azad ticarət sazişlərinin bu yaxınlarda müxtəlif ölkələrlə imzalanacağı baxımından xüsusilə vacibdir. Bu, regionda və bütün dünyada ticarətin inkişafı üçün mühüm əsas ola bilər.

Bu səfər çərçivəsində məni müxtəlif sahələrdə çalışan 45-dən artıq şirkətin nümayəndələri müşayiət edir. Eyni zamanda, bu dəfə onlar üçün son iki gün ərzində və xüsusən də bu gün bir çox şəraitlər yaradılmışdır ki, iş adamlarımız azərbaycanlı tərəfdaşları ilə tanış olsunlar.

Çox ümidvaram ki, bu tədbirlərdən sonra şirkətlərimiz bir-birinin bazarları haqqında daha çox məlumatlara malik olacaq və konkret nəticələr əldə edəcəklər. Mən neft və qaz sahəsində əməkdaşlığın inkişafına xüsusi önəm verirəm. Bir çox neftçilərimiz keçmişdə təhsilini Azərbaycanda alıblar. Hesab edirəm ki, ölkələrimiz arasında iqtisadi münasibətlər baxımından tərəflər bu kimi mühüm sahədə əməkdaşlığı genişləndirməlidirlər.

Xanımlar və cənablar, əziz dostlar,

Ümid edirəm ki, yaxın vaxtlarda ölkələrimizin işgüzar dairələri ticarət münasibətlərini daha inkişaf etdirəcək, məlumatları mübadilə edəcəklər. Öz növbəmdə, mən Vyetnamın hakimiyyət orqanlarına sizin üçün lazımi münasib şərait yaratmaq məqsədilə müvafiq tapşırıqlar verəcəyəm. Vyetnam ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsini, ölkələrimizin biznes dairələrinin əməkdaşlığının genişləndirilməsini səmimiyyətlə arzulayıram. Bu gün keçirilən biznes forumun işinə uğurlar, sizin hamınıza möhkəm cansağlığı diləyirəm.

Çox sağ olun.

X X X

Biznes forumda Azərbaycandan Vyetnamdan rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın adamı iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan Vyetnam adamları arasında ikitərəfli görüşlər keçirilib.

 

Azərbaycan.-2015.- 15 may.- S.3.