Ali qonağın
şərəfinə
Vyetnam Prezidenti Çıonq Tan
Şanqın Azərbaycana rəsmi səfəri
Vyetnam Prezidenti Çıonq Tan
Şanqın çıxışı
-
Hörmətli cənab Prezident İlham Əliyev.
Hörmətli
xanım Mehriban Əliyeva.
Əziz
azərbaycanlı və vyetnamlı dostlar.
Mən
gözəl və qonaqpərvər ölkə olan Azərbaycana
səfər etməyimə, Azərbaycan xalqının
qazandığı böyük uğurları əyani surətdə
görməyimə çox şadam. Mən mehriban və səmimi
qəbula, Vyetnam dövləti və
xalqı barədə gözəl hisslərinə, ölkələrimiz
arasında ənənəvi dostluq münasibətləri
haqqında səmimi dost sözlərinə görə cənab
Prezidentə və azərbaycanlı dostlara Vyetnam nümayəndə
heyəti adından minnətdarlığımı bildirmək
istəyirəm.
Vyetnam
xalqı keçmiş zamanlardan Azərbaycanı zəngin qədim
mədəniyyəti olan gözəl ölkə, mehriban və
qonaqpərvər xalq kimi tanıyır. Coğrafi məsafənin
uzaq olmasına baxmayaraq, Vyetnam ilə Azərbaycanın
qardaşlıq və dostluq hissləri çox
yaxındır. Vyetnam xalqı
milli müstəqillik və dövlət
quruculuğu uğrunda
mübarizə apardığı illərdə Azərbaycan xalqının
bizə göstərdiyi böyük və dəyərli dəstəyi
heç vaxt unutmur.
Biz fəxr
edirik ki, tarixi dəyişikliklərə və sınaqlara
baxmayaraq, ölkələrimiz arasında ənənəvi
dostluq münasibətləri qorunub saxlanılır, möhkəmlənir
və yaxşı inkişaf edir. Vyetnam xalqlar arasında dostluğu həmişə
qiymətləndirir, qoruyur və gələcək nəsillərə
ötürür. Bu gün
Vyetnam ilə Azərbaycan arasında
qarşılıqlı faydalı, çoxşaxəli əməkdaşlığı
daha da möhkəmləndirmək üçün olduqca əlverişli
şərait yaranıb. Bu gün yüksək səviyyəli
dövlət nümayəndə heyəti ilə birlikdə Azərbaycana
səfərim Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək və bundan sonra da gücləndirmək
istəyini bir daha təsdiq edir.
Hörmətli
cənab Prezident!
Əziz
dostlar!
Bu
gün mənimlə cənab Prezident arasında çox məzmunlu
və səmərəli danışıqlar oldu. Biz bir çox sahələrdə ikitərəfli
əməkdaşlığın möhkəmləndirilməsi
istiqamətlərini və
konkret tədbirləri əməkdaşlıq
və qarşılıqlı anlaşma ruhunda müzakirə
etdik və razılaşdırdıq. Bu da yaxın vaxtlarda münasibətlərimizin
səmərəli inkişafına kömək edəcək.
Əminəm
ki, aramızdakı yaxınlıq və bağlılıq,
çoxdankı ənənəvi dostluq münasibətləri,
habelə iki ölkə rəhbərlərinin
və xalqlarının iradəsi və qətiyyəti
xalqlarımızın maraqları və ölkələrimizin çiçəklənməsi,
regionda və bütün
dünyada sülh və sabitlik naminə yeni dövrdə əməkdaşlığı çiyin-çiyinə davam etdirməyimiz üçün
möhkəm zəmin olacaq.
Azərbaycan.-2015.- 15 may.- S.4.