Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam İnformasiya Agentliyinə müsahibəsi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə rəsmi səfəri çərçivəsində Vyetnam İnformasiya Agentliyinin Avropadakı müxbirinə müsahibə verib. AZƏRTAC həmin müsahibəni təqdim edir:

X X X

-Azərbaycan ilə Vyetnam arasında münasibətlərin vəziyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. Bu münasibətlərin böyük tarixi vardır. Azərbaycan xalqı Vyetnama həmişə böyük sevgi və rəğbətlə yanaşıb. Sizin ölkənizin ən çətin dövrlərində azərbaycanlılar Vyetnam ilə həmrəy olublar. Elə bu dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək hissləri bizim bugünkü ikitərəfli münasibətlərimizin xarakterini və formasını müəyyənləşdirib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsi razılıq doğurur.

Əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini xüsusi qeyd etmək istəyirəm. Ötən ilin mayında mənim Vyetnama çox uğurlu dövlət səfərim oldu. Səfər zamanı mənə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyi böyük məmnunluq hissi ilə xatırlayıram. Bu səfər heç şübhəsiz ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsində böyük rol oynayıb. Həmin səfər zamanı biz Azərbaycan-Vyetnam əlaqələrinin müxtəlif sahələrini geniş müzakirə etdik. Bir neçə il bundan əvvəl Vyetnamda Azərbaycan səfirliyi açılıb. Hesab edirəm ki, bu, münasibətlərimizin inkişafında irəliyə atılmış mühüm addımdır. Ümid edirəm ki, yaxın zamanlarda Vyetnamın da Azərbaycanda səfirliyi açılacaq və bu, ölkələrimiz arasında əlaqələrin daha da irəliyə aparılmasına öz töhfəsini verəcək.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi də böyük önəm daşıyır. Əminəm ki, bu əməkdaşlıq ölkələrimizin üzv olduqları bütün beynəlxalq təşkilatlarda daha da möhkəmlənəcək. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın da xüsusi əhəmiyyəti vardır. Vyetnam Parlamentində Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycanın Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Ölkələrimiz arasında aparılan məsləhətləşmələr və müxtəlif qurumlar arasında əlaqələr ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verir.

-Azərbaycanın və Vyetnamın potensiallarını nəzərə alsaq, hansı sahələrdə əməkdaşlıq üçün perspektivlərimiz var?

- Azərbaycan və Vyetnam dinamik və davamlı inkişaf yolunda olan ölkələrdir. Xüsusilə vurğulamaq istərdim ki, dünyada baş verən maliyyə-iqtisadi böhrana baxmayaraq, ölkələrimizin iqtisadi inkişafının artım templəri davam edir.

Qeyd edim ki, Azərbaycanın və Vyetnamın neft-qaz sahəsində böyük təcrübə və uğurları var. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnamın Neft və Qaz Korporasiyası “Petrovyetnam” arasında Strateji Əməkdaşlıq haqqında” Saziş bu sahədə əməkdaşlığın inkişaf perspektivləri üçün yaxşı imkanlar açır. “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq haqqında” sənəd də iqtisadi sahədə əməkdaşlıq üçün mühüm hüquqi əsas yaradır. Önəmlidir ki, Azərbaycanda və Vyetnamda çoxlu sayda iş adamlarının iştirakı ilə biznes forumlar keçirilib. Biznes əlaqələri qurmaq üçün bu, çox yaxşı fürsət yaradır. Təsadüfi deyil ki, Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində və XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında Vyetnam şirkətləri ilk dəfə olaraq böyük həvəslə iştirak ediblər.

Neft-qaz və digər sektorlara qarşılıqlı investisiyaların qoyulması üçün də yaxşı imkanlar vardır. Ticarət, biznes sahələrində qarşılıqlı fəaliyyət üçün kifayət qədər potensial mövcuddur. 2015-ci ilin yanvar-mart aylarında Vyetnam Sosialist Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb, ixrac əməliyyatları bərpa olunub. Biz bu istiqamətdə fəaliyyətimizi daha da artırmalıyıq. Bir sözlə, ikitərəfli əlaqələrin inkişaf istiqamətləri olduqca genişdir, bütün bunlar araşdırılmalı və əməkdaşlığımızın yeni sahələri müəyyənləşdirilməli və inkişaf etdirilməlidir.

Humanitar sahədə əməkdaşlığımızın uğurla inkişaf etdirilməsi və bu əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün də gözəl perspektivlər vardır. Humanitar münasibətlərimizin təməlini vaxtilə Azərbaycanda təhsil alan və gənclik illərini bizim ölkədə keçirən Vyetnam vətəndaşları qoyublar. Fərəhləndirici haldır ki, onlar indi öz ölkəsində müxtəlif dövlət, hökumət və ictimai vəzifələrdə çalışır, Vyetnamın tərəqqisi işinə öz töhfəsini verirlər. Vyetnama dövlət səfərim zamanı bu insanlarla görüşümüz və həmin görüş zamanı göstərilən səmimiyyət və qonaqpərvərlik yaddaşımızda xoş xatirələrlə qalıb. Təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığımızın inkişafı üçün də çox gözəl imkanlar vardır.

-Siz Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana gözlənilən dövlət səfəri zamanı tərəflərin hansı məsələləri müzakirə edəcəkləri barədə məlumat verə bilərsinizmi?

-Bir daha qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər xüsusi əhəmiyyət daşıyır. Bu gün həm Azərbaycan, həm Vyetnam davamlı inkişaf yolundadır. Yerləşdiyi regionlarda və daha geniş məkanda iqtisadi inkişaf işinə öz layiqli töhfələrini verirlər və hər iki ölkə rəhbərliyi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün siyasi iradə nümayiş etdirirlər. Bütün bunlar əlaqələrimizin daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün güclü potensial yaradır.

Vyetnam Sosialist Respublikasının Prezidentinin ölkəmizə qarşıdakı səfəri zamanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin daha da inkişaf etdirilməsi, mövcud potensialdan yararlanaraq iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün konkret planların müəyyənləşdirilməsi məsələlərinin müzakirəsi baxımından önəmlidir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, hər iki tərəf əlaqələrimizin inkişafına böyük maraq göstərir. Əminliklə demək olar ki, bu səfər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan dövlətlərarası münasibətlərin tarixində yeni səhifə açacaqdır.

-Çox sağ olun cənab Prezident!

 

Azərbaycan.-2015.- 15 may.- S.4.