Vyetnamın Prezidenti Azərbaycan Milli Məclisində olub
Azərbaycan
Respublikasında rəsmi səfərdə olan Vyetnam Sosialist
Respublikasının Prezidenti Çıonq Tan Şanq mayın
14-də Milli Məclisin sədri Oqtay Əsədov ilə
görüşüb.
Prezident
Çıonq Tan Şanq əvvəlcə Milli Məclisin
iclas zalları ilə tanış olub, Heydər Əliyev xatirə
zalına baxıb. Milli Məclisin sədri Oqtay Əsədov
ali qonağa məlumat verib ki, Azərbaycan parlamentinin
formalaşmasında, xarici ölkələrin parlamentləri
ilə əlaqələrin qurulmasında ümummilli lider Heydər
Əliyevin xidmətləri böyükdür.
Vyetnam
Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini
yazıb.
Oqtay
Əsədov qarşılıqlı səfərlərin əlaqələrimizin
inkişafına xüsusi töhfə verdiyini qeyd edib.
Xüsusilə, dövlət başçılarının
qarşılıqlı səfərlərinin əməkdaşlığın
genişlənməsində mühüm rol
oynadığını vurğulayıb.
Milli
Məclisin sədri parlamentlərarası əlaqələrdən
də söhbət açıb. O, həmçinin iqtisadi əməkdaşlığın
daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ali qonağa ölkəmizin həyata keçirdiyi nəhəng
layihələr barədə də məlumat verilib.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən
Milli Məclisin sədri ölkəmizin ərazisinin 20 faizinin
hələ də işğal altında
qaldığını, bir milyondan çox azərbaycanlının
qaçqın və məcburi köçkünə
çevrildiyini diqqətə çatdırıb. Qeyd edilib
ki, BMT Təhlükəsizlik Şurası və digər
nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamələrinə
baxmayaraq, Ermənistan rəhbərliyi təcavüzkar
mövqeyindən əl çəkmir.
Vyetnam
Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq
Azərbaycana səfərindən məmnun olduğunu bildirib.
Ali qonaq ölkəsinin Azərbaycan ilə əlaqələrin
möhkəmlənməsində maraqlı olduğunu söyləyib.
Vyetnam Prezidenti Azərbaycanın Sovet İttifaqı
dövründə ölkəsinə yardımından, xüsusilə
neft-qaz sahəsində kadrların hazırlanmasında köməyindən
danışıb və bunu yüksək qiymətləndirib.
Azərbaycanın
keçdiyi inkişaf yolunu yüksək qiymətləndirən
Prezident Çıonq Tan Şanq ölkəmizin beynəlxalq
aləmdə böyük nüfuz qazandığını
vurğulayıb. Ali qonaq, həmçinin ölkələrimizin
beynəlxalq təşkilatlarda birgə əməkdaşlığından
məmnunluğunu bildirib.
Azərbaycan.-2015.- 15 may.- S.5.