Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı Azərbaycan Xalça Muzeyində olub
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva və ölkəmizdə səfərdə olan
Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı May Thi Han
mayın 14-də Xalça Muzeyində olublar.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva muzeydə qonağa Azərbaycan
xalçaçılıq sənəti haqqında
danışdı. Bildirdi ki, Azərbaycan bu sahədə
dünyanın aparıcı ölkələrindən biridir.
2010-cu ildə Azərbaycanın ənənəvi
xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ
Siyahısına daxil edilib.
Qeyd
olundu ki, tətbiqi sənətin nadir nümunələrinin
toplandığı Azərbaycan Xalça Muzeyi
ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda
yerləşib. Ölkəmizin nadir incilərindən olan
xalçaların daha geniş və səmərəli
nümayişi məqsədilə Prezident İlham Əliyevin
müvafiq Sərəncamına əsasən muzey
üçün xüsusi bina tikilməsi qərara
alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı
Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi
keçirilib.
Vyetnam
Sosialist Respublikası Prezidentinin xanımı May Thi Hanın
diqqətinə çatdırıldı ki, orijinal üslubda
inşa olunan bina bükülmüş xalçanı
xatırladır. Burada xalça və xalça məmulatları,
metal, parça, geyim və tikmə, keramika, şüşə,
ağac, kağız, zərgərlik əşyaları,
kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya
mühafizə olunur və bu kolleksiyanın
tamaşaçılara təqdimatı üçün ideal
şərait yaradılıb.
Muzeyin
“qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar
bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas
məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ
və Təbriz xalça məktəblərini təmsil edir.
Bu xalçalar insanların, heyvanların, quşların
üslublaşdırılmış təsviri, bitkilərin
ornamentləri, xalqın həyatını təsvir edən
süjetli motivlərlə bəzənib.
Muzeydə
həmçinin Böyük Britaniyanın “Viktoriya və Albert”
muzeyində saxlanılan məşhur Şeyx Səfi
xalçasının surəti də var. Muzeyin terrasında -
açıq səma altında sərgilərin təşkili
mümkündür.
Muzeylə
tanışlıqdan sonra qonağa xatirə hədiyyələri
təqdim olundu.
Azərbaycan
Xalça Muzeyi vyetnamlı qonaqlarda zəngin təəssürat
yaratdı.
Azərbaycan $g 2015.- 15 may.- S.6.