Qədim İçərişəhərlə
tanışlıq Vyetnam Sosialist
Respublikası Prezidentinin xanımında xoş təəssürat yaradıb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı May Thi Han mayın 14-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.
Qoruğa gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Vyetnam Prezidentinin xanımı May Thi Han əvvəlcə çay süfrəsinə qonaq oldular.
İçərişəhərdə gəzinti zamanı qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, İçərişəhər ərazisindəki müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qayğı ilə qorunub saxlanılır. Dar, kiçik daşlar döşənmiş küçələrlə hərəkət edən qonaqların diqqətinə çatdırıldı ki, İçərişəhər hər zaman özünəməxsus ab-havası ilə nəinki yerli sakinlərin, həm də xarici turistlərin sevimli məkanlarından biridir.
May Thi Han paytaxtımızın ən qədim hissəsi olan İçərişəhərdə fəaliyyət göstərən əntiq əşyalar mağazasında da oldu, burada satılan və ölkəmizin qədim tarixə və mədəniyyətə malik olduğunu bir daha nümayiş etdirən əşyalara baxdı. Mehriban Əliyeva bu mağazalarda əntiq qab-qacaq, xalça-palaz, tirmə şal, kəlağayı, xurcun, gəlincik və digər əşyaların satıldığını bildirdi. Qonaq folklorumuzun nişanəsi olan buta, zərif naxışlarla bəzədilmiş əşyalara böyük maraq göstərdi.
İçərişəhərlə tanışlığın son məkanı Qız qalası oldu. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva May Thi Hana Bakının ən möhtəşəm tarixi abidələrindən biri olan, əzəməti ilə diqqəti cəlb edən Qız qalası, bu qeyri-adi memarlıq nümunəsinin özəllikləri barədə danışdı. Bildirildi ki, tarixi çox qədim dövrlərə gedib çıxan bu qala XII əsrdə bərpa edilib. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb. Bu gün də əfsanəvi görkəmini qoruyub saxlayan Qız qalasının qarşısında dünyanın hər yerindən gələn turistlərlə rastlaşmaq mümkündür.
Sonda Qız qalası
önündə xatirə şəkilləri çəkdirildi.
Azərbaycan.-2015.- 15 may.- S.6.