Vyetnamda işləmiş azərbaycanlı veteranlar ilə görüş

 

Ölkəmizdə rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mayın 14-də Vyetnamda təhsil, hərbi və neft sənayesində mühəndis işləmiş azərbaycanlı veteranlar ilə görüşüb.

Vyetnamın Prezidenti Çıonq Tan Şanq vaxtilə Vyetnamda işləyən azərbaycanlı mütəxəssislərlə görüşdən şad olduğunu bildirib. Qeyd edib ki, təhsil, hərbi, neft sənayesi veteranlarının Vyetnam haqqında təəssüratlarını bilmək olduqca maraqlıdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Vyetnam Prezidenti ilə görüşün onlar üçün əlamətdar olduğunu deyib. X.Yusifzadə neft sahəsi üzrə 69 vyetnamlı tələbə hazırladığını diqqətə çatdıraraq, bu gün onların əksəriyyətinin öz ölkəsində yüksək vəzifələrdə çalışdıqlarını bildirib. Neft sahəsi ilə bağlı Vyetnamla aparılan bütün danışıqlarda iştirak etdiyini deyən akademik ötən ilin mayında Prezident İlham Əliyevin Vyetnama səfərini xatırladıb, bu səfərdən sonra iki ölkə arasında bir çox işlərin görüldüyünü məmnuniyyətlə vurğulayıb.

SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, bunun nəticəsi olaraq bu gün Xəzər dənizində birgə işlərin görülməsi ilə bağlı memorandum imzalanıb. Bunu neft sahəsində birgə əməkdaşlığın başlanğıcı adlandıran akademik gələcəkdə daha çox işlərin görüləcəyinə əminliyini ifadə edib.

Müxtəlif illərdə Vyetnamda işləyən azərbaycanlı mütəxəssislər çıxışlarında bu ölkədə uzunmüddətli fəaliyyət göstərdiklərini, Vyetnam xalqının onlara xoş münasibətini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Vyetnam xalqları arasında bir çox oxşar xüsusiyyətlər var və bu amil sıx əlaqələrin qurulması üçün hər zaman yaxşı zəmin olub. Qeyd edilib ki, çiyin-çiyinə çalışan azərbaycanlıların və vyetnamlıların bir-biri ilə təcrübələrini bölüşmək imkanları da olub. Onlar Vyetnam dövlətinin uğurlarına sevindiklərini vurğulayıblar.

Vyetnam Sosialist Respublikasının Prezidenti azərbaycanlı mütəxəssislərin ölkəsinin inkişafına verdiyi töhfəni xüsusi qeyd edərək bildirib ki, məhz azərbaycanlı neftçilərin sayəsində onlar müasir neft-qaz sənayesini daha da inkişaf etdirməyə nail olublar. Bildirilib ki, bu yaxınlarda 60 illiyini qeyd edən Vyetnamın hərbi-dəniz sahəsinin inkişafında da azərbaycanlıların rolu danılmazdır. “Biz sizin Vyetnam xalqına köməyinizi heç vaxt yaddan çıxarmayacağıq”,- deyən Prezident Çıonq Tan Şanq gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

 

Azərbaycan.-2015.- 15 may.- S.6.