MƏHƏK DAŞI
Başlandı...
Doğma Azərbaycanımda keçiriləcək I Avropa Oyunlarının MƏŞƏLİ alovlandı...
Odlar Yurdunun qədim “Atəşgah” məbədindən od almış bu məşəl estafeti bir-birinə ötürən mindən çox Azərbaycan övladının əllərində Vətənimizə səyahətə çıxdı...
Bu, illər sonra hələ dünyanı çox gəzib dolaşacaq, bəşər mədəniyyəti tarixinin çox dönəmlərinə işıq salacaq, amma onun Vətəni, doğulduğu torpaq, od aldığı ocaq həmişə AZƏRBAYCAN olacaq!..
...Azərbaycan Prezidenti cənab İlham Əliyevin və I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə məşəli alovlandırıb göylərə ucaldaraq vüqarla irəliyə doğru addımladığı o tarixi anların hər saniyəsini gözlərimə köçürməyə can atdım.
Prezident bu qutsal əmanəti I Avropa Oyunlarının ilk məşəlçisi, tanınmış idmançımız, bizim gənclik illərimizin qüruru olan olimpiya çempionu Rəfiqə Şabanovaya ötürərkən bu Azərbaycan qadınının üzündəki ifadəyə diqqət yetirdim...
Mehriban xanımın və Patrik Hikkinin müşayiəti ilə məşəl əlində irəliyə doğru, gələcəyə doğru hərəkətində Prezidentin rastına ilk çıxan Azərbaycan vətəndaşı idi - Rəfiqə xanım...
Həm də təcrübəli idmançı, olimpiya çempionu kimi belə idman tədbirlərinin bir dövlət üçün nə demək olduğunu yaxşı anlayan, bu məşəli daşımağın mahiyyətini yaxşı bilən vətəndaş...
Təbrikdən sonra bir anlıq dövlət rəhbərimizə nəsə demək istədi elə bil, amma fərəh hissindən dili də söz tutmadı və minnətdarlıq duyğularını sadəcə baxışları ilə sezdirib, estafeti növbəti ünvanına ötürmək üçün tələsdi...
O anlarda, məhz o anlardaca mənə elə gəldi ki, indi Azərbaycan xalqının hər bir təmsilçisinin üzündə eyni işıqdan var, xalqın uşaqdan böyüyə hər bir təmsilçisinin eyni minnətdarlıq baxışları Azərbaycan Prezidentinə dikilib, hər kəs öz şükranlıq duyğularını çatdırmaq üçün söz tapa bilməyib, bunu nəzərləri ilə yetirmək istəyir...
***
Maksim Qorkinin "Dankonun qəlbi" əfsanəsində xalqın ən ümidsiz, çıxılmazlığa düşkün anlarında DANKO adlı cəsur bir gənc önə çıxıb insanları öz ardınca irəliyə, keçilməz meşənin o biri üzündəki işığa doğru səsləyir.
Göy gurultusunun ətrafı bürüdüyü, ildırımların çaxdığı bir vaxtda yorğun insanlar ümidsizcə onun ardınca irəliləyirlər, bu yolda çətinlikləri, itkiləri çox olur. Və bu yolun qorxudan, çarəsizlikdən insanların gözlərinin böyüdüyü zülmət bir anında Danko öz ürəyini sinəsindən çıxarıb məşəl kimi başı üzərində qaldırır...
"...Onun ürəyi günəşdən daha parlaq idi. Dankonun ürəyindən meşəyə gözqamaşdırıcı bir işıq yayıldı. İnsanlar təəccübdən daş kimi donub qaldılar. Danko irəli çıxdı, insanlara irəliləmələrini söylədi. Getdilər, getdilər…”
Azərbaycan torpaqlarında Avropa Oyunlarının ilk məşəlinin alovlandığı o tarixi anlarda həmin əfsanə bax beləcə ruhuma çökdü...
İyunun 8-nə qədər yer üstündə avtobusla, funikulyorla, velosipedlə, yer altında Bakı metrosunun qatarları ilə, suda qayıqla, havada təyyarə ilə Vətən torpağının hər bir guşəsini dolaşacaq, hər bir guşəsinə işıq saçacaq, öz hərarəti ilə hər bir guşəsini isidəcək o MƏŞƏL sevgi dolu bir qəlb kimi göründü mənə...
Və bu sevginin işığında Azərbaycanın nurlu gələcəyi kimi, keçib gəldiyi keşməkeşli yollar, qanlı-qadalı illər də bir anlıq gün üzünə çıxdı...
***
İlahi, tariximizin bu sevinc anlarına yetişmək üçün nələrdən keçdik, nə acılar yaşadıq, nə iztirablar çəkdik...
Biz illər əvvəl də Azərbaycanda bu cür mədəniyyət çıraqlarının alovlanması həsrətini çəkərkən, bu çırağın işığında tariximizin, milli sərvətlərimizin zənginliyini dünyaya göstərməyə can atarkən qismətimiz paytaxtın ən hündür nöqtəsində şəhidlərimizin xatirəsinə alovlanan ƏBƏDİ MƏŞƏLLƏR oldu...
Qarı düşmənin yandırıb tar-mar etdiyi qərib yurdlarımız oldu, tüstüsü ərşə çıxan doğma yuvalarımız oldu.
Amma şükürlər ki, gəlib yolun bu məqamına da yetişə bildik!..
Bundan sonra ancaq İŞIQ var, AYDINLIQ var, gələcəyə doğru nizamlı hərəkət var, bir zamanlar bizə acılar yaşadanlardan yüksələn rifahımızla, artan gücümüzlə, getdikcə möhkəmlənən birliyimizlə bütün olanların öcünü almaq var...
Və bir
də ETALON var, SINAQ var və... MƏHƏK DAŞI var...
***
...2012-ci
ilin sonunda Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi haqqında qərarı tarixi bir qərar
idi.
Bu möcüzəni Azərbaycanın inkişafı sayəsində
gerçəkliyə çevirmək mümkün oldu.
Bu həm də Azərbaycanın sosial-iqtisadi
inkişafına söykənən qərar idi.
Çünki başqa qitə oyunlarından fərqli
olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdi. Bunu Azərbaycan Prezidenti də
öz
çıxışında xüsusi
vurğuladı və xalqımız üçün həm
böyük şərəf, həm də məsuliyyət
kimi qiymətləndirdi.
"Vaxtımız
məhdud idi, - dedi Prezident. - Ona görə biz dərhal işə
başladıq, Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi
çox fəal və böyük uğurla işlədi.
Bu gün artıq Azərbaycan və Bakı
şəhəri bu Oyunların keçirilməsi
üçün tam hazırdır".
Dünyanın başqa inkişaf etmiş ölkələrində
də belə genişmiqyaslı oyunlar keçirilir, amma o
ölkələrin belə tədbirlərə
hazırlaşması, lazım gələn hər şeyi yerbəyer
etməsi üçün uzun illər sərf olunur.
Bu gün tikdiyini sabah
bəyənmirsən, nəyinsə yerində
olmadığını, nəyinsə yararsız olduğunu
iş başa çatandan sonra anlayıb, ilk fürsətdəcə
inşaat işlərinə yenidən başlayırsan.
Bunun
açılış mərasiminin, idman
yarışlarının keçiriləcəyi arenaları
var, bu arenaların düzgün yerlərdə planlanması,
ölkəmizə gələn nümayəndə heyətlərinin,
media mənsublarının, oyunları izləmək
üçün təşrif gətirmiş turistlərin gecələməsi
üçün yerlərin - olimpiya kəndlərinin, media kəndlərinin,
hotellərin hazırlanması var, xidmət infrastrukturunun
formalaşdırılması, insanların keçib getməsindən
ötrü yolların sahmana salınması, şəhərlərimizin
abadlaşdırılması var...
Bir-biri ilə
qarşılıqlı əlaqə tələb edən,
böyük zəhmət hesabına başa gələn bu qədər
iş arasında qarşılıqlı nizam və sinxron ahəng
yaratmaq və bunların hamısını eyni zamanda başa
çatdırmaq böyük hünər tələb
edir.
Azərbaycanın
qısa müddət ərzində - cəmi iki il yarıma bu
qədər işin öhdəsindən gələ bilməsi,
bu möhtəşəm mədəniyyət tədbirinin təşkili
üçün lazımi idman infrastrukturunun
formalaşdırılması, Bakı şəhərində
yaradılan və əsaslı şəkildə təmir edilən
bütün idman obyektlərimizin, dövlət rəhbərimizin
də qeyd etdiyi kimi, mövcud standartların ən yüksəyinə
uyğunlaşdırılması, nəqliyyat infrastrukturunun
yenilənməsi, müasirləşdirilməsi bir Azərbaycan
möcüzəsidir.
Bu
möcüzəni Prezident İlham Əliyev yaratdı, Təşkilat
Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva
yaratdı... Qoşa qanad kimi - bir-birinə dəstək olub Vətən
naminə, Müstəqillik və Azadlıq, Bolluq və Bərəkət
naminə qurub-yaratdılar bu Möcüzələri...
Və Azərbaycan
Prezidentinin qədim “Atəşgah” məbədində
yandırdığı o MƏŞƏL Azərbaycanın
demokratik inkişafının, ardıcıl tərəqqisinin
MƏHƏK DAŞI oldu...
***
İlk dəfə qədim Yunanıstanda olimpiya
oyunları təşkil edilərkən insanların
yarış kefini pozmamaq üçün hətta müharibələri
bir neçə müddətlik dayandırardılar.
Sevinirəm
ki, Azərbaycanda böyük dövlət adamı Heydər
Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik
kursundan, dövlət rəhbərimiz İlham Əliyevin
yürütdüyü məqsədyönlü siyasətdən
qaynaqlanan, bu siyasətdən güc alan
sabitlik, əmin-amanlıq hökm sürür.
Azərbaycanda müxtəlif xalqların, dinlərin təmsilçiləri,
ayrı-ayrı dillərin daşıyıcıları bir
ananın övladları kimi uzun zamanlardır əl-ələ,
ürək-ürəyə yaşayır.
Burada
heç kimə "sən doğma, sən yadsan" deyən
yoxdur...
Azərbaycanda
heç kim özünü qərib
sanmır, qürbətdə hiss etmir...
Hər
yerdə sabitlik, əmin-amanlıq, ictimai asayiş göz bəbəyi
kimi qorunur, təhlükəsizlik məsələləri
yüksək peşəkarlıq səviyyəsində təşkil
olunur, bir sözlə, dövlətimizin müvafiq
institutları, hüquq-mühafizə orqanları sərvaxt
iş başındadırlar. Min şükür!..
Mədəniyyətlər
arasında savaşın, müxtəlif mədəniyyətlərə
aidlik duyğusunun insanları bir-birinə qənim kəsdirən
çağdaş dünyamızda Azərbaycandakı
tolerantlıq mühiti bütün dünyanın öyrənib
barınmalı olduğu nadir bir təcrübədir əslində...
Bu düşüncələr içində I Avropa
Oyunlarına görülən hazırlıq işlərinin mənim
üçün başqa bir rəmzi məqamını da
xatırlayıram. Bu Oyunlar bitəndən iki il sonra
Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək.
Bir tərəfdə I Avropa Oyunlarının
timsalında - Qərb, bu biri tərəfdə İslam Həmrəylik
Oyunlarının timsalında - Şərq.
İki
dünya, iki sivilizasiya, gələcəyə iki
baxış...
Və
bunların hər ikisinin arasında qərar tutub
dünyamızın xoş gələcəyi
üçün, insanların bir daha müharibə
qurbanlarına çevrilməməsi üçün,
qanlı qırğınların gətirdiyi yetimlik, didərginlik,
ölüm duyğusunun körpə qəlblərdə yuva
qurmaması üçün, körpələrə indikindən
daha rahat, indikindən daha xoşbəxt, indikindən daha
firavan bir dünyanın qurulmasından ötrü ən
kiçik imkanlardan belə istifadə etməyə can atan,
sivilizasiyaları birləşdirən,
qarşılıqlı anlaşmanın bərqərar
olması üçün səy göstərən müstəqil
Azərbaycan dövləti...
Düşünürəm
ki, bu gün Azərbaycanı el-el, oba-oba, oymaq-oymaq
dolaşıb yerin altında torpağı isindirən, yerin
üstündə yollarımızı aydınladan, səmadan alov dilimləri
ilə üzümüzə nur saçan o MƏŞƏL
ölkəmizdəki sabitliyin, tolerantlığın, Azərbaycanın
mədəniyyətlər arasında dialoq məkanı olmaq əzminin
də MƏHƏK DAŞIDIR...
***
Bütün bunlarla yanaşı, biz yenə milli dövlətçilik
yolumuzun hər iki kənarında düşmənlərimizin
səf tutub fürsət gözlədikləri həssas bir
yerindəyik.
Yer üzündə artıq müstəqilliyinin
24-cü ilini yaşayan Azərbaycan adlı dövlətin
olması çoxlarının yuxusuna haram qatır.
Bu
dövlətin rəhbərinin heç kimin fənd-felinin, təzyiq
və təhdidlərinin təsirinə düşmədən,
özgür mövqeyindən geri çəkilmədən
xalqı doğru bildiyi
yolla gələcəyə aparması və irəliyə
doğru hər addımında Azərbaycanın
qazandığı tarixi uğurlar çoxlarını təşvişə
salır...
Əsrlərdir
xalqların faciələri üzərində siyasət
quranlar, ölkələrin sakit həyatını, düzənini
pozub dünyanı qana çalxalayanlar, Amerika
yazıçısı Mark Tvenin təbirincə desək,
kasıb xalqların göz yaşlarını brilyanta
çevirənlər, ağ xanimanlarda əyləşib sadə
insanlara qara günlər yaşadanlar bizi də yenə
acıların, qan-qadanın, faciələrin ağuşuna itələmək
istəyirlər...
...Ay sizin!.. Yuxunuzda görərsiniz...
***
Bakıda
keçiriləcək belə mötəbər
yarışlar ərəfəsində dünyanın nəzərlərinin
Azərbaycana zillənməsi bədxahlarımıza
daha bir fürsət verib. 2012-ci ildə
Bakıda düzənlənmiş "Evrovision" beynəlxalq
mahnı yarışmasının keçirildiyi günlər
sayaq, yenə Azərbaycana qarşı bədxahlar xoru səslənir.
Sözünü üzə deməyə təpəri,
içindəki məkrli niyyətləri üzə
çıxarmağa səmimiyyəti çatmayan qüvvələr
min bir fitnə-fəsad düşünürlər. Xarici nəşrlərdəki
muzdlu mirzələrə ölkəmizə qarşı min bir
iftira yazdırırlar. Azərbaycanın mövqeyini
sarsıtmaq, real həyat həqiqətlərini təhrif etməkdən
ötrü min bir dona girirlər.
Nə
yazıqlar ki, belə qüvvələrin əlində alətə
çevrilən, şeytanın çatdığı
ocağa odun daşıyan, Azərbaycana qarşı əməlləri
ilə bu qüvvələrin məkrli niyyətlərinə
xidmət edən öz bədxahlarımız da var.
Bu gün
Azərbaycan ellərini dolaşan o məşəlin
işığı, nə yazıqlar ki, belə bədxahların
da üzərinə düşür və bədxahlığın,
nankorluğun, doğma yurda naqis münasibətin də
yığnağını - MƏHƏK DAŞINI nişan verir...
...Axı
Vətən və Dövlət sınaq qarşısındadırsa,
biz Vətən Daşları da öz məsuliyyətimizi dərk
etməliyik!..
***
Milli etnoqrafiyamıza, adət-ənənələrimizə
az-çox bələd olanlar təşkilində ümumun
iştirakı lazım gələn, elliklə köməyə
ehtiyac duyulan işlərin xalq arasında necə böyük
coşqu yaratdığını yaxşı bilirlər.
Bu, xalqımızın içimi rəğbət hissi
ilə titrədən ən gözəl xüsusiyyətlərindən
biridir.
İnsanlarımızın
bu halını həmişə sevmişəm...
Xeyir
işlərdə, eldən uzaq - hüzr məclislərində
insanlar məclis sahibinin qohum, yad olduğuna təfavüt qoymadan
qol çırmayıb işə girişirlər, gəlib-gedənləri
o ocağın, o elin, o ulusun adına,
nüfuzuna layiq qarşılayıb yola salmaqdan ötrü hərə
bir işin qulpundan tutmağa, bacardığı qədər əl-ayaq
verməyə çalışır.
Bir insanın başqalarına münasibəti də məhz
belə anlarda üzə çıxır. O qələbəliyin
içində bir qırağa çəkilib ətrafdakı
coşqunu, köməkdarlığı paxıl nəzərləri
ilə izləyənlər, yalnız içindəki məkri, kin-küdurət
xıltını sinirə bilməyənlər olur, amma
heç kim onların varlığından narahat olmur,
heç kim onların fürsət tapmışkən
atdıqları atmacalara, işi pozmaq, könül
bulandırmaq cəhdlərinə fikir vermir.
Və o adamlar toplum üçün heç bir əhəmiyyət
kəsb etmədiklərini, diqqət mərkəzində
olmadıqlarını anlayınca suları süzülə-süzülə
çəkilib gözdən itirlər.
Bu gün Azərbaycan dünyamıza SÜLH,
SABİTLİK, DOSTLUQ, ÜNSİYYƏT gətirən
böyük bir xeyir işin astanasındadır. I Avropa
Oyunlarına hazırlıq ərəfəsində cəmiyyətdə
xalqımızın mənəviyyatından gələn o
coşqunu, o qələbəliyi görürəm.
Şose
yolun qonaqlar üçün hazırlanmış zolağına
çıxıb görülmüş işi
korlamağı özünə rəva görməyən bir
sürücünün, gözə pis görünməsin deyə
mənzillərinin eyvanını səliqə-sahmanlı
saxlayan bir ev xanımının, əcnəbilərlə rahat
ünsiyyət üçün dil biliklərini təkmilləşdirən,
əynindəki mundiri təzələnən bir polisin,
insanlara bu idman tədbirinin mahiyyətini anlatmaq
üçün yazılar yazan bir jurnalistin, sosial şəbəkələrdə
bu tərbirlə bağlı yenilikləri, audiovizual
materialları paylaşan sıravi vətəndaşların
davranışları mənə bu El Birliyini
xatırladır.
Bu, "Eurovision" ərəfəsində də belə
idi, indi də belədir.
Onda da bizi istəməyənlərin,
uğurlarımızı gözləri götürməyənlərin,
işimizə pəl vurmağa çalışanların
hay-küyü əvvəl-əvvəl qulaq
batırırdı. Amma zaman keçdikcə, Azərbaycan o
müsabiqəyə daha əzmlə, daha tədbirli tərzdə
hazırlaşdıqca, o mənasız
çığırtılar da tədricən öləziməyə
başladı.
Və bu
beynəlxalq mahnı yarışmasının tarixində Azərbaycanın
müsabiqənin təşkili səviyyəsinə görə
yeni bir maksimum, yeni bir norma, yeni bir standart
müəyyənləşdirməsi bədxahlarımızın
səsini birdəfəlik batırdı. Ortalarda
bu təntənəyə ürəkdən şadiman olan, Vətənin
daha bir nailiyyətinə sevinən xalqın sevgi təntənəsi
qaldı.
İndi də
belədir, belə olmalıdır və belə də olacaq!..
Çünki
göz önündə gündən-günə inkişaf edən,
tarixinin ən qüdrətli çağlarını, ən
böyük uğurlarını yaşayan bir Vətən, bu
uğurları sadə insanların həyatına gətirən
bir Prezident və öz ölkəsinin uğurlarına sevinən,
onların davamlı olmasını Tanrıya
ünvanlanmış müqəddəs dua kimi zikr edən,
öz Prezidentini sevən, apardığı haqq işində
ona dəstək olmağa çalışan qədirbilən
bir xalq var.
İndi
ellərimizi dolaşan o məşəl bu sevginin, bu dəstəyin,
Vətən adına qazanılmış
bütün uğurlarımızın da MƏHƏK
DAŞIDIR.
***
Dünyada çox dövlətlər mövcud olub. Çox mədəniyyətlər
təşəkkül tapıb. Amma aradan əsrlər
keçəndən sonra onlardan yalnız elələri
haqqında əminliklə danışa bilirik ki, əlimizdə
bu dövlətlərdən, bu mədəniyyətlərdən
kiçik də olsa bir nişanə var. Torpağın
köksündə o dövlətdən qalmış
hansısa bir daş parçası, bir qala, bir maddi-mədəniyyət
abidəsi dikəlir.
Dövlət tarix kitablarına düşməklə
dövlət olmaz, dövlət özünü təkcə
salnamələrdə, dillərdə dolaşan nəğmələrdə,
nağıllarda, dastanlarda ifadə etməz.
Dövlət
də ev kimi tikilməlidir, bina edilməlidir!..
Bu gün ölkəmizdə tikilib-qurulan hər bina Azərbaycan
dövlətinin bir bina qədər də maddiləşməsidir,
böyüməsidir, bu torpaqlarda daha da möhkəmlənməsidir.
I Avropa
Oyunları ərəfəsində bu yarışlara hazırlıq məqsədilə
inşa edilən bütün infrastruktur obyektləri, tikilən
arenalar, çəkilən abad yollar, salınan parklar
hamısı bu millət üçündür.
Avropa Oyunları cəmi bir neçə gün sürəcək
və müasir dünyamızın önəmli mədəniyyət
hadisələrindən biri kimi bütün təntənələri,
xoş təəssüratları, ənənələri ilə
birgə tarixə, xatirələrə çevriləcək.
Amma bu
Oyunlara hazırlıq məqsədilə
görülmüş bütün işlər həmişə
vaxtın indisində yaşayacaq, bu gün də, sabah da bizlərə, övladlarımıza
xidmət edəcək. Mingəçevirdə
avarçəkmə yarışlarını bu şəhərdəki
idman bazasında yerinə yetirəcək idmançılar
üçün tikilmiş yaşayış
binalarının işıqlı, yüksək şəraitli
mənzillərində yarışlar bitdikdən sonra bizim məcburi
köçkün bacı-qardaşlarımız məskunlaşacaq.
O
binalardan biz istifadə edəcəyik, o yollardan biz keçəcəyik,
o parklarda biz dincələcəyik, biz AZƏRBAYCANLILAR!..
Azərbaycan
üçün görülən, Vətən adına ərsəyə gətirilən
bütün bu işlərə necə sevinməmək olar?!
.
Bu qədər
nəcib əməlləri, xeyir niyyətləri gözdən
salmağa, iftiralar yazmağa adamın əli necə gələ
bilər, zəkası belə xəbis niyyətə necə
çalışa bilər?!.
***
İnsan həyatı çeşidli çətinliklərdən,
bir-birini əvəzləyən məişət problemlərindən,
saysız-hesabsız qayğılardan heç zaman xali deyil. Axtarsan, bu
gün dünyanın özünün və ən varlı
adamının da problemi, qayğısı olduğunu görərsən.
Azərbaycanda
da müxtəlif problemlərinin həllinə can atan insanlar
var, öz həyatını ürəyi istədiyi kimi
qurmağa tələsən, imkanları ilə arzularını
uzlaşdıra bilməyib rəncidə olan adamlar var.
Amma siyasi əqidəsindən, hakimiyyətə
münasibətindən asılı olmayaraq hər kəs Azərbaycanda
gedən təkamül proseslərinin, hər keçən
günün, ayın, ilin cəmiyyət həyatına gətirdiyi
müsbət dəyişikliklərin də fərqindədir.
Bütün problemlər, çətinliklər müvəqqətidir. Vətən isə əbədi!..
Və həyatın
bütün müşküllərindən
çıxış yolu, dünyaya, mənsub olduğun Vətənə,
yaşadığın doğma ocağa müsbət nəzərlərlə
baxmaqdan, həyatı təkcə ağ və qara fonda yox, bütün əlvanlıqları
ilə birgə görməkdən başlayır.
Hesablamalara görə, bu gün dünyada təxminən
4 minə qədər xalq var və bu xalqlar 6 minə yaxın
dildə danışır.
Lakin bu
gün bütün dünyada yaşayan o 4 minə qədər
xalqın beynəlxalq səviyyədə tanınmış cəmi
192 dövləti var. 6 minə yaxın dil içərisində
dövlət dili statusu qazanmış dillərin sayı isə
heç 70-i keçmir.
...Və
o 70 dilin cərgəsində bu gün müstəqil dövlətimizin
rəsmi dili olan Azərbaycan Dili də var.
...Və
o 192 dövlətin sırasında müstəqil Azərbaycan
Dövləti də var...
...Və
Müstəqil Azərbaycan Dövləti bu gün bəşər
mədəniyyəti tarixində bir ilk olan I Avropa Oyunlarına
ev sahibliyi edir...
Məgər XOŞBƏXTLİK barədə düşünmək üçün bütün bunlar kifayət deyilmi?!.
Ölkə hüdudlarından kənara çıxarkən əcnəbi sərhədçilərə böyük qürur hissi ilə təqdim etdiyimiz yaşıl üzlüklü pasport, bu sənədi bizə vermiş müstəqil Azərbaycan Respublikasına mənsubiyyət duyğusu, danışdığımız dil Yer üzünün hüdudsuzluğunda bizim bir xalq olaraq azad ruhumuzun ifadəsidir.
Vətəndaşlıq qururu, vətəndaşlıq xoşbəxtliyi də elə bu olmalı!..
***
Ana dili kəlmələrindən tökülmüş mənəviyyat abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanlarına nəzər yetirirəm...
Uca bir
dağ zirvəsində bir tonqal alovlanır...
Bu tonqalın işığı yetən uzaq-uzaq
dağların başında da bir-birinin ardınca tonqallar
sıralanır.
Oğuz elinin adəti vardı axı, Oğuz igidlərini,
xatunlarını xoş günlərə səsləyəndə
uca bir dağ başında bir tonqal qalanardı. Başqa
dağlardan bu alovu görüb orda da tonqal qalayardılar,
bütün el-oba bilərdi, geyinib, bəzənib şənliyə
gələrdi. İndi isə...
Gəlir...
Alovumuz -
o Uca və Qüdrətli əllərdən qüvvət
yığan MƏŞƏLİMİZ elləri, obaları
dolaşıb gəlir...
İnsanlarımızın ürəyindən nur
götürüb yenidən Bakıya qayıdır.
Prezidentimizin
qədim “Atəşgah” məbədində I Avropa
Oyunlarının məşəlini
alışdırdığı o anları izləyərkən
bir anlıq yaddaşımda zaman anlayışı itdi, əsrlər
arasındakı məsafə ortadan götürüldü,
keçmişlə bugün, bugünlə gələcək o məşəlin
işığında birləşdi...
Müstəqil
Vətənimizə, azadlığımıza,
firavanlığımıza, sabitliyə, əmin-amanlığa,
evimizə, ailəmizə olan məhəbbətimiz də, Vətən
və Cəmiyyət qarşısında olan vətəndaşlıq
mövqeyi də elə MƏHƏK DAŞIDIR və həm də...
sınaq meydanıdır...
Və bu
daşdan çıxan od-alova, məşələ də
ürəyimizin nurunu, məhəbbətini hopdurmuşuq...
O anlardan bəri
düşüncələrimin zirvəsində bir
alov dilimlənir.
Bu, Azərbaycanın
xoş günlərinə, xoş büsatına səsləyən
ALOVDUR!..
Qoy dostlar baxıb sevinsin, düşmənlərin bağrı dəlinsin!..
Və eşitsinlər: BİZ GÜCLÜYÜK!..
Güclülər isə həmişə qalib gəlir!
İmamverdi İSMAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2015.- 15 may.- S.7.