Azərbaycanı dəyişən məhəbbət
Və ya Olimpiya
ideallarının təntənəsi
İdmanın tarixi çox qədimdir. Hələ iki min beş yüz il əvvəl dünyada olimpiya oyunları keçirilirdi. Olimp yunan allahlarının məskəni olan dağ idi. Oradakı oyunlar sadəlövh bir məqsəd güdürdü: qədim allahların gücünə, sağlamlığına, döyüş ruhuna təqlid kimi düzənlənirdi. Zaman keçdikcə həmin yunan allahları yavaş-yavaş dəbdən düşdülər, amma idman oyunları ənənəsi əbədi olaraq yaşadı. Çünki bütün dövrlərdə idman oyunları sağlam və dözümlü əsgər hazırlamaq üçün də ən etibarlı vasitə idi: əsgərlər məşqlərdə döyüşü təqlid edib onun sirlərini öyrənirdilər və beləliklə, idmanla məşğuliyyət bütün cəmiyyətlərdə insanların yaşayış tərzində qaldı və öz yerini möhkəmlətdi.
Bunun bir səbəbi də, yəqin ki, hər bir fiziki məşqdə oyun elementinin olmasıdır. “Olimpiya oyunları”, “Avropa Oyunları” ifadələrində “oyun” sözü olduqca yerindədir. Bəzən qulaq sözlərə öyrəşəndə onların mənasına fikir verən olmur. Amma şübhəsiz ki, idman iki min il əvvəl olduğu kimi, bu gün də oyundur, bu gün də təqliddir. Keçmişdə yaşamış ən sağlam, ən qoçaq döyüşçülərimizə, ümumiyyətlə, iradəli insanlara təqliddir.
Mən müəlliməm, ədəbiyyatçıyam. İdmanla çox da əlaqəm olmayıb. Yaxın günlərdə ölkəmizdə “Bakı-2015” Avropa Oyunlarının keçiriləcəyindən qürur duyuram. Onu da bilirəm ki, ölkəmizdə bu beynəlxalq tədbirə iki ildən artıqdır ki, hazırlıq gedir, misilsiz bir həcmdə, bəli, misilsiz bir həcmdə quruculuq və tikinti işləri görülüb. Bu işlərin miqyasını hər dəfə düşünəndə fərəhlənirəm: cəmiyyətimiz dünyaya olduğundan da yaxşı görünmək istəyir. Bu, idealdır, cəmiyyətimizin yetkinlik mərtəbəsidir, özünü dəyişmək səyidir! Bir müəllim kimi bilirəm ki, adi şagirdin də özünü dəyişmək, daha yaxşı olmaq cəhdi yetkinlik və tərəqqi göstəricisidir. Hər bir insanda belə düşüncənin yaranması artıq yeniləşmə işarəsidir. Fəqət bir cəmiyyət olduğundan yaxşı olmaq istəyirsə, bunun üçün konkret proqramlar və layihələr həyata keçirirsə, bu, ən azı sağlam tərəqqi yolunda olan və gələcəyini düşünən bir cəmiyyətdir. Bu, yetkinlikdir. Təsəvvür etmirəm ki, torpağını, xalqını sevən bir adam bütün bunlara sevinməsin.
Amma mətbuata baxanda xaricdəkilər bir yana, öz bədxahlarımızın Oyunlara dodaq büzdüklərini görürük. Bəzi insanlarımız, “hüquq” müdafiəçiləri bu qrant “paylayan” dövlətlərin əlində oyuncağa, alətə çevrilib. Təəssüf ki, bu alət Azərbaycan dövlətçiliyinin ən sağlam və faydalı, gələcəkli işlərinə, bizim qurub-yaradan əlimizə, iradəmizə qarşı yönəlib. Xaricilərin niyyəti adidir, bütün müsəlman ölkələrində yeridilən xətdir. Bütün vasitələrlə rəsmi Bakını xaricdən gələn göstərişlərlə işləməyə vadar etmək! Amma anlamırlar ki, bu gün Azərbaycanı xaricdən idarə etmək mümkün deyil!
Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti onların arzularını dəfələrlə ürəklərində qoyub.
2012-ci ilin dekabrında I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunan kimi düşmənlər qeyzləndi, dostlar isə sevindi. Pis niyyətli adamlar öz daxili naqisliklərini ortaya qoydular. Amma Azərbaycanı sevənlər bunu bayram kimi qarşıladı, ölkəmizin tarixi bir uğuru kimi dəyərləndirdilər və öhdələrinə düşən işlərə girişdilər. Artıq iki il əvvəl, 2013-cü il iyunun 12-də “Bakı-2015”in rəsmi internet saytı açıldı və tədbirə qədər qalan 700 gün ərzində xarici informasiya kanallarına birinci əldən xəbər verməyə başladı. İnternet səhifəsi hazırlıq işlərinin gedişi ilə əlaqədar dövri olaraq yeniləşir, insanlara ilk Avropa Oyunlarının proqramı, yarışların keçiriləcəyi meydançalar və onların miqyası, tədbirdə yer alacaq idman növləri və yerləri haqqında məlumat almağa şərait yaradır. Saytda həmçinin Bakını və Azərbaycanı tanıtmaq baxımından keyfiyyətli informasiya yerləşdirilir, ölkənin coğrafiyası, tarixi, iqtisadiyyatı, idmanı, mədəniyyəti və paytaxtımızın tarixi, sosial həyatı, nəqliyyatı, quruluşu haqqında gərəkli məlumatlar təqdim olunur.
Avropa Oyunlarının keçirilməsi və hazırlıq işlərinin gedişi ilə bağlı Londonda, Parisdə, Moskvada, Budapeştdə, Brüsseldə, Romada, Davosda, İstanbulda, Berlində, Afinada böyük təqdimat mərasimləri keçirildi. Bunların təşkilinə nə qədər enerji, əzmkarlıq lazım olduğunu izah etməyə ehtiyac yoxdur. Uzaq ölkələrdə bu tədbirlərin təşkilinin və uğurla keçirilməsinin əsas qurucusu ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Biz hamımız ondan, onun işgüzarlığından, vətənpərvərliyindən nümunə götürməliyik. Ən çox da məqsədyönlü işləmək baxımından, ardıcıl olmaq cəhətdən. Əlbəttə, cəmiyyət, Avropa idman hərəkatının başçıları bunları görür və qiymətləndirirlər. Bizdə də ölkənin birinci xanımı Mehriban Əliyevanı dəstəkləyənlər bir hərəkat təşkil edir. Məhz onların Mehriban xanıma səmimi sevgisi və sədaqəti sayəsində bu tədbir ölkəmizdə el bayramına çevrilib, əlamətdar hadisəni xatırladan nişanələr bu gün hər yerdə, hər addımda görünür.
Belə bir həmrəylik qarşısında bədxahların mövqeyi nə qədər cılızdır. Amma xırdalıqlar da hərdən ürək bulandıra bilir. Bu qaraniyyətlilər nə istəyir axı bizim cəmiyyətimizdən? Bəzən onların məntiqini anlamağa çalışıram. Amma heç nə anlaya bilmirəm.
Mənə belə gəlir ki, bizim bədxahlarda
birinci növbədə çatışmayan milli qürur
hissidir. Yurdumuzu, həyatımızı gözəlləşdirən
və sağlamlaşdıran faktlara necə sevinməmək
olar? Onlar öz övladlarını, onların sabah harada və
necə yaşayacağını düşünmürlər?..
Yəqin ki, düşünmürlər və siyasətlə
məşğul olmaq iddiasında olan bu adamların milli
iftixar boşluğu məni heyrətə gətirir. Bəs bu
adamlar ölkəmiz üçün nə arzulayırlar?
Ancaq bütün yaxşı işlərə qara demək
üçünmü? Övlad anasına belə
yanaşarmı? Axı böyük Səməd Vurğun vətənlə onun balasını ana və
övladla müqayisə etmişdi. “Sən bir uşaq, mən
bir ana, odur ki bağlıyam sana!” Bu andı pozanlara nə
ad vermək olar? Azərbaycan dilində belə
söz yoxdur, mən belə söz bilmirəm.
Bu tarixi tədbirin Azərbaycanda keçirilməsi
haqqında 2012-ci ilin dekabrında qərar qəbul ediləndə
Avropanın Olimpiya Assambleyasının üzvü olan 41
ölkə bizə etimad göstərdi. Həm də
Roma şəhərində bu etimad qərarı gizli səsvermə
nəticəsi kimi çıxarılmışdı.
İndi 41 xarici dövlətin etimadı hara, dünya erməniliyinə
xidmət edənlərin boykot
çağırışları hara!
Bu, adi bir etimad deyildi, cənab İlham Əliyevin Azərbaycanın
Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi 1997-ci ildən
bəri onun özünün və bir qrup həmkarının
neçə illik zəhmətinin, idmana
qayğısının, bu sahayə ayrılan
investisiyaların nəticəsi idi. Həmçinin
ölkəmizdə bir-birinin ardınca nüfuzlu beynəlxalq
yarışları uğurla təşkil etməklə indi
biz dünyanın idman mərkəzlərindən birinə
çevrilmişık. “İdman tədbiri”
sözdə iki kəlmədir, amma əməldə bu, sürətli
tikinti işləridir, quruculuqdur, yeni idman sarayları və
meydançalarıdır, onların fasiləsiz
abadlaşdırılmasıdır. Mən keçirilən
tədbirlərin adlarını saymıram, çünki çox böyük bir
siyahı olardı. Amma Azərbaycanı, Prezidentimizi və
onun işlərini sevənlər bunu yaxşı bilir,
çünki hamısı gözümüzün
qabağında olub. Hər qonaq gələndə
həyəcanlanmışıq. Amma həm
də səfərbər olmuşuq, xalqın başını
uca etmişik.
Bu sahədə əldə edilən dəyərli təcrübəni
yüksək qiymətləndirən Prezident İlham Əliyev
özü də deyib ki, “beynəlxalq yarışların
keçirilməsi üçün bizim kifayət qədər
geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda
çoxsaylı dünya və Avropa çempionatları
keçirilmişdir. Azərbaycanın sürətli iqtisadi
inkişafı, əlbəttə ki, bu qərarın qəbulunda
öz rolunu oynamışdır. Sevindirici
cəhət odur ki, Azərbaycan əhalisi bu qərarı
böyük sevinclə və qürur hissi ilə
qarşılamışdır”.
Bu tədbirin Azərbaycanda keçirilməsini şərtləndirən
amillərə ən yaxşı səciyyəni Prezident
İlham Əliyev özü verib və göstərib ki, “bu
Oyunların Bakıda keçirilməsi haqqında qəbul
edilmiş qərar bir neçə amillə
bağlıdır. İlk növbədə bunu
idmançılarımızın uğurlu
çıxışı mümkün etmişdir. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası
30-cu yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz 15-ci yerə
yüksəlmişik. Eyni zamanda, Azərbaycanda
gözəl gənc nəsil yetişir. Gənc
idmançılarımız da bizi sevindirir. Keçən
il Yeniyetmələrin Olimpiya Oyunlarında
Azərbaycan komandası 10-cu yerə yüksələ
bilmişdi. Bu, tarixi nailiyyətdir”.
Bununla bərabər, son illər ərzində Azərbaycanda
müasir idman infrastrukturu yaradılmışdır. Respublikanın
bölgələrində 40-dan çox olimpiya idman mərkəzi
tikilib gənclərin istifadəsinə verilib. Bakı şəhərində
yaradılan və əsaslı şəkildə təmir edilən
bütün idman obyektləri ən yüksək standartlara
uyğun qurulub. Ölkə Prezidenti inamla bildirib ki, bundan yüksək standart
mümkün deyil.
Doğrusu, ilk Avropa Oyunlarını Bakıda təşkil
etmək əvvəlki tədbirlərdən qat-qat mürəkkəb
və çətin bir işdir. İlk növbədə
tikib qurmalı, görülməli işlər həddən
çox idi. Ona görə də Prezident İlham
Əliyev bu Oyunlara hazırlıq işlərinin
aparılmasını xüsusi fərmanı ilə öz
tale dayağına - ölkənin birinci xanımı Mehriban
Əliyevaya tapşırdı. Məsuliyyət
böyük, çiyinlər isə zərif idi. Amma Prezident Mehriban xanımın
ardıcıllığına, məqsədyönlü təşkilatçılığına
bizim hamımızdan yaxşı bələd idi. İndi hazırlıq işlərinin, demək olar
ki, bitdiyi günlərdə bunu bir daha aydın
görürük. Külli miqdarda
tikinti-quraşdırma, abadlaşdırma, infrastruktur işləri
vaxtından əvvəl və yüksək keyfiyyətlə təşkil
edilib. Bu, Mehriban xanımın, mən deyərdim
ki, tarixi işlərindən biridir. Bunlar bir neçə
adamın yox, bir dövlətin məqsədyönlü siyasətidir,
xalqımızın keçdiyi fəxr etməli bir yoldur! Və bu yolun adı milli tərəqqidir,
özünü yenidən yaratmaq və tanıtmaqdır.
Buna qiymət vermək, bunun qədrini bilmək
lazımdır!
Əslində biz idmanın inkişaf səviyyəsinə
görə artıq Avropanın qabaqcıl ölkələrinə
çatmışıq. Bu nailiyyətlər həm də onlarla
beynəlxalq tədbirin, Olimpiya hərəkatı liderlərinin
ölkəmizə çoxsaylı səfərlərinin nəticəsidir.
Bu etimad bütün xalqımızın, idmançılarımızın
dəyəridir və biz onu qorumalıyıq. Ona görə
qorumalıyıq ki, onun əsasında daha da irəli
addımlayaq, idmanın, sağlam həyat tərzinin, Avropaya
inteqrasiyanın yollarında daha da irəli gedək,
başımız uca olsun!
Avropada bizim idman sahəsindəki siyasətimizi,
gördüyümüz işləri qiymətləndirən,
bunların qədrini bilən insanlar da çoxdur və biz
onlara öz minnətdarlığımızı bildiririk. Azərbaycanın xaricdəki
səfirlikləri, müvafiq ölkələrdəki diaspor
nümayəndələri, saysız-hesabsız rəsmilər
bizim tədbirlərimizdə, xüsusilə I Avropa Oyunları layihəsinin
təqdimatlarında fəal iştirak ediblər. Azərbaycanın idman və xarici işlər
nazirliklərinin, “Bakı-2015”in baş əməliyyat direktoru
Simon Kleqqin zəhmətləri qeyd olunmalıdır.
I Avropa Oyunlarının tarixi mənası təkcə
ölkəmizi təbliğ etməsində deyil. Bu məna həm
də bu Oyunlarla əlaqədar ölkəmizin
özünün yenidən qurulması sayıla bilər.
Hər kəs Bakıdan kənara çıxanda sürətli
Zığ yolu ilə Mərdəkana və ya Pirallahıya
gedibsə, bu yolların kənarlarını görüb. Keçmiş daş karxanalarından qalan
qalıqlar, tullantılar adamın qanını
qaraldırdı. İndi bir də bu yolla
gedin, görün oraları tanıya biləcəksinizmi?
Yolların kənarı təmizlənib,
yaşıllaşdırılıb, lazımi yerlər
şumlanıb. Axı bu, on yeddi kilometrə
yaxın ərazidir və bu rəqəmi dildə demək
asandır. Amma onun
yaşıllaşdırılmasına və
abadlaşdırılmasına nə qədər insan enerjisi,
maddi xərclər qoyulub. Adamın ürəyi
açılır! Həm də görülən
işlərin miqyası haqqında düşünürsən.
Əvvəlki vəziyyət də bizdə idi,
yeni vəziyyət də bizdədir. Amma mən
inanıram ki, özümüz dəyişmədən
heç nə dəyişə bilməzdi. Bəlkə
biz bu dəyişikliyi yaxşı hiss etmirik hələ, amma
hiss edəcəyik. Hiss edəcəyik ki, biz başqa bir
Bakıda yaşayırıqsa, həm də başqa
adamlarıq artıq, xüsusilə gəncliyimiz bunu hiss edəcək
və bundan faydalanacaq, həyatımız yeni mərhələyə, yeni
keyfiyyətə qədəm qoyacaq.
Çəkdiyim misal bəlkə görülən
işlər sırasında bir detaldır, dəryada bir
damladır. Amma mənim üçün ən mənalı
detaldır. Bu detalda mən dəyişikliklərin
həm də dərinliyini görürəm. Daha
doğrusu, ərazi abadlaşdırılması ilə vətəndaş
şüurumuz, torpağımıza məhəbbətimiz, gələcəyimizə
qayğımız arasında tarixi yeniləşmə mənası
daşıyan əlaqəni görürəm. Bütün
bu tarixi işlərin içərisində milli
düşüncə, özünüdərk keyfiyyətindəki,
bunların nüvəsindəki dəyişiklikləri
görürəm və bir vətəndaş kimi mənim
üçün ən qiymətlisi, fərəhlisi
bunlardır.
Deyirlər, məna və gözəllik
ayrılmazdır. Mən onları ayırardım. I Avropa Oyunlarına gözəllik baxımından
qiymət versək, şübhəsiz ki, birinci yerdə göz
önünə təzə tikilmiş Bakı Olimpiya Stadionu gələr.
Bu dairəvi, ağ rəngli stadion şəhərimizin
yeni simvoluna çevrilib. Prezident və
xanımı onun açılışında iştirak edəndə
qonaqlar gördüklərinə heyran qaldılar. 2011-ci ildə başlanan işlər sayəsində
Bakının qədim duz gölünün ərazisində
möcüzə yaradıblar. Altmış
iki metr hündürlüyü olan stadionun dairəvi binası
gecələr şəhərin bütün nöqtələrindən
görünür, həm də əbədi məşəl
kimi görünür.
Olimpiya stadionu faktiki olaraq Bakıda həm də yeni bir nəqliyyat
qovşağı kimi yarandı. Prezidentin qeyd etdiyi
kimi, “nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib
və bu gün bizim tələblərimizə tam cavab verir.
Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend hotellər fəaliyyət
göstərir, öz fəaliyyətini genişləndirir”.
Burada avtomobil yollarının yaradılması yeni bir
yeraltı avtokeçid, Dərnəgüldən Bilgəh
istiqamətinə yeni bir yol infrastrukturunu
formalaşdırdı. Mövcud yollardakı sıxlığı azaltmaq şəhərimizin
bundan belə daha rahat nəfəs alması üçün imkanlar açdı.
Olimpiya stadionu özü isə ən yeni dünya
standartları səviyyəsində tikilib. Altı mərtəbəlik
stadionun kiçik ehtiyat meydançası, rahat giriş və
çıxış üçün iyirmi altı qapı
düzəldilib. Bu obyekt qədim duz
gölündən 50 hektar ərazi alıb. Tikinti
baxımından da unikal bir layihədir, çünki qədimdən
bəri Abşeronda
duz göllərinin ərazisində və
yaxınında mülklər tikilməzdi. Lakin
müasir tikinti texnologiyaları bununla bağlı
bütün riskləri nəzərə alıb. Stadionun
ərazisi və ətrafı gözəl bir
gölqırağı parka çevrilib: səksən iki min
kvadratmetrlik sahədə yaşıllaşdırma işləri
aparılıb. Əslində bu stadionun ətrafında
Bakının yeni bir mərkəzi yaradılıb. Bu ərazilər
elə XIX əsrə qədər də Bakının
yaranıb böyüdüyü özəyin tərkib hissəsi,
Balaxanı-Keşlə-Qaraşəhər sənaye ərazisi
olub.
Olimpiya stadionu 68000 tamaşaçı tutumunda qurulub. Lakin bu
yarışlar üçün digər bir neçə
yarış meydançaları da tikilib. Milli
Gimnastika Arenası 6900 tamaşaçı tutacaq və burada
bütün gimnastika yarışları keçiriləcək.
Bakı Su İdmanı Mərkəzi 6000 yerlikdir, burada
üzgüçülük, suya tullanma, sinxron
üzgüçülük yarışları olacaq. Bakı Atıcılıq Mərkəzi 500
tamaşaçı tutumundadır, burada idmanın ən
gözəl növlərindən olan atıcılıq
yarışları keçiriləcək. Nəhayət, BMX Veloparkı yeni tikilib istifadəyə
verilib ki, burada velosiped yarışlarına 1600
tamaşaçı baxa biləcək. Beləliklə,
Avropa Oyunları üçün beş
yeni idman meydançası tikilib və bunların ümumi
tamaşaçı tutumu 83 min nəfər təşkil edir. Demək artıqdır ki, bu obyektlər Oyunlardan
sonra xalqımızın istifadəsində qalacaq, respublikada
idmanın daha da inkişafına, gənclərimizin
sağlamlığına xidmət edəcək. Bunlar hamısı tikilməli idi və yəqin ki,
tikiləcəkdi. Amma “Bakı-2015” Oyunları bu işləri
sürətləndirdi, cəmi iki il
yarıma həyata keçirməyə imkan yaratdı,
başqa sözlə, ölkəmizdə idmanın daha sürətli
inkişafına səbəb oldu.
Bunların müsbət
mənasını başa düşməmək mümkün
deyildir. Dünyanın qabaqcıl ölkələrində
idman ancaq sağlamlıq infrastrukturu kimi başa
düşülmür. ABŞ, Fransa,
Almaniya, İngiltərə, Kanada, Avstraliya və digər
ölkələrdə idman insanların həyat tərzinə,
asudə vaxtın əsas istifadəsinə çevrilibdir.
Bu sadə bir məsələ deyil, bunun
üçün həmin ölkələrdə onillər ərzində
müvafiq infrastrukturlar yaradılıb, meydançalar,
hovuzlar, zallar tikilib. Və bu infrastruktur
bazası bir günə yaranmayıb. Orada
yeni tikilən hər binanın, hər məktəb və
universitetin layihəsində artıq idman qurğuları
üçün yerlər tam halda nəzərdə tutulur.
Məsələn, bir universitet binasının
idman infrastrukturu universitetin öz sahəsindən 2-3 dəfə
artıq yer tutur. Bizdə tikinti layihələri
belə standartlarla təsdiqlənmir və bu, təəssüf
doğurur. Lakin I Avropa Oyunları ərəfəsində
tikilmiş və təmir edilib yenidən qurulmuş idman
qurğuları bizim üçün də idmanı həyat
tərzinə çevirməyə bir yol açır, gənclərimizi
bu dəyərlərə doğru aparır və bu, bəlkə
də qiymətləndirməli olduğumuz başlıca cəhətdir.
Yaxın günlərdə Bakıda I Avropa
Oyunlarının məşəlinin alovlandırılması
mərasimi oldu. Mərasimdə çıxış edən Prezident
İlham Əliyev görülən işlərə yekun
vuraraq dedi: “Bu, bizim üçün həm böyük şərəf,
həm də böyük məsuliyyətdir. Vaxtımız
məhdud idi. Ona görə biz dərhal
işə başladıq, Təşkilat Komitəsi
yaradıldı. Bu müddət ərzində
Təşkilat Komitəsi çox fəal və böyük
uğurla işlədi. Bu gün artıq
Azərbaycan və Bakı şəhəri bu Oyunların
keçirilməsi üçün tam hazırdır. Təşkilat Komitəsinə bu yüksək fəaliyyətə
görə minnətdarlığımı bildirmək istəyirəm.
Eyni zamanda, beynəlxalq və yerli mütəxəssislərdən
ibarət Beynəlxalq Əməliyyat Komitəsinə də
minnətdarlığımı bildirirəm. Onların da fəaliyyəti təqdirəlayiqdir.
Əlbəttə, biz daim Avropa Olimpiya Komitəsinin
dəstəyini hiss edirdik, bu gün də bunu hiss edirik. Beləliklə, Oyunların hazırlanması
üçün bütün məsələlər öz həllini
tapmışdır”.
Bəli,
iki il yarım ərzində çox böyük işlər görülmüş
və Oyunların keçirilməsi
üçün zəruri olan çoxplanlı problemlər həll
edilmişdir. Bu, hər şeydən əvvəl,
ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Təşkilat Komitəsinin planlı və gərgin
işinin nəticəsidir. Mehriban xanım bütün
işlərin görülməsini, qrafikə
uyğunluğunu şəxsən özü izləmiş, dəfələrlə
obyektlərdə olaraq məsləhətlər
vermiş, ortaya çıxan problemlərin sürətlə
həll edilməsində yardımçı olmuşdur. Faktiki olaraq idman bayramının yüksək səviyyədə
keçirilməsinə hazırlığı başa
çatdırmışdır. İdmansevərlər, qədirbilən
insanlar, gənclər
Mehriban xanım Əliyevaya ürəkdən minnətdardırlar.
Avropa
Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də Mehriban
xanımın böyük təşkilat işini göstərərək
deyib: “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin
sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara
hazırlıq işlərində şəxsən iştirak
edərək dəyərli göstəriş və tövsiyələrini
vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir”.
Belə hesab edirəm ki, bu, tərkibində 50
dövlət olan Avropa Olimpiya Hərəkatının
ümumi rəyidir. Həmin rəy də təsdiq
edir ki, ilk Avropa Oyunları bu hərəkatın yeni tarixini və
ənənələrini yaradacaq, 2019-cu ildə keçiriləcək
növbəti Oyunların əsl nümunəsi olacaqdır.
Bu qədər ölkənin nümayəndələrini qarşılamaq şəhərimiz, ölkəmiz, dövlətimiz üçün əsl sınaqdır. Yarışlarda iştirak edəcək təkcə idmançıların sayı altı mindən artıq olacaqdır. Onlar iyirmi idman növü üzrə yarışacaqlar. Bunlara ehtiyat oyunçuları, məşqçiləri, həkimləri, milli federasiyaların nümayəndə heyətlərini, jurnalistləri və nəhayət, oyunlara baxmaq üçün biletlər almış xarici vətəndaşları əlavə etsək, qonaqların sayı yüz min nəfərə yaxın olmalıdır. İyunun 12-28-i arası paytaxtımız və ölkəmiz, bir növ, Avropanın qaynar mərkəzinə çevriləcək. Bu məsuliyyəti hər bir vətəndaşımız hiss etməli, yarışların uğurla keçməsi, qonaqların özünü rahat hiss etməsi və ölkəmizdən xoş təəssüratlarla qayıtması üçün hər birimiz əlimizdən gələni etməli, xeyirxah və diqqətli olmalıyıq.
Bu tarixi tədbir Azərbaycanın tanınması, turizm ocağı kimi daha çox sevilməsi üçün bir fürsətdir. Bu fürsətdən necə istifadə olunacağı tədbirin bütün təşkilatçılarından asılıdır. Lakin təkcə onlardan yox. Bölgələrdə keçiriləcək yarış və tədbirlərdən ölkəmizin mənəvi və təbii gözəlliklərini təbliğ etmək üçün bacarıqla istifadə edilməlidir. Düşmənlərimiz ölkəmizi pis qələmə vermək üçün onillərlə fəaliyyət göstəriblər. Bizə indi bu saxta mifləri dağıtmaq, ölkəmizin qədim mədəniyyətini, təmizləyici od və yaşadıcı bərəkət ölkəsi olduğunu əyani göstərmək üçün hər şeyi etməliyik.
Bircə misal kifayətdir: Avropa Oyunlarının məşəli yaşı və tarixi ən qədimlərə gedib çıxan Suraxanı Atəşgahından götürüldü. Bunun nə qədər dərin və simvolik bir mənası var. Məhz bizim ölkəmizdə atəş təmizləyici, saflaşdırıcı, xeyir-bərəkətverici bir başlanğıc sayılır. Dərin tarixi kökləri olan çərşənbə tonqalında təmizlənmə, qırmızı atəş rənginin düşərliyinə inam xalqımızın arasında geniş yayılmışdır. Ən qədimlərdən gəlin köçən qızlarımız da qırmızı geyinərdilər, övladlarımıza bayram hədiyyələri də qırmızı rəngdə, müqəddəs atəş rəngində alınardı. Atəş həm də işıq, nur, aydınlıq, bilik, xoşbəxtlik rəmzidir. Bəlkə elə buna görə bölgələrimizi gəzən Olimpiya məşəli bizim sadə insanlarımıza, gəncliyimizə belə doğma və müqəddəs görünür. İnanıram ki, bu müqəddəs atəş bizim yarışda iştirak edəcək idmançılarımızın da sehrli himayədarı olacaqdır.
Aprelin 26-da alovlandırılan məşəl indi Azərbaycanın bölgələrinə səyahət edir. Milli olimpiya hərəkatımız tarixində bu, yeni bir mərasim, yeni bir mərhələdir. Prezidentimiz tərəfindən alovlandırılan bu məşəl bölgələrdə böyük təntənə ilə qarşılanır: görünür, idman bizim də həyatımızda sağlamlıq mənbəyi olmaqdan başqa yeni keyfiyyətli həyat tərzinə çevrilir. Bu qarşılanma mərasimlərinin görüntüləri ölkəmizdə tərəqqi və firavanlığın əsl nümayişinə çevrilir. Artıq məşəl hərəkatının öz saytı da fəaliyyətə başlayıb. Olimpiya alovu 60 bölgəni səyahət edib bitirəndən sonra Oyunların açılışına qayıdacaq. Açılış və bağlanış mərasimlərinin bədii tərtibinə peşəkar mütəxəssislər cəlb edilib.
Görülən işlər və onların nəticələri mənə vətəndaş kimi daha bir fikir aşılayır: bunların arxasında Azərbaycanın Prezidenti İlham Əliyevin torpağımıza, insanlarımıza, şəhərimizə tükənməz məhəbbəti durur. Mən bütün dəyişikliklərdə bu məhəbbətin miqyasını və səmimiyyətini görürəm, bu məhəbbətin bəhrəli mayasını görürəm. Bu bir möcüzədir, bir məhəbbətin bir ölkəni, onun bugününü və sabahını dəyişməsinin möcüzəsidir. Bu nə tarixdə, nə də hər yerdə baş verir. Bu, Azərbaycan xalqının tale payıdır.
Ulu öndər müasir Azərbaycan dövlətini yaratdı, onun siyasi varisi Azərbaycanın yeni cəmiyyətini və yeni həyatını yaradır. Uğurlar olsun!
Nurlana
ƏLİYEVA,
Yeni Azərbaycan
Partiyası İdarə Heyətinin üzvü,
YAP
Qadınlar Şurasının sədri, professor
Azərbaycan.-2015.- 15 may.- S.8.