Goran torpağı unudulmaz
anlar yaşadı
Məşəl Goranboy və
Naftalanda alovlandı
Goranboy əsl bayram əhvalı yaşayır. Hamı I Avropa Oyunları məşəlinin pişvazına çıxıb. Şəhərin girəcəyindəki “Goranboy” hotelinin yanında möhtəşəm məşəl qəbul edildi.
Alov məşəlini mərkəzi meydana çatdırmaq şərəfi on nəfər say-seçmə fəala həvalə olunur.Yalçın Qarayev, Allahverdi İsmayılov, Əflatun Məmmədov,Vüsal Rəsulov, Xalid Rzayev, Nicat Məmmədov, Şamil Məcidov, Elçin Əliyev, Elşad Ətai və Xəyal Məmmədov məşəli hər dörd yüz metrdən bir-birinə ötürərək gur alqış sədaları altında mərkəzi meydana doğru irəlilədilər.
Dəliməmmədlidən, Borsunludan, Faxralıdan, Safikürddən, Tapqaraqoyunludan, Ağamalıoğludan və başqa yerlərdən də gələn çox idi. Əməkdar müəllim Rəddin Məmmədov dedi ki, Prezident İlham Əliyev tərəfindən “Atəşgah” məbədində I Avropa Oyunları alovunun götürüldüyü gündən bəri hamının gözü yolda idi. Rayonun hər yanında, ən ucqar qəsəbə və kəndlərdə belə hamı məşəlin gəlişi ilə maraqlanırdı. Axı, bu, heç də sadə bayram tədbiri deyil. I Avropa Oyunlarına bütün dünya göz dikib. Bu mötəbər işin müstəqil ölkəmizə həvalə olunması Azərbaycanın şöhrətindən, ölkəmizin hər sahədə sürətli yüksəlişindən, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, bir az da geniş mənada desək, Vətənimizin daha nurlu, daha uğurlu sabahından xəbər verir.
Goranboy şəhərinin sakini Sərdar Sadıqov isə abadlıq və quruculuq işlərindən söz açdı. Dedi ki, təkcə son bir neçə il ərzində rayonumuz demək olar, başdan-başa yenidən qurulmuş, tanınmaz olmuşdur. Beş ildə 35 məktəb binası tikilib, neçə-neçə kənddə uşaq bağçası, mədəniyyət obyekti istifadəyə verilib. Dövlətin tükənməz qayğısı sayəsində rayonda gənclər mərkəzi, şahmat məktəbi, avtovağzal kompleksi, paylayıcı elektrik qurğusu inşa edilmiş, mədəniyyət evi, iki min yerlik stadion, Dəliməmmədli şəhər xəstəxanası əsaslı təmir olunmuş, qəsəbə və kəndlərdə müxtəlif sosial obyektlər, fərdi evlər tikilmiş, yaraşıqlı parklar, bağlar salınmış, körpülər, yollar çəkilmişdir. Ən əsası budur ki, Murovdağdan içməli su xətti çəkilib. İşıq, qaz, kanalizasiya sistemləri sahmana salınıb. Goranboy-Ağcakənd avtomobil yolu istifadəyə verilib.
Məşəl karvanı isə hər tərəfi bürüyən sevincli, fərəhli insanların sıx cərgələri arasından yoluna davam edir. Bu əlamətdar gündə hünərli, qeyrətli Goran torpağının mərd-məğrur qədirbilən insanları yığışıblar. O insanlar ki, tarixi İpək Yolu boyunca məskən salıblar. Ömür boyu müqəddəs torpaqlarımızı yad nəfəsdən, xain, xəbisdən qoruyublar. İllər, əsrlər boyu belə olub. Qarabağ savaşı dövründə goranboylular bir nəfər kimi ayağa qalxıb, ən çətin günlərdə belə, rayonun camaatı əsla geri çəkilməyib. Ən gərgin anlarda belə, heç bir kənd, heç bir ailə öz ata-baba yurdunu tərk etməyib.
Belə hünərvər bölgələrdən biri də Tapqaraqoyunludur. Bu, əsl qəhrəman kənddir. Düşmənlə bir güllə məsafəsində yerləşir. Kəndin ziyalısı Qəzənfər Taplı dedi ki, o qanlı illərdə erməni quldurları bu kəndə 63 dəfə hücum ediblər. Otuzdan çox şəhid verilib. Niyaz Aslanov Milli Qəhrəman adını alıb. Atəşkəs elan ediləndən sonra da nankorlar dayanmadılar. Vaxt olub həftələrlə, aylarla bu yerlərə od, alov ələnib. İndi də ara-sıra qəfil atəşlər açılır. Ölən də olur, yaralanan da. Lakin bircə nəfər də olsun, doğma ata-baba yurdunu tərk etmir. Əhali əkin-biçinlə məşğul olur. Fərdi evlər tikir, ictimai binalar ucaldır, yol salır, körpülər, keçidlər düzəldir. Dövlət də daim bu qəhrəman kəndi diqqətdə saxlayır. Mühafizə məqsədilə dörd metr hündürlüyündə səkkiz yüz metrdən çox istinad divarı çəkilib. Onlarca yaşayış evi bərpa olunub, 60-dan çox ev tikilib. Bir neçə subartezian quyusu qazılıb. Məktəb binası ucaldılıb. Murovdağ-Goran magistralından içməli su çəkilib, bulaqlar inşa olunub. Rayonun sərhəd bölgəsində olan digər kəndlərdə də sistemli surətdə abadlıq-quruculuq işləri görülür.
Bu gün idmançılara baxdıqca iftixarla düşünürsən. O ağır günlərdə bütün Goranboy necə mütəşəkkil surətdə ayağa qalxmışdı. Dörd yüz nəfər şəhid verildi, 9 nəfər Milli Qəhrəman adını aldı. Onlardan biri Məmməd Həsənovdur. Məşəl bayramında iştirak edir. Deyir ki, doğrudur itkilərimiz az olmadı. Ən əsası budur ki, nankor qonşulara nəinki bir qarış torpaq verilmədi, əksinə, Ağcakənd-Gülüstan bölgəsi əbədilik xilas edildi. Elə bu münasibətlə Gülüstan qalasının səmtində “Qələbə” abidəsi yaradıldı. İndi arzumuz budur ki, belə bir abidəni Qarabağ torpağında da ucalda bilək. I Avropa Oyunlarına hazırlığın gedişinə və ümumən dünya miqyasında müstəqil Azərbaycanın daim artan nüfuzuna baxıram. Baxdıqca tam əmin oluram ki, az vaxtda Qarabağ torpaqları hökmən azad ediləcək.
Məşəl daşıyan karvan mərkəzi meydana yaxınlaşır. Bu dəfə məşəli Yalçın Qarayev qəbul edir. Bu həmin Yalçın Qarayevdir ki, cüdo və karate üzrə dəfələrlə Avropa çempionu olub.Türkiyədə, Kiprdə, Riqada keçirilən yarışlarda birinci yer tutub. Lap elə bu yaxınlarda
I Avropa Oyunlarına hazırlaşdığımız dövrdə - aprel ayının 15-də Latviyadan şutokan karate üzrə V Avropa çempionatından qızıl medalla qayıdıb.
Əməkdar məşqçi Aftandil Əliyev görülən işlərdən söz açdı. Dedi ki, Goranboyda idmanın inkişafı I Avropa Oyunlarına və eləcə də onun məşəlinə olan maraq təsadüfi deyil. Rayonda bədən tərbiyəsi və idmanın inkişafına hər şərait yaradılıb. Bazamız möhkəmdir. Üç idman məktəbi, üzgüçülük hovuzu, əlbəyaxa döyüş növləri üzrə idman klubu, müstəqil idman cəmiyyəti, ümumən, irili-xırdalı 221 idman qurğusu, 37 idman zalı fəaliyyət göstərir. Yenicə əsaslı təmir olunmuş mərkəzi stadionda futbol, voleybol meydançaları, yüngül atletika üçün müvafiq yerlər düzəldilib. Şahmat məktəbi tamamilə yenidən qurulub. Səfalı guşələrdən birində Olimpia İdman Kompleksi inşa olunur.
Mərkəzi meydanda möhtəşəm məşəldən xüsusi çıraq yandırılaraq Avropa Oyunları başa çatana kimi saxlanması üçün goranboylulara təqdim olundu. Çırağı yeniyetmələr arasında yunan-Roma güləşi üzrə dünya çempionu Elnur Həsənov qəbul etdi və saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verdi. Sonra rəngarəng konsert proqramı başlandı. Şən, oynaq musiqi sədaları ətrafa yayıldı. Mütəşəkkil, məzmunlu böyük coşqu və sevinclə keçən məşəl tədbiri hər ürəkdə min bir xatirə yaratdı.
Tədbir başa çatandan sonra I Avropa Oyunlarının məşəli Naftalan şəhərinə yola
salındı.
Azərbaycan.-2015.- 15 may.- S. 10.