Möcüzəli şəhərin məşəl sevinci

 

Məşəl Goranboy və Naftalanda alovlandı

 

Avropa miqyasında ilk dəfə Azərbaycanın xeyir-duası ilə  həyata qədəm qoyan I  Avropa Oyunlarının məşəli mayın 14-də dünyanın yeganə müalicə neftinin məskəni sayılan Naftalanda çox böyük təntənə ilə qarşılandı.

Xeyirxah iş həmişə özü ilə yeni sevinc, fərəh gətirir. Alov məşəlinin səyahəti ölkəmizin hər bir bölgəsini hamıya tanıdır. İnsanlar bir daha görürlər ki, Azərbaycan  necə sürətlə inkişaf edir, gözəlləşir, tanınmaz olur. Alov məşəlinin möcüzəli Naftalandakı görüşü elə ilk anlardan həm qonaqlarda və həm də ev sahiblərində böyük maraq  yaratdı. Məşəli Tural Məmmədov qəbul etdi. Rayonun adlı-sanlı idmançıları, ziyalılar gur alqış sədaları altında məşəli  Heydər Əliyev parkına doğru apardılar.

Məşəldaşıyanlar yeridikcə bir-birindən yaraşıqlı binaların, müalicə-sağlamlıq ocaqlarının yanından keçirdilər. Baxdıqca sirli-sehirli Naftalanın tarixi, taleyi yada düşürdü.

Loğman qüdrətli, dünya şöhrətli Naftalanın sorağı əsirlərin dərinliyindən gəlir. Bilənlər deyirlər ki, naftalan neftinin 70-dən çox xəstəliyin, xüsusən  hərəkət-istinad, nevroloji, damar, uroloji, ginekoloji və dəri xəstəliklərinin müalicəsində böyük faydası var.

Bu əvəzsiz sərvətdən  hələ qədimlərdə  istifadə olunurmuş. Vaxt  olub  onu  tuluqlarda  karvan  yolu  ilə  uzaq  ellərə, Asiya   ölkələrinə,  xüsusən   Ərəbistana  daşıyırdılar. 1892-ci ildə alman mühəndisi Y.Egerbu bu yerlərə gələrək ilk dəfə neft çıxarmaq üçün quyular qazdırmışdı. O hətta bu neftdən maz almaq üçün kiçik zavod da tikdirmişdi. Həmin zavoddaNaftalan” və “Kojelon” adlı dərman preparatları hazırlanır, Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyayabaşqa ölkələrə satılırdı.

Ötən əsrin əvvəllərində ölkəmizdə neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Naftalan neftininqazma üsulla çıxarılmasına başlanılmışdır. 1928-ci ildən etibarən onun müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılır, 1930-cu illərdə artıq  Naftalan kurortu qismən də olsa fəaliyyət göstərirdi.

Bu əvəzsiz sərvətdən kütləvi şəkildə istifadənin təşkili ulu öndər Heydər Əliyevin  adı ilə bağlıdır. Ötən əsrin yetmişinci illərində ümummilli lider Heydər Əliyevin qayğısı və köməyi ilə Naftalan kurortu sistemli surətdə inkişaf etməyə başlamışdır. 1982-ci il fevralın 19-da ulu öndərin təşəbbüsü ilə Naftalan kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında qərar qəbul olunmuşdu. Məhz həmin qərar sayəsində “Azərbaycan”, “Şirvan”, “Çinar”, “Goran” sanatoriyaları tikilmiş, Naftalan kurort şəhəri kimi şöhrət qazanmışdı. Ardıcıl surətdə həyata keçirilən çoxsaylı tədbirlər nəticəsində keçən əsrin səksəninci illərində müalicəyə gələnlərin sayı 40 mindən 70 min nəfərə qədər artmışdı.

Təəssüf  ki, 1990-cı illərin burulğanında çox şey sıradan çıxdı. Naftalan kurortunun fəaliyyəti demək olar, tamamilə dayandı. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hər şey tədricən nizama düşməyə başladı. Ölkədə sahibkarlıq  inkişaf etdikcə  “Şəfa vannaları”, “Müalicə sağlamlıq mərkəzi”, “Möcüzəli naftalan”, “Sehirli naftalan” və s. müalicə ocaqları yaradıldı.

Naftalanın bir kurort kimi bərpasında ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin qayğısı da əvəzsizdir. “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramına” uyğun olaraq müalicə xidmətinin, istirahət-əyləncə müəssisələrinin yenidən qurulması ilə bağlı bir sıra tədbirlər görüldü. Qısa müddətdə “Naftalan”, “Çinar” və “Qaşaltı” kimi müasir sanatoriya kompleksləri istifadəyə verildi. “Qaşaltı” sanatoriyasının baş həkimi Şahin Babayev də məşəli qarşılayanlar arasında idi. Arada fürsət tapıb Şahin Babayevlə söhbət edirik: 

- Sanatoriyamız bilavasitə dövlət başçısı İlham Əliyevin göstərişi ilə inşa olunub. Möhtətərəm Prezident Naftalanda olarkən demişdir ki, biz Naftalanın keçmiş şöhrətini bərpa edirik. Naftalan vaxtilə Ümummittifaq turizm mərkəzi idi. Bu gün biz bunu beynəlxalq turizm mərkəzinə çeviririk. Sözün tam mənasında indi Naftalan beynəlxalq turizm mərkəzidir. Bütün sanatoriyalarda, eləcə də bizim beşmərtəbəli “Qaşaltı” sanatoriyasında müalicə və istirahət üçün hər şərait yaradılıb.  Müalicənin və xidmətin səviyyəsi yüksəldikcə il boyu yaxın-uzaq ellərdən gələnlərin sayı artır.

Alov məşəlini qarşılayanlar arasında uzaq ellərdən müalicəyə gələnlər də vardı. Onların ikisi ilə tanış olduq. Viktor Dovcodka  Kiyevdən gəlib. O dedi:

- Ailəlikcə gəlmişik. İkinci ildir ki, burada müalicə olunuram. Kurortun şəraiti gözəl, insanları qayğıkeşdirlər. Ölkənizdə gedən tərəqqi, abadlıq işləri bizi valeh edir. Prezident İlham Əliyevin bir neçə  çıxışına da qulaq asmışam. Əsl rəhbərdir. Həyatın hər sahəsinə nüfuz edir. Ona görə də dünya miqyasında ölkənizin şöhrəti  ilbəil artır.

Yelena Klimova isə Tatarıstandan gəlib. O da müalicənin təşkilindən razılıq etdi. Dedi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi müdrik, qayğıkeş rəhbəri var. Şəhərlərə,  kəndlərə, qəsəbələrə baxıram. Azərbaycan  hər sahədə sürətlə inkişaf edir. Bu yolda xalqınıza uğurlar arzulayıram.

Məşəl aparanlar mərkəzi meydana çatanda alqış sədaları yenidən gurladı. Alov məşəlindən yandırılan çıraq I Avropa  Oyunları başa çatana kimi saxlanılmaq üçün Naftalan şəhər 1 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Lalə Nəbizadəyə təhvil verildi.

Mərasimdə iştirak edən şəhid anası Tərlan Namazova isə öz ürək sözlərini bizimlə belə bölüşdü:

- Bu təntənəli tədbir sözün düzü, məni yaman kövrəltdi: Oğlum Tərlan Namazovun adını daşıyan uşaq bağçası-körpələr evinin bütün kollektivi bu gözəl tədbirə toplaşıb. Mənə elə gəlir ki, oğlumun ruhu da yüzlərlə, minlərlə insan  arasından bu mənzərəni izləyir. Bu tədbir çox böyük uğurlardan xəbər verir. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən İlham Əliyevin dünyanı bürüyən hörmətini, şöhrətini görəndə bir daha yəqin edirsən ki, yaxın vaxtlarda işğal altında olan torpaqlarımız azad olunacaq, belə bir təntənə doğma Qarabağ torpağında qurulacaqdır. Ona da əminəm ki,  I Avropa Oyunlarında ən böyük qələbələri məhz Azərbaycanın idmançıları qazanacaqlar. Bu şərəfli yolda hamıya  uğurlar diləyirəm.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2015.- 15 may.- S. 10.