Parisdə ikinci Fransa-Azərbaycan
biznes forumu keçirilib
Mayın
13-də Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi,
Avropa-Azərbaycan Cəmiyyətinin və “Business France”nin təşkilatçılığı
ilə Parisdə “Şaxələndirilmiş, desentralizasiya
olunmuş iqtisadiyyata doğru” mövzusunda ikinci Fransa-Azərbaycan
biznes forumu keçirilib.
Forumu
açan Avropa-Azərbaycan Cəmiyyətinin Paris bürosunun
rəhbəri xanım Mari Laetisiya-Gurdən tədbirin Fransa ilə
Azərbaycan arasında əməkdaşlığın
inkişafında xüsusi rol oynadığını
vurğulayaraq təmsil etdiyi cəmiyyətin əsas məqsədləri
barədə məlumat verib. Bildirib ki, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması, Avropa ilə Azərbaycan
arasında sıx əlaqələr qurulması cəmiyyətin
əsas fəaliyyət istiqamətlərindəndir.
Fransa
ilə Azərbaycan arasında əlaqələrin
inkişafına toxunan ofis rəhbəri son illərdə bu
sahədə nəzərəçarpacaq irəliləyişlərin
olduğunu, Fransa Prezidenti Fransua Ollandın iki dəfə
ölkəmizə səfər etdiyini xatırladıb.
Avropa-Azərbaycan
Cəmiyyətinin ölkəmizin tanıdılması istiqamətindəki
fəaliyyətini yüksək qiymətləndirən Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov forumun iqtisadi
sahədə iki ölkə arasındakı münasibətlərə
yeni töhfələr verəcəyini söyləyib.
Ölkəmizin
Fransanın əsas iqtisadi tərəfdaşlarından biri
olduğunu bildirən səfir deyib ki, zəngin təbii
ehtiyatlara malik Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi
və regionların iqtisadi inkişafı dövlətin əsas
prioritetlərindəndir.
Azərbaycanın
Fransa ilə iqtisadi, mədəni, idman, turizm və digər
sahələrdə əməkdaşlıqda maraqlı
olduğunu vurğulayan səfir şəhərlərimiz
arasında dostluq xartiyasının imzalandığını,
Fransa tərəfinin də buna xüsusi dəstək verdiyini
bildirib.
Elçin
Əmirbəyov Azərbaycan hökuməti tərəfindən
sosial-iqtisadi inkişafla bağlı müxtəlif Dövlət
proqramlarının həyata keçirilməsinin regionlarda
infrastrukturların yaranmasına xidmət etdiyini, bunun da nəticəsində
xarici investorların bölgələrə diqqət yetirməsini
və sərmayə yatırmasını, nəticədə
bir milyondan artıq yeni iş yerinin açılmasını,
kənd təsərrüfatının inkişafı ilə əlaqədar
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsini
xüsusi vurğulayıb.
Səfir
sabit və müstəqil ölkə olan Azərbaycanın bir
sıra enerji layihələrinin təşəbbüskarı
və aparıcı qüvvəsi kimi çıxış
etdiyini, informasiya və kommunikasiya texnologiyaları ilə
bağlı bir sıra layihələrin uğurla həyata
keçirildiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi
baxımından etibarlı tərəfdaş olduğunu
bildirib.
Son Dünya İqtisadi Forumunda dünya rəqabətlilik reytinqdə Azərbaycanın region ölkələr arasında birinci yerdə olduğunu xatırladan diplomat Cənubi Qafqaz bölgəsinin ümumdaxili məhsul həcminin 75 faizinin ölkəmizin payına düşdüyünü qeyd edib və hər il Gəncədə təşkil edilən beynəlxalq şərabçılıq festivalında Fransanın qonaq qismində iştirakını yüksək dəyərləndirib.
Avropa qitəsində ən böyük idman tədbiri olacaq “Bakı-2015” ilk Avropa Oyunlarına 28 gün qaldığını xatırladan Elçin Əmirbəyov forum iştirakçılarını bu oyunlarda iştirak etmək üçün Azərbaycana, xalqımızın zəngin mədəni dəyərləri ilə yaxından tanış olmağa dəvət edib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxışında ötən forumla müqayisədə bu il təşkil olunan tədbirdə iştirakçıların sayının çoxluğunu ölkələrimiz arasında əməkdaşlığın yüksək göstəricisi kimi qiymətləndirib.
Azərbaycanın iqtisadi cəhətdən Cənubi Qafqaz və Xəzər dənizi bölgəsində ən inkişaf edən, qabaqcıl Avropa ölkələri arasında layiqli yeri tutan ölkə olduğunu diqqətə çatdıran fransız diplomatı hazırda hökumətin qeyri-neft sektorlarının inkişafına xüsusi diqqət yetirdiyini, bununla əlaqədar müxtəlif layihələrin həyata keçirildiyini bildirib.
Ölkələrimiz arasındakı mövcud əlaqələrə toxunan səfir Bakıda Fransız-Azərbaycan Universitetinin yaranmasına dair niyyət məktubunun imzalandığını, hava məkanı üçün yeni Airbüs təyyarələrinin alındığını, şəhər infrastrukturlarının inkişafında Fransanın yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Fransa və Azərbaycanın müxtəlif şirkət nümayəndələrinin forumdakı “Azərbaycan Fransa və Avropa İttifaqının strateji iqtisadi tərəfdaşıdır”, “Xarici investorlar üçün Azərbaycanın cəlbediciliyi, bazarın vəziyyəti islahatlar və perspektivlər”, “Prioritet qismində iqtisadiyyatın şaxələnməsi - Azərbaycan Cənubi Qafqazın qabaqcıl bazarı rolunda” və digər mövzularda çıxışlarında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan bəhs olunub, Avropa İttifaqının qonşuluq siyasəti və Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycanla iqtisadi, elm, təhsil və digər sahələrdə layihələrin uğurla həyata keçirildiyi vurğulanıb, ölkəmizin Dünya Ticarət Təşkilatına üzv olması istiqamətində danışıqlar aparıldığı qeyd edilib.
Forum çərçivəsində Bakı-2015-ci il ilk Avropa Oyunlarının təqdimatı keçirilib. Qeyd olunub ki, Avropa Oyunları ilə bağlı hazırlıq işləri başa çatıb. Müasir üslubda inşa olunan yeni stadion artıq hazırdır. Sağlam rəqabət şəraitində keçiriləcək yarışlarda 16 olimpiyada və 4 qeyri olimpiada idman növündə 6 min idmançı öz qüvvəsini sınayacaq. Oyunlar, həmçinin Fransanın “L’Equipe” televiziya kanalı vasitəsilə də yayımlanacaq. Oyunların gedişatını minə yaxın jurnalist işıqlandıracaq.
Sonda Avropa Oyunları ilə bağlı videoçarx göstərilib. Forum iştirakçıları bu mühüm idman tədbirinə həsr olunan fotosərgi ilə tanış olublar.
Əsgər
Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2015.- 15 may.- S. 13.