Hünər səhifələri
Faşizm üzərində Qələbədən
70 il keçir
Faşizm üzərində Qələbənin 70 illiyində xatirələr bizi bir daha o qanlı-qadalı, son dərəcə dəhşətli, ağır müharibə illərinə qaytarır. Həmin illəri xatırlamaq həm ağır, həm də şərəflidir. Çünki o müharibədə Azərbaycan xalqının 600 minədək oğul və qızı, o cümlədən 30 minə yaxın naxçıvanlı qəhrəmancasına vuruşmuşdur.
Ön cəbhədə alman faşist işğalçılarına qarşı döyüşən naxçıvanlılardan biri də Ağa Həsən oğlu Ağayev olmuşdur. A.Ağayev 1906-cı ildə Naxçıvan şəhərində həkim ailəsində anadan olmuş, uşaq ikən ata-anadan yetim qalıb, 1917-1922-ci illərdə Naxçıvan şəhərində fəaliyyət göstərən “Sahibsiz çocuqlar yurdu”nda boya-başa çatmışdır. 1922-ci ildə Naxçıvan birinci dərəcəli oğlan məktəbində ibtidai təhsilini başa vuran Ağa Ağayev Bakıda iki il fəhlə fakültəsində oxumuşdur. 1928-1930-cu illərdə Azərbaycan diviziyasının ibtidai bölüyündə qulluq etmişdir.
Sonrakı illərdə Ağa Ağayev “Azneft”də və duz mədənində fəhlə, radioda və kinoda kamançaçalan, diktor, “İşçi-kolxozçu” qəzetində müxbir, teatrda aktyor və başqa vəzifələrdə çalışmışdır.
Ağa Ağayevin şəxsi arxivində mühafizə olunan bir sənəd, 1938-ci ildə Moskvaya - Voroşilovun adına vurulan teleqram diqqəti cəlb edir. Bu teleqram əslində şairin vətənpərvərlik duyğularının ifadəsidir. Teleqramda deyilir: “Xahiş edirəm Naxçıvan MSSR Hərbi Komissarlığına sərəncam verəsiniz ki, məni Vətənimizi yapon işğalçılarından qorumaq üçün Uzaq Şərq ordusuna göndərsin”.
Onun düşməni məhv etmək arzuları 1941-ci ildə faşist Almaniyasına qarşı orduya səfərbərliyə alınarkən daha da alovlanıb. O, cəbhəyə gedərkən son iş yeri “Şərq qapısı” qəzeti redaksiyası olub. Bu redaksiyada korrektor, texniki katib, xüsusi müxbir və ədəbi işçi işləmişdir.
Müharibənin ağır illərində Ağa Ağayev Poltava, Xarkov, Starobelsk, Voronej, Kursk cəbhələrində vuruşmuş, üç dəfə yaralanmış, 1943-cü ildə ağır yaralandığı üçün arxa cəbhəyə göndərilmişdir.
7 mart 1942-ci ildə səngərdən öz ailəsinə göndərdiyi barıt qoxulu məktubunda yazırdı: “Əzizlərim! Hazırda mən şən və xoşbəxt həyatımızı əlimizdən almağa çalışan hitlerçi cəlladlara qarşı vuruşuram. Onlar heç bir zaman istəklərinə nail ola bilməyəcəklər! Gündəlik qəzetləri oxuyursunuzmu? Faşistlər doğma Qızıl ordumuzun amansız zərbələri altında geri çəkilirlər.
Quduzlaşmış hitlerçilər geri çəkilərkən kəndləri yandırır, günahsız körpələri odlara atırlar. Uşaqları süngüdən keçirirlər.
Əzizim Fatma, uşaqlardan muğayat ol! Onların dərslərinə həmişə özün bax. Məndən nigaran qalma. Son damla qanım qalanadək vətənə sadiq qalacağıma and içirəm. Vətənin müdafiəsindən şərəfli nə var, əzizim?! Məndən qohum-əqrəbaya salam söylə.
Tezliklə görüşərik!
Sizin Ağa Ağayev.
7 mart 1942-ci il”.
Ağa Ağayev ordudan qayıdandan sonra da redaksiya ilə əlaqəsini üzməmiş, “Felyetonçu” və “Cəngavər” imzaları ilə mərd oğullarımızın qəhrəmanlıqları barədə yazılar yazmış, xalq təsərrüfatının müxtəlif sahələrində təsadüf edilən əyrilikləri ifşa edən şeirlərlə mətbuatda çıxış etmişdir. Onun Hitler Almaniyasının fitnələrini hədəf alan şeirləri müharibə illərində dillər əzbəri olmuşdur. Bu şeirlərin sayı 500-ə yaxındır. “Partladı top mərmisi Berlində də”, “Canın üçün”, “Açıq məktub”, “Zəhmət olmasa çəkil”, “Gedib əldən” belə şeirlərdəndir.
* * *
1942-ci ilin may ayı... Stalinqrad uğrunda şiddətli döyüşlər
gedir... Don çayının
yaxınlığındakı meşələr və təpələrin arası
faşist quldurları
ilə doludur. Çayın sahilindəki
müşahidə məntəqəsində
yalnız iki nəfər var: polk komandiri
Veniamin Aleksandroviç
Xolin, onun sürücüsü, həmyerlimiz
Qurban Abdulla oğlu Qurbanov.
Vəziyyət gərgindir... Telefon xətti
kəsildiyindən hissə
ilə əlaqə saxlamaq mümkün deyil. Faşistlərin də hücumu
gözlənilir. Məhv olmaq,
ən yaxşı halda isə əsir düşmək qorxusu var. Lakin Qurbanın qorxmazlığı
onları yaxınlaşan
fəlakətdən xilas
etdi.
Qurban burada göstərdiyi şücaətə
görə “Stalinqradın
müdafiəsinə görə”,
sonra “Döyüş
xidmətlərinə görə”
medalı ilə təltif edildi.
Müharibədən qabaq Naxçıvan MSSR Xalq Komissarlığında çalışan
sürücü Qurban
Qurbanov 24 iyun
1943-cü ildə öz
iş yoldaşlarına
göndərdiyi məktubunda
yazır: “Sizə səmimi döyüşçü
salamlarımı yetirir
və əllərinizi
sıxıram. Mən Naxçıvan
MSSR Xalq Komissarlığında
necə çalışırdımsa,
cəbhədə ondan
on qat artıq gücümlə çalışıram.
Komandirlərim mənim işimə
yüksək qiymət
verirlər. 4 dəfə təşəkkür
almışam və
1943-cü ilin yanvar ayında “Döyüş
xidmətinə görə”
medalı ilə təltif edilmişəm.
Özüm də qvardiyaçı
şoferəm. İndi Stalinqrad
cəbhəsində almanlardan
qənimət alınmış
avtomobildə işləyir,
düşmənin tezliklə
məhv edilməsi uğrunda yorulmaq bilmədən çalışıram.
Şoferi olduğum polkovniki
hara göndərirlərsə,
məni də özü ilə aparır. O çox yaxşı və qayğıkeş adamdır.
Əziz
iş yoldaşlarım!
Qəhrəman ordumuzun qış
hücumu zamanı çoxlu sovet şəhərini və kəndini əclaf düşməndən azad
etdik. Alman faşistlərinin dinc sovet əhalisinə
verdiyi əzabın şahidi oldum. Bu məni düşmənə
qarşı daha amansız olmağa çağırır. Düşmənə elə bir zərbə
vuracağıq ki, o bir daha özünə
gələ bilməyəcəkdir.
Məndən ailə üzvlərinizə və
bütün tanışlara
salam söyləyin.
Hörmətlə:
Sizin Qurban Qurbanov.
24 iyun 1943-cü il”.
Döyüş tapşırıqlarını həmişə
şərəflə yerinə
yetirən, öz komandirini dəfələrlə
fəlakətdən qurtarmış
bu cəsur əsgəri, mahir sürücünü cəbhə
dostları böyük
məhəbbətlə sevirdilər.
Polk komandiri Xolin
döyüş saatlarında
da, istirahət vaxtı da, hətta yemək stolu arxasında da bir an olsun
Qurbandan ayrılmır,
onun simasında öz xilaskarını görürdü.
Qurban Qurbanov cəbhə dostları ilə birlikdə qardaş Litvanın, Latviyanın və Estoniyanın azadlığı
uğrunda döyüşlərdə
də fəal iştirak etdi. Uçub dağılmış
şəhər və
kəndləri, alovlarda
yanan zəmiləri, “oğul!” deyə haray çəkən anaları, alovlarda yandırılan körpələri
gördükcə qəlbində
düşmənə qarşı
nifrət alovlanırdı.
O, Baltikyanı respublikaların
azadlığı uğrunda
gedən döyüşlərdə
göstərdiyi şücaətə
görə iki dəfə “Qırmızı
Bayraq” ordeni ilə təltif edilmişdir.
Qurban Qurbanov Belqrad, Vitebsk və Şaulya şəhərlərinin faşist
işğalından azad
olunmasında göstərdiyi
xidmətlərə görə
üç dəfə
Ali Baş Komandanlığın
təşəkkürünü almışdı.
Sinəsində avtomat Arazın günəşli sahilindən
Oderə qədər vüqarla addımlamış,
gözü ilə odlar, alovlar görmüş Qurban Qurbanov 1945-ci ildə faşist Almaniyası üzərində Qələbə
medalı ilə də təltif edilmişdir.
Müharibə qələbə ilə qurtardı. Bir çoxları kimi,
Qurban da öz doğma ocağına, ailəsinin,
övladlarının yanına
qayıtdı. Uzun illər
sürücü işləyən
Qurban Qurbanov 2000-ci ildə Naxçıvan şəhərində vəfat
etmişdir.
Fəxrəddin CƏFƏROV,
Naxçıvan Muxtar Respublikası
Arxiv
İdarəsinin rəisi, tarix üzrə elmlər doktoru
Azərbaycan.-2015.-
15 may.- S. 14.