1941-1945-ci illər müharibəsində qələbənin
qazanılmasında Azərbaycan alimlərinin rolu
Faşizm üzərində Qələbədən
70 il keçir
Hitler Almaniyası üzərində tarixi qələbənin qazanılmasının 70 illiyi tamam olur. Qələbə bayramının yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli sərəncamı ilə “1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin Tədbirlər Planında nəzərdə tutulan olduqca mühüm və silsilə tədbirlərin həyata keçirilməsində iştirak edəcək müvafiq nazirlik, komitə, idarə və təşkilatlar arasında Azərbaycan Milli Elmlər Akademiyasının da adı var.
Hamıya yaxşı məlumdur ki, faşizm üzərində tarixi qələbədə Azərbaycanın və onun paytaxtı Bakının xidmətləri böyük olmuşdur. SSRİ-də ötən əsrin 40-cı illərinin əvvəlində istehsal olunan neftin 75 faizini Bakı verirdi, cəbhənin yanacaq-sürtkü materiallarına tələbatının 96 faizini təmin edirdi.
Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan alimlərinin çoxcəhətli fəaliyyəti də öz rolunu oynamışdır. Onların bir qismi müdafiə sənayesinin inkişafı, kadrların hazırlanması ilə məşğul olmuş, bir qismi müharibədə düşmənə qarşı qəhrəmancasına vuruşmuşdur.
Müharibə dövrünə müvafiq olaraq dövlət idarəetmə sistemində dəyişikliklər edildiyi kimi, elmi tədqiqatların mərkəzləşdirilmiş qaydada idarə olunması istiqamətində də mühüm tədbirlər həyata keçirildi. 1941-ci ilin yanvarında “SSRİ Elmlər Akademiyasının filialları haqqında Əsasnamə” qəbul edildi. Akademiyanın Azərbaycan Filialı respublikadakı bütün alimlərin qarşısına müharibə şəraitində həll edilməli olan çox mühüm vəzifələr qoydu.
Müharibə başlayanda Azərbaycan Filialının nəzdində 22 institut, 4 muzey və botanika bağı fəaliyyət göstərirdi. Həmin elm ocaqlarında çalışan 496 nəfər əməkdaşdan 174-ü elmi işçi idi.
SSRİ EA-nın Azərbaycan Filialının ilk sədri məşhur geoloq İ.M.Qubkin olmuş, sonra onu kimyaçı akademik S.S.Namyotkin əvəz etmişdir. 1944-cü ildə bu vəzifəyə H.N.Hüseynov seçilmişdir. Adları çəkilən alimlər o illərdə Azərbaycanda elmin inkişafı üçün çox işlər görmüşlər. Filialın əhatə etdiyi ən iri müəssisələr Geologiya İnstitutu, Kimya İnstitutu, Torpaqşünaslıq sektoru və başqaları idi. Bu illərdə Azərbaycanda mövcud olan 16 ali məktəb də öz elmi fəaliyyətini ölkənin hərbi ehtiyaclarına uyğunlaşdırmaq üçün yeni iş forma və metodları axtarıb tətbiq etmək məcburiyyətində idi.
SSRİ EA Rəyasət Heyətinin 23 noyabr 1941-ci il tarixli qərarına əsasən akademiyanın Azərbaycan Filialında elmi-tədqiqat işlərinin tematikasına xüsusi komissiya tərəfindən yenidən baxıldı, onlar müharibə vəziyyətinə uyğunlaşdırıldı, hərbi təşkilatlar və ölkənin müdafiəsinə xidmət edən müəssisələrlə əlaqələr möhkəmləndirildi. Beləliklə, respublika alimlərinin tədqiqat işlərində müdafiə problemləri əsas yer tutdu.
Müharibənin törətdiyi hər cür çətinliklərə baxmayaraq, Azərbaycan alimləri elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirmiş, ölkədə kimya, riyaziyyat, astronomiya, fizika, biologiya və ictimai elmlərin inkişafına mühüm töhfələr vermişlər.
Elmi-tədqiqat institutlarından və ali məktəblərdən minlərlə elmi işçi, müəllim, aspirant könüllü surətdə ərizə verib müharibəyə yola düşdü, onların bir qismi müharibə alovlarında həlak oldu.
Azərbaycan alimləri də, bütün sovet xalqı kimi, müdafiə fondunun yaradılması məqsədilə kütləvi vətənpərvərlik hərəkatına qoşulmuş, az müddət ərzində fonda xeyli pul vəsaiti, paltar, qızıl-gümüş, kitab və başqa əşyalar toplayıb təqdim etmişlər.
Döyüşən orduya və hospitallarda müalicə olunan yaralılara göstərdikləri təmənnasız yardıma görə İ.V.Stalin 1943-cü ildə SSRİ EA Azərbaycan Filialının sədr müavini H.N.Hüseynova teleqram göndərmişdir. Teleqramda deyilirdi: “Qızıl Ordunun zirehli tank qüvvələrinə göstərdiyiniz qayğıya görə mənim salamımı və Qızıl Ordunun təşəkkürünü qəbul edin”.
Yeri gəlmişkən qeyd edək ki, İ.V.Stalin belə məzmunda bir teleqramı 10 mart 1943-cü il tarixdə öz şəxsi vəsaitindən Qızıl Ordu hesabına 25 min manat köçürmüş dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyliyə də göndərmişdir. Orada belə yazılmışdır: “Yoldaş Hacıbəyov, Qızıl Ordunun zirehli tank qüvvələrinə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirəm. Mənim salamımı və Qızıl Ordunun minnətdarlığını qəbul edin”.
Digər ziyalılarımız da görkəmli kəşflərinə görə aldıqları dövlət mükafatlarını ölkənin müdafiə fonduna köçürürdülər.
Misal üçün, tanınmış alim, geologiya-mineralogiya elmləri doktoru Əhəd Yaqubov birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görülmüş və o, aldığı 200 min manatı “Qabaqcıl elm uğrunda” tank dəstəsinin yaradılması fonduna köçürmüşdür.
Azərbaycan alimləri müharibə illərində geniş təbliğat-təşviqat işləri də aparırdılar. Onlar hərbi hissələrdə, sənaye müəssisələrində, hospitallarda, məktəblərdə, kənd əməkçiləri qarşısında vətənpərvərlik ruhunda məruzələr oxuyur, söhbətlər aparırdılar. Yaradılmış lektor qruplarında H.Hüseynov, M.Dadaşzadə, Q.Dadaşov, S.Vurğun, İ.Hüseynov, Z.İbrahimov, F.Valuyev, M.Qazıyev, E.Tokarjevski, B.Axundov, M.Səlimov, M.Qasımov kimi alimlər fəal iştirak edir, insanları qəsbkarlara qarşı mübarizəyə səsləyirdilər.
Müharibə illərində alimlərin döyüşən ordunun əsgər və zabitləri qarşısında çıxışları da xüsusi əhəmiyyət kəsb edirdi. Bu mənada 1941-ci ilin sonunda Azərbaycanın tanınmış ziyalılarından Heydər Hüseynov, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov və başqaları Novorossiysk rayonunda cəbhədə olub azərbaycanlı döyüşçülərlə görüşmüş və söhbətlər aparmışdılar.
Neftçıxarma və neft məhsullarının istehsalı ilə bağlı olan sahələrdə çalışan elmi işçilər və mütəxəssislər isə ölkəyə daha çox neft vermək, onun istehsalını artırmaqda fəhlələrə hər cür kömək göstərirdilər.
Kimyaçı alimlər benzin istehsalının artırılması, mühərrik və sürtkü yağlarının keyfiyyətinin yaxşılaşdırılması üçün kimyaçılarla birlikdə yeni metodlar tətbiq edirdilər. SSRİ EA-nın prezidenti V.L.Komorovun 15 may 1944-cü il tarixli əmri ilə akademiyanın Azərbaycan Filialının tərkibində ayrıca Neft İnstitutunun yaradılması müharibə şəraitində qarşıya çıxan problemlərin həllində müstəsna rol oynamışdır.
Müharibə illərində həyata keçirilmiş tədqiqatlar arasında kimyaçı alim Yusif Məmmədəliyevin tədqiqatlarının xüsusi əhəmiyyəti olmuşdur. Onun xidmətlərindən biri odur ki, yüksək keyfiyyətli aviabenzinin istehsal prosesini işləyib hazırlamış, nəticədə aviasiya yanacağı və yağının istehsalını 30 faiz artırmaq mümkün olmuşdu.
Y.Məmmədəliyevin tədqiqat işlərinin elmi xarakteri ona xaricdə geniş şöhrət qazandırdı, alimin rəhbərliyi ilə əldə edilən strateji raketlər üçün yanacağın alınması onu bütün dünyada məşhur etdi. Alim Yuri Qaqarinin kosmosa uğurlu uçuşu münasibətilə 1961-ci il aprelin 14-də Moskvada, Qızıl meydanda keçirilən nümayişə dəvət olundu.
1941-1945-ci illərdə kimya və neft-kimya sənayesində 60-dan artıq yeni istehsalat müəssisəsi tikilib istifadəyə verilmiş, 300-dən çox mühüm ixtira və texnoloji üsul istehsalata tətbiq edilmiş, bu da nəticə etibarilə 100-dən çox kimyəvi məhsulun kütləvi istehsalına imkan vermişdi.
Müharibə şəraitində də Azərbaycanda elmi kadrların hazırlanmasına diqqət azalmamışdı. Belə ki, 1941-1945-ci illərdə respublikada 30 nəfər doktorluq, 185 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.
Bu gün ölkəmizin hər bir vətəndaşı Azərbaycan elminə dünya şöhrəti gətirmiş, faşizm üzərində Qələbənin qazanılmasında əvəzsiz rol oynamış Y.Məmmədəliyev, M.Mirqasımov, M.Topçubaşov, M.Qaşqay, Ü.Hacıbəyli, Ə.Yaqubov, M.Paşayev, İ.Orucova, R.İsmayılov, İ.Hüseynov, Ş.Mehdiyev, Z.Bünyadov, M.Abbasov, H.Əliyev və başqa alimlərlə fəxr edə bilər.
Düşmən üzərində tarixi qələbənin əldə edilməsində göstərdikləri xidmətlərə görə Azərbaycanın 100-dən çox alimi SSRİ-nin orden və medalları ilə təltif edilmiş, 7 alim dövlət mükafatına, 50 elmi işçi Azərbaycanın əməkdar elm xadimi adına layiq görülmüşdür.
Müharibənin qələbə ilə başa çatmasına az qalmış Azərbaycan xalqının həyatında çox əlamətdar hadisə baş verdi. Bu, 23 yanvar 1945-ci ildə SSRİ EA-nın təklifi ilə SSRİ XKS-nin Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunması haqqında verdiyi qərar idi. Həmin qərara müvafiq olaraq respublika XKS-nin 27 mart 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialı respublikanın müstəqil Elmlər Akademiyasına çevrildi.
Məmmədağa
SƏRDAROV,
AMEA Fəlsəfə
və Hüquq İnstitutunun
aparıcı elmi işçisi,
siyasi elmlər üzrə fəlsəfə
doktoru, əmək veteranı
Azərbaycan.-2015.- 15 may.- S. 14.