Zaqatalalı döyüşçü

 

Faşizm üzərində Qələbədən 70 il keçir

 

Beş il əvvəl - faşizm üzərində Qələbənin 65-ci ildönümü ərəfəsində Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan 3 “Şöhrət” ordenli Muradəli Heydərovu görəndə də belə düşünmüşdüm: sıraları seyrəlməkdə olan bütün İkinci Dünya müharibəsi veteranları bir-birinə çox oxşayır. Sinələrindəki orden-medallardan tutmuş oturub-durmaqlarına, baxışlarına, səslərinə, söz-söhbətlərinə, böyük-kiçiyə həssas münasibətlərinə qədər bir-birlərinə çox bənzəyirlər. Əlbəttə, illər, zaman onların yanından elə-belə keçib getməyib. Aralarında ömür-gün yoldaşını, övladını itirən də var, müharibənin ağrı dolu qəlpələrini canında gəzdirən də, durub otaqdan-otağa keçmək üçün nəvə-nəticə köməyinə möhtac olan da. Ancaq elə ki orden-medallarını taxdıqları pencəyi geyindilər, gümrahlaşır, səsləri qətiyyətlə, inamla dolur, baxışlarından od yağır.

Onların ömrünə ömür qatan orden-medallı geyimlərində tez-tez qonaq çağırılmaları, tədbirlərə, görüşlərə, mərasimlərə dəvət edilmələridir. Bir də, şübhəsiz ki, dövlətin veteranlara göstərdiyi yüksək qayğı! Bu yaxınlarda Prezident İlham Əliyevin veteranlaraveteran ailələrinə birdəfəlik maddi yardımla bağlı imzaladığı sərəncam bu fədakar insanların həyat eşqini daha da artırdı.

...Ötən ilin payızında Zaqatala Rayon İcra Hakimiyyətində İkinci Dünya müharibəsi veteranları ilə görüş keçirilirdi. RİH başçısı Mübariz Əhmədzadə dedi ki, gəlin daha çox söz-söhbətləri sinələrinə sığmayan veteranlarımızı dinləyək. Onların hər birinin çıxışı, xatirələri, döyüş, müharibə haqqında fikirləri gənclərimizin vətənpərvərlik ruhunun artırılması üçün böyük əhəmiyyətə malikdir.

Həmin görüşdə nəinki gənclər, digər tədbir iştirakçıları da veteranları böyük maraqla dinlədilər. Bir daha bəlli oldu ki, bu qocaman döyüşçülərin həyat, ordu, müharibə, vətən sevgisi, cəsurluq, qəhrəmanlıq haqqında söhbətlərinə, öyüd-nəsihətlərinə nə qədər ehtiyac var.

Həmin tədbirin iştirakçılarından biri ilə bu günlərdə yenə görüşdük. Adil Həmzət oğlu Heydərovla.

Adil kişi 1924-cü ildə Zaqatala rayonunun Suvagil kəndində doğulub. 1941-ci ildə kənddəki səkkizillik məktəbi bitirib Zaqatala pedaqoji məktəbinin doqquzuncu sinfinə daxil olub. Axırıncı sinifdə oxuyarkən 1942-ci ilin noyabr ayında ordu sıralarına yollanıb. Hərbi xidməti Ağstafa şəhərindən başlanır. Bir neçə gündən sonra Tovuzda açılmış kiçik komandirlər hazırlayan kursa göndərilir və ay yarımlıq müddətdə radioteleqrafçı ixtisasına yiyələnir. Kursdan sonra Ağstafada təzəcə təşkil olunmuş 44-cü minaatan briqadasının 158-ci alayına göndərilir:

- Bu alayın tərkibində KirovakanVaziani hərbi təlim məntəqələrində döyüş hazırlığı keçdikdən sonra Bryansk şəhərinə gəldik və döyüşə atılacağımız günü gözlədik.

Adil Heydərovun döyüş yolu Belarusdan keçib, sovet Litvasının, Şərqi Prussiyanın azad edilməsində iştirak edib. 1945-ci ilin 10 aprelində isə Keniqsberq (Kalininqrad) şəhəri təslim olub.

- Döyüşlərdə iki dəfə yaralanmışam. Ordudan 1947-ci ildə I qrup əlil kimi tərxis olunmuşam.

Alman faşistlərinə qarşı döyüşlərdən 2 orden, 17 medal 8 döş nişanı ilə qayıdan Adil Heydərov yarımçıq qalmış pedaqoji təhsilini bitirdikdən sonra 1948-ci ildə Suvagil kənd yeddiillik məktəbinə müəllim göndərilir. 1949-1951-ci illərdə M.F.Axundov adına Rus Dili İnstitutunda təhsil aldıqdan sonra bu dəfə Suvagildəki səkkizillik məktəbdə işləyir. 1952-ci ilin may ayında Zaqatala Rayon Partiya Komitəsində təlimatçı vəzifəsinə irəli çəkilir. Sonralar ilk partiya təşkilatlarında katib vəzifəsində çalışır.  

- 1954-cü ilin axırında öz xahişimlə pedaqoji fəaliyyətə qayıtdım. 1961-1965-ci illərdə Gözbarax kənd orta məktəbində rus dili müəllimi işlədim. Təhsil Nazirliyinin fəxri fərmanına Əməkdə fərqlənməyə görəmedalına layiq görüldüm. 1965-ci ildə Yeni Suvagil kənd orta məktəbində qiyabi şöbənin müdiri, 1966-cı ildən isə həmin məktəbin direktoru vəzifələrində çalışdım. 40 il - 1971-2011-ci illərdə ibtidai hərbi hazırlıq müəllimi kimi fəaliyyət göstərdim.      

Adil Heydərovun 70 illik pedaqoji

 stajı var. Bu 70 ilin 64 ilini fasiləsiz olaraq müəllim işləyib. Sonra kənddə veteranlar şurasının sədri, rayon əlillər cəmiyyətində veteranlar şurasında katib, müavin kimi ictimai işlərin öhdəsindən layiqincə gəlib.

9 övladı, 20 nəvəsi, 9 nəticəsi olan Adil kişi ömrünün 92-ci ilinin astanasındadır. Bir əsrə bərabər ömür sürmək, özü yaşadığı ömrü mənalı yaşamaq, elə-obaya, xalqa həmişə gərəkli olmaq hər insana nəsib olan qismət deyil. Bu gün işdən-gücdən qalmayan, hərbi-vətənpərvərlik mövzusunda tədbirlərdə, gənclərlə görüşlərdə iştirak edən Adil müəllim dövlətimizin, Prezident İlham Əliyevin orduya qayğısından, veteranlara, müharibə əlillərinə, şəhid ailələrinə diqqətindən razılıqla danışır. Deyir ki, ömrü boyu müxtəlif sahələrdə çalışsa da, özünü həmişə döyüşçü kimi hiss edib:

- Bu döyüşçü ruhum məni əmin edir ki, erməni işğalçılarından torpaqlarımızı tezliklə azad edəcəyik.

Beləcə, vətənini, torpağını canından çox sevən zaqatalalı döyüşçüyə cansağlığı, qələbə sevincləri arzulayıb ondan ayrılmaq istəyərkən bir arzusunu da dilə gətirir:

- Faşizm üzərində Qələbənin 70 illiyini belə qarşıladıq. Erməni faşistləri üzərində qələbədən sonra məndən bir müsahibə alarsan.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2015.- 15 may.- S. 14.