Əruzşünaslıq elminin
banisi
Əkrəm Cəfər-110
Əkrəm Cəfər 1905-ci il mayın 5-də Azərbaycanın ucqar bir guşəsində - Lahıcda anadan olmuşdur. Atası tacir Hacı Səftər, anası Mixək xanım idi. Şərqin bir çox müqəddəs yerlərini ziyarət edən Hacı Səftər oğlunu comərd və kəramətli görmək istəyirdi. Ona görə də ərəbcə bu sözlərin mənasını verən Əkrəm adını seçir. İllər keçəcək və Hacı Səftər öz gümanında yanılmayacaqdı.
Lahıc Şirvanın qədim və tanınmış ticarət mərkəzi, həm də elmə, maarifə meyilli ocaqlarından biri idi. Əkrəm 1920-ci ilə qədər Lahıcdakı mollaxanada təhsil alır, burada “Quran”ı tamam-kamal başa vurur, ərəb və fars dillərini öyrənir, “Bustan”ı, “Gülüstan”ı əməlli-başlı mənimsəyir.
1920-ci ildə Lahıcdan Bakıya gəlir və darülmüəllimin pansionuna daxil olur. Tale ona çoxlarına müyəssər olmayan iti zehin, yaddaş və başlıcası, istedad vermişdi. Elə bir istedad ki, Ə.Cəfər bəlkə bütün ömrü boyu, hansı şəraitdə olursa-olsun, o nadir sərvəti qoruya bildi və 12 il sürgün həyatında da onu ruhdan düşməyə qoymadı.
Beşillik təhsil dövründə Ə.Cəfər yorulmaq bilmədən klassik və müasir türk poeziyasını, Azərbaycan ədəbiyyatını öyrənir, Füzuli, Nəsimi, Əbdülhəq Hamid, Tofiq Fikrət yaradıcılığına vaqif olur. Burada ona dərs deyən Hüseyn Cavid klassik poeziyanı bir həyat şirəsi kimi onun qanına, ruhuna yayır.
Təhsil illərində ən çox dostluq etdiyi, Azərbaycanın istedadlı şairi Mikayıl Müşfiq olur. İllər keçəcək, qocaman Əkrəm Cəfər cavan Müşfiqi belə yad edəcəkdi: “O zaman “Qubernator bağı”nda Belinski adına uşaq kitabxanası vardı. Burada cümə günləri “Çocuqlar sabahı” keçirilirdi. Məktəblilər hər cümə günü buraya yığışıb bədii çıxışlar edirdilər. Mən də “Çocuqlar sabahı”na gedirdim, çıxış edən uşaqlara tamaşa edirdim. Uşaqlar arasında bir əsmər oğlan gözə dəyirdi. Onun şeir oxuması mənə çox xoş gəlirdi. Həmin oğlanın özünəməxsus pafosu, əl-qol, baş və mimika hərəkətləri mənə xüsusi təsir bağışlayırdı. Bir dəfə yığıncaqdan sonra bir-birimizə yaxınlaşdıq, tanış olduq. Mən də o zaman şeirə bərk aludə idim. Bizi bir-birimizə bağlayan, sevdirən şeirə məhəbbətimiz idi.
1922-1923-cü ilin dərsləri başlanmışdı. Bir gün həmin əsmər oğlanı - Mikayılı darülmüəllimin dəhlizində gördüm. Gözəl bir sevinc ruhumuzu qapladı. Mikayıl da darülmüəlliminə oxumağa girmişdi. O gündən biz artıq sadəcə tanış deyil, iki yaxın, səmimi dost idik”.
Sonrakı illərdə də bu dostluq davam edir. Bu dostluq sonradan unudulmaz xatirəyə çevriləcək bir fotoda əks olunacaq. Ə.Cəfər Lahıcdan Bakıya gələndə anasının bağışladığı kəhrəba boyunbağını satıb Sabir bağının sağ küncündəki fotodükanda Müşfiqlə şəkil çəkdirəcəkdi.
Darülmüəllimini bitirdikdən sonra Ə.Cəfər iki il Lənkəranda, iki il Qazaxda müəllim işləyir, mətbuatda şeir və məqalələrlə çıxış edir.
Oğlu Sokratın (o, atasının yolunu davam etdirir, alimdir) çox səliqə ilə tərtib etdiyi “Şəxsi dəftər”ə, Ə.Cəfərin 1923-1991-ci illər yaradıcılığını və onun haqqında yazılanları əks etdirən mənbələrin siyahısına baxıram. 1923-cü ildən 1931-ci ilə qədər Ə.Cəfər əsasən mətbuatda şeirləri ilə çıxış etmişdir. “Bir xəyal”, “Rəsmin”, “Çadralı qadın”, “Şərq qadını və işıq”, “Gələcəyə”, “Şeir”, “Zövq içində təhəssür”, “Burjuy dilənçi”, “Lokomotiv”, “Böyük şəhər”, “Hüseyn Cavidə açıq məktub”.
Bəlkə də Ə.Cəfər şeirlə çox ciddi məşğul olsaydı, indi onun şairliyindən söz açardıq. Ancaq Əkrəm Cəfər şeir-poeziya yolunu deyil, elm yolunu seçdi.
Ədəbi mühitdə az-çox tanınan, sevilən, gələcəyin gözəl şairləri ilə dostluq edən Ə.Cəfər 1929-cu ildə S.Vurğun və O.Sarıvəlli ilə birlikdə Moskvaya oxumağa gedir. Bu getməklə 9 il Moskvada qalır, amma Azərbaycanla əlaqəni üzmür. Moskva Dövlət Universitetinin Dil-ədəbiyyat fakültəsini bitirən Ə.Cəfəri son dərəcə çalışqan olduğu və əla oxuduğu üçün elə həmin universitetdə müəllim kimi saxlayırlar. Ə.Cəfər eyni zamanda daha dörd institutda dərs deyir. Akademik N.Marrın tələbəsi olan Əkrəm Cəfər həmin illərdə dilçiliyin müxtəlif problemləri ilə bağlı bir sıra məqalələr yazıb çap etdirir, Kremldə məsul işdə çalışır, SSRİ hökumətinin qanun və sərəncamlarını Azərbaycan dilinə tərcümə edir və eyni zamanda, həmin buraxılışların redaktoru olur. Sonra onu Bakıya çağırır və ADU-nun Ümumi dilçilik kafedrasına müdir təyin edirlər. Ə.Cəfər bu zaman Moskvada müvəffəqiyyətlə namizədlik dissertasiyası (“XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri - 1905-1936-cı illər”) müdafiə etmişdi.
Bakıya qayıdandan sonra Ə.Cəfərin elmi fəaliyyəti bütünlüklə dilçilik istiqamətinə yönəlir, o, bir sıra dərsliklər hazırlayır, eyni zamanda, Moskvada başladığı işi davam etdirir; ədəbiyyat ensiklopediyası üçün Azərbaycan, türk və digər Şərq sənətkarlarının həyat və yaradıcılıq yolunu əks etdirən yığcam məqalələr yazır. Ancaq şübhəsiz ki, onun ən böyük arzusu əruz vəzni haqqında sanballı bir əsər yaratmaq idi. Bu fikri ona müəllimi Hüseyn Cavid təlqin etmişdi.
Arzuları böyük idi. Ancaq...
1942-ci ildə universitetdə, dərsin şirin yerində auditoriyaya bir neçə “məlum” və o zaman hamının gözlədiyi silahlı adam daxil oldu.
- Siz bizimlə getməlisiniz, Əkrəm müəllim.
Məhkəməsiz-filansız onu pantürkizmdə, panislamizmdə və Kirill əlifbasına qarşı çıxmaqda günahlandırıb 7 il həbs cəzası kəsirlər.
Sonralar 1989-cu ildə Əkrəm Cəfər xatirələrinin birində yazırdı: “Stalin dövründə yalnız insanları deyil, elmi də, sənəti də zorlayırdılar. Bu dövrdə Stalin haqqında şeir yazmayan şairi “xalq düşməni” sayırdılar. Sən necə şairsən ki, xalqların atası haqqında “məhəbbət” ifadə etmirsən? Özü də onun haqqında cəmi bir, iki, beş şeir deyil, bir kitab”.
1942-1949-cu illərdə Ə.Cəfər Rusiyanın bir çox şəhərlərində və Orta Asiyada sürgün həyatı keçirir. Qeyd etdiyimiz kimi, Tanrı ona ağıl və istedad vermişdi. Həmin 7 ildə Əkrəm Cəfər çox sürətlə Orta Asiya xalqlarının bir çox dillərini öyrənir, hətta türkmənlərə onların dilində “Quran”ı aydın və sadə dildə başa salırdı.
1949-cu ildə sürgün həyatı başa çatır, amma Stalin rejimi hələ sarsılmamışdı və Ə.Cəfər daha 5 il Türkmənistanda yaşamalı olur. Nəhayət, “ellər atası”nın ölümündən sonra, 1954-cü ildə bəraət alıb Azərbaycana qayıdır.
Əkrəm Cəfər sanki üstündən 12 il keçməsinə baxmayaraq, hər şeyi “unudur” (əslində heç nəyi unutmamışdı). Dərhal illər boyu ürəyində yaşatdığı bir arzunu həyata keçirməyə başlayır. Azərbaycan poeziyasında minillik tarixi olan əruz şeirinin elmi baxımdan bünövrə daşlarını hörür. Təfsilata varmadan deyə bilərik ki, 1977-ci ildə “Elm” nəşriyyatı tərəfindən çap olunan “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” (ərəb, fars, tacik, türk və özbək əruzları ilə müqayisədə) Ə.Cəfərin şah əsəridir. Bu, elə bir kitabdır ki, klassik poeziya araşdırıcıları onsuz keçinə bilməz. Bu, elə bir kitabdır ki, Yaxın və Orta Şərq filologiyasında bir neçə xalqın əruzu ilk dəfə olaraq müqayisəli üsulla tədqiq olunur. Oxucu və araşdırıcı məhz bu kitab vasitəsilə Yaxın və Orta Şərq poeziyasında işlənən əruz vəzninin bütün qayda-qanunlarını öyrənir. Oğlu Sokrat Cəfər atasının xatirəsinə həsr etdiyi məqalədə yazır ki, bu əvəzsiz tədqiqatın bir nüsxəsi İngiltərə kraliçası Yelizavetanın xahişi ilə Londona göndərilərək Bodlean kitabxanasında saxlanılır.
Ə.Cəfər müasir dünya şərqşünaslığında etiraf olunmuş şəxsiyyət idi. Onun arxivində dünyanın bir çox görkəmli alimləri ilə yazışmaları var.
Ancaq Ə.Cəfər təkcə əruzşünaslığın əsasını qoymaqla kifayətlənməmiş, bir sıra görkəmli klassiklərin (Ö.Xəyyam, Füzuli, H.Cavid və b.) əsərlərinin elmi-tənqidi mətninin hazırlanmasında böyük zəhmət çəkmiş, klassik ədəbiyyatla bağlı xeyli məqalə yazmışdır. Bu məqalələrin bir qismi “Yandım avazeyi-eşqinlə sənin” (2010) kitabında toplanmışdır ki, bunlar dahi M.Füzuliylə bağlı araşdırmalardır. Bu yazılar Füzuli sənətinin müxtəlif məsələlərini əhatə edir. Bir qismi şairin əsərlərinin vəzni, bir qismi sənətkarın həyatı və yaşadığı mühitlə, dövrlə bağlıdır. Bir qismi də Füzuli əsərlərinin müxtəlif illərdə nəşr olunmuş cildlərinə yazılmış müqəddimələrdir. Maraqlı görünər deyə Əkrəm Cəfərin Füzuli sənəti ilə bağlı məqalələrindən bəzi fikirləri oxuculara çatdırırıq: “Dahi şairimizlə bizim aramızda dörd əsrdən artıq zaman məsafəsinə baxmayaraq, o bu gün də bizimlə danışır, həyatımızın bir sıra sahələrində mübarizələrimizdə iştirak edir. O deyir: “Unutma ki, həqiqət həmişə qalib gəlmiş, haqsızları cəzalandırmışdır”.
Füzuli öz dövründən və yurdundan haqlı olaraq şikayət edir:
Bir yerdəyəm əsir ki, torpağı qan içər.
Sakinəm hər yerdə kim, yox etibarım zərrəcə.
O, cəmiyyətdə ədalətli hakimin olmamasını xalq üçün ən böyük dərd, ən böyük müşkül saymışdır:
Nə mövcud olmaya əsbabi-dünyadan deyil müşkül,
Bu müşküldür ki, mövcud olmaya bir hakimi-adil.
Yaxud:
Hakim odur ki, onun
olmaya zatında təmə,
Hakim odur ki, onun olmaya felində
riya.
...Şərqşünaslığın
ən qabaqcıl nümayəndəsi Hammer Purqştaldan
başlamış Köprülü
Fuada qədər yekdilliklə Füzulini dünya poeziyası klassiklərinin birinciləri,
ən böyükləri
sırasına salmışlar. Alimlər öz
yerində, şairin ölməz əsərləri
də bu fikri təsdiq edir. O əsərlər
əsrlərlə parlamış,
getdikcə işıqları
daha da artmış
və davam etməkdədir.
Bir xatirə: 80-ci illərin sonlarında Əkrəm Cəfərdən müsahibə almaq niyyətilə yanına getdim. Məqsədim bu idi ki, onun həyatı, yaradıcılığı və böyük sənətkarlarla (H.Cavid, S.Vurğun, M.Müşfiq və b.) görüşləri barədə yazı hazırlayım. Təxminən yüz sual hazırlamışdım. Görüşdük. Ancaq bu görüşün əvvəli bir imtahana bənzədi. Məndən soruşdu ki, sən heç olmasa Füzulidən bir qəzəl bilirsənmi? Dedim ki, Əkrəm müəllim, nəinki bir, onlarca qəzəlini bilirəm və imkanım daxilində o qəzəlləri şərh eləməyə də hazıram. Bu “sınaqdan” keçəndən sonra üzü güldü. Və yalnız bir-iki sualıma cavab verdi. Bir saatlıq görüşdə o bir-iki sualı o qədər ətraflı cavablandırdı ki, heyrətə gəldim. Səməd Vurğunun vaxtilə əruz elminin banisi haqqında dediyi “Addımlayan akademiya” ifadəsini yadıma saldım.
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Azərbaycan.-2015.- 15 may.- S. 15.