Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı
Krallığının
ticarət və sənaye nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də
Səudiyyə Ərəbistanı Krallığının
ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Dövlətimizin
başçısı Azərbaycan Respublikası ilə Səudiyyə
Ərəbistanı Krallığı arasında ikitərəfli
əlaqələrin yaxın dostluq münasibətlərinə
əsaslandığını və əməkdaşlığımızın
yüksək səviyyədə olduğunu vurğuladı. Səudiyyə
Ərəbistanı Krallığına səfərindən və
orada keçirdiyi səmərəli görüşlərdən
razılığını ifadə edən Prezident İlham
Əliyev tərəfdaşlıq əlaqələrinin
möhkəmləndirilməsində yüksək səviyyəli
görüşlərin önəmini vurğuladı. Dövlətimizin
başçısı ölkələrimiz arasında
investisiya qoyuluşu, birgə layihələrdə iştirak,
kənd təsərrüfatı, neft-kimya, turizm, inşaat, sənaye
və digər sahələrdə əməkdaşlıq
üçün yaxşı imkanların olduğunu dedi.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı
Krallığının ticarət və sənaye naziri Tofiq
Bin Fauzan Ər-Rəbiənin böyük nümayəndə
heyəti ilə ölkəmizə səfərinin səmərəli
olacağına əminliyini bildirdi.
Səudiyyə
Ərəbistanı Krallığının ticarət və
sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiə Bakıda gedən
sürətli inkişaf proseslərinin, şəhərin
abadlaşdırılmasının, ən müasir
infrastrukturun yaradılması və digər sahələrdə
görülən işlərin onlarda dərin təəssürat
yaratdığını dedi. Nazir ölkələrimiz
arasında güclü ikitərəfli münasibətlərin
mövcud olduğunu vurğuladı. Səudiyyə Ərəbistanı
Kralının şəxsi göstərişi ilə müxtəlif
sahələri təmsil edən böyük nümayəndə
heyəti ilə Azərbaycana səfər etdiyini deyən nazir
ölkələrimiz arasında güclü münasibətlərin
və qarşılıqlı hörmətin olmasına
baxmayaraq, ticarət əlaqələrinin qənaətbəxş
olmadığını dedi. Ölkəsinin Azərbaycanda
genişmiqyaslı işlər görmək niyyətində
olduğunu deyən qonaq azərbaycanlı həmkarlarının,
o cümlədən iş adamlarından ibarət nümayəndə
heyətinin Səudiyyə Ərəbistanına səfər
etməsinin müxtəlif sahələrdə
qarşılıqlı əməkdaşlıq əlaqələrinin
yaradılması baxımından önəmini
vurğuladı.
Azərbaycan.-2015.- 16 may.- S. 3.