Olimpiya çempionu
Fərid MANSUROV: “Azərbaycan güləşçiləri böyük himayədarları
olan İlham Əliyevin
etimadını I Avropa Oyunlarında da doğruldacaqlar”
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra ən çox diqqət
ayırdığı sahələrdən biri də
idmandır. Xüsusi ilə fiziki və mənəvi cəhətdən
sağlam gəncliyin formalaşması və yetişdirilməsi
daim diqqət mərkəzindədir. Bu gün ölkədə
hər kəsin sərbəst şəkildə idmanla məşğul
olması üçün tam şərait yaradılıb. Gənclər
arasında idman hərəkatının kütləviləşməsi
idmançılarımızın Olimpiya Oyunlarında,
dünya və Avropa çempionatlarında uğurlarına yol
açıb.
Eyni
zamanda ölkə başçısının
ayırdığı xüsusi diqqət və qayğı
sayəsində bu gün Azərbaycan dünyada həm də
idman ölkəsi kimi tanınır. Elə bunun nəticəsidir
ki, ölkəmiz növbəti dəfə nüfuzlu beynəlxalq
idman tədbirinə ev sahibliyi etməyə
hazırlaşır. Avropanın tarixində ilk dəfə
baş tutacaq Avropa Oyunları kimi mötəbər idman
yarışmasının Bakıya həvalə edilməsi bir
daha təsdiqləyir ki, Azərbaycan istənilən dünya və
regional tədbir üçün təcrübəli,
etibarlı və təhlükəsiz dövlət kimi
özünü təsdiq edib.
Sözsüz
ki, belə bir idman təntənəsinin ölkəmizdə
keçirilməsi idmançılarımız
üçün daha əlamətdardır. Odur ki, Avropa
Oyunları ilə əlaqədar
idmançılarımızın fikirlərini öyrənməyə
çalışdıq.
Bu
mövzuda söhbətimiz 2004-cü il Yay Olimpiya
Oyunlarının qızıl medalçısı, yunan-Roma
güləşi üzrə Azərbaycan yığma
komandasının baş məşqçisi, Azərbaycan
Güləş Federasiyasının gənclər üzrə
vitse-prezidenti Fərid Mansurovla oldu. O, Avropa Oyunlarının
ilk dəfə Azərbaycanda keçirilməsini yüksək
qiymətləndirdiyini, həm bir idmançı, həm də
vətəndaş kimi sevincinin həddi-hüdudunun
olmadığını bildirdi: “Hər bir qitənin
oyunları keçirilir. Bundan əvvəl qitə oyunları
olaraq Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika
Oyunları və Sakit Okean Oyunları keçirilib. Birinci
Avropa Oyunları isə sonuncu qitə oyunları olmaqla
onların ən möhtəşəmi və yaddaqalanı
olacaqdır. Bu oyunların ölkəmizdə keçirilməsi
əvəzsiz bir idman bayramıdır və bu zaman
dünyanın gözü Azərbaycanda, Azərbaycan
özü isə dünyanın mərkəzində olacaq. Bu
yarışlar zamanı dünya ictimaiyyəti Azərbaycanla,
idmanda qazandığımız uğurlarla, eyni zamanda insanlarımız,
qonaqpərvərliyimiz, təbiətimizlə daha yaxından
tanış olacaq”.
Olimpiya
çempionu bizimlə söhbətində “Bakı-2015” I
Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə
olmasını xüsusi qeyd etdi. Bildirdi ki, çox qısa bir
zamanda Bakıda müasir idman qurğuları - Bakı Olimpiya
Stadionu, Milli Gimnastika Arenası, Velopark, Atıcılıq Mərkəzi,
Su İdmanı Sarayı və başqa idman kompleksləri
inşa olunub: “Təsəvvür edin ki, həm iqtisadi
imkanlarına görə, həm də idmanın kütləviliyinə
görə fərqlənən inkişaf etmiş ölkələrdə
belə obyektlərin tikintisinə, Olimpiya Oyunlarına, bu tipli
beynəlxalq yarışların hazırlığına ən
azı 6-8 il vaxt sərf edirlər. Biz əcnəbi
idmançılarla söhbətimizdə bunu belə
eşitmişik, belə görmüşük. Heç
özümüz də belə qısa vaxtda Bakının bu səviyyədə
idman mərkəzinə çevriləcəyinə
inanmazdıq. Ancaq reallıq göz qabağındadır.
Avropa
Oyunlarının Bakıda keçirilməsi Azərbaycanı
dünyada idman ölkəsi kimi nə qədər
tanıdacaqsa, ölkə daxilində idmanın
inkişafına da bir o qədər təkan verəcək. Bu
yarışlar bitəcək, bu əzəmətli idman obyektləri
xalqımız üçün, gənclərimiz
üçün qalacaq. Heç şübhə etmirik ki, bu
komplekslərdə Olimpiya Oyunlarında, qitə, dünya
çempionatlarında və digər beynəlxalq
yarışlarda ölkəmizin bayrağını
qaldıracaq yüzlərlə çempionumuz yetişəcək.
Sözsüz, belə sürətli inkişaf və yüksək
səviyyədə hazırlıq dövlət
başçısı İlham Əliyevin idmana
ayırdığı xüsusi diqqət və güclü təşkilatçılıq
sayəsində mümkün olub”.
Fərid
Mansurov onu da əlavə etdi ki, hər il ölkəmizdə
ayrı-ayrı idman növləri üzrə beynəlxalq
turnirlər, yarışlar keçirilir. Bu, əksər
idmançıların marağına səbəb olur.
Başqa ölkələrdə keçirilən
yarışlara könülsüz gedən və ya heç
getməyən peşəkar idmançılar Azərbaycana tərəddüd
etmədən gəlirlər: “Başqa idman növlərini
demirəm, güləş üzrə çempionatlarda bunu dəfələrlə
müşahidə etmişik. Bəzən elə olur ki, biz
beynəlxalq yarışlardan qayıdanda əcnəbi
idmançılar koordinatlarımızı götürür
və tezliklə Azərbaycanda keçirilən müxtəlif
yarışlara qatılacaqlarını bildirirlər. Bu idman
bayramı Vətənimizi daha yaxşı tanıtmaq
üçün növbəti şansdır. Odur ki, təkcə
idman ictimaiyyəti yox, hər bir vətəndaş da oyunlara
öz töhfəsini verməli, Vətənini sevdirməli,
onu daha da ucaltmalıdır”.
Baş
məşqçi onu da bildirdi ki,
idmançılarımızın hər birindən,
xüsusilə güləşçilərimizdən
böyük uğurlar gözləyirik. Çünki güləş
bizim milli idman növlərindən biridir. Hər bir azərbaycanlının
qanında, canında güləşmək həvəsi var. Fərid
Mansurov əksər yarışlarda qaliblər sırasında
güləşçilərimizin daha çox olduğunu
xatırladaraq doğma Vətənimizdə keçirilən
bu əvəzsiz yarışmada onların yenə də
yüksək göstəricilərlə fərqlənəcəklərinə
qətiyyətlə inanır: “Azərbaycan güləşçiləri
böyük himayədarları olan İlham Əliyevin
etimadını I Avropa Oyunlarında da doğruldacaqlar”.
Sonda
çempion gənclərə də səsləndi:
“Bütün gəncləri, yeniyetmələri idmanla məşğul
olmağa çağırıram. Söhbət hər kəsin
peşəkar idmançı olmasından getmir, əsas odur
ki, idmanla müntəzəm məşğul olsunlar və
sağlam bədənə, möhkəm iradəyə sahib
olsunlar”.
Elnur HADIYEV,
Azərbaycan.-2015.- 16 may.- S.4.