Avropa Oyunları xalqımızı
və ölkəmizi dünyaya daha yaxından tanıdacaq
Respublikamızın son on ildə əldə etdiyi nailiyyətlər, demək olar ki, özünü bütün sahələrdə göstərməkdədir. Çox qısa zamanda iqtisadi inkişafa nail olması, nəinki yerləşdiyi Cənubi Qafqazda söz sahibinə çevrilməsi, hətta Avropa ölkələrini ötüb-keçməsi Azərbaycanın intibahı deməkdir. Artıq beynəlxalq aləmdə özünəməxsus yer tutmuş ölkəmizin əldə etdiyi nailiyyətlərə sevinən qardaş xalqlar və yaxın qonşuluq münasibətini əməkdaşlığa çevirmək istəyənlər az deyil.
Lakin bu uğurlara qısqanclıqla, hətta düşmənçilik mövqeyi ilə yanaşanlar da tapıldı. Bu, özünü birbaşa olmasa da, dolayı yolla gizlədə bilmədi. Əlbəttə, bunu təbii qarşılayan xalqımız belə qısqanclıqlarla dəfələrlə qarşılaşıb. Xüsusən ölkəmizin son illər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vaxtlarda bədxahların çirkin əməllərinə, qarayaxma kampaniyalarına daha çox rast gəlinir.
Bu il də ölkəmizin sosial-mədəni həyatına daha bir beynəlxalq tədbir şərəflə yazılacaq ki, o da I Avropa Oyunlarıdır. Oyunların keçiriləcəyi müddətdə Azərbaycan xalqının tarixi, mədəniyyəti, incəsənəti, bir sözlə, dünəni, bu günü avropalılara təqdim ediləcək. Əlbəttə, bu, sıradan bir idman tədbiri deyil. Avropa xalqlarını təmsil edən istər oyun iştirakçıları, istərsə də Azərbaycana marağı olan və qonaq qismində ölkəmizə səfər edəcək insanların yaddaşına ulu, qədim və müasir Azərbaycan kompleks şəkildə yazılacaq. Ona görə də yalnız dövlət və hökumət deyil, xalqımız bütünlüklə bu idman bayramına ciddi hazırlaşır.
Təbii ki, Vətənimizin giriş qapıları dost üzünə daim açıq olub. Bu gün də xalqımız öz qonaqpərvərliyi ilə həmin ənənəyə sadiq qalaraq idman bayramında iştirak edəcək insanları yüksək əhval-ruhiyyə ilə qarşılayır.
Qazanılan nailiyyətlər və uğurlarımızın nəticəsi yalnız paytaxt Bakının gündən-günə gözəlləşməsi, tarixiliyini qoruyub saxlamaqla, müasirliyinə qovuşmasında deyil, bütünlüklə ölkəmizin iqtisadi, sosial və mədəni sahələrindəki inkişafında da öz əksini tapır. Bu nümunəvi inkişafa sevinməyənlər var və onları Azərbaycan xalqının düşməni hesab edirik. Məncə, nəinki idman aləminin, bütünlüklə geniş ictimaiyyətin ümumi fikri belədir. Bu gün xalq, hakimiyyət, iqtidar və müxalifətin bir məqsədi olmalıdır: Vətənimizin, dövlətimizin qazandığı uğur və nailiyyətləri avropalılara lazımi şəkildə təqdim etmək. Bəli, məhz müstəqil, demokratik Azərbaycanın qısa zamanda çox böyük inkişafa nail olmasını görən bədxahların (onlar yalnız bədnam qonşumuz olan erməni daşnaklarının dünyadakı lobbiləri deyil, həm də havadarlarıdır) dünyadakı mövcud lobbiləri bu gün də öz çirkin təbliğatlarını aparmaqla, qazanılan uğurlarımıza kölgə salmağa cəhd edir və müəyyən məqamlarda və mənada məqsədlərinə nail olmaq üçün Avropa və digər qitələrdəki təmsilçilərini antiazərbaycançı şəbəkədə birləşdirib, beynəlxalq təşkilatlara böhtan və iftiralar dolu, saxta informasiyalar göndərirlər. Lakin bu gün inkişaf etmiş dünya xalqları erməni saxtakarlığına inanacaq qədər geri qalmayıb. I Avropa Oyunlarına qoşulan dövlətlər, təbii ki, Azərbaycanı demokratik və inkişaf etmiş ölkə olaraq tanıyır və ona görə də belə beynəlxalq tədbirin məhz burada keçirilməsinə səs veriblər.
Azərbaycan xalqı bu oyunlara nəinki idman meydanları vermiş, əslində, qonaqlarına zəngin mətbəxini, qeyd etdiyimiz kimi, tarixini, mədəniyyətini, həyat və məişətini nümayiş etdirmək qərarını qəbul edib.
Zəngin yeraltı və yerüstü sərvətlərə, əsrarəngiz təbiətə malik Odlar yurdunun yaxından tanınması üçün bu, bir fürsət kimi də dəyərlidir və təbii ki, düşmənlərimiz bunu anlamamış deyillər. Ölkəmizə yaxın gələcəkdə başlayacaq turist axını xalqımızı və Vətənimizi daha yaxından tanıdıqca ərazilərimizi işğal altında saxlayan Ermənistana qarşı münasibəti dəyişiləcək, Azərbaycanda tolerantlığın qorunub saxlanmasını öz gözləri ilə görəcək avropalılar erməni diasporunun haqqımızda uydurduqlarının yalan, böhtan və iftira olduğunu bir daha başa düşəcək. Məncə, bundan sonra dünyadakı ikili siyasətə son qoyulacaq. Axı, Azərbaycan dövləti bu gün dünyanın inkişaf etmiş ölkələrinə nümunədir.
Daha bir məqamı unutmaq olmaz. O da UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə bir çox ölkələrdə təqdimat mərasimlərinin keçirilməsi artıq ənənə halını alıb. Oyunların əhəmiyyətinə gəlincə, Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın maraqlı fikirləri KİV-in diqqətindən yayınmır. Moskvada keçirilən təqdimat mərasimində ölkəmizin birinci xanımı bildirdi ki, biz Avropanın iri paytaxt şəhərlərindən olan Roma, London, Paris, Afina, Ankara və Berlində Oyunların təqdimat mərasimlərini keçirmişik: “Onilliklər boyu xalqlarımızı humanitar, mədəni və insani əlaqələr bağlayır. Bu əlaqələr ikitərəfli siyasi, iqtisadi və dövləti münasibətlər üçün çox əlverişli şərait yaradıb. Biz Azərbaycanda ənənələrə çox hörmət bəsləyir və tarixi keçmişə qayğı ilə yanaşırıq. Hesab edirik ki, bugünkü Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə əsaslanan səmimi, mehriban qonşuluq münasibətlərinin nümunəsidir. Bizim əməkdaşlığımız ictimai həyatın bütün sferalarını - həm siyasi, həm iqtisadi, həm də humanitar sahələri əhatə edir”.
Mehriban xanım Əliyeva bu gün Azərbaycanda idmanın, Olimpiya hərəkatının dəstəklənməsi, onun dövlət siyasətinin prioritetlərindən biri olması barədə də maraqlı fikirlər söylədi: “Biz müstəqil dövlət kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edirik və atletlərimizin göstərdiyi nəticələrlə haqlı olaraq fəxr edirik. Londonda keçirilmiş sonuncu Yay Olimpiadasında bizim komanda 10 medal, o cümlədən iki qızıl medal qazanıb və Avropa ölkələri arasında 15-ci, bütün iştirakçılar arasında 30-cu yeri tutub. Keçən il Çində yeniyetmələr arasında keçirilmiş Olimpiya Oyunlarında bizim komanda, gənc atletlərimiz 12 medal, o cümlədən 5 qızıl medal qazanaraq 200-ə yaxın iştirakçı komanda arasında onuncu yeri tutub”.
Bizdə, əlbəttə, beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə şəklində davam etməkdədir. Bu, bir daha dünyada Azərbaycanın demokratik, sabit, tolerant bir ölkə kimi tanınması və təmsil olunması deməkdir. Bu isə qürurvericidir.
Çingiz ABDULLAYEV,
“Neftçi”
futbol klubunun
müşahidə şurasının sədri, xalq yazıçısı
Azərbaycan.-2015.- 16 may.- S.4.