Məşəl sülhə, ədalətə
çağırır
Bu dəfə məşəl Prometeyin və müharibələrin zəncirləndiyi
Qafqazda alovlanır
Atəşgah məbədinin böyük qapısından əlində məşəllə telekameraların qarşısına çıxan Azərbaycan Prezidentinin simasında özünə və vətəninə görə ecazkar bir qürur hissi sezilirdi. Dövlət başçısı alovlanan məşəli olimpiya çempionu Rəfiqə Şabanovaya ötürdü. Beləliklə, I Avropa Oyunlarının məşəli yaşı əsrlərlə ölçülən “Atəşgah” məbədindən ölkəni səyahətə çıxdı. Bədii məzmunu, estetik gözəlliyi və səhnə həlli ilə Üzeyir bəyin uvertürası qədər heyrətamiz təsir bağışlayan “Alov festivalı”nın “Atəşgah”dakı açılış mərasimi isə ürəkləri riqqətə gətirdi, hamıya sonsuz qürur hissi bəxş etdi.
Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq və iyunun 8-də bölgələrdən paytaxtdakı idman arenalarına dönəcək. İyunun 9-da İçərişəhərin minillik küçələrinə onun şölələrinin əksi düşəcək. Bir gün sonra məşəl proqramının sonuncu günü olacaq və beləliklə, təxminən 5500 kilometr məsafə arxada qalacaq.
İxtiyarsız olaraq məşəlin, odun, alovun Avropada, yoxsa Azərbaycanda daha müqəddəs olduğunu düşünürsən, fərqləri və bənzərlikləri axtarırsan. Tarixə nəzər salanda faktların bolluğuna aludə olursan, son qənaətə gəlməkdə çətinlik çəkirsən. Axı ayağımızın altındakı torpaqlarda əcdadlarımız islam və xristian dinlərindən bir neçə min il əvvəl günəşə, oda sitayiş ediblər. Qan yaddaşımızı vərəqləyirik, Güney Azərbaycan ərazisində meydana gələn zərdüştilik - Hörmüzlə Nahidin (nurla zülmətin), sonralar isə Hörmüzlə Əhrimənin əbədi mübarizəsində, xeyirlə şərin sonu bitməyən savaşında insanlar həmişə nurun zülmətə qalib gələcəyinə inanıblar. Zərdüştə etiqad edənlər tikdikləri atəşgahlarda od yandıraraq onu göz bəbəyi kimi qoruyublar. Sonralar zərdüştiliyin üstündə yeni bir atəşpərəstlik dini formalaşıb. Lakin od əcdadlarımız üçün müqəddəsliyini itirməyib, xristianlığın və islamın süzgəcindən keçərək Novruzda Od çərşənbəsi kimi məşəllərdə və tonqallarda günümüzədək yaşayıb. I Avropa Oyunları məşəlinin heç də yunan əfsanələrindən geridə qalmayan və qədimliyinə görə daha uzaq keçmişlərə söykənən “Atəşgah” məbədində alovlanması odun Şərqdə daha geniş və daha dərin fəlsəfi məzmun daşımasına işarədir.
Qərbdə antik tanrılar odu insanlardan gizlədib onu şəxsi sərvəti kimi qoruyanda, Şərqdə Tanrı özü onu gətirib insanlara bəxş edib. Qədim yunan əfsanələrində od baş allah və Olimp dağının hakimi, səma və şimşək tanrısı Zevsə məxsus idi. O da alovu göz bəbəyi kimi qoruyub. Lakin əfsanələrin birində nəql edilir ki, Prometey odu Olimpdən oğurlayaraq insanlara gətirir, istifadə etməyi öyrədir. Qeyzlənmiş Zevs Prometeyi Qaf dağına zəncirləməyi əmr edir, onun sinəsini nizə ilə deşir, nəhəng bir qartal isə hər gün uçaraq gəlib Prometeyin köksünə qonur, Herakl onu xilas edənədək qan sızan yarasından qaraciyərini dimdikləyir.
Yunanlar allahlarını sevsələr də, onların naminə tanrılarla düşmənçiliyə gedən Prometeyə daha dərindən bağlanırlar. Elladanın əksər şəhərlərində Prometeyin şəxsiyyətinə sitayiş edir, onun şərəfinə əllərində məşəllə qaçan idmançıların yarışını keçirərdilər. “Prometey odu” ifadəsi də elə atəşpərəstlikdə olduğu kimi, şərlə mübarizədə ali məqsədə, ədalətə çatmaq kimi dəyərləndirilirdi. Demək olar ki, eyni vaxtda Qədim Yunanıstanda və Qafqazda, daha dəqiq desək, Azərbaycan ərazilərində od, günəş müqəddəs rəmzlərdən sayılıb. Bütün bunlar bizə imkan verir ki, I Avropa Oyunlarını özümüzə daha yaxın sayaq.
Prometeyin Qafqazda çarmıxa çəkilməsi bir tərəfdən Zevsin hikkəsinə tuş gəlməsi ilə bağlıdırsa, digər tərəfdən o, əzabları və iztirabları, həm də işgəncəyə məruz qaldığı məkanla hər birimizin qəlbinə yaxınlaşır, doğmalaşır. Prometey odu baş tanrı Zevsdən oğurladığına görə ən ağır işgəncələrə məruz qalmazdan çox əvvəl “Atəşgah”da ocaq yanırdı, Yanardağda alovun dilləri gecə-gündüz rəqs edirdi. Babalarımız başlarının üstünü alan təhlükələr barədə bir-birini tonqallarla duyuq salardılar. Tək olan Allahın iradəsi də, mərhəməti də əfsanələrdə yaşayan tanrılardan daha güclü idi.
İdman yarışlarının iştirakçıları, təşkilatçılar, ziyarətçilər də Olimpin qurbangahlarında Zevsdən oğurladıqları odu tanrılarının şərəfinə yandırardılar. Qaçışda qalib gələn idmançı tanrılara qurban kəsmək üçün məşəli yandırmaq şərəfinə nail olardı. Bu məşəllərin işığında atletlər də yarışardı, hökmdarlar da elçilərlə sülh müqavilələri bağlayardılar. Məhz buna görə Olimpiya məşəlinin yandırılması və sonradan yarışların keçirilmə ənənəsi bərpa edildi. Müxtəlif mənbələrdə göstərilir ki, Qədim Yunanıstanda 300 dəfəyə yaxın məşəllər yandırılıb və olimpiya oyunları keçirilib.
Olimpiya oyunlarının tarixi miladdan əvvəl 776-cı ilə aid olması qəbul edilsə də, onun eramızdan əvvəl IX əsrdən başlamasını sübut edən dəlillər də var. O zamanlar üzücü müharibələr yunan dövlətlərini viran qoyur, sarsıdırdı. Ərazisində Olimpiya yerləşən kiçik yunan dövləti Elidanın şahı İfit Delfə gedərək falçılara, kahinlərə və münəccimlərə öz kiçik xalqını müharibələrdən, talanlardan necə qoruya bilməsi ilə bağlı müraciət edir. Onlar İfitə tövsiyə edirlər ki, allahları qane edən oyunlara rəvac versin və təcili əzəmətli qonşusu, Sparta çarı Likurqun yanına getsin. Yaxşı diplomat kimi ad çıxaran Likurq qərar verir ki, Elida müharibələrə qatılmasın, bundan sonra neytral dövlətə çevrilsin. Bir-biri ilə vuruşan bütün kiçik dövlətlər bu qərarla razılaşır. İfit yubanmadan allahlara minnətdarlığını bildirmək üçün Olimpdə 4 ildən bir keçirilməsi nəzərdə tutulan atletik oyunlar təsis edir. Beləliklə, Yunanıstanda dörd ildən bir bütün xırda dövlətlər silahını yerə qoyaraq Olimpə idman yarışlarına yola düşürlər.
Qafqaz da neçə əsrdir ki, müharibələrdən əziyyət çəkir. Azərbaycanın bu möhtəşəm tədbirə ev sahibliyi etməsi əslində sülhə, barışa bir çağırışdır. Qafqaza kirayənişin kimi gəlib ev sahiblərini sıxışdıran bədnam qonşularımız da silahı yerə qoymalı, əsassız ərazi iddialarından əl çəkməli, onlara kənardan qıcıq verən qüvvələrin əlində oyuncağa çevrildiyini dərk etməlidirlər. Yalnız qonşusuna və sülhə güvənən dövlət güclü ola bilər. Başqasının yedəyində gedənlər, özlərini Qafqazda yad və uzaq dövlətlərin anlaşılmayan maraqlarının təminatçısı kimi təqdim edərək, qonşuları ilə əbədi savaşa qoşulanların acınacaqlı aqibəti qaçılmazdır.
Elə I Avropa Oyunları ərəfəsində də erməni millətçilərinin aqibəti zülmətə bulanmış görünür. Mövzunu davam etməzdən öncə kiçik bir haşiyə çıxaraq qeyd edək ki, Miladdan əvvəl 394-cü ildə Poma imperatoru I Feodosi xristianlığı qəbul etdiyi üçün olimpiya oyunlarının keçirilməsini qadağan edən fərman imzalayır. Bu fərman qüvvədə qaldığı 1500 ilə yaxın uzun bir zaman kəsimində “Prometeyin odu” yandırılmır, idman yarışları keçirilmir. Sonrakı əsrlərdə idman öz demokratik mahiyyətini itirir, xalqlar arasında sülhə, əmin-amanlığa qol-qanad verən mərasim kimi dəyərdən düşür. Yay olimpiya oyunları XIX əsrdə keçirilsə də, Prometeyin məşəlləri ilk dəfə 1928-ci ildə Amsterdam Olimpiadasında yandırılır. Qollarına günəş rəmzini bağlayan alman faşistləri 1936-cı ildə məşəlin yandırılmasını daha təmtəraqla təşkil edirlər. Lakin qədim yunanlardan və atəşpərəstlərdən fərqli olaraq, alman faşistləri sülhə can atmaq əvəzinə günəş rəmzini qollarına bağlayıb hamıdan üstün və ali irq olduğunu sübut etmək üçün 70 milyona yaxın insanın qətlinə bais oldular. Necə ki, Qafqaza kirayənişin gələn erməni millətçiləri hamıdan qədim, hamıdan fərqli və hamıdan əzabkeş millət olduqlarını bayraq edərək əsrlər boyu dinc əhaliyə divan tutdular, kəndlərimizi, şəhərlərimizi od vurub yandırdılar. Bizi inandırmağa çalışsalar da, yaxşı bilirik ki, xaraba yurdların tüstüsünü Prometeyin məşəlinə bənzətmək mümkün deyil! Bu cinayətlər cəzasız qalmayacaq!
Azərbaycan Prezidenti İlham Əliyev III Qlobal Bakı Forumunun iştirakçıları üçün təşkil olunan ziyafətdəki çıxışında Azərbaycanın iqtisadi və siyasi cəhətdən müəyyən vəsaitlərə və potensiala malik olduğunu qeyd edərək, sülh, əməkdaşlıq və inkişafı gücləndirmək üçün öz səylərimizdən, potensialımızdan istifadə edəcəyimizi bildirib və bir daha
I Avropa Oyunlarını xatırlayıb: “Oyunlar Avropada ilk dəfə keçiriləcək, bu da bir az qəribədir. Belə ki, olimpiya oyunları Avropada, Yunanıstanda başlayıb və baron de Kuberten tərəfindən Avropada bərpa olunmasına baxmayaraq, Avropanın heç zaman öz Oyunları olmayıb. Avropa Olimpiya Komitələri tərəfindən bu Oyunların əhalisi müsəlman olan bir ölkədə - Azərbaycanda təşkil edilməsi qərarı müasir tarixin ən müdrik qərarlarındandır. Bu, tolerantlığın, əməkdaşlığın və bizə hörmətin göstəricisidir”.
B.İMANQULİYEV,
Azərbaycan.-2015.- 16 may.- S.5.