Azərbaycanı dünyada tanıtmaq üçün nadir fürsət

 

Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hər bir ölkə dünyaya sıx inteqrasiya etməyə, özünü beynəlxalq aləmdə təsdiqləməyə, özünə layiqli mövqe tutmağa, başqa sözlə, “imzasını  imzalar içində” görməyə can atır. Bu məqsədə çatmaq üçün bütün mümkün vasitələr işə salınır, siyasi, iqtisadi, mədəni, hətta hərbi səciyyəli tədbirlərə əl atılır.

Aydındır ki, özünü dünyaya qəbul etdirmək istəyən ölkə ilk növbədə özünü tanıtmalıdır. Yəni hansı potensiala malik olduğunu, dünya birliyinə nə verə biləcəyini nümayiş etdirməli və bunun müqabilində nə qazana biləcəyini müəyyənləşdirməlidir. Tanıtma məsələsi hətta dünyanın ən tanınmış ölkələri, daha çox isə yeni müstəqil dövlətlər, o cümlədən Azərbaycan üçün fövqəladə əhəmiyyət kəsb edir. Tanınan ölkə, necə deyərlər, dillərə düşür, adını uzun müddət yaddaşlara yazdırır və bundan sonra qazanacaqlarını hesablamağa başlayır. Yəni deyək ki, turizm ölkəsi xaricdən daha çox turist cəlb edir, sənayecə inkişaf etmiş ölkələr dünya bazarına daha çox məhsul çıxararaq alıcı tapır və s.

Bu və digər ölkəni tanıtmaq üçün irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmək ən münasib vasitədir. Götürək elə bu yaxınlarda, cari ayın 1-də Milanda (İtaliya) açılmış EXPO sərgisini. Hər beş ildən bir keçirilən, sənayeləşmənin rəmzi, texniki və texnoloji nailiyyətləri nümayiş etdirmək üçün açıq meydan olan ən irimiqyaslı beynəlxalq sərgini təşkil etmək  hüququ uğrunda həmişə qızğın mübarizə gedib. Bu dəfə Milanın rəqibi İzmir (Türkiyə) idi.  Hər iki rəqib üzun müddət bu məqsədə çatmaq üçün səy göstərdi, imkanlarını nümayiş etdirdi. Nəhayət, yeddi il əvvəl - 2008-ci ilin martında Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasında keçirilmiş səsvermə nəticəsində Milan 86 səs lehinə və 65 səs əleyhinə olmaqla EXPO-2015-in ev sahibi seçildi. Sərgi  oktyabrın 31-dək davam edəcək. Altı ay ərzində sənaye məhsullarının istehsalçıları və alıcılarının diqqəti Milana yönələcək. Onsuz da kifayət qədər tanınan, ən azı dünyanın moda paytaxtlarından biri kimi məşhur olan bu şəhərin adı tez-tez çəkiləcək. Başqa sözlə, Milan təkrar-təkrar reklam olunacaq - həm KİV-in, həm də şəhərə gələn xarici qonaqların dilində. Sərginin təşkilinə çəkilmiş xərclə müqayisədə əldə olunacaq gəlir qat-qat çox olacaq.

Yaxud başqa bir misal. 2004-cü ildə NATO-nun növbəti sammiti İstanbulda keçirildi. Türkiyə ilk dəfə Şimali Atlantika alyansının zirvə görüşünə ev sahibliyi edirdi. NATO-nun üzvü olan ölkələrin liderləri dünyanın aparıcı televiziya kanallarına müsahibələrində sammit barədə fikirlərini bölüşürdülər. Özü də İstanbulun əsrarəngiz mənzərələrinin, ən çox da Fatih Sultan Məhmət körpüsünün fonunda. Sammit başa çatdıqdan sonra yerli televiziyanın müxbiri Türkiyənin ovaxtkı xarici işlər naziri Abdullah Güldən görüş barədə təəssüratlarını soruşdu. Gülün cavabı bir qədər gözlənilməz olsa da, dəqiq idi: “Türkiyənin bundan böyük reklamı ola bilməzdi”.

Şübhəsiz, ölkənin tanıdılması işində irimiqyaslı idman tədbirləri əvəzsiz rol oynayır. Çünki bu tədbirlər daha çox kütləvidir, daha cox tamaşaçı cəlb edir, KİV-də daha çox işıqlandırılır, nəticə etibarilə ev sahibi ölkə xeyli müddət davamlı olaraq reklam edilir. Odur ki, dünya dövlətləri yay olimpiya oyunları, futbol üzrə dünya çempionatı, futbol üzrə Avropa çempionatı kimi ən irimiqyaslı idman tədbirlərini təşkil etmək hüququnu qazanmaq üçün kompromissiz mübarizə aparır. Bu yarışda qələbəyə nail olmaq üçün “qurşaqdan aşağı zərbələr” də işə düşür. Çünki qalib gələn tərəf nələr əldə edəcəyinin fərqindədir. Həm də vurğulamaq lazımdır ki, irimiqyaslı beynəlxalq idman tədbirinin təşkilinə qoyulan xərc daha çox gələcəyə hesablanır.

İndi Azərbaycanı dünyada tanıtmaq, ölkəmizi beynəlxalq aləmdə reklam etmək üçün də yaxşı imkan var. Bu, gələn ayın 12-də start götürəcək

I Avropa Oyunlarıdır. 2012-ci il dekabrın 8-dən -  Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyası ilk qitə olimpiadasının ev sahibini elan edəndən bəri dünya idman ictimaiyyətinin  diqqəti Azərbaycana, Bakıya yönəlmişdir. Söhbət, bir növ, adiləşmiş idman tədbirindən getmir. Digər qitələrdə Oyunlar çoxdan keçirilirdi, Avropada isə hələ də qitə olimpiadasından yalnız gələcək zamanda danışırdılar. Aydındır ki, qitədə ən irimiqyaslı idman tədbirini təşkil etmək üçün heç bir təcrübə yox idi. Ev sahibi - Azərbaycan həm ilk Oyunları hazırlamalı, həm növbəti Oyunlar üçün nümunə yaratmalı, bu idman tədbirinin standartlarını formalaşdırmalıdır. Həm də qısa müddətdə - cəmi 30 ay ərzində.

Beləliklə, Avropa olimpiadası reallığa çevrilir. Oyunların Təşkilat Komitəsi AOK-un dəstəyi ilə sözün həqiqi mənasında  əzmkar fəaliyyət göstərir. Hazırlıq işlərinin gedişində heç bir problem ortaya çıxmadı. Nəzərdə tutulan tədbirlər vaxtlı-vaxtında, qrafikə uyğun olaraq həyata keçirildi. İndi Azərbaycan I Avropa Oyunlarını qəbul etmək üçün, demək olar ki, tam hazırdır.

Sözsüz ki, qitənin ilk Oyunlarını təşkil etmək kimi tarixi vəzifənin Azərbaycana həvalə edilməsi qitədəki müəyyən qüvvələrin ürəyincə deyil. Adları hamıya məlum olan həmin qüvvələr gah ev sahibinə qarşı idmana dəxli olmayan siyasi tələblər, iddialar irəli sürür, gah da idman tədbirinə çəkilən məsrəfləri şişirdir. Onlar yaddan çıxarırlar ki, iri idman tədbirləri ölkənin inkişafına təkan verir, iqtisadi inkişafı stimullaşdırır. Bədxahlar nəzərə almaq istəmirlər ki, yuxarıda qeyd edildiyi kimi, bu cür irimiqyaslı tədbirlərə xərclənən vəsait  daha çox ölkənin gələcəyinə  qoyulan sərmayədir və istər Olimpiya Oyunlarının, istərsə də qitə Oyunlarının gətirəcəyi gəliri indidən hesablamaq yersizdir. Onlar başa düşməlidirlər ki, Oyunlar həm də Azərbaycanı dünyada tanıtmaq, ölkəmizi reklam etmək üçün nadir fürsətdir. 17 gün ərzində Azərbaycan I Avropa Oyunları vasitəsilə dünyada reklam edilirsə, bu Oyunlara qarşı çıxmaq hansı məntiqə sığır? Normal şəraitdə, yəni Oyunlar olmasaydı,  məsələn, çoxsaylı xarici televiziya kanallarında Azərbaycanın bu qədər reklamına çəkilməli olan xərci hesablamaq mümkündürmü?

Başqa sözlə, Azərbaycan belə möhtəşəm idman tədbiri təşkil etməklə həm də dolayısı ilə özünü dünyaya tanıdır, özünü reklam edir. O da hamıya məlumdur ki, havayı reklam yoxdur! Reklama pul xərcləmək lazımdır!

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2015.- 16 may.-  S.6.