Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Oğuzda bölgə vətəndaşlarını qəbul edib

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 15-də Oğuz şəhərində növbəti qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, AFRA otelin konfrans zalında keçirilən qəbulda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.

Qəbulda iştirak edən sakinlərin müraciətləri əsasən bakalavr və magistr səviyyəsinə qəbul, sınaq və buraxılış imtahanları, işə qəbul və müəyyən metodiki məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlər, o cümlədən vətəndaşların TQDK-nın səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri qeydiyyata alınıb və nəzarətə götürülüb.

Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

 

Azərbaycan.-2015.- 16 may.-  S.10.