Heydər Əliyev Mərkəzi
ilə tanışlıq Vyetnam Prezidentində xoş təəssüratlar
yaradıb
Mayın
15-də Vyetnam Sosialist Respublikasının Prezidenti
Çıonq Tan Şanq və xanımı May Thi Han Heydər
Əliyev Mərkəzi ilə tanış olublar.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Vyetnam dövlətinin başçısına və xanımına Mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, Azərbaycan tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəz hazırda həm binasının memarlıq xüsusiyyətləri, həm də beynəlxalq əhatəli fəaliyyəti ilə dünyada tanınır.
Vyetnam Prezidenti və xanımı əvvəlcə Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olublar. Onlar 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Məlumat verilib ki, Heydər Əliyev Muzeyi təşkil olunarkən burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Bu gün muzey həm də Heydər Əliyev irsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.
Sonra Prezident Çıonq Tan Şanq və xanımı May Thi Han Mərkəzdəki “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanış olublar. Məlumat verilib ki, bu sərgidə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.
“Mini Azərbaycan” sərgisi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir. Bu sərgi Azərbaycanla virtual tanışlıq imkanı yaradır.
Prezident Çıonq Tan Şanq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Ali qonaq ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış belə bir Mərkəzi ziyarət etməkdən şad olduğunu bildirib.
Vyetnam dövlətinin
başçısına xatirə hədiyyəsi təqdim olunub.
Azərbaycan.-2015.- 16 may.- S.9.