Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq

 

Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın xanımı May Thi Han mayın 15-də Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub.

 

AZƏRTAC xəbər verir ki, Vyetnamın birinci xanımına mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəz Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilib.

 

Qeyd olunub ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. 2008-ci ilin dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır.

 

Diqqətə çatdırılıb ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

 

Mərkəz ilə yaxından tanış olan Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı May Thi Han burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıb.

 

Birinci xanım May Thi Han gənc muğam ifaçıları Kamilə Nəbiyeva və Sərxan Bünyadzadənin ifasında xalq və bəstəkar mahnılarını dinləyib.

 

Azərbaycan muğamlarından xüsusi zövq alan qonaq ifaçılarla görüşüb, onlara uğurlar arzulayıb və xatirə şəkli çəkdirib.

 

Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılan Vyetnam Sosialist Respublikasının birinci xanımına xatirə hədiyyəsi təqdim olunub.

 

Azərbaycan.-2015.- 16 may.-  S.9.