Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin
yanında Daşınmaz
Əmlakın Dövlət Reyestri Xidməti haqqında
Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq
edilmişdir
1.
Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin yanında Daşınmaz
Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət)
daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra
- dövlət reyestri) tərtib edilməsini və
aparılmasını təmin edən icra hakimiyyəti
orqanıdır.
1.2. Xidmət
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının
qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman
və sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsi sədrinin əmr və sərəncamlarını
və bu Əsasnaməni rəhbər tutur.
1.3. Xidmət
bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini
və hüquqlarını Azərbaycan Respublikasının
bütün ərazisində bilavasitə və ərazi idarələri
(ixtisaslaşdırılmış hüquqi şəxslər)
vasitəsilə həyata keçirir.
1.4. Xidmət
bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini
və hüquqlarını həyata keçirərkən mərkəzi
və yerli icra hakimiyyəti orqanları, yerli
özünüidarəetmə orqanları, habelə beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.5. Xidmət
müstəqil balansa, qanunvericiliyə uyğun istifadəsində
olan dövlət əmlakına, xəzinə və bank
hesablarına, üzərində Azərbaycan Respublikası
Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası
Əmlak Məsələləri Dövlət Komitəsinin
adı və Xidmətin öz adı həkk olunmuş
möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.6. Xidmətin
saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət
büdcəsi və qanunvericilikdə nəzərdə tutulan
digər mənbələr, habelə tabeliyində olan yerli
qurumların fəaliyyət istiqamətləri üzrə
göstərdiyi xidmətlərə görə alınan xidmət
haqlarından daxil olan vəsaitlərdən maliyyələşdirilir.
1.7. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin
fəaliyyət istiqamətləri
2.0. Xidmətin
fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.0.1. dövlət reyestrində daşınmaz əmlaka
mülkiyyət və digər əşya
hüquqlarının dövlət qeydiyyatının (bundan
sonra - hüquqların dövlət qeydiyyatı) həyata
keçirilməsini təmin edir;
2.0.2. daşınmaz əmlakın dövlət
reyestrini tərtib edir və aparır;
2.0.3. daşınmaz əmlakın
inventarlaşdırılmasının aparılmasını və
texniki sənədlərin tərtib edilməsini təmin edir;
2.0.4. daşınmaz əmlakın, o cümlədən
torpaqların, tikililərin, binaların, qurğuların,
yaşayış və qeyri-yaşayış sahələrinin,
yaşayış və bağ evlərinin, habelə müəssisələrin
qiymətləndirilməsini təşkil edir.
3. Xidmətin
vəzifələri
3.0. Bu
Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Xidmət
aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. paralel olaraq yazı üsulu ilə kağız
üzərində (yazılı sənədlər) və
elektron daşıyıcılar üzərində məlumatları
dövlət reyestrinə daxil etmək;
3.0.2. hüquqların dövlət qeydiyyatı
haqqında ərizəni və ərizəyə əlavə
olunan sənədləri qəbul etmək;
3.0.3. təqdim edilmiş sənədlərdə
göstərilən məlumatın dövlət reyestrində
saxlanılan məlumata uyğunluğunu yoxlamaq;
3.0.4. bəyan olunan hüquqlarla qeydiyyata
alınmış hüquqlar arasında ziddiyyətlərin,
habelə hüquqların dövlət qeydiyyatından imtina
edilməsi və ya hüquqların dövlət
qeydiyyatının dayandırılması üçün digər
əsasların olub-olmadığını müəyyən
etmək;
3.0.5. hüquqların dövlət qeydiyyatından
imtina edilməsi və ya qeydiyyatının
dayandırılması üçün əsas
olmadığı halda təsdiqləyici sənədlər
üzərində qeydlər yazmaq və dövlət reyestrinə
müvafiq məlumatlar daxil etmək;
3.0.6. hüquqları dövlət qeydiyyatına
almaq, habelə tikintisi başa çatdırılmamış
daşınmaz əmlaka və onun hissələrinə
mülkiyyət hüququnu və onun ipoteka ilə
yüklülüyünü qabaqcadan qeydiyyata almaq;
3.0.7. hüquqların dövlət qeydiyyatını
dayandırmaq və ya dövlət qeydiyyatına
alınmasından imtina etmək;
3.0.8. dövlət reyestrində hüquqların
dövlət qeydiyyatının dəqiq və vaxtında
aparılmasını, dövlət reyestrindən verilən məlumatın
tam və düzgün olmasını təmin etmək;
3.0.9. pozulmuş, sonradan əlavə edilmiş,
silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş
digər düzəlişlər olan, habelə məzmununun
birmənalı başa düşülməsinə imkan verməyən
dərəcədə zədələnmiş sənədləri
hüquqların dövlət qeydiyyatı üçün qəbul
etməmək;
3.0.10.
dövlət reyestrinə daxil edilən hər bir
daşınmaz əmlak obyektinə Azərbaycan
Respublikasının ərazisində dəyişməyən,
təkrarlanmayan, daşınmaz əmlak obyektinin vahid şəkildə
olduğunu göstərən daşınmaz əmlakın
dövlət reyestr nömrəsi vermək;
3.0.11. hüquqların dövlət qeydiyyatını
rəsmiləşdirmək məqsədi ilə dövlət
reyestrindən çıxarış vermək;
3.0.12. daşınmaz əmlakın təsvirinə, bu
əmlak üzərində dövlət reyestrində qeydiyyata
alınmış hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən
arayış vermək və ya belə arayış verməkdən
imtina etmək;
3.0.13. hüquq sahibinin sorğusuna əsasən, ona məxsus
olan daşınmaz əmlak haqqında digər şəxslərə
verilən arayışlar barədə hüquq sahibinə məlumat
vermək;
3.0.14. dövlət reyestrini, ərizə
jurnalını və hüquqların dövlət
qeydiyyatı üçün əsas olan sənədlər
daxil edilən qovluqları daimi saxlamaq;
3.0.15. hüquqların dövlət qeydiyyatı
zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və
hüquqların dövlət qeydiyyatı zamanı yaranan
münasibətlərin maraqlı
iştirakçılarına səhvlərin aradan
qaldırılması barədə yazılı məlumat vermək;
3.0.16. məhv olmuş daşınmaz əmlak üzərində
mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək;
3.0.17. qanunla müəyyən edilmiş müddətədək
daşınmaz əmlak üzərində hüquqların
qeydiyyatını aparmış dövlət
orqanlarının verdikləri dövlət reyestrində
saxlanılmalı olan məlumatları dövlət reyestrinə
daxil etmək;
3.0.18. daşınmaz əmlakın ipotekası barəsində
verilən qiymətli kağızlar haqqında məlumatları
dövlət reyestrinə daxil etmək;
3.0.19. yaşayış fondundan
qeyri-yaşayış fonduna və ya əksinə
keçirilmiş daşınmaz əmlak obyektləri barədə
məlumatları dövlət reyestrinə daxil etmək;
3.0.20. daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınmasını və təsvir edilməsini
təmin etmək məqsədi ilə daşınmaz əmlakın
vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib
edilməsində və aparılmasında iştirak etmək;
3.0.21.
ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə
kadastr tərtib edən və aparan icra hakimiyyəti
orqanlarının təqdim etdikləri məlumatların
daşınmaz əmlakın vahid dövlət kadastrına
daxil edilməsində iştirak etmək;
3.0.22. daşınmaz əmlakın vahid dövlət
kadastrı məlumatlarının sorğu əsasında
dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə
verilməsində iştirak etmək;
3.0.23. daşınmaz əmlak üzərində
hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin
planının və ölçüsünün tərtib
edilməsini və verilməsini təmin etmək;
3.0.24.
tikililərin, o cümlədən binaların,
qurğuların, yaşayış və
qeyri-yaşayış sahələrinin, fərdi
yaşayış və bağ evlərinin, müəssisələrin
inventarlaşdırılmasını həyata keçirmək,
inventarlaşdırma işlərinin aparılması nəticəsində
hüquqların dövlət qeydiyyatı üçün zəruri
olan texniki sənədlərin tərtib edilməsini təmin
etmək;
3.0.25. mülkiyyət növündən asılı
olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini
təşkil etmək, daşınmaz əmlakın qiymətləndirilməsini
(dövlət müəssisə və obyektləri istisna
olmaqla) və bu sahədə nəzarəti həyata
keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi
sahəsində qiymətləndiricilərin fəaliyyətinə
nəzarət etmək;
3.0.26. dövlət reyestrinə daxil edilmiş
daşınmaz əmlakın inventar və bazar münasibətlərinə
uyğun real dəyəri üzrə məlumat bankının
yaradılmasını təmin etmək;
3.0.27. daşınmaz əmlakın inventar və bazar
münasibətlərinə uyğun real dəyəri
haqqında məlumatı sorğu əsasında dövlət
və yerli özünüidarəetmə orqanlarına, fiziki
və hüquqi şəxslərə vermək;
3.0.28. dövlət mənzil fondu obyektlərinin
xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək;
3.0.29. vətəndaşların qanuni istifadəsindəki
yaşayış evlərinin, həyətyanı sahələrin,
fərdi, kollektiv və kooperativ bağların, dövlət
bağçılıq təsərrüfatlarının idarəçiliyində
olmuş bağların yerləşdiyi torpaqların
onların mülkiyyətinə verilməsini yerquruluşu
işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən
edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan
uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək;
3.0.30. daşınmaz əmlak üzərində
hüquqların dövlət qeydiyyatı və dövlət
reyestrinin aparılması sahəsində funksiyaların
icrası və aidiyyəti üzrə əlaqələndirilməklə,
məkan məlumatları infrastrukturunun
formalaşdırılmasında iştirak etmək;
3.0.31. daşınmaz əmlak üzərində
hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində
mərzçəkmə işləri aparmaq;
3.0.32. bələdiyyə mülkiyyətində olan
torpaq sahələrinin xüsusiyyətinə və
torpağın ayrılma məqsədinə, mövcud texniki
normalara, yerquruluşu və şəhərsalma sənədlərinə
uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə
verilməsinə dair rəy verilməsində iştirak etmək;
3.0.33.
dövlət rüsumlarının və fəaliyyət
istiqamətləri üzrə tabeliyində olan yerli
qurumların göstərdiyi xidmətlərə görə
xidmət haqlarından daxilolmaların mühasibat və
statistik uçotunu aparmaq, həmin vəsaitin vaxtında və
tam həcmdə aidiyyəti üzrə
köçürülməsini təmin etmək, göstərilən
xidmətlər müqabilində alınan xidmət
haqlarından Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən müəyyən
edilmiş qaydada istifadə etmək;
3.0.34. fəaliyyət istiqamətləri üzrə
göstərilən xidmət haqlarının tarifləri barədə
Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinə təklif vermək;
3.0.35. fəaliyyət istiqamətləri üzrə
aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər
görülməsini təmin etmək;
3.0.36.
Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə təklif vermək;
3.0.37.
Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə
və şikayətlərə baxmaq və tədbirlər
görmək;
3.0.38. bu Əsasnamə ilə müəyyən edilən
vəzifə və hüquqlarını Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi tərəfindən yaradılan vahid informasiya sistemini
tətbiq etməklə həyata keçirmək.
4. Xidmətin
hüquqları
4.0. Xidmət
öz vəzi
fələrini yerinə yetirmək üçün
aşağıdakı hüquqlara malikdir:
4.0.1. dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
4.0.2. fəaliyyət istiqamətləri üzrə
qanunvericilik aktlarının layihələrini hazırlamaq və
Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə təqdim etmək;
4.0.3. qanunvericiliklə müəyyən edilmiş
qaydada səlahiyyətlərinə dair məsələlərin
icrası ilə bağlı təlimat, qayda və digər
normativ aktların layihələrini hazırlamaq və təsdiq
edilmək üçün Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsinə
təqdim etmək;
4.0.4. fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə xidmət haqqı almaq və bu sahədən daxil olan vəsaitdən müəyyən edilmiş qaydada istifadə etmək;
4.0.5. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.0.6. xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq.
5. Xidmətin fəaliyyətinin təşkili
5.1. Xidmətin tərkibinə onun aparatı və tabeliyində olan yerli qurumlar daxildir.
5.2. Xidmətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.
5.3. Rəis bu Əsasnamə ilə Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.4. Xidmət rəisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
5.5. Xidmətin rəisi:
5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının və tabeliyində olan yerli qurumlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;
5.5.3. Xidmət rəisinin müavinləri, Xidmətin aparatının struktur bölmələrinin rəhbərləri və Xidmətin tabeliyində olan yerli qurumların rəhbərləri və müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.4. Xidmətin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;
5.5.5. Xidmətin aparatının və yerli qurumlarının işçiləri tərəfindən aparılan tədbirlərə nəzarət edir;
5.5.6. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün tədbirlər görür;
5.5.7. tabeliyində olan yerli qurumlara icrası məcburi olan əmr və göstərişlər verir;
5.5.8. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Xidməti təmsil edir;
5.5.9. Xidmətin fəaliyyəti barədə
Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir.
Azərbaycan.-2015.- 16 may.- S.12.