Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz

Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin adı və Xidmətin öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Xidmətin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Xidmət Bakı şəhərində yerləşir.

 

2. Xidmətin fəaliyyət istiqamətləri

 

2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir;

2.0.2. ünvan reyestrinin aparılmasını həyata keçirir, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin edir;

2.0.3. torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli məqsədi ilə yerquruluşu işlərini təşkil edir və aparır;

2.0.4. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının və torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini təşkil edir, yerinə yetirir və bu sahədə dövlət nəzarətini həyata keçirir;

2.0.5. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirir və xəritələrini hazırlayır;

2.0.6. bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritələrini, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək üçün arayış hazırlayır;

2.0.7. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradır;

2.0.8. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə dövlət nəzarətini həyata keçirir, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir.

3. Xidmətin vəzifələri

 

3.0. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

3.0.1. daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək;

3.0.2. yerquruluşu işlərini təşkil etmək və aparmaq;

3.0.3. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının və torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini təşkil etmək, yerinə yetirmək və bu sahədə dövlət nəzarətini həyata keçirmək;

3.0.4. dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədi ilə geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərini həyata keçirmək;

3.0.5. daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması məqsədi ilə monitorinq işlərini yerinə yetirmək;

3.0.6. daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək;

3.0.7. sahəvi kadastrların məlumatlarını daşınmaz əmlakın vahid dövlət kadastrına daxil etmək, daşınmaz əmlakın ayrı-ayrı növləri üzrə sahəvi kadastr aparan dövlət orqanları ilə işləri əlaqələndirmək, dövlət torpaq kadastrı, yerquruluşu, xüsusi (sahəvi) təyinatlı geodeziya işləri nəticəsində əldə olunan məlumatların və sənədlərin saxlanılmasını və istifadəsini təmin edən tədbirləri həyata keçirmək;

3.0.8. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək;

3.0.9. mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq;

3.0.10. daşınmaz əmlakla bağlı inventarlaşdırma işlərini və texniki sənədlərin tərtibini, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərinin özəl hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsini təşkil etmək və akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;

3.0.11. torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini təmin etmək;

3.0.12. vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, dövlət mülkiyyətində olmuş və özəlləşdirilmiş yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək məqsədi ilə yerquruluşu işləri aparmaq;

3.0.13. ünvan reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək;

3.0.14. ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək;

3.0.15. ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab edilən nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələri hazırlamaq və daşınmaz əmlak obyektlərində yerləşdirmək;

3.0.16. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara daşınmaz əmlakın vahid dövlət kadastrı məlumatlarının, torpaq sahələrinin yerquruluşu planından və dövlət torpaq kadastrı məlumatlarından çıxarışların verilməsini təmin etmək;

3.0.17. kadastr uçotuna alınması məqsədi ilə daşınmaz əmlakın kütləvi inventarlaşdırılmasını və qiymətləndirilməsini həyata keçirmək;

3.0.18. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədləri daxilində elektron kadastr uçotu işlərini aparmaq;

3.0.19. bələdiyyə ərazilərinin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin hazırlanması məqsədi ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin dürüstləşdirilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək;

3.0.20. inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədi ilə onların sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri hazırlamaq və təsdiq etmək;

3.0.21. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılması məqsədi ilə kadastr-planaalma işlərini həyata keçirmək;

3.0.22. bələdiyyə ərazilərinin sərhədinin (hüdudunun) qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğunu hazırlamaq;

3.0.23. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək, elektron daşıyıcıda və kağız üzərində xəritələşdirilməsini həyata keçirmək;

3.0.24. bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək;

3.0.25. mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədi ilə tədqiqat və monitorinq aparmaq;

3.0.26. torpaqların şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin qorunması layihələrinin tərtibində və həyata keçirilməsində iştirak etmək, dövlət torpaq kadastrının aparılması ilə bağlı həmin layihələrin yerinə yetirilməsinə nəzarət etmək;

3.0.27. torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması ilə əlaqədar olaraq kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə təkliflərin verilməsində iştirak etmək;

3.0.28. təsərrüfat fəaliyyətinin torpaq üçün zərərli nəticələrinin təhlil edilməsində, torpaqda baş verən hər hansı mənfi proseslərin əmələ gəlməsinin öncədən müəyyənləşdirilməsində və onlara qarşı mübarizə tədbirlərinin hazırlanmasında digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək;

3.0.29. hər il 1 yanvar vəziyyətinə əvvəlki il üçün torpaq fondunun növlərinə, torpaqların rekultivasiyasına, mülkiyyətçilər və istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə (bonitirovka, iqtisadi qiymətləndirmə) dair hesabatları tərtib etmək;

3.0.30. kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirmək, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə və torpaqlardan səmərəli istifadə olunmasını və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflər hazırlamaq;

3.0.31. torpaqların zonalaşdırılması barədə təkliflər vermək;

3.0.32. münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına (konservasiyasına) dair təkliflər verilməsində, torpaqların münbitliyinin bərpası, artırılması və onların mühafizəsi üzrə investisiya proqramlarının ekspertizasının həyata keçirilməsində, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi barədə təkliflər verilməsində iştirak etmək;

3.0.33. çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya edilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;

3.0.34. torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət ekspertizasını aparmaq, şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlarına və baş planlara müvafiq rəy vermək;

3.0.35. dövlət torpaq kadastrının aparılması və yerquruluşu işlərinin həyata keçirilməsi ilə bağlı layihə-axtarış və təcrübi-eksperimental işlərin aparılmasını təşkil etmək;

3.0.36. torpaqların təbii qiymətləndirilməsi (bonitirovka) işlərini yerinə yetirmək;

3.0.37. daşınmaz əmlakın vahid dövlət kadastrı, ünvan reyestri, yerquruluşu, dövlət torpaq kadastrının aparılması sahəsində funksiyaların icrası və aidiyyəti üzrə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasında iştirak etmək;

3.0.38. dövlət ehtiyat fondu torpaqlarının istifadə vəziyyətini yerquruluşu, kadastr tədqiqatları ilə öyrənmək və onlardan səmərəli istifadəyə dair təkliflər hazırlamaq;

3.0.39. torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodeziya istinad şəbəkəsinin yaradılmasında, topogeodeziya, kartoqrafiya və kadastr plan və xəritələrinin tərtibində, yeniləşdirilməsində və təminatı işlərinin həyata keçirilməsində iştirak etmək və onlardan istifadə etmək, fəaliyyət istiqamətləri üzrə plan və xəritələri hazırlamaq;

3.0.40. yerquruluşu və kadastr məqsədləri üçün daimi fəaliyyət göstərən geodeziya istinad məntəqələri şəbəkəsinin yaradılmasını, istismarını təşkil etmək və şəbəkə xidmətinin fasiləsizliyini təmin etmək;

3.0.41. müasir geodeziya alətlərinin və cihazlarının tətbiqi üçün təkliflər vermək;

3.0.42. vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və başqa yaşayış məntəqələrinin ərazisinin 1:2000 və daha böyük miqyaslı, tikilməmiş (açıq) ərazilərin isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsində və çoxməqsədli topoqrafik planaalmasında iştirak etmək;

3.0.43. müəyyən edilmiş qaydada razılaşdırılmaqla aerofotoplanaalma işlərinin həyata keçirilməsində və digər təşkilatların həmin məlumatlarla müəyyən olunmuş qaydada təmin edilməsində iştirak etmək;

3.0.44. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;

3.0.45. öz fəaliyyəti barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə hesabatlar vermək;

3.0.46. fəaliyyət istiqamətləri üzrə tabeliyində olan yerli qurumların göstərdiyi xidmətlərə görə xidmət haqlarından daxilolmaların mühasibat və statistik uçotunu aparmaq, həmin vəsaitin vaxtında və tam həcmdə aidiyyəti üzrə köçürülməsini təmin etmək, göstərilən xidmətlər müqabilində alınan xidmət haqlarından istifadə etmək;

3.0.47. fəaliyyət istiqamətləri üzrə göstərilən xidmət haqlarının tarifləri barədə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək.

 

4. Xidmətin hüquqları

 

4.0. Xidmət öz vəz

ifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.2. fəaliyyət istiqamətləri üzrə monitorinqlər və müşahidələr aparmaq, monitorinqlər və müşahidələr zamanı qanun pozuntuları aşkar edildikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək, hüquq mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;

4.0.3. Azərbaycan Respublikasında sahəvi kadastrları tərtib edən və aparan digər dövlət orqanları ilə əməkdaşlıq etmək və məlumat mübadiləsini həyata keçirmək;

4.0.4. ölkə ərazisində həyata keçirilən aerofotoplanaalma işlərinin nəticələri olan məlumatlardan istifadə etmək;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının layihələrini hazırlamaq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

4.0.7. fəaliyyət istiqamətləri üzrə təlimat, qayda və digər normativ aktların layihələrini hazırlamaq və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

4.0.8. fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə xidmət haqqı almaq və bu sahədən daxil olan vəsaitdən müəyyən edilmiş qaydada istifadə etmək;

4.0.9. kadastr və mərzçəkmə işlərinə fiziki və hüquqi şəxsləri cəlb etmək;

4.0.10. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.11. xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq;

4.0.12. xüsusi bülletenlər və nəşrlər buraxmaq.

 

5. Xidmətin fəaliyyətinin təşkili

 

5.1. Xidmətin tərkibinə onun aparatı və tabeliyində olan qurumlar daxildir.

5.2. Xidmətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.3. Rəis bu Əsasnamə ilə Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Xidmət rəisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

5.5. Xidmətin rəisi:

5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;

5.5.3. Xidmət rəisinin müavinləri, Xidmətin aparatının struktur bölmələrinin rəhbərləri və Xidmətin tabeliyində olan qurumların rəhbərləri və müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.4. Xidmətin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

5.5.5. Xidmətin aparatının və qurumlarının işçiləri tərəfindən aparılan tədbirlərə nəzarət edir;

5.5.6. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün tədbirlər görür;

5.5.7. tabeliyində olan qurumlara icrası məcburi olan əmr və göstərişlər verir;

5.5.8. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Xidməti təmsil edir;

5.5.9. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir.

 

 

Azərbaycan.-2015.- 16 may.-  S.13.