“Bakı nefti qələbəyə açardır” kitabının təqdimatı olub

 

Mayın 14-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadənin "Bakı nefti qələbəyə açardır" kitabının təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə kitab haqqında ətraflı məlumat verib. Bildirilib ki, Böyük Vətən müharibəsi zamanı Azərbaycan Qələbəyə böyük töhfə verib. Bu kitabda da həmin töhfələr öz geniş əksini tapıb.

 

A.Əlizadə diqqətə çatdırıb ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə Azərbaycandan cəbhəyə 700 minə yaxın həmvətənimiz yollanıb. Böyük Qələbənin qazanılmasında misilsiz xidmətlər göstərən azərbaycanlıların 300 mini döyüş meydanlarında həlak olub, 123 nəfər Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib, 170 min əsgər və zabitimiz isə müxtəlif ordenmedallarla mükafatlandırılıb.

 

A.Əlizadə qeyd edib ki, nasist Almaniyası Bakıdakı neft yataqlarına xüsusi diqqət yetirirQafqaz uğrunda döyüşlərdə qarşıya neft Bakısına nəzarəti ələ keçirmək vəzifəsi qoyurdu. Bunun səbəbi Azərbaycanın təbii sərvətləri, xüsusən də neft ehtiyatları, Şərq ilə Qərb arasında strateji baxımdan əlverişli mövqedə yerləşməsi idi.

 

Kitabda buya digər faktların geniş əksini tapdığını deyən akademik vurğulayıb ki, Bakı neftçiləri keçmiş SSRİ-nin yanacağa olan ehtiyacının 80 faizini təmin edirdilər.

 

Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Böyük Vətən müharibəsi zamanı yaşanan hadisələr illər keçsə də, insanların hafizəsinə əbədi həkk olunub. Bu yaxınlarda Qələbənin 70 illik yubileyi Azərbaycanda da təntənəli şəkildə qeyd edildi. Belə bir vaxtda Böyük Vətən müharibəsində Azərbaycan neftinin rolundan bəhs edən kitabın işıq üzü görməsi təqdirəlayiqdir. Kitabda müharibədə Azərbaycanın iştirakını əks etdirən əhəmiyyətli məlumatlar yer alır.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov kitabın Böyük Vətən müharibəsində Azərbaycan və Bakı neftinin Qələbənin qazanılmasında xüsusi rolunu elmi əsaslarla təsdiqlədiyini vurğulayıb.

Digər çıxışçılar da “Bakı nefti qələbəyə açardır” kitabında Bakı neftinin Qələbədə xüsusi rol oynamasını arxiv sənədləri əsasında çox müfəssəl təqdim olunduğunu qeyd ediblər.

Akademik Ziyad Səmədzadə kitabın ərsəyə gəlməsi barədə məlumat verərək deyib ki, nəşrdə Böyük Vətən müharibəsində Azərbaycanın rolunu ətraflı təqdim etməyə çalışıb. Bu işdə

Siyasi Sənədlər Arxivinin rolunu xüsusi vurğulayan müəllif bildirib ki, kitabda 12 mindən çox arxiv sənədindən istifadə olunub.

 

Azərbaycan.-2015.- 16 may.-  S.14.