“Bakı Ürək Günləri” IV Beynəlxalq
Konqresinin iştirakçılarına
Hörmətli
konqres iştirakçıları!
Sizi
– müxtəlif ölkələrdən “Bakı Ürək
Günləri” IV Beynəlxalq Konqresinə gəlmiş alimləri
səmimi qəlbdən salamlayır və insanların
sağlamlığı naminə nəcib fəaliyyətinizdə
hər birinizə uğurlar arzu edirəm. Ümidvaram ki,
kardiologiya və ürək-damar cərrahiyyəsinin
inkişafında artıq özünəməxsus yeri olan ənənəvi
Bakı konqresi müasir təbabətin yeni müalicə
üsulları və texnologiyalarının Azərbaycanda tətbiqinə
layiqli töhfəsini verəcəkdir.
Ölkəmizdə
davamlı surətdə gerçəkləşdirilən
sosial yönümlü siyasət ürək-damar xəstəliklərinin
profilaktikası, diaqnostikası və ən yeni texnologiyalara
uyğun müalicəsini prioritet istiqamətlərdən biri
olaraq müəyyən etmişdir. İnkişaf
strategiyamıza uyğun şəkildə paytaxt və
regionlarda günün tələblərinə cavab verən xəstəxanaların,
xüsusi ixtisaslaşmış mərkəzlərin
yaradılması əhaliyə kardiologiyanın nailiyyətlərindən
lazımınca faydalanmaq imkanı verir. Ürək-damar cərrahiyyəsi
üçün tələb olunan yüksəkixtisaslı
kadr hazırlığı problemi həm ölkə daxilində,
həm də Azərbaycan gənclərinin xaricdə təhsili
üzrə dövlət proqramı çərçivəsində
həllini tapmaqdadır. Əminəm ki, müasir kardiologiya
sahəsinin aktual problemlərinin konqresdə aparılacaq birgə
geniş müzakirəsi Azərbaycanın səhiyyə
sisteminin təkmilləşdirilməsi baxımından da
önəmli olacaqdır.
Builki
konqresiniz Birinci Avropa Oyunları ərəfəsində
keçirilir. Sağlamlığın rəhni olan və fəal
həyat tərzi təbliğ edən idman da təbabət
kimi həmişə insan resurslarının keşiyində
dayanır, ölkələrin və xalqların uğurlu əməkdaşlığına,
qarşılıqlı anlaşmasına xidmət göstərir.
İnanıram ki, işlərinizin gərginliyinə baxmayaraq,
ilk Avropa Oyunları ilə bağlı maraqlı hadisələri
diqqətlə izləyəcək, daim gözəlləşən
və müasirləşən Bakının görməli
yerlərini ziyarət edəcəksiniz.
Hamınıza
cansağlığı, səadət və müvəffəqiyyətlər
arzulayıram.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2015-ci il.
Azərbaycan.-2015.-
17 may.- S.2.