Alov dağlar
diyarında
Məşəl Daşkəsəndə
alovlandı
Azərbaycanın və dünyanın idman ictimaiyyəti tarixi hadisə ərəfəsindədir. 26 gündən sonra respublikamız tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi edəcək. Artıq bütün təşkilati işlər ən yüksək səviyyədə başa çatıb və hazırda diqqətlər I Avropa Oyunlarının məşəlinin səyahətinə yönəlib.
Bu gün Azərbaycanın nəbzi bu möhtəşəm idman tədbiri ilə döyünür. Çünki I Avropa Oyunlarının ab-havası təkcə Bakıda deyil, respublikanın dörd bir yanında hiss olunur. Aprelin 26-da “Atəşgah” məbədindən alovlanan məşəl Azərbaycanın şəhər və rayonlarını gəzib-dolaşır. Məşəlin gəzdiyi şəhər və rayonlarda böyük qələbəlik, izdiham müşahidə olunur. Hər bir bölgənin idmançılarından, ictimai fəal sakinlərindən ibarət məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar. Məşəl bütün şəhər və rayonlarda çox böyük coşqu və alqışlarla qarşılanır. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, Azərbaycanı qarış-qarış gəzən, dolanan məşəl həm də ümumən respublikamızın, şəhər və rayonlarımızın son illər keçdiyi dinamik yüksəliş və quruculuq yolunu, vətəndaşlarımızın artan sosial rifahını özündə əks etdirir. Məşəlin yürüşünü izləyən hər kəs, o cümlədən beynəlxalq ictimaiyyət respublikamızın sosial-iqtisadi yüksəlişinə, insanların çöhrəsindəki sevincə şahidlik edir.
Alovunu “Atəşgah” məbədindən alan, Naxçıvandan, cənub bölgəsindən, Mil-Muğandan, Qarabağdan keçən I Avropa Oyunlarının məşəl estafetinin növbəti ünvanı Daşkəsəndir. Qədim Nizami yurdundan sonra məşəl mayın 16-da uca dağların qoynunda yerləşən, ölkəmizin ən səfalı, gözəl və füsunkar guşələrindən biri olan Daşkəsən rayonuna gətirildi. Daşkəsən şəhərinin girişində - “Fərhad” heykəlinin yaxınlığında məşəl böyük təntənə ilə qarşılandı.
Dünən Daşkəsəndə əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. Rayonun Hinaldağdan və Qoşqar dağından məğrurluqla boylanan uca qarlı zirvələri, xüsusən bu aylarda aşıb-daşan bumbuz və gur sulu çayları, təmiz və saf havası, yaşıllığa bürünən təbiətinin dilbər gözəlliyi, bir sözlə, canlı təbiətinin insanın ruhunu oxşayan əsrarəngiz mənzərəsi bu ovqata və başlamaqda olan məşəl estafetinə xüsusi yaraşıq və büsat verirdi. Düşmənin qarşısında hər zaman mətinliklə dayanan, uca dağları, sıldırımlı qayaları ilə alınmaz qalaya çevrilən Daşkəsən məşəli vüqarla, qürurla qarşılayırdı.
Daşkəsən şəhərində məşəl yürüşünün start götürəcəyi “Fərhad” heykəlinin qarşısından başlayaraq Heydər Əliyev prospekti boyunca minlərlə insan toplaşıb. Hər tərəf bayram libasına bürünüb. Bu gün təkcə Daşkəsən şəhərinin deyil, rayonun bütün kəndlərindən olan sakinlər, məktəblilər, gənclər, fəal vətəndaşlar məşəlin estafetini izləmək, I Avropa Oyunlarının tərkib hissəsi olan yürüşün iştirakçısına çevrilmək, ən əsası bu möhtəşəm idman bayramının sevincini yaşamaq üçün buraya toplaşıblar. Azərbaycanın üçrəngli bayrağını, I Avropa Oyunlarının simvollarını dalğalandıran əzəmətli izdiham məşəlin gəlməsini həyəcanla gözləyir.
Mərasimin başlamasına hələ dəqiqələr qalır və bu fürsətdən istifadə edib ağsaqqal Elman Məmmədovla söhbətləşirik. Təəssüratlarını şövqlə bölüşən Elman kişinin sözlərinə görə, bu idman yarışı Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir:
- Azərbaycan indi dünyada sayılıb-seçilən ölkələrdən biridir. Hər birimiz bu gün sevinirik, fərəh hissi keçiririk. Amma yadınızdadırsa, keçən əsrin 90-cı illərinin əvvəllərində biz hansı vəziyyətdə idik. Gündən-günə uçuruma, məhvə gedirdik, yeməyə çörək tapmırdıq. Sabaha inamımız yox idi. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O, böyük siyasətçi idi. Xalqın səsini eşitdi, Bakıya gəlib ölkəni uçurumdan xilas etdi. O kişi olmasaydı, Allah bilir, bizim axırımız nə olacaqdı. Allah Prezident İlham Əliyevdən razı olsun. Əsl atasına layiq oğuldu, Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirir. Kim deyə bilərdi ki, vaxt gələcək Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək. Yatsaq yuxumuza girməzdi. Amma bu baş verdi. Biz kosmosa raket göndərilməsini SSRİ-nin tərkibində yaşayanda görmüşdük. İndi öz raketimiz orbitdədir. Bunlar elə uğurlardı ki, hər bir ölkə ona həsəd aparır. Bu gün Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə dünyanın diqqətini yenidən özünə cəlb edib. Bu, bizim ölkəmizin müstəqillik illərində qazandığı ən möhtəşəm uğurlardan biridir. Mən ömrümün böyük hissəsini sovet dövlətində yaşamışam. Allaha şükür olsun ki, mənə müstəqil dövlətimizin bu uğurlarını görməyi qismət etdi.
Budur, izdiham cuşa gəlir. Əvvəlcədən nəzərdə tutulan marşrut üzrə və alqış sədaları altında təntənəli yürüş başlayır. Daşkəsəndə məşəl mərasimi rayonun peşəkar və tanınmış idmançılarına, ictimai fəallarına həvalə edilib. Benç-pressinq üzrə dünya çempionu, idman ustası, Daşkəsən rayon uşaq gənclər idman məktəbində məşqçi müəllim işləyən Xəqani Abdullayevlə başlayan yürüşdə estafeti idmançılar Zaur Sadıqov, Səlim Abbasov, Kənan Bağırov, Vüqar Məmmədov, Zaur Həsənov, ictimai fəallar Roman Tağıyev, Vüsal Haqverdiyev, Mahir İbrahimov, Xəyal Qocayev, Zaur Həsənov davam etdirirlər. “Fərhad” heykəlindən başlayan yürüş daha sonra Heydər Əliyev prospekti, Babək və İsmət Qayıbov küçələri boyunca təxminən 2 kilometrdən artıq məsafə qət edəcək. Bu yaraşıqlı yolların hər iki tərəfində insanlar sıx yer alıb. Küçələr nə qədər geniş və enli olsa da, buraya toplaşan insanların qarşısında sanki kiçik görünürlər. Milli musiqi sədaları altında məşəlçilər inamla yollarına davam edir, bir-birlərini əvəz edirlər.
Daşkəsənin fəal gənclərindən olan Nailə Məmmədova da məşəl estafetini izləyənlər arasındır. Onun sözlərinə görə, məşəlin Daşkəsənə gətirilməsi hər bir rayon sakinini dərindən qürurlandırır: “Aprelin 26-dan başlayan məşəlin səyahətini hər gün yaxından izləyirəm. Nəhayət, bu gün məşəl bizim rayonumuza çatdı. Bu gün biz I Avropa Oyunlarının həyəcanını yaşayırıq. Hər birimiz sevinirik və fərəh hissi keçiririk. Bu idman yarışmasının hazırlıq işləri ilk gündən yüksək səviyyədə aparılıb və ən nümunəvi şəkildə də başa çatacaq. Azərbaycan I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə tarixdə iz qoyacaq. Eyni zamanda, idmançılarımız qazanacaqları qələbələri ilə xalqımıza sevinc dolu anlar yaşadacaqlar”.
Məşəl yürüşü
davam etdikcə Daşkəsənin son illərdə keçdiyi
quruculuğun, abadlığın şahidi oluruq. Ölkəmizin
hər yerində son illər geniş vüsət alan
yenidənqurma və abadlıq işləri Daşkəsən
şəhərinin timsalında aydın görünür.
Qeyd edək
ki, son illərdə
şəhərin kanalizasiya sistemi, küçələrinin
işıqlandırma sistemi yenidən qurulub, 20 yaşayış binasında bərpa-gücləndirmə
işləri aparılıb, mədəniyyət evinin, yaşayış binalarının dam
örtükləri təmir edilib, “Bayraq Meydanı” yaradılıb. Həmçinin bir
neçə il öncə Prezident İlham
Əliyevin sərəncamı ilə ayrılmış vəsait
hesabına uzunluğu 47,4 km
olan Gəncə-Daşkəsən-Xoşbulaq
avtomobil yolu əsaslı
təmir olunub. Hazırda rayonda əlvan metal, filiz və əhəng
daşı hasilatı
uğurla davam edir. Daşkəsən həm də
kənd təsərrüfatı
rayonudur. 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı
ili” elan olunması ilə əlaqədar Daşkəsəndə
mühüm tədbirlər
həyata keçirilməkdədir.
Daşkəsəndə Azərbaycan dövlətçiliyinin
möhkəm əsaslar
üzərində qurulmasında,
respublikanın hərtərəfli
inkişafında müstəsna
xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi də layiqincə əbədiləşdirilib. Ümummilli liderin
adını daşıyan
park daşkəsənlilərin ən sevimli istirahət yerlərindən
biridir. Daşkəsən şəhərinin mərkəzində isə
ulu öndərin abidəsi ucaldılıb.
Keçən il oktyabrın 17-də
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsəndə
Heydər Əliyev Mərkəzinin açılışında
iştirak ediblər. Azərbaycanın Heydər Əliyev
irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin
aydın şəkildə
öyrənilməsində, ulu öndərin irsinin gənc və böyüməkdə
olan nəslə çatdırılması işində
mühüm rol oynayan bu mərkəz
həm də Daşkəsən şəhərinin
görkəminə xüsusi
gözəllik verir.
Məşəl yürüşü Heydər
Əliyev meydanına yaxınlaşmaqdadır. Bir-birini əvvəzləyən
məşəlçilər vüqarla, əzmlə irəliyə doğru irəliləməkdədirlər. Daşkəsənlilər ürək dolusu
ilə bu əlamətdar hadisənin
doğurduğu fərəh
hissini yaşayırlar.
Küçələr boyu səslənən
musiqilər, insanların
dayanmadan alqışları,
səsləndirdikləri şüarlar
məşəlin yürüşünü
daha əzəmətli
edir. Daşkəsən Rayon İcra Hakimiyyətinin
başçısı Əhəd
Abıyev də yürüşü izləyənlər
arasındadır. Ondan I Avropa
Oyunları ilə bağlı fikirlərini öyrəndik. Bu hadisənin
bütün xalqımızın
ümumi bayramına çevrildiyini bildirən
Əhəd Abıyev dedi: “1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi
müstəqil Azərbaycanın
tarixində dönüş
oldu. Məhz həmin dövrdən
başlayaraq kövrək
müstəqilliyimiz bərkidi
və gücləndi.
Dahi şəxsiyyət olan Heydər Əliyev özünün siyasi uzaqgörənliyi ilə Azərbaycanı inkişaf
yoluna çıxardı
və bu gün də respublikamızın yüksəlişinə
xidmət edən strateji xətti müəyyənləşdirdi. Ötən
12 ildə ulu öndərin müəyyən
etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın
sürətlə inkişafını
təmin edib. Bu gün cənab
Prezident cəmiyyətimizin
inkişafına xidmət
edən hər bir məsələni diqqət mərkəzində
saxlayır. Bu istiqamətdə əsas prioritetlərdən biri də idmanın inkişafıdır. Yaxşı xatırlayırıq
ki, cənab İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra
respublikamızın idman
həyatında yeni mərhələ başladı.
Məhz bundan sonra keçirilən
bütün olimpiya oyunlarında idmançılarımız
uğurlu nəticələrinin
sayını artırdılar.
Qızıl medallarımızın sayı artdı. Görülən kompleks işlər
nəticəsində idman
infrastrukturu yeniləndi
və Azərbaycan Olimpiya Hərəkatının
genişləndiyi, Olimpiya
ideallarının bərqərar
olduğu dövlətə
çevrildi.
Təbii ki, qarşıdan gələn I Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi ilə
bağlı qərarın
qəbulunda Azərbaycanın
sürətli inkişafı
ilə yanaşı, idman ölkəsinə çevrilməsi də əsas rol oynayıb. 2013-cü ilin yanvarından sonra I Avropa Oyunlarının təşkili
ilə bağlı başlanan hazırlıq işləri artıq uğurla yekunlaşıb.
Bu idman yarışına
hazırlıq işlərinin
həyata keçirilməsi
ilə bağlı yaradılan və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Təşkilat Komitəsi qısa müddətdə öz işini layiqincə həyata keçirib.
Əminik ki, 3 il əvvəl
“Eurovision” mahnı müsabiqəsində
olduğu kimi, Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi
I Avropa Oyunlarını
da layiqincə təşkil edəcək.
Hazırda I Avropa Oyunlarının
məşəlinin səyahəti
davam edir və bu gün
biz Daşkəsəndə məşəli qarşılayırıq.
İntizarla gözlədiyimiz an artıq yetişib. Rayonumuzun hər yerindən sakinlər bu gün buraya gəliblər. Bu möhtəşəm anları
bizə yaşatdıqlarına
görə Prezident İlham Əliyevə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk”.
Məşəl yürüşü artıq
şəhərin Heydər
Əliyev Meydanına çatıb. İnsanların sevincinin həddi-hüdudu
yoxdur. Sonuncu yürüşçü səhnəyə qalxaraq alqış sədaları
altında məşəli
alovlandırdı. Sonra I Avropa
Oyunlarının çırağı
yandırıldı. Çıraq yarışların sonuna qədər Daşkəsəndə
saxlanılacaq.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2015.-
17 may.- S. 3.