Alov uğurlara
işıq salır
Məşəl Samuxda alovlandı
Samux al-əlvan libasa bürünüb. Heydər Əliyev adına parka yüzlərlə adam yığışıb. Hamı alovlu məşəli qarşılamağa gəlib. Axı Avropa Oyunları ilə ölkəmizin tarixinə yeni bir şərəfli səhifə yazılır.
Rayon ağsaqqallar şurasının sədri Gəray Bayramov deyir ki, belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil: “Bu, dövlət başçısı İlham Əliyevin müdrik siyasəti, genişmiqyaslı fəaliyyəti, müstəqil ölkəmizin bütün dünyanı bürüyən nüfuzu ilə bağlıdır. Deyirlər, belə bir möhtəşəm tədbirə hazırlıq üçün təqribən 7 il vaxt tələb olunur. Azərbaycanda isə qısa bir müddətdə - iki il yarıma hazırlıq işləri çox yüksək səviyyədə başa çatıb. Hər dəfə yeni yaradılan idman qurğuları haqqında televiziyada məlumatlar veriləndə heyranlıqla baxır, bu cür qüdrətli, qüvvətli ölkəmizlə, onun müdrik rəhbəri ilə fəxr edirik”.
Gözlənilən an gəlib çatır. Alqış sədaları altında alov məşəli Samux rayonuna təqdim olunur.
Məşəli sərbəst güləş üzrə respublika çempionu Anar Cəlilov qəbul edir. Məşəlçilər sıraya düzülüblər. Elnur Salamov, İsmət Xəlilov, Vüqar Bayramov, Babək İsmayılov, İsbəndiyar Quliyev, Röyal Əliyev, Qalib Bayramov, Rüfət Ağayev, Yeganə Mustafayeva, Rasim İmamquliyev, Babək Nəsibov, Gülnar Mustafayeva və Anar Cəlilov müəyyən məsafədən məşəli bir-birinə ötürə-ötürə mərkəzi meydana doğru irəliləyirlər.
Abad küçələr, prospektlər boyunca alovdarların yürüşü başlanır. Rayonun hər yerindən, hətta ən uzaq qəsəbə və kəndlərdən yığışıb gələn sakinlər bu bayram təntənəsini maraqla izləyirlər.
İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında getdikcə artan nüfuzu ilə yanaşı, dövlətin qayğısı və köməyi sayəsində yerlərdə idmanın inkişafı, onun kütləviliyi, idmançılarımızın bir-birinin ardınca qazandıqları uğurlarla bağlıdır. Bu sahədə Samux rayonunda da böyük işlər görülür. Rayonda gənclərin fiziki və mənəvi sağlamlığı üçün hər cür şərait yaradılıb. Burada Uşaq idman məktəbi, Şahmat məktəbi, “Zirvə” ağır atletika kompleksi, sambo, taekvando, kikboksin, sərbəst güləş və karate bölmələri, eləcə də qəsəbə və kəndlərdə 18 örtülü idman zalı,15 stadion fəaliyyət göstərir. Həmin bölmələrdə 9 idman növü üzrə 66 qrupda 800 idmançı məşğul olur. Rayonda bədən tərbiyəsi və idman sahəsində kütləviliyə xüsusi diqqət yetirilir. Kikboksinq idmanı üzrə 9 qat dünya çempionu, əməkdar məşqçi-müəllim Elnur Salamov bu barədə həvəslə, iftixarla danışır:
- İdmanda uğur qazanan gənclərimiz çoxdur. Qalib Bayramov kikboksinq üzrə dünya çempionudur. Səbuhi Məmmədov, Əsgər Əsgərov və Elxan Əliyev Azərbaycan birinciliklərinin qalibi olublar. Tural Süleymanov və Röyal Əliyev VKC-karate üzrə Avropa və dünya çempionudurlar. Anar Cəlilovun, Hüseyn İsmayılovun, Elvin Abbasovun, Vüqar Bayramovun, Aişə Bayramovanın, Sənan Quliyevin, Həsən Həsənovun və Tural İbrahimovun da uğurları çoxdur.
Gənclərin mənəvi və fiziki sağlamlığına hər sahədə geniş fikir verildiyinə görə rayonda mərd, mübariz nəsil yetişir. Milli Qəhrəman Eltonun atası Xaləddin İsgəndərov samuxlu gənclərin həqiqi hərbi xidmətdəki uğurlarından danışır:
- Oğlum Elton İsgəndərov sərhəd qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edirdi. 2009-cu il iyun ayının 18-də Cəlilabad rayonunun Əsədi kəndi yaxınlığında dövlət sərhədini keçməyə cəhd edən iki nəfərdən biri sərhədçilərimizə qumbaranı atarkən Elton cəld hərəkətlə özünü qabağa verdi. Özü həlak olsa da, 12 döyüşçünü xilas etdi. Dövlət başçısı İlham Əliyev sağ olsun, oğlumu Milli Qəhrəman adına layiq gördü. Rayon mərkəzində mənə ev verildi. Dövlət tərəfindən bu cür qayğı və diqqət görəndə gənclər də böyük həvəslə ordu sıralarına gedir, işğal altında olan torpaqlarımızın xilas edilməsi üçün hər cür fədakarlığa hazır olduqlarını bildirirlər. Oğlum Elvin orta məktəbi bitirən kimi hərbi komissarlığa getdi. İndi ordu sıralarında xidmət edir.
Məşəlçilər mərkəzi meydanda qurulmuş səhnəyə qalxırlar. Qədim “Atəşgah” məbədindən gələn müqəddəs alovla yandırılan çıraq ilk Avropa Oyunları başa çatana qədər saxlanılması üçün samuxlulara verilir.
Təzəlikcə 22 yaşı tamam olmuş Samuxun uğurlarından söhbət düşür. Ölkəmizin digər bölgələri kimi, Samux da sürətlə inkişaf edir, tanınmaz olur. Rayonun seyrəngahı sayılan Heydər Əliyev prospekti Gəncəyə doğru uzanır. Asfaltı ayna kimi parlayan enli, abad yolun sağını, solunu bir-birindən yaraşıqlı binalar bəzəyir. Yenə də bir yandan təzələri tikilir. Hamısı da müasir görkəmli, milli üslublu, gözəl, yaraşıqlı. Baxdıqca göz oxşayır. Yaşayış evləri, neçə-neçə idarə və müəssisə binaları, ticarət və xidmət obyektləri, poçtamt, hər şəraiti olan ağır atletika mərkəzi və s. Ortada isə icra hakimiyyətinin ikimərtəbəli binası ucaldılıb. Digər bir səfalı guşədə Statistika və Baytarlıq idarələri, Yol istismarı şöbəsi üçün inzibati binalar tikilib.
Samux kənd təsərrüfatı rayonudur. Burada əhali əsasən bitkiçiliklə və maldarlıqla məşğul olur. Bununla belə, son illər rayonda təsərrüfatın başqa sahələri də inkişaf edir. İndi Samuxda tərəvəz, kartof, günəbaxan, qarğıdalı, bostan bitkiləri becərilir. Samux öncə sarı buğdası ilə tanınır. Ümumiyyətlə, taxılçılıq bu yerlərin aparıcı sahəsidir. Hər il təqribən 10 min hektar sahəyə toxum səpilir. Mövsüm ərzində 30 min tondan çox məhsul yığılır. Rayon üzrə hər hektardan 34-35 sentner buğda götürülür. Ənənəvi təsərrüfat sahəsi sayılan üzümçülük də bərpa edilir. 2014-cü ildə əvvəlki ildəkinə nisbətən 17,7 dəfə çox üzüm istehsal olunub. “Kənd təsərrüfatı ili” ilə əlaqədar görülən tədbirlər də az deyil. Sənaye üsulu ilə quş əti istehsalı üçün müasir kompleks inşa olunub. Sarıqamış kəndində 2500 başlıq “Bozdağ” heyvandarlıq birliyi yaradılıb. Bunlardan əlavə, “Aqroenerji” kompleksində alternativ qaydada günəş enerjisinin istehsalı üçün mindən artıq panel-lövhə quraşdırılıb. Kürün sahilində 5 min hektar sahədə taxılçılıq və heyvandarlıq kompleksi tikilir.
Təhsil, mədəniyyət sahələrində də Samuxun uğurları çoxdur. Ölkəmizə yeni şöhrət gətirəcək I Avropa Oyunları rayonda ictimai-siyasi həyatın hər sahəsini, ilk növbədə isə bədən tərbiyəsi və idman səviyyəsini əsaslı surətdə yüksəldəcək.
Bayraqdarlar Heydər Əliyev Mərkəzinin önündəki meydana gəlib çatırlar. Onlar tədbirə gələnlərə bir-bir təqdim olunurlar. Alqış sədaları dönə-dönə gurlayır. Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də çoxlu sayda qonağın iştirakı ilə “Atəşgah” məbədində I Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxın nümayişi tamaşaçılara yenidən aprelin 26-nın böyük sevincini yaşatdı, ürəkləri qürur hissi ilə doldurdu. I Avropa Oyunları başa çatana kimi saxlanılması üçün məşəldən yandırılan çıraq kinqboks üzrə 4 qat dünya çempionu Elnur Salamova təqdim olundu.
Alov məşəli təqdimatının rəsmi mərasimi başa çatır. Yerli sənətkarların ifasında bir-birindən şən mahnılar, şux rəqslər ürəkləri oxşayır. Tədbir iştirakçıları xoş əhval-ruhiyyə ilə evlərinə qayıdırlar. Hamı bu fikirdədir ki, bu gün bütün ölkəyə səs salan məşəl sabahın uğurlarına işıq salacaq.
Əhməd İSAYEV,
Azərbaycan.-2015.- 17 may.- S. 4.