Hərb elminin inkişaf perspektivlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

 

Müdafiə naziri tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2015-ci ildə elmi iş planı”na əsasən mayın 16-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərb elminin inkişaf perspektivləri” mövzusunda birinci respublika elmi-praktik konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda ölkənin 40-dan artıq nazirlik, komitə, ali təhsil müəssisəsi, idarə və elmi mərkəzlərdən 350-dək nümayəndə iştirak edib.

Təbrik nitqi ilə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin təməlinin ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgənin ən güclü ordusuna çevrildiyini diqqətə çatdırıb. Nazir deyib: “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası və Hərbi doktrina Silahlı Qüvvələrin inkişafının istiqamətlərini müəyyən edən əsas sənədlərdir. Bu gün Silahlı Qüvvələrdə aparılan islahatlar bütün sahələrdə uğurla həyata keçirilir. Görülən bu işlər öz bəhrəsini verir. Silahlı Qüvvələrimizin bölmələri qoşunların təmas xəttində tam üstünlüyə nail olub. Hazırda ordunun təminatında ən müasir, keyfiyyətli döyüş silahı və texnikası var. Eyni zamanda, bu texnikanı, silah sistemlərini idarə etməyi bacaran yüksək elmi, nəzəri və praktiki bacarıqlara malik olan şəxsi heyətin yetişdirilməsi Silahlı Qüvvələrin rəhbərliyinin qarşısında duran əsas vəzifələrdən biridir. Məhz bu səbəbdən Müdafiə Nazirliyinə tabe olan xüsusi təyinatlı təhsil müəssisələrinin ölkənin qabaqcıl təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu iş qısa zaman ərzində öz nəticəsini göstərəcək” .

Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyevin “Hərb elmi və hərbi təhsil: inkişaf və perspektivlər”, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun “Hərb elminin inkişafında informasiya texnologiyalarının rolu”, Prezident yanında İdarəçilik Akademiyasının Strateji Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirovun “Ümummilli lider Heydər Əliyevin hərb elminin inkişafındakı rolu” mövzularında çıxışları dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev geniş məruzələrlə çıxış ediblər.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyevə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adının verilməsi barədə attestat təqdim olunub.

Konfrans işini hərbi-nəzəri, hərbi-texniki, milli təhlükəsizlik, hərbi-humanitar və hərbi təbabət bölmələrində davam etdirib. Bölmə iclaslarında elmi məruzələr dinlənilib.

Konfransda səsləndirilən çıxışlar, məruzələr, o cümlədən 150 müəllifdən konfransın təşkilat komitəsinə daxil olmuş yüzdən çox elmi məqalə toplu halında dərc ediləcək.

 

Azərbaycan.-2015.- 17 may.- S.8.