Şəkinin tarixi məkanları
ilə tanışlıq Avropa Parlamentinin üzvü Rəşidə
Datidə xoş təəssürat doğurub
Bakıda
keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana
səfər edən Fransanın Paris şəhərinin 7-ci
rayonunun meri, Avropa Parlamentinin üzvü xanım Rəşidə
Dati mayın 16-da Şəki şəhərinə gəlib.
AZƏRTAC
xəbər verir ki, fransalı qonaq əvvəlcə XVIII əsrin
sonu - XIX əsrin əvvəllərində inşa edilmiş
“Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanış olub.
Fransalı qonağa Şəkinin tarixi, mədəniyyəti, turizm potensialı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Şəkidə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğinə böyük diqqət yetirilir. Qədim ipəkçilik ənənələrinə malik bu şəhər, həm də dünya əhəmiyyətli nadir tarix-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi var.
Qonağın diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilmiş “Yuxarı Karvansaray” kompleksi üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir.
Fransalı qonaq daha sonra Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarət edib. Bildirilib ki, Şərq memarlığının nadir incisi hesab olunan, XVIII əsrə aid dünya əhəmiyyətli tarix-memarlıq abidəsi - Şəki xanlarının sarayı xalqımıza xas olan yüksək mədəniyyətin, böyük inkişaf yolu keçmiş xalq tətbiqi sənətinin canlı nümunəsidir. Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoymuş Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilib. İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Fransalı qonaq sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr edib, abidənin önündə xatirə şəkilləri çəkdirib.
Şəkiyə səfəri çərçivəsində xanım Rəşidə Dati Azərbaycanın və Fransanın milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ev muzeyi ilə də tanış olub.
Fransalı qonaq Şəkidən
xoş təəssüratla
ayrılıb.
Azərbaycan.-2015.- 17 may.- S.8.