Müasir və müstəqil məhkəmə
sisteminin formalaşması islahatların
başlıca uğurudur
Məhkəmə Hüquq
Şurası-10 il
Hər bir xalqın minilliklər boyu formalaşmış dövlətçilik ənənələrinin milli irs və düşüncə əsasında praktik həyata vəsiqə alması üçün əlverişli siyasi mühit və milli iradənin olması mühüm şərtlərdir. Fəqət, mənən güclü və vətənpərvər liderə malik olmayan xalqın əlverişli siyasi şəraitdə real şansdan yetərincə yararlanması, milli iradəsini toparlayaraq müstəqillik, azadlıq ideallarına qovuşması da mümkün deyildir.
XX əsr Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyət - ümummilli lider Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş strateq kimi xalqımızın əbədi sevgisini qazanmışdır. Bu günlərdə anadan olmasının 92-ci ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyev də həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görmüş, bu müqəddəs amal uğrunda çətin maneələrə, problemlərə mərdliklə sinə gərmiş millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və rəğbətlə yad edilir.
Ulu öndər Heydər Əliyev daim haqqa, ədalətə bağlı olaraq cəmiyyətin mütərəqqi ruhda inkişafının yalnız hüququn aliliyi şəraitində mümkün ola biləcəyini müdrikliklə qeyd etmiş, qanunçuluğun bütün səviyyələrdə təminatına çalışmışdır. Müstəqil respublikamızda ötən 22 ildə hər bir fərdin maraq və mənafeyi əsas tutulmaqla həyata keçirilən siyasət ölkədə demokratikləşmə xəttinin davamlı və dönməz xarakter daşıdığını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasının dövlətin ali məqsədlərindən biri olduğunu təsdiqləmişdir.
“Ədaləti ədalətsizliklə bərpa etmək olmaz” - deyən ümummilli lider Heydər Əliyev insan hüquq və azadlıqlarının təmini, cəzanın adekvatlığı, humanistliyi məsələlərinə daim xüsusi diqqətlə yanaşmış, bu məqsədlə hüquq-mühafizə orqanlarında müasir dövrün tələblərinə uyğun mütərəqqi islahatların aparılması zəruriliyini vurğulamışdır. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ölkəmizin ilk müstəqil Konstitusiyası Azərbaycanda hüquqi islahatların sürətlənməsinə real zəmin yaratmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi ilə yanaşı, məhkəmə hakimiyyətinin müstəqilliyi, özünüidarə funksiyaları, hakim vəzifəsinə tələblər, onların statusu ilə bağlı mühüm məsələlər də əksini tapmışdır.
Konstitusiyamızın 125-ci maddəsinin bir sıra bəndlərində məhkəmə hakimiyyətinin formalaşdırılması prinsipləri dəqiq əksini tapmışdır. Həmin maddəyə əsasən, məhkəmə hakimiyyəti Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apelyasiya məhkəmələri, habelə ümumi və ixtisaslaşdırılmış məhkəmələr vasitəsilə həyata keçirilir. Əsas Qanunun 127-ci maddəsi isə Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir. Bu maddədə həmçinin göstərilir ki, hakimlər müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər, səlahiyyətləri müddətində dəyişilməzdirlər.
Konstitusiyanın qəbulundan sonra ulu öndər Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatı Komissiyası tərəfindən hazırlanmış “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının qəbulu məhkəmə-hüquq islahatlarının gerçəkləşdirilməsi sahəsində mühüm addımlar kimi vurğulanmalıdır. 1999-cu ildə qəbul edilmiş “Prokurorluq haqqında” qanuna müvafiq olaraq prokurorluğun əvvəllər mövcud olmuş bir sıra səlahiyyətlərindən imtina edilmiş, o cümlədən həbsə alma üçün sanksiyanın verilməsi səlahiyyəti məhkəmələrə verilmiş, məhkəmələr üzərində prokurorluğun nəzarətinə son qoyulmuşdur.
1998-ci il 1 dekabr tarixli “Məhkəmələr və hakimlər haqqında” qanunla ölkədə üçpilləli məhkəmə hakimiyyəti formalaşdırılmışdır. Aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, birinci instansiya, apelyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.
“Məhkəmələr və hakimlər haqqında” qanun əsasında ilk dəfə hakimliyə namizədlər test üsulu və müsabiqə əsasında seçilmiş, 2000-ci il sentyabrın 3-də Ali Məhkəmənin Plenumunun iclasında - Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içərək səlahiyyətlərinin icrasına başlamışlar. Ümummilli lider Heydər Əliyev hüquq ictimaiyyəti üçün son dərəcə əlamətdar olan bu hadisəni yüksək dəyərləndirərək demişdir: “Son 6-7 ay ərzində biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu. Bu, Azərbaycan tarixində birinci dəfədir. Biz bunun çox müsbət tərəfini gördük və əvvəl də görürdük”.
2003-cü ilin 15 oktyabrından bu islahatları davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin müasirləşdirilməsinə xidmət edən tədbirlər genişləndirilmişdir. Prezidentlik fəaliyyətinin ilk günlərindən ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısının siyasi iradəsi ilə 2004-cü ildən məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq Avropa Şurası ilə əməkdaşlıq şəraitində “Məhkəmələr və hakimlər haqqında” qanun əsaslı şəkildə yenilənmişdir.
Aparılmış islahatlar nəticəsində yeni təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılaraq 2005-ci ilin fevralından fəaliyyətə başlamışdır. 15 nəfərdən ibarət olan şura əsasən hakimlərdən (9 nəfər) formalaşmış, eyni zamanda, onun tərkibinə hakimiyyətin digər qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorluğun və vəkilliyin nümayəndələri daxil olmuşlar. Ötən 10 ildə ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun rəhbərliyi altında uğurla fəaliyyət göstərən şura təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı olmayan, daimi fəaliyyət göstərən müstəqil orqandır. Şura qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Vəkillər Kollegiyası və elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir. Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.
Qeyd etmək lazımdır ki, Məhkəmə-Hüquq Şurasının iclaslarının hazırlanmasına dair təşkilati işlərin həyata keçirilməsi, şuranın iclas protokolunun aparılması, şuranın qəbul etdiyi qərarların icrası, habelə şuranın səlahiyyətləri ilə bağlı digər məsələlərin həlli Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən uğurla reallaşdırılır. Ötən illərdə şuranın aparatı ilə hakimlərin ictimai birlikləri arasında da sıx və məhsuldar əməkdaşlıq münasibətləri qurulmuşdur.
Ümumilikdə, ötən illər ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 60-dan artıq hakimin səlahiyyətlərinə xitam verilmiş, hakim ştatlarının sayı 50 faiz artırılmışdır.
Məhkəmə-Hüquq Şurası tərəfindən uğurla gerçəkləşdirilmiş islahatlar çərçivəsində hakimliyə namizədlərin seçilməsi məqsədilə müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi yaradılmış, tərkibi formalaşdırılmışdır. Bundan başqa, “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”, “Vakant olan hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları” işlənib hazırlanaraq Avropa Şurasında ekspertizadan keçirildikdən sonra qəbul olunmuşdur.
Hakimlərin seçilməsi ilə bağlı yeni qaydalara uyğun olaraq bütün namizədlər üçün bərabər şərait yaradılır, onlar vahid zalda imtahanlar verir, nəticələr dərhal, həmin zalda namizədlərin qarşısında yoxlanılaraq elan edilir. Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, beynəlxalq standartlara uyğun, test üsulu ilə keçirilmiş imtahanlarda, habelə yazılı və şifahi müsabiqələrdə müvəffəqiyyət qazanmış şəxslər üçün yarım il davam edən ilkin uzunmüddətli tədris kursları təşkil edilir. Məhkəmələrdə stajkeçmə dövrünü də uğurla başa vurduqdan sonra hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yazılı və şifahi imtahan keçirilir. Namizədlərin hakim vəzifəsi üçün zəruri keyfiyyətlərə yiyələnməsini müəyyənləşdirmək məqsədilə keçirilən yekun müsahibələrin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir, namizədlər Məhkəmə-Hüquq Şurasına təqdim olunurlar. Məhkəmə-Hüquq Şurası həmin namizədlərlə söhbət aparır və vakant hakim vəzifələrinin sayına müvafiq olaraq birinci instansiya məhkəmələrinin hakimi təyin edilmələri barədə Azərbaycan Respublikası Prezidentinə təqdimat verir.
Hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq hələ 2007-ci ildə Məhkəmə-Hüquq Şurasının nəzdində yüksək məhkəmə hakimlərindən ibarət “Hakimlərin və Dövlət İttihamçılarının Tədris Sektoru” yaradılmışdır. Sektor tərəfindən tədris könüllülük prinsipi əsasında həyata keçirilir, həmçinin təlim proqramları hakimlərin arzusu nəzərə alınmaqla hazırlanır. Tədris kurslarının proqramları hazırlanarkən hakimlərlə sorğular keçirilir, onların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilir, müxtəlif sahələr üzrə hazırlanan proqramlar məhz bu ehtiyaclara uyğun tərtib edilir.
Məhkəmə-Hüquq Şurası ötən 10 ildə hakimlərin demokratik, şəffaf prosedurlar əsasında seçilmələri ilə yanaşı, məhkəmələrin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların qəbulunu, habelə yeni ixtisaslaşdırılmış məhkəmələrin yaradılmasını da xüsusi diqqət mərkəzində saxlamışdır. Ölkə başçısının hələ 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı əsasında bölgələrdə yeni apelyasiya və inzibati-iqtisadi məhkəmələr yaradılmışdır.
Regionların dinamik sosial-iqtisadi şəraitində vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması da diqqət mərkəzində olmuşdur. Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər, habelə məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixlərində imzaladığı fərmanların ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Bu fərmanlarla ölkənin əlavə dörd bölgəsində ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş, 2011-ci ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır. Bu tarixdən, həmçinin iqtisadi xarakterli mübahisələrə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılır. Yeni ixtisaslaşdırılmış məhkəmələrin fəaliyyətə başlaması ilə regionlarda yaşayan əhalinin məhkəmələrə müraciət imkanları asanlaşmış, onlara göstərilən hüquqi yardımın keyfiyyəti və səmərəsi yüksəlmişdir.
Son illər ərzində məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə, o cümlədən “Məhkəmələr və hakimlər haqqında qanun”a 20 iyun və 30 dekabr 2014-cü il tarixlərində edilmiş mühüm dəyişikliklərlə: - birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflərin Maliyyə Nazirliyinə təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyinin alınması təsbit edilmiş; fəaliyyəti dövründə hakimin əməkhaqqının məbləğinin aşağı salınması qadağan olunmuş; hakimin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınmasının mexanizmi müəyyənləşdirilərək belə hallar baş verdikdə hakimin bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməli olması müəyyənləşdirilmiş; andlı iclasçılar institutu ləğv edilmiş; hakimlərin son yaş həddi qəti müəyyənləşdirilərək birinci və apelyasiya instansiyaları məhkəmələrinin hakimləri üçün 66 yaş, Ali Məhkəmənin hakimləri üçün isə 68 yaş müəyyən edilmiş; ilk dəfə hakim vəzifəsinə təyin olunmuş şəxslərin sınaq müddəti beş ildən üç ilə endirilmiş; hakimlərin həvəsləndirilmə tədbirlərinin dairəsi genişləndirilmişdir.
21 dekabr 2012-ci il tarixdə “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna müvafiq dəyişiklik edilərək şura hakimlərin müstəqilliyini təmin edən orqan kimi müəyyən edilmişdir. Həmin tarixdə qəbul edilmiş digər əlavə və dəyişikliklərlə şuranın səlahiyyətləri genişləndirilmiş, öz ərizəsinə əsasən hakimin fəaliyyətinə xitam verilməsi şuranın səlahiyyətinə aid edilmiş, hakimlərin ezam edilməsi institutu yaradılmışdır.
Həmçinin “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna edilmiş 30 dekabr 2014-cü il tarixli dəyişikliklərlə şuranın müstəqilliyinin gücləndirilməsi məqsədilə şurada birinci və apelyasiya instansiyaları məhkəmələrini təmsil edən hakimlərin - hakim assosiasiyalarının birbaşa şuraya təklifi əsasında şuranın özü tərəfindən seçilməsi qaydası təsbit edilmiş, şuranın səlahiyyətləri genişləndirilərək əvvəlki qaydadan fərqli olaraq, apelyasiya məhkəmələrinin və ağır cinayətlər məhkəmələrinin sədrlərinin də şuranın təqdimatına əsasən təyin edilməsi müəyyən olunmuşdur.
Məhkəmə-Hüquq Şurasının səmərəli təklifləri nəticəsində son illər məhkəmələrin maddi-texniki bazasının təkmilləşdirilməsi, yeni məhkəmə binalarının inşası, onların müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmaları, habelə hakimlərin sosial müdafiəsinin möhkəmləndirilməsi məsələləri də diqqət mərkəzində olmuşdur. Bakıda və regionlarda inşa olunan yeni məhkəmə binalarında müasir İKT-lərin tətbiqi reallaşdırılmış sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur quraşdırılmışdır. Həmçinin vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və hüquqi xidmətlərin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı yaradılmışdır. Həmin portal ali, apelyasiya, ixtisaslaşdırılmış, habelə rayon məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməli zəruri sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır. Portalda, həmçinin bütün hakimlər barədə məlumatlar öz əksini tapmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncamı isə bu sahədə ötən illərdən başlanmış islahatların uğurlu davamına etibarlı zəmin yaradır. Preambula hissəsində qeyd olunduğu kimi, sərəncamın imzalanmasında məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təminatı, habelə müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsidir. “Elektron məhkəmə” sistemi vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik və işlək mexanizmlər əsasında qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında qanunvericiliyin tələblərinə tam riayət olunmasına imkan yaradır, operativliyi və şəffaflığı maksimum dərəcədə təmin edir.
Ölkəmizdə aparılan hüquqi islahatların bariz nümunəsi olaraq Azərbaycanda məhkəmə hakimlərini birləşdirmək, onların müstəqilliklərinin daha da möhkəmləndirilməsinə kömək etmək, yüksək iş təcrübəsini yaymaq, xarici ölkələrin məhkəmə praktikasını öyrənmək, müsbət yenilikləri təbliğ etmək, habelə hüquqi maarifləndirmə işi aparmaq məqsədilə 2002-ci ildə yaradılmış Məhkəmə Hakimlərinin İctimai Birlikləri, o cümlədən Azərbaycan Respublikası Ümumi və İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birlikləri (assosiasiyaları) dövlət səviyyəsində həyata keçirilən bu və digər tədbirləri dəstəkləyir, eyni zamanda, onların ictimai rəyə dolğun şəkildə, mahiyyəti üzrə çatdırılmasına çalışır. Birlik respublika hakimlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə çalışmaqla yanaşı, qabaqcıl ölkələrin məhkəmə təcrübəsinin, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququnun öyrənilməsi və tətbiqi ilə bağlı dəyərli təkliflər, tövsiyələr hazırlayır.
Xüsusi vurğulamaq lazımdır ki, ölkə başçısının məhkəmələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, habelə Məhkəmə-Hüquq Şurasının tövsiyələrindən irəli gələn vəzifələr - ixtisaslaşdırılmış məhkəmə hakimlərini birləşdirən Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) fəaliyyətində ciddiliklə nəzərə alınır.
Birlik, eyni zamanda, Azərbaycanda məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı beynəlxalq səviyyədə təbliğat işi aparır, bu sahədə ixtisaslaşmış mötəbər təşkilatlarla səmərəli əlaqələri genişləndirməyə çalışır. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) təmsilçisi olaraq müxtəlif ölkələrə səfərlərimiz zamanı respublikamızın beynəlxalq nüfuzunun artdığının böyük qürur hissi ilə şahidi oluruq.
Təqdirəlayiq haldır ki, 2011-ci ildə Avropa İnzibati Hakimlər Assosiasiyasının Ümumi Yığıncağında keçirilən səsvermə zamanı Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin Assosiasiyası yekdil qərarla üzvlüyə qəbul edilmişdir.
Assosiasiyanın əsas məqsədi Avropada şəxslərlə dövlət orqanları arasında hüquqi bərabərliyi inkişaf etdirməkdən və Avropada sülh və ədalət şəraitində birlikdə inkişaf etmək üçün inzibati aktların hüquqi qüvvəsini genişləndirməkdən, məqsədlərə çatmaq üçün Avropa İttifaqı və Avropa Şurasının üzv ölkələrində mövcud olan hüquqi mədəniyyətə hörmət etməkdən, Avropada inzibati məhkəmələrin hakimləri arasında inzibati işlər üzrə hüquqi bərpa üzrə biliklərin genişləndirilməsinə yardım etmək və bu məqsədlə müvafiq qanunvericilik və presedent hüququ üzrə intensiv informasiya mübadiləsini həyata keçirməkdən, Avropada inzibati məhkəmələrin vəziyyətini möhkəmlətmək və inzibati hakimlərin peşəkar maraqlarını milli və Avropa səviyyəsində irəli çəkməkdən ibarətdir.
İnsan hüquqlarının qorunmasında və məhkəmə səhvlərinin qarşısının alınmasında hakimlər tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun mükəmməl öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyi (Assosiasiyası) tərəfindən Məhkəmə-Hüquq Şurası və Ədliyyə Akademiyası ilə birgə respublikanın bəzi bölgələrində, Sumqayıt və Qəbələdə “Avropa İnsan Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ” mövzusunda zona seminarları keçirilmişdir.
Sıraları ilbəil artan birlik Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyi ilə sıx və səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi kimi 2015-ci ilin 24 yanvarında hər iki ictimai birliyin üzvlərinin iştirakı ilə geniş iclas keçirilmiş və yekun qərara əsasən Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı yaradılmışdır. Yeni qurumun məqsədi ümumi maraqlar çərçivəsində Azərbaycanın məhkəmə hakimlərini birləşdirmək, onların müstəqilliyinin daha da möhkəmləndirilməsinə kömək etmək, hakimlərin qabaqcıl iş təcrübəsini yaymaq, xarici ölkələrin məhkəmə təcrübəsini öyrənmək, müsbət yenilikləri təbliğ etmək, hüquqi maarifləndirmə işini həyata keçirməkdir. Məqsəd həm də ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına töhfələr verməklə yanaşı, bu sahədə qazanılmış nailiyyətləri beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırmaq, Azərbaycan haqqında obyektiv rəy formalaşdırmaqdır.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müqəddəs yol daim müdrik xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalır. Hazırda yalnız onunla təsəlli tapırıq ki, bu uğur magistralında bizə ulu öndərin layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı lider rəhbərlik edir. Əminliklə deyirik ki, dövlət başçısının uğurla davam etdirdiyi bu islahatlar nəticəsində Azərbaycanda məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək və obyektiv mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaqdır.
Səadət
BƏKTAŞİ,
Sumqayıt Apelyasiya Məhkəməsinin sədri, Azərbaycan
Respublikası
İxtisaslaşdırılmış
Məhkəmə Hakimləri Assosiasiyasının sədri
Azərbaycan.-2015.- 17 may.- S.9.