Muzeylər maddi və
mənəvi irsi qoruyan
məbəddir
18 may Beynəlxalq Muzeylər
Günüdür
Hər
xalqın mənəvi sərvəti ilk növbədə onun
tarixini, mədəniyyətini, varlığını,
mövcudluğunu təsdiqləyir və yaşadır. Ona
görə də min illəri yola salan belə sərvətlərin
qorunması başlıca şərtlərdən biridir.
Qloballaşan
dünyada həyatın ritmi bəzən ayrı-ayrı fərdlərin
mənsub olduqları xalqı adət-ənənələrindən
uzaqlaşdırır, hətta özlərindən sonrakı
nəslə hansı dəyərləri miras qoyacaqları barədə
düşünmə imkanını belə əllərindən
alır. Lakin bu mənəvi aşınmanın
qarşısının alınmasının müxtəlif
yolları aşkar edilib ki, onlardan ən mühümü
ayrı-ayrı xalqların əsrlər boyu
yaratdığı maddi və mənəvi irsini bir məbəd
kimi qoruyan muzeylərdir. Çünki muzeylər
keçmişdən gələcəyə bir
körpüdür. Olduqca mühüm və vacib missiya
daşıyırlar - tariximizin yaddaş kitabı kimi.
Beynəlxalq
Muzeylər Şurasının təşəbbüsü ilə
1977-ci ildə 18 may tarixinin Beynəlxalq Muzeylər Günü
kimi təsis edilməsində də məqsəd onların cəmiyyətin
həyatında nə dərəcədə mühüm rol
oynadığını göstərməkdir. Artıq Beynəlxalq
Muzeylər Günü dünyanın 100-dən çox
ölkəsində qeyd edilir.
Qədim
insan məskənlərindən sayılan Azərbaycan
başdan-başa maddi mədəniyyət abidələri və
tarixi özündə yaşadan sərvətlərlə zəngindir.
Abidə və məbədlərlə zəngin yurdumuzun hər
guşəsi sanki açıq havada təbii muzeydir.
Qarabağda da belə sərvətlər sayagəlməz dərəcədədir.
Etnoqraflar bu qənaətə gəliblər ki, bəşər
sivilizasiyası tarixində Odlar yurdunun xüsusi yeri var. Belə
təbii sərvətlər zaman-zaman torpağın qoynunda
qorunub saxlanırdısa, son yüzilliklərdə muzeylərin
meydana gəlməsi ilə onlara yeni ömür bəxş
edildi. Dövlət tərəfindən qayğılarla əhatə
olunan belə muzeylərdə xalqların və millətlərin
özünəməxsus mədəniyyətləri, maddi, mənəvi
sərvətlərində tarixi, etnoqrafiyası nəsillərdən-nəsillərə
çatdırılır.
XX əsrin
30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə
görə müxtəlif təmayüllü - dövlət,
memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix,
musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Onların əlavə
status almaları və yenilərinin yaradılması prosesi də
dayanmayıb. Sonrakı illərdə Azərbaycanda müasir
üslublu muzeylər fəaliyyət göstərib.
XIX əsrin
ikinci yarısından etibarən Azərbaycanın
ictimai-siyasi, mədəni həyatında sürətlə cərəyan
edən proseslər muzey işinin təşkilinə təkan
verib. Ona görə də ilk muzeylərdən biri görkəmli
ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü
və iştirakı ilə XIX əsrin sonlarında
Naxçıvanın Nehrəm kənd məktəbində təşkil
olunub.
Muzeylərin
Azərbaycanda rəsmi şəkildə yaradılması və
fəaliyyətə başlamaşı ötən əsrin əvvəllərinə
təsadüf edir. Belə ki, ilk dəfə Bakıda Xalq məktəbləri
müdiriyyəti nəzdində Pedaqoji, həmçinin
Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsində
qapalı muzeylər yaradılıb. O da məlumdur ki, vaxtilə
Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar
Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib və
orada saxlanılıb.
Azərbaycanda
dövlət səviyyəsində 1919-cu ildə - Xalq
Cümhuriyyəti dövründə təməli qoyulmuş
ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi
fəaliyyət göstərməyə başlayıb.
Milli
Azərbaycan Tarix Muzeyinin binası bu gün də maddi mədəniyyət
nümunələrimizdən soraq verən daş abidə kimi
qiymətlidir. Milyonçu və xalqımızın xeyriyyəçisi
kimi tanınmış Hacı Zeynalabdin Tağıyevin
mülkü olan həmin muzey binasına bəzən “Muzey
içində muzey” də deyirlər.
Azərbaycanda
muzey işinin inkişafının ümummilli lider Heydər
Əliyevin adı ilə bağlı olması da danılmaz
faktdır. Xalqımızın milli tarixi və mədəni
irsinin qorunmasında muzeylərin dəyərini dərindən
və həssaslıqla duyan ulu öndər respublikada
müvafiq şəbəkənin genişləndirilməsini,
onun maddi-texniki bazasının gücləndirilməsini daim
diqqətdə saxlayıb.
Ümummilli
lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi
kimi 1980-ci ilin yanvar ayında “Azərbaycanda muzey işinin
yaxşılaşdırılması tədbirləri
haqqında” imzaladığı qərardan sonra ölkəmizdə
bu sahənin inkişafına yol açılıb. Məhz
bundan sonra respublikamızın ayrı-ayrı bölgələrində,
hətta rayon mərkəzlərində muzeylər
açılıb, xalqımıza məxsus maddi mədəniyyət
nümunələri sayılan sərvətin daha əsaslı
və etibarlı şəkildə qorunmasına
başlanıb.
Son
iki yüz ildə Azərbaycan ərazilərinə göz
dikmiş daşnaklar və onların havadarları sərvətimizin
bir hissəsini ələ keçirib saxtalaşdıraraq milli
varlığımıza qənim kəsildilər. Qarabağda
və onun ətrafında yerləşən, zəngin sərvətlər
məskəni olan ərazilərimizi işğala məruz
qoyan erməni vandalları qənimət kimi ələ
keçirdikləri bütün maddi mədəniyyət
nümunələrini məhv etməyi sanki
qarşılarına məqsəd qoymuşdular. 1992-1993-cü
illərdə bu talançılıq özünün dəhşətli
həddinə çatdı. İşğal olunmuş
torpaqlarımızda 762 maddi mədəniyyət abidəsi və
1431 mədəniyyət müəssisəsi qaldı. Erməni
faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə
məhv etdilər.
Özü
təbiətin canlı muzeyi sayılan, təəssüf ki,
illərdir erməni daşnaklarının tapdağı
altında inləyən Şuşada 8 muzey var idi. Tarixi
yadigarları qoruyub XXI əsrə qədər saxlayan məbədlər
- Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar
Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi
Bülbülün memorial, görkəmli musiqiçi və rəssam
Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan
Xalça Muzeyinin Şuşa filialı, Qurban Pirimovun Ağdam
rayonundakı xatirə, eləcə də Xocalı,
Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan rayonlarının da
tarix-diyarşünaslıq muzeyləri Ermənistanın təcavüzünə
məruz qalaraq darmadağın edildi və yer üzündən
silindi. Bu sıraya daxil olan daha bir müqəddəs məbəd
isə o zamanlar SSRİ-də yeganə sayılan Ağdam
Çörək Muzeyidir ki, bu gün ancaq adı dillərdə
və xatirələrdə yaşayır.
Yeri
gəlmişkən, 2000-ci il martın 24-də qüvvəyə
minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının
Qanunu ölkəmizdə bu sahənin fəaliyyətinin təşkilati-hüquqi
əsaslarını və müvafiq münasibətləri tənzimləyir.
Bu sənədə əsasən, muzey maddi mədəniyyət
abidələrinin komplektləşdirilməsi, mühafizəsi,
öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin
həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat
müəssisəsidir. Dövlət
başçısının “Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərində
İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin
ucaldılması haqqında”, “Müasir İncəsənət
Muzeyinin yaradılması haqqında”, “Azərbaycanda muzey
işinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan
Xalça Muzeyinin yeni binasının maddi-texniki təminatı
haqqında”, eləcə də qoruq muzeylərin təşkilinə,
muzey işçilərinə fəxri adların verilməsinə
dair sərəncamları və “Azərbaycanın regionlarında
fəaliyyət göstərən muzeylərin müasir
standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri
eksponatlarla təchizatına dair xüsusi tədbirlər
planı” bu sahəyə göstərilən böyük diqqətin
bariz nümunəsidir.
Onu
da qeyd edək ki, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasını həyata
keçirmək məqsədilə Prezident İlham
Əliyevin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə
təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət
abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafına dair 2014-2020-ci illər üzrə
Dövlət Proqramı”na uyğun olaraq milli mədəni
irsimizin mühafizəsi dövlət əhəmiyyətli
prioritet məqsəd kimi qarşıya qoyulub.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri
və hərtərəfli dəstəyi ilə
“Şirvanşahlar Saray Kompleksi”, Qız qalası və Qobustan
Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi
Siyahısına daxil edilib.
Xalqımızın
ümummilli lideri tərəfindən muzey işinin
inkişafı üzrə müəyyən edilmiş
prioritetlər bu gün həm də UNESCO və ISESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət
göstərən Heydər Əliyev Fondu tərəfindən
uğurla davam etdirilir.
Tarix
yalnız xalqın yaddaşında və dumanlı xatirələrdə
deyil, daşlaşmış abidə kitabələrdə
yaşayır. Bu daş kitabələrin muzey eksponatlarına
çevrilənləri daha uzunömürlü olurlar.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2015.- 17 may.- S.10.