Ədəbiyyat fədaisi

 

Cəfər Xəndan -105

 

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Cəfər Xəndan Hacıyev İrəvan şəhərində anadan olmuşdur. Onun uşaqlığı ağır ehtiyac və məhrumiyyətlərlə keçib: ata-anasını itirib, Gəncədə uşaq evində yaşayıb, orada pedaqoji texnikumu bitirib, 1925-ci ildə Bakıya köçüb, APİ-nin Dil və ədəbiyyat fakültəsində ali təhsil alıb. Bundan sonra bütün fəaliyyəti mətbuatla, müəllimliklə bağlı olub,  Ədəbiyyat İnstitutunda şöbə müdiri, Yazıçılar İttifaqında təşkilat katibi vəzifələrində çalışıb. Böyük Vətən müharibəsi illərində siyasi rəhbər və jurnalist kimi ordu sıralarında olub. Ordudan tərxis edildikdən sonra BDU-da Filologiya fakültəsinin dekanı, kafedra müdiri kimi fəaliyyət göstərib. 1950-1954-cü illərdə universitetin rektoru vəzifəsində çalışıb.

Cəfər Xəndan filologiya elmləri doktoru, professor idiöz dövrünün ən nüfuzlu ədəbiyyatşünaslarından sayılırdı. Əlli dörd ildir ki, həyatda yoxdur. Lakin bir həqiqət şəksizdir: çəkdiyi zəhmət hədər getməmiş, yazdığı əsərlərin çoxu elmi sanbalını itirməmişdir.

Tənqid və ədəbiyyatşünaslığımızın inkişafında hər bir mərhələnin öz spesifik xüsusiyyətləri var: Cəfər Xəndanın elmi, pedaqoji fəaliyyəti keçən əsrin 30-cu illərinin ikinci yarısından başlayır. Bu dövrdə ilk məqalələrini çap etdirən Cəfər Xəndan fəal  şəkildə müasir ədəbiyyat problemləri ilə məşğul olur. Amma onu maraqlandıran və bütün ömrü boyu tədqiqə həvəsləndirən bir mövzu var idi, Mirzə Ələkbər Sabirin yaradıcılığı. “Sabir” adlı ilk monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığında sabirşünaslığın təməl daşlarından biri kimi əvəzsizdir. Bu kitab Cəfər Xəndanın elmi fəaliyyət prinsipini müəyyənləşdirən, klassik irsimüasir gözlə oxumağın” başlıca yönünü əyaniləşdirən əsər oldu. Monoqrafiyada Sabir və zəmanəsi, Sabirdövrün ədəbi mühiti, Sabirmüasir ədəbiyyatımız kimi problemlər ətrafında elmi-nəzəri mülahizələr xüsusilə maraq doğururdu. Ümumiyyətlə, Sabir yaradıcılığı ömrünün axırına qədər Cəfər Xəndanın müraciət etdiyi mövzulardan biri olub.

Alimin vəfatından sonra nəşr edilən “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” adlı sanballı elmi monoqrafiyası fikrimizcə, son əlli-əlli beş ildə sabirşünaslığın əldə etdiyi ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir. Bu kitab ona görə əvəzsiz sayılır ki, burada elmi praktika nəzəri müddəalarla üzvi şəkildə sintezdədir. Kitabda təkcə Sabir poetikası deyil, klassikmüasir Azərbaycan poeziyası fonunda poetika məsələləri geniş işıqlandırılıb. Alimin öz sözləri ilə desək, poetika şairin yalnız ədəbi yaradıcılıq qaydalarına necə əməl edib-etməməsi ilə qalmır, eyni zamanda, onun bədii zövqü, dünyagörüşünü və sənətkarlıq xüsusiyyətlərini qiymətləndirmək işində də müəyyən rol oynayır. Elə sənətkarlar vardır ki, onlar nəinki mövcud ənənələri davaminkişaf etdirir, hətta yeni-yeni bədii kəşfləri ilə onu zənginləşdirib, yeni istiqamətə yönəldirlər. Sabir də məhz belə sənətkarlardan olmuşdur.

Bu monoqrafiyada Sabirin sənətkarlıq xüsusiyyətləri onun ədəbiyyatımıza nə kimi yeniliklər gətirməyi, müasirləri arasında nə kimi təsir oyatmağı və bir şair kimi əzəməti klassik ədəbiyyatımızla müqayisədə müəyyənləşdirilir. Cəfər Xəndan bu mənada Sabirin poetikasının əlvanlığını, onun poetik prinsiplərini, klassik poeziyamızın sənətkarlıq cəhətdən inkişafında yeni bir mərhələnin başlıca spesifikası kimi qiymətləndirir. Sabirin süjet qurmaq, mövzu tip seçmək prinsiplərini, üslub sadəliyini, peyzaja müraciətini, bədii dilini zənginləşdirən təsvir və ifadə vasitələrini araşdıran müəllif, sənətkarın poeziyasında adi oxucu nəzəri ilə oxunmayan sirləri, poetik möcüzələri kəşf etmişdir. Çünki sxematizmə, ritorikaya və qeyri-bədii ifadəyə yad olan Sabir yaradıcılığı bu priyom axtarışlarında əsl sənətkarlığın imkanlarını aşkara çıxarır. “Sabirin əsərlərində şair ən müsbət qəhrəmandır. O öz simasında bu qəhrəmanın parlaq obrazını yaratmış, bu obraz “bənzərəm bir qocaman dağa ki, dəryada durar” deyə əzəmətli görünüşü ilə milyonların nəzərində qranit bir abidə kimi yüksəkdir. “Hophopnamə”ni vərəqlədikcə, qaranlıqlar içində nur kimi parlayan bu şairin başına nə müsibətlər gəldiyinin canlı şahidi oluruq”- bu fikir Sabirin böyüklüyünü, əzəmətini, poeziyaya xidmətini sübut etmək üçün gətirilən elmi arqumentlərə mənalı bədii proloq sayıla bilər.

Cəfər Xəndan da bir sıra tədqiqatçılar kimi diqqət və qayğısını ədəbiyyat tarixçiliyimizin qarşısında duran operativ məqsəd və vəzifələrə yönəltmişdi. O, əsl ədəbiyyat tarixçisi idi. Onu təkcə ayrı-ayrı sənətkarların yaradıcılığı deyil, həm də ədəbiyyatın keçdiyi yollar maraqlandırırdı.

Cəfər Xəndanın maraq dairəsi, elmi-tədqiqat istiqaməti təkcə klassik ədəbiyyat və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri ilə məhdudlaşmamışdır. Çoxcəhətli elmi fəaliyyətində Azərbaycan mətbuatının, Cənubi Azərbaycan ədəbiyyatının, müasir ədəbiyyatımızın bir sıra vacib problemləri də əhatə olunmuşdur. 1949-cu ildə “Cənubi Azərbaycan ədəbiyyatında milli-azadlıq hərəkatı” adlı sanballı əsərinə görə Cəfər Xəndan filologiya elmləri doktoru adına layiq görülmüşdür. Bu əsər vaxtında yazılmışdı. Ona görə ki, hələ lazımınca tədqiq edilməmiş, öz elmi həllini gözləyən Cənubi Azərbaycan ədəbiyyatının bir sıra mühüm problemləri və “dərdləri” mövcud idi. Onları sistemli şəkildə öyrənmək və tədqiq etmək zərurəti ilk dəfə professor Cəfər Xəndanın öhdəsinə düşdü. Cəfər Xəndan Cənubi Azərbaycanda olmuş, milli-azadlıq hərəkatının yüksəlişi dövründə “Vətən yolu” qəzetində redaktor müavini işləmiş, orada şairlər məclisinin təşkilatçılarından biri kimi ədəbi prosesin inkişafına və istiqamətinə müəyyən təsir göstərmişdi.

Cəfər Xəndanın S.Vurğun, S.Rüstəm, M.Müşfiq, R.Rza, S.Rəhimov kimi sənətkarların yaradıcılığına həsr etdiyi məqalələr, Yazıçılar İttifaqının plenum və müşavirələrində ədəbiyyata aid məruzə və çıxışları ondan ədəbi prosesin inkişaf qanunauyğunluqlarını vaxtında izləyən bir tənqidçi-ədəbiyyatşünas kimi danışmağa haqq verir.

Cəfər Xəndanın C.Cabbarlı, M.Müşfiq və M.Cəlal haqqında həm sanballı məqalələri, həm də kiçik monoqrafiyaları çapdan çıxmışdır. O, Müşfiqi XX əsr Azərbaycan poeziyasının klassiki kimi təqdim edirdi. Müşfiqdə elə poetik keyfiyyətlər tapırdı ki, onlar sənətkarın yaradıcılığındakı özünəməxsusluğun, fərdi cizgilərin (xüsusilə, müasir həyatdan doğan sağlam romantika) müəyyənləşməsinə yol açırdı. Müşfiqin bənzərsizliyini, poetik talantını üzə çıxarmaq tədqiqatçını hazır və məlum təhlil modelindən çəkindirərək, ilk növbədə, şairin yaradıcılığında üzə çıxmayan, daxili mahiyyətdə təzahür edən cəhətlərə yönəldirdi. Bu xüsusiyyəti biz Cəfər Xəndanın Mir Cəlala həsr etdiyi əsərdə də görə bilərik. Alim-tədqiqatçının ayrı-ayrı sənətkarların yubileyi münasibətilə yazdığı məqalələrdə də ilk növbədə, hər bir yazıçının ədəbiyyat tarixindəki yerimövqeyi, onu başqalarından fərqləndirən ümdə əlamət və keyfiyyətlər ön plana çəkilir. Məsələn, “S.S.Axundovun yaradıcılığı”, “N.Nərimanovun ədəbi fəaliyyəti”, “Qocaman ədib” (A.Şaiq haqqında), “İstedadlı şairimiz M.Müşfiq”, “Xalq şairi Mirzə Əli Möcüz Şəbüstəri” və s.

Cəfər Xəndanın ədəbi-elmi fəaliyyətini onun ictimai, pedaqoji fəaliyyətindən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür. Elmi fəaliyyət prosesində ilkin cığırı açmaq, hansı tədqiqatınsa bünövrəsini qoymaq alim üçün nə qədər şərəflidirsə, onun vətəndaşlıq keyfiyyətləri, ictimai mövqeyi, fəal həyat prinsipibir o qədər vacib və zəruridir. C.Xəndanın tərcümeyi-halında, həyat yolunda bu cəhətlərin - bir-birini tamamlayan zəruri komponentlərin vəhdətini görürük. Onun pedaqoji fəaliyyəti sadəcə olaraq ali məktəblərdə mühazirələr oxumaqla bitmirdi. Müasirləri və tələbələri deyirdilər ki, o, gözəl natiq-pedaqoq idi. Cəfər Xəndan yaxşı bilirdi ki, gənc tənqidçi və ədəbiyyatşünasların bilikli kadrlar kimi yetişməsi üçün səmərəli və faydalı görmək və onları da bu ruhda tərbiyələndirmək lazımdır. Bu isə alimi ilk dərsliklər, xüsusilə ədəbiyyat nəzəriyyəsinə aid dərsliklər yazmağa ruhlandırırdı. OnunMüasir Azərbaycan ədəbiyyatı” (1939), “Ədəbiyyat nəzəriyyəsi” (1940), “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (1956) dərslikləri ədəbiyyatşünaslığımızın məhz ehtiyac hiss etdiyi, sözün əsl mənasında, havasu kimi lazım olduğu sahələrin, problemlərin mövcud vəziyyətindən yarandı. Söz yox ki, Cəfər Xəndanın bu təşəbbüsləri sonralar digər müəlliflərin və alimlər kollektivinin səyləri ilə daha da zənginləşdi, yeni ədəbiyyat nəzəriyyəsi, XX əsr ədəbiyyat tarixi dərslikləri meydana çıxdı. Başqa sözlə, C.Xəndanın dərslikləri sonrakı müəlliflər üçün əsl istiqamət rolunu oynadı.

Elmin fədaisi olmaq təkcə külli miqdarda əsərlər çap etdirməklə, tapdığını, üzə çıxardığını ədəbi ictimaiyyətin öhdəsinə buraxmaqla məhdudlaşdırılmamalıdır, əsas məsələ odur ki, bu elmin fəal təbliğatçısına çevriləsən, yeniliyi vaxtında müdafiə edə biləsən. Cəfər Xəndan bu mənada vətəndaş tədqiqatçı idi.

Cəfər Xəndan pedaqoji fəaliyyəti illərində onlarca aspirant, elmlər namizədi, elmlər doktoru yetişdirmişdir. Təkcə bunu demək kifayətdir ki, akademiklərdən M.A.Dadaşzadə, H.Araslı, F.Qasımzadə, M.C.Cəfərov, K.Talıbzadə, B.Vahabzadə, EA-nın müxbir üzvləri Ə.Mirəhmədov, A.Zamanov, professor Mehdi Məmmədov və başqa görkəmli ədəbiyyatşünaslarımızın elmi rəhbəri, yaxud opponenti Cəfər Xəndan olmuşdur.

Görkəmli alim eyni zamanda bədii yaradıcılıq və tərcümə ilə də məşğul olmuş, altı şeir kitabı çap etdirmiş, Nizaminin bir sıra qəzəllərini, M.F.Axundzadənin “Puşkinin ölümünə “Şərq poeması” və başqa əsərləri dilimizə çevirmişdir.

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Azərbaycan.-2015.- 17 may.- S.10.