Şuşadan, Ağdamdan keçən yol
Laçının
işğalından 23 il keçir
Laçının işğalı ermənilərin uzun illər ərzində qurduğu ən məkrli planlardandır. Çünki onun ələ keçirilməsi faktiki Ermənistanın Qarabağa yolunun açılması demək idi. Hələ 1924-cü ildə DQMV yarandıqdan sonra Laçının rayon statusu alması o vaxtkı Azərbaycan hakimiyyətinin bəlkə də erməni niyyətlərinə qarşı ən güclü gedişi idi.
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Bu illər ərzində işğal altındakı Qarabağda çox şeylər dəyişsə də, itən, itirilən yolların, quruyan bulaqların, çayların, qırılan meşələrin sayı artsa da. İtməyən, dəyişməyən bir şey var: o da gündən-günə artan həsrət və Laçınla Bakı arasındakı 450 kilometrlik məsafədir.
Ərazisi 1835 kvadratkilometr olan rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd vardı. Dağlar qoynunda yerləşən Laçının ərazisi bulaqlarla, çaylarla zəngin idi. Məşhur Həkəri çayı və onun qolları bütün hər yanı öz ağuşunda saxlayardı. Onun ən hündür nöqtəsindən Qızılboğaz dağı (3594 metr) boylanardı. Laçındakı abidələrin tarixi miladdan əvvəl I-II minilliyə aid edilən Azıx (Xocavənd rayonu) və Tağlar (Cəbrayıl rayonu) mağaraları ilə müqayisə edilə bilərdi. XII əsrin sonu, XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandığı üçün, digər bölgələrdə olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı toponimlər çoxdur: Xaçınyalı kəndi, Xaçın yalı, Xaçın daşı və s.
1828-ci il Türkmənçay müqaviləsinə əsasən, Cənubi Qafqaza ermənilərin kütləvi şəkildə köçürülməsinə başlansa da, o vaxt bu bölgədə ermənilərin məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra Laçın bölgəsi 1829-cu ildə yeni yaradılan Qarabağ əyalətinə, 1861-ci ildə isə Zəngəzur qəzasına qatıldı. 1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində erməni dəstələrinin törətdiyi qırğınlarda xeyli müsəlman həlak olsa da, laçınlıların iradəsi qırılmadı. Bu özünü Andranikin silahlı dəstələrinə qarşı mübarizədə daha aydın göstərdi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Andranik nə yolla olursa-olsun, öz silahlı dəstələri ilə Gorus, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə o, böyük ordu ilə Laçın istiqamətində irəliləyəndə bundan xəbər tutan Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy öz dəstələri ilə Laçın-Zabux yolundakı bir dərədə Andranikin qoşununu mühasirəyə saldı. Bu qanlı döyüşdə Andranik, demək olar ki, bütün qüvvəsini itirdi və ancaq bir neçə nəfərlə qaçıb canını qurtara bildi. Bundan sonra o, bir daha həmin bölgəyə yaxın düşə bilmədi.
O dövrdə Azərbaycan hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələri göndərirdi. Həmin döyüşlərdə Sultan bəyin rəhbərliyi ilə Laçın silahlıları da igidliklə, mərdliklə vuruşurdu. Ancaq, təəssüf ki, həmin əməliyyatları tamamilə başa çatdırmaq mümkün olmadı. Çünki tezliklə bölgə bolşevik ordu hissələri tərəfindən işğal olundu. Bolşeviklərin təzyiqi altında 1920-ci il noyabrın 30-da Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclası Zəngəzur bölgəsinin 2 yerə bölündüyünü qəbul etməyə məcbur oldu. Zəngəzurun yarısı Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, yarısı isə Ermənistana verildi.
Laçın həmişə mərd, mübariz insanları, ziyalıları ilə tanınıb. Məşhur söz ustadı Aşıq Abbas, Sarı Aşıq, alim, şair Mir Həmzə Nigari, XVIII əsrdə Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi, Qarabağın Hacısamlı nahiyyəsinin sahibi Qara Murtuza bəy, ordu generalı Firudin bəy Daryalı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov bəy Sultanov, İskəndər bəy Sultanov, Paşa bəy Sultanov, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov, professor Mürsəl bəy Şahsuvarov, cümhuriyyət dövründə Frayberq Dağ-Mədən Akademiyasının tələbəsi, mühəndis Surxay bəy Şahsuvarov, Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan, Şuşada açılan ilk darülmüəllimin təşkilatçısı və müdiri Müseyib İlyasov, Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyev, xalq rəssamı Nadir Əbdürrəhmanov və başqaları Qarabağın bu bölgəsində dünyaya göz açmışdılar.
Laçında xalçaçılıq sənəti də inkişaf etmişdi. Təsadüfi deyil ki, dünyada “Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması məhz bu yerlərlə bağlıdır.
1988-ci il hadisələri ilə ermənilərin Laçınla bağlı gizli niyyətləri üzə çıxmağa başladı. Vəziyyət çox mürəkkəb idi və Laçın rayon polis şöbəsinin nəzdində ilk xüsusi təyinatlı milis rotası yaradılması da bundan xəbər verirdi. Həmin rota Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində azərbaycanlıları ermənilərin hücumlarından qorumağa çalışırdı. Həm Azərbaycan, həm də Ermənistan üçün Laçın bütün Qarabağda ən strateji rayon sayılırdı. Bu məqsədlə o dövrdə Laçınla Şuşa arasında yerləşən Qaladərəsi, Göytala və digər kəndlərdən separatçı ermənilərin çıxarılması üçün Azərbaycan tərəfi xüsusi plan hazırlayıb həyata keçirdi. 1990-1991-ci illərdə xüsusi təyinatlı milis dəstələri, Şuşa rayon milis şöbəsi və daxili qoşunların iştirakı ilə keçirilən sürətli əməliyyat nəticəsində həmin kəndlərdə yaşayan erməni separatçıları həbs edildilər, münaqişə ocağına çevrilən kəndlər boşaldıldı. Beləliklə, bir müddət Laçın-Şuşa yolunun üstündə yerləşən erməni kəndlərindən hücumların qarşısı alındı. Yeri gəlmişkən, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova məhz həmin kəndlərin ərazisində - Laçın-Şuşa yolunda erməni quldurları tərəfindən qətlə yetirilmişdi...
Sonrakı illərdə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir sıra şəhər və kəndlərini ələ keçirdikdən və 1992-ci il mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar. Burada söhbət Şuşa ilə Laçın arasındakı 44 kilometrlik məsafədən gedirdi və bu ərazini ələ keçirmək üçün ermənilərin qurduğu planın tarixi çox əvvəllərə gedib çıxırdı...
Şuşanı tərk edərək Turşsu və Laçına doğru geri çəkilən döyüşçülərimizin mənəvi-psixoloji vəziyyəti yaxşı deyildi. Texnikanın sayının az olmasını və Bakıda baş verən hakimiyyət çəkişmələrini də bura əlavə etsək, Laçını nələrin gözlədiyini təsəvvür etmək olardı...
Artıq Laçın şəhərinin mərkəzi, eləcə də Turşsu Gorus, Tex, Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Ermənistan bütün qüvvəsini, demək olar, buraya cəmləşdirmişdi...
Mayın 16-17-si Laçında qalan hərbçilər ərazini tərk etməyə başladılar. Müdafiə Nazirliyinin əsgərləri bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildilər. Bütün bunlar isə Laçının süqutu demək idi. Minlərlə insanın yaşadığı bir yurdun taleyi belə həll olundu. İşğal nəticəsində 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə erməni işğalçılarının əlinə keçdi. Döyüşlərdə laçınlılardan 264 nəfər şəhid oldu, 65 nəfər girov götürüldü, 103 nəfər əlilə çevrildi.
Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın separatçı rejimi 1993-cü ilin dekabrından Laçın şəhərinin “yenidən” qurulması ilə məşğuldurlar. Bu “yenidənqurma” isə, erməni xislətinə uyğun olaraq, ən əvvəl Laçının adından başlayıb: Laçının adı dəyişdirilərək “Berdzor”, məşhur Minkənd “Xak”, Alıqulular “Alqumişen”, Sultankənd “Xaşatax” adlandırılıb. Oradakı qədim ibadət ocaqlarımız, məscid və digər abidələrimiz dünyaya “qədim erməni xalqının yazılı abidələri” kimi təqdim edilməkdədir. Bu gün Dağlıq Qarabağa gətirilən ermənilərin ən sıx məskunlaşdığı yer Laçın ərazisidir. Bəzi məlumatlara görə, burada artıq 12 mindən artıq erməni yerləşdirilib.
Laçın problemi neçə ildir davam edən danışıqlarda ermənilər tərəfindən daha çox bir dəhliz - “koridor” məsələsi kimi irəli sürülsə də, o, hər birimiz üçün müqəddəs torpaqdır və Şuşa, Ağdam, Kəlbəcər qədər, ümumiyyətlə, bütün Qarabağ qədər ağrılı-acılı, ümummilli məsələ olaraq qalmaqdadır.
Bəxtiyar QARACA,
Azərbaycan.-2015.- 17 may.- S.11.