Azərbaycan döyüşən cəbhənin
həm də nəhəng hospital mərkəzi
idi
İkinci Dünya müharibəsinin əvvəlki illərində Sovetlər Birliyinin əksər strateji və sənaye rayonlarını ələ keçirəndən sonra faşist qüvvələri Azərbaycanın da taleyini çox böyük təhlükə altında qoyurdular. Onların başlıca məqsədlərindən biri Bakı neftini ələ keçirmək, müqavimət göstərən yerli əhalini məhv etmək və bununla da Yaxın və Orta Şərqə doğru irəliləyərək dünya hökmranlığını reallaşdırmaq idi.
Faşist Almaniyasının rəhbərliyi Bakıdan keçən yolu özü üçün ən əlverişli yol hesab edirdi. Elə buna görə də Bakının vacib strateji əhəmiyyətini nəzərə alan SSRİ Ali Baş Komandanlığı Azərbaycanın, ilk növbədə, nəhəng ölkənin döyünən ürəyi sayılan Bakının düşmən hücumlarından qoruyub saxlanılmasını ön plana çəkmişdi. Odur ki, düşmən hücumunu dəf etmək üçün burada çox böyük işlər aparılırdı.
Azərbaycan Respublikası Dövlət Arxivinin Elm və Texnika Sənədləri Arxivində saxlanılan çoxsaylı sənədlər, toplaya bildiyimiz xeyli əlavə məlumatlar da 1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı Azərbaycanın nə qədər vacib əhəmiyyət kəsb etdiyini təsdiq edir. Əlimizdə olan sənədlərin dili ilə desək, Azərbaycan o illərdə istər-istəməz tərkibinə daxil olduğu böyük bir ölkənin, o cümlədən özünün də xilas olması naminə amansız düşmənə qarşı döyüşən cəbhənin ən nəhəng yanacaq və əla növ benzinlə təminat mərkəzi, strateji sənaye regionlarından həyati əhəmiyyətli obyektlərin köçürülməsi mərkəzi olmaqla yanaşı, cəbhədən kütləvi halda daşınan yaralıları müalicə edən nəhəng hospital mərkəzinə çevrilmişdi.
Azərbaycan Səhiyyə Komissarlığının 1941-ci ilə aid hesabat sənədlərindən birində deyilir ki, aramsız düşmən bombardmanından, ağır top və tank zərbələrindən xəsarət almış yüz minlərlə yaşlı, uşaqlar və hətta körpələr ardı-arası kəsilmədən qatarlarla Bakıya gətirilirdi. Şəhərin çox yararlı və inzibatı binalarının əksəriyyəti, respublikamızın ən təcrübəli tibb kollektivi cəbhədən kütləvi halda daşınan yaralı və xəstələrə xidmət edən hospitalların sərəncamına verilmişdi. Artıq 1941-ci ilin sonunda belə hospitalların sayı 40-a çatmışdı. Daxil olan yaralıların sayı hədsiz çox olduğundan 1942-1943-cü illərdə hospitalların sayı 89-u ötmüşdü.
Ən iri xidmət mərkəzi sayılan 1543 saylı hospital 1941-ci ilin iyul ayında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun binasında yaradılaraq oraya əvvəlcə 600 çarpayı qoyulmuşdu. Lakin cəbhədən daxil olan yaralıların hədsiz çox olmasını nəzərə alan Respublika Xalq Səhiyyə Komissarlığı çarpayıların sayını 1200-ə çatdırdı və qonşuluqdakı digər bina da alınıb həmin hospitalın sərəncamına verildi. Artıq hospitaldakı çarpayılarda gün ərzində daxil olmuş 700-800 yaralı xəstəni yerləşdirmək mümkün idi.
Xalq Səhiyyə Komissarlığına təqdim olunmuş 1944-cü ilə aid hesabat sənədləri insanı heyrətə gətirir. Yalnız müharibənin davam etdiyi 1941-ci ilin ikinci yarısında 1543 saylı hospitala 4 657, 1942-ci ildə 27 867, 1943-cü ildə 27 393, 1944-cü ildə isə 30 289 nəfər yaralı daxil olmuşdu. İnstitutun geniş koridorlarında da saysız-hesabsız çarpayılar düzülmüşdü. 3 il 6 ay ərzində hospitalda müalicə alanlardan 1681 nəfəri sağalaraq yenidən döyüş cəbhəsinə qayıtmışdı.
1941-1946-cı illər ərzində Azərbaycanda fəaliyyət göstərmiş 89 hospitaldan 64-ü Bakı şəhərində, 25-i digər şəhər və rayon mərkəzlərində yerləşdirilmişdi. Şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən hospitallardan 9-u Gəncədə, 3-ü Xanlarda (indi Göygöl), 2-si Naxçıvanda, 2-si Xankəndidə idi. Qalanları Kürdəmir, Sabirabad, Yevlax, Lənkəran, Salyan, Qazax, Şuşa, Ağdam və Əli-Bayramlıda (indi Şirvan) yaradılmışdı.
Dövlətin və hərbi komandanlığın ciddi nəzarətində olan hospitalların ən yararlı və iri binalarda yerləşdirilməsi barədə məlumat da maraq kəsb edir. Məsələn, 1491 saylı Neyrocərrahiyyə hospitalı indiki Musiqi Akademiyasının binasında, 1543 saylı hospital indiki Dövlət Pedaqoji Universitetinin binasında, 1544 saylı Cərrahiyyə və Protez hospitalı əvvəlcə Azərbaycan Dövlət Universitetinin köhnə binasında, sonra isə Bayıldakı Doğum evində və onun yaxınlığındakı Mədəniyyət evinin binasında fəaliyyət göstərmişdir. Bunlardan əlavə digər hospitallar da Mərdəkan və Buzovnadakı istirahət evlərinin binalarında, “Köhnə Avropa” mehmanxanasında yaradılmışdı. Bakıdakı mədəniyyət evləri binalarının hər biri hospitala çevrilmişdi. Şəhər və rayon mərkəzlərindəki hospitalların əksəriyyəti isə orta məktəb binalarında fəaliyyət göstərirdi.
Sənədlərdə Böyük Vətən müharibəsi illərində fədakarlıqla çalışmış həkimlərimiz, minlərlə döyüşçünün həyatını ölümdən xilas etmiş tibb alimlərimiz və texniki tibb işçilərimiz haqqında da ətraflı məlumat var. Yaralı əsgərlərin müalicə aldıqları hospitallarda böyük səhiyyə ordusu xidmət göstərirdi. Sənədlərdə hospitallar üzrə baş cərrah Mustafa Topçubaşovun misilsiz xidmətləri barədə ürəkaçan sözlərə də çox rast gəlirik. Müharibə illərində cərrahi əməliyyatlarla yüzlərlə döyüşçünün həyatını xilas edən Mustafa Topçubaşov sanballı bir ixtiranın da müəllifi idi. Onun 1943-cü ildə ixtira etdiyi aparat orqanizmə pərçim olub irinləmə prosesi yaradan güllə və mərmi parçalarını müəyyən edir, cərrahiyyə əməliyyatını xeyli asanlaşdırırdı. Çoxsaylı bədən xəsarətlərinə məruz qalmış döyüşçülərin bir çoxu məhz həmin aparatın köməyi ilə həyata qaytarılmışdı.
Böyük Vətən müharibəsi illərində digər tanınmış alimlərimiz tərəfindən də irəli sürülmüş səmərəli elmi təkliflər hospitallarda tətbiq olunaraq yaralı döyüşçülərin müalicəsində müsbət rol oynamışdır. Məsələn, Fuad Əfəndiyevin döş qəfəsinin xəsarət alması zamanı daxilə qanaxmanın qarşısının alınması yolları, M.Mirqasımovun bədən sümüklərinin çatlaması zamanı onun müalicə üsulları, Zülfüqar Məmmədovun yaraların müalicəsində Naftalan mayesinin tətbiq olunması qaydaları, Umnisə Musabəyovanın başından və gözündən ağır xəsarətlər almış yaralıların müalicə üsulları və s. onlarca belə təkliflər Azərbaycandakı bütün hospitallarda geniş tətbiqi müsbət nəticələr verirdi. İrəli sürülmüş bu cür dəyərli təkliflərin tətbiq olunması sayəsində hospitallardakı minlərlə döyüşçü sağalaraq, yenidən cəbhəyə qaytarılmışdılar.
Tibb İşçiləri Həmkarlar İttifaqının 1944-cü il 24 aprel tarixli VII respublika plenumunda edilmiş hesabat məruzəsində hospitallarda səmərəli işlər aparmış həkim və alimlərə göstərilmiş yüksək dövlət qayğısından da xəbər verilir. Həmin məruzədən bəlli olur ki, hospitalların baş cərrahı Mustafa Topçubaşov bundan əvvəl aldığı iki ordendən əlavə, Dövlət mükafatı ilə də təltif olunmuşdur. Hospitallarda mühüm işlər aparmış tibb alimlərimizdən Q.K.Əliyev, H.Əliyev, Z.M.Məmmədov, D.M.Abdullayev, hospitallar üzrə baş terapevt Tarnaqratski, İ.İ.Şirokoqorov,F.Əfəndiyev, M.R.Nəzirov,V.Ü.Axundov, U.S.Musabəyova, B.F.Məcidov, A.S.Həsənov və başqaları yüksək mükafatlara layıq görülmüşlər.
Hospitallarla sıx əməkdaşlıq edən Qanköçürmə Stansiyası tərəfindən toplanmış keyfiyyətli qan ehtiyatı ilk növbədə döyüş şəraitində, yaxud uzaq məsafədən gətirilərkən yolda çoxlu qan itirmiş yaralılara vurulurdu. Sənədlərdə belə xəstələrə düzgün qan köçürülməsi əsl vətənpərvərlik nümunəsi, şərəf işi kimi qiymətləndirilmişdir. Yaralılara keyfiyyətli qanın köçürülməsi Azərbaycanda fəaliyyət göstərən bütün hospitallarda həyata keçirilmişdir. Yalnız 1543 ¹-li hospitalda 1941-ci ilin altı ayı ərzində 37 yaralıya, 1942-ci ildə 308 yaralıya, 1943-cü ildə 501 yaralıya, 1944-cü ildə isə 840 yaralıya tələb olunan normalar üzrə qan vurulmuşdur.
Müharibənin davam etdiyi bütün illər ərzində isə 1543 saylı hospitalda 1686 nəfər yaralının həyata qaytarılmasında Mərkəzi Qanköçürmə Stansiyasından göndərilmiş qan ehtıyatının müstəsna əhəmiyyəti olmuşdur.
Bu gün artıq çoxlarının həyatda olmadığı, lakin sənədlərdə izləri qalmış hospital rəislərindən həkim Ş.Ağayevin, A.Seyidovun, İsmayılovun, Allahverdiyevin, Əhmədovanın, Axundovun, Y.Bayramovun, Q.Ağayevin, Ə.Ağayevin, Tarıverdiyevin, Ə.Əliyevin, İbrahimovun, Əmirovun, Sadiqovun, Qədimovun, Mirməmmədovun, Həsənbəyovanın, N.Zeynalovun, Ə.Cavadovun, Ə.Hüseynovun, Ə.Səfərovun, D.Məhərrəmovun və onlarca başqaları ehtiramla xatırlanmalıdır.
1543 saylı ən iri Seçmə-Köçürmə hospitalına 1943-cü ildən sonra 3-cü dərəcəli hərbi həkim Tumanyan rəhbərlik etmişdir. Ter-Teryan familiyalı başqa bir erməni isə həmin hospitalda baş cərrah vəzifəsinə irəli çəkilmişdi. Karapetyan familiyalı digər erməni də Böyük Vətən Müharibəsinin davam etdiyi bütün illər ərzində adıçəkilən hospitalın tibb rəisi vəzifəsində işləmişdir.
Karapetyan 1543 saylı hospitalın Xırdalan boşaltma məntəqəsindən daşınan yaralıların müayinədən keçirilməsi üzrə həkim komissiyasının sədri idi. Onun rəhbərliyi ilə boşaltma məntəqəsindən daşınan yaralıların bir qismi yoldaca dünyalarını dəyişmişlər. Hospitalın apardığı işlərə dair geniş məzmunlu tarixi xülasədən aydın olur ki, Karapetyanın göndərdiyi həkim komissiya üzvlərinin tələbi ilə Xırdalandan şəhərə doğru piyada getməyə məcbur edilmiş ağır yaralılardan 79-u yolda dünyasını dəyişmişdir. Təəssüf ki, belə hərəkətlərinə görə Karapetyana verilmiş cəza barədə sənədlərdə heç bir məlumat yoxdur. 1946-cı ilin iyul ayı üçün əldə olunan arxiv məlumatına görə, azərbaycanda fəaliyyət göstərmiş yeddi hospital rəisindən üçü erməni - Babayan, Poqosov və Ter-Baraqamov olmuşdur. Ümumiyyətlə isə, Azərbaycanda fəaliyyət göstərmiş 89 hosbital rəisindən 15-i erməni idi.
Arxivə müraciət edib 1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı Azərbaycanda fəaliyyət göstərmiş hərbi hospitalların sənədləri ilə maraqlanan tədqiqatçılar istədiklərini əldə etməyə nail ola bilməmişlər. Azərbaycan tarixinin çox mühüm mərhələsini əks etdirən ilkin və vacib sənədlərin nə vaxtsa yoxa çıxmasının səbəbləri hələ də müəmmalı qalır.
16 il əvvəl respublika Səhiyyə Nazirliyinin dəvəti ilə nazirliyin bərbad vəziyyətdə olan arxiv sənədlərini nizamlayarkən məhv olunması nəzərdə tutulan makulatura qalığı arasında kiçik bir qovluğa rast qəldim. Qovluğu açanda tədqiqatçıların çoxdan axtarışında olduqları hospitalların sənədlərinin Moskvaya və Sankt-Peterburqa (Leninqrada) göndərilməsi barədə siyahılara və rəsmi məktuba rast gəldim. Sənədlərdən aydın olur ki, 1947-1950-ci illərdə Sovet Hərbi Komandanlığının razılığı ilə hospital arxivlərinin toplanaraq Moskva ətrafında fəaliyyət göstərən Hərbi-Tarix Arxivində cəmləşdirilməsi yenə də ölkə hərbi rəhbərliyini razı salmamışdı. Əslində, ümumölkə mərkəzi 1957-ci ildə Azərbaycan arxivlərində təsadüfən qalan digər sənədləri də tələb edirdilər. Bəhanə isə bu idi ki, hospital sənədlərinin SSRİ Hərbi-Tarix Arxivində və Sankt-Peterburqdakı (Leninqraddakı) Hərbi-Tarix Muzeyində yerləşdirilməsi ölkənin mərkəzi şəhərlərində tədqiqat işlərinin aparılmasına və vətəndaş sorğularının icrasına daha çox imkanlar yarada bilər.
Fakt faktlığında qalır. Bizim dediyimiz odur ki, İkinci Dünya müharibəsi illərində Azərbaycanın tibb müəssisələrində çalışıb çoxsaylı döyüşçünün həyata qaytarılması naminə böyük xidmətlər göstərmiş həkim, alim və texniki tibb kollektivinin nümayiş etdirmiş olduqları yüksək vətənpərvərlik nümunələri, hətta sonrakı dinc quruculuq illərində göstərdikləri xidmətlər bu gün də unudulmur, yaddan çıxmır.
Şahsuvar HAŞIMOV,
Azərbaycan
Respublikası Dövlət Elm və Texnika Sənədləri
Arxivinin direktoru, əməkdar mədəniyyət
işçisi
Azərbaycan.-2015.- 17 may.- S.11.